Son iclasfilmi Ankarada kinosevərlər tərəfindən böyük maraqla qarşılanıb

 

Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə "Son iclasfilminin nümayişi keçirilib. Gecəyə rəsmi şəxslər, səfirlər, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, paytaxt ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri qatılıblar.

AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Cümhuriyyətin qurulması, inkişafı və süqutunun səbəbləri barədə danışıb. Ötən əsrin sonunda müstəqilliyini bərpa edən xalqımızın ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək tarixin ağır sınaqlarından alnıaçıq çıxdığını diqqətə çatdıran səfir deyib ki, bütün sahələr üzrə sürətlə inkişaf edən Azərbaycanın Türkiyə dövləti ilə səmimi qardaşlıq münasibətləri sayəsində böyük uğurlar əldə olunmaqdadır.

"BP-Türkiyə” şirkətinin rəhbəri Mick Stup Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli və çətin yoldan bəhs edib. Habelə "BP” şirkətinin reallaşdırdığı mədəniyyət layihələrinin əhəmiyyətindən danışıb, təqdim olunan filmin tarixi əhəmiyyətini vurğulayıb.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Osmanlı dövləti ilə Cümhuriyyətin münasibətlərinə, eləcə də Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasına toxunub. O, 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyət İlielan edilməsini müsəlman Şərqində ilk parlament respublikasının qurucularına böyük ehtiram kimi dəyərləndirib.

"Son iclasfilminin ərsəyə gəlməsində görülən işlərdən və kinonun məqsədlərindən danışan ssenarist Müsəllim Həsənov diqqətə çatdırıb ki, hərbi işğal nəticəsində süqut edən Cümhuriyyətə düşmən münasibət sovet dövründə də davam edib. Bolşevik təbliğatı nəticəsində Cümhuriyyət hakimiyyəti, onun ideyaları barədə yanlış məlumatlar yayılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bütün bu ədalətsizliklərə son qoyulub.

Çıxışçılar filimin ərsəyə gətirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin minnətdarlıqlarını ifadə ediblər. Əminliklə qeyd olunub ki, "Son iclas” hər zaman tamaşaçı rəğbəti ilə üz-üzə dayanacaq.

Rəsmi hissədən sonra filmin nümayişi olub.

Cümhuriyyətin fəaliyyətini, qarşılaşdığı problemləri, süqutunun səbəblərini, eləcə müstəqilliyimizin bərpasının ilk illərində mühüm tarixi məqamları əks etdirən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu "Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün çəkilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

Filmdə Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Filmin ssenarisi indiyədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizəsi əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır.

Sovet dövrünün amansız qadağalarına baxmayaraq 1980-ci illərin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin bayrağı milli-azadlıq hərəkatının kütləvi tədbirlərində istifadə olunmağa başlanıb. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunub və belə bir addımın atılması Azərbaycan hakimiyyətinə də tövsiyə edilib. Bütün bu tarixi məqamlar barədə filmin sonunda maraqlı və orijinal kadrlar canlanır

 

Azərbaycan.- 2018.- 25 oktyabr.- S.8.