İlahiyyat İnstitutu hədəflərini açıqladı

 

"Azərbaycanda dini siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün həmin siyasəti Prezident İlham Əliyev uğurlaböyük uzaqgörənliklə davam etdirir”.

Bu fikirləri İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov dünən institutun yaradılma məqsədi, vəzifələri, hədəfləri haqqında keçirilən mətbuat konfransında səsləndirdi.

İlahiyyat İnstitutunun 9 fevral 2018-ci ildə yaradıldığı barədə məlumat verən Ceyhun Məmmədov söylədi ki, qurum ona göstərilən bu diqqəti və etimadı doğrultmaq üçün bütün imkanlarını səfərbər edib: "İnstitut Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin bazasında yaradılıb və yaxın müddətdə yeni bina ilə təmin ediləcək. Burada təhsil beynəlxalq standartlara uyğun qurulub və təhsil standartlarını, tədris planlarını hazırlayarkən Avropanın, Amerikanın və digər dünya ölkələrinin təcrübələri ciddi şəkildə araşdırılıb. Artıq Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə təhsil standartları hazırlanaraq, Təhsil Nazirliynə təqdim edilibnazirliyin müvafiq şöbəsindən müsbət rəy də alınıb”.

Rektor söylədi ki, institutda tələbələr iki ixtisas üzrə təhsil alırlar: Dinşünaslıq və İslamşünaslıq. Bu ixtisaslar vasitəsilə gələcəkdə din xadimləri yetişdirmək istiqamətində görmək və dövlət qurumları, eyni zamanda, müxtəlif ali təhsil müəssisələri üçün mütəxəssislər yetişdirilməsi əsas hədəflərindəndir. Hazırda institutda 103 tələbə təhsil alır ki, onlardan 60-ı yeni qəbul olunanlar, 43-ü isə Bakı Dövlət Universitetindən gəlib təhsilini davam etdirənlərdir: "Əsas hədəf bu gün Azərbaycanda mövcud olan yüksək mənəvi dini mühitin qorunması, tolerantlıq və multikulturalist ənənələrin daha da gücləndirilməsi, eyni zamanda, dini fəaliyyətin təşkili sahəsində mütəxəssislərin yetişdirilməsidir. İnstitutda yalnız ilahiyyata aid yox, eyni zamanda, dünyəvi fənlər də tədris olunur. Zəngin dini və dünyəvi biliklərə malik, yüksək intellektli, azərbaycançılıq mövqeyində olan mütəxəssislərin, din xadimlərinin yetişdirilməsi üçün lazım olan bütün tədbirlər həyata keçirilir”.

Ceyhun Məmmədov qeyd etdi ki, institutda təhsil tamamilə ödənişsizdir. Tələbələrin yeməklə, geyimlə təchiz olunması məsələsi ilə bağlı da gedir. Həmçinin bu təhsil müəssisəsindən məzun olanların gələcəkdə işlə təminatında heç bir problem olmayacaq. Belə ki, onlar dövlət qulluqçusu olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və digər dövlət qurumlarında işləyə biləcək, elmi-tədqiqat və ali təhsil müəssisələrində tədqiqatçı, pedoqoq, Qafqaz Müsəlmanları İdarəsində isə din xadimi kimi fəaliyyət göstərmək imkanlarına sahib olacaqlar.

"Azərbaycan xalqının din sahəsində yüksək ixtisaslı kadrlara olan tələbatını beynəlxalq standartlara əsasən təmin etmək, həm İslam, həm də digər dünya dinləri haqqında dərin biliyə malik, tərəfsiz və bütün konfessiyalara dözümlü yanaşan ilahiyyatçı kadrlar hazırlamaq gələcək fəaliyyət planlarımız arasındadır. Həmçinin, ilahiyyat sahəsindəki problemləri araşdıran və beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və nəşr etmək, dini və əxlaqi dəyərləri qorumaq, Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəsini vermək də əsas hədəflərdəndir”, - deyə rektor vurğuladı.

Tədbirdə iştirak edən media qurumları rəhbərləri də çıxış edərək Azərbaycanda dini kadrların yetişdirilməsinin vacib olduğunubu təhsil müəssisəsinin yaradılmasının din sahəsində mövcud olan çatışmazlıqları aradan qaldıracağına əmin olduqlarını bildirdilər.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2018.-25 oktyabr.- S.7.