İlham Əliyev
Azərbaycan modelini dünyaya xilas formulu kimi təqdim etdi
İslam həmrəyliyi
və multikulturalizm anlayışları vəhtəd təşkil
edərsə, heç bir ölkədə problem olmayacaq
Oktyabrın 25-də Heydər
Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar
Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.
"Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında dövlətimizin başçısı nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Bu gün VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram, xaricdən gələn qonaqlara "Xoş gəlmisiniz!” deyirəm.
Builki forumda 90-dan artıq ölkədən 400-dən çox xarici qonaq iştirak edir. Bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, dünyada Foruma çox böyük maraq var. Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilmişdir. Əminəm ki, Forumda müzakirə ediləcək məsələlər gələcək humanitar əməkdaşlıq üçün çox önəmli olacaq, xaricdən gələn qonaqlar Forumun işinə çox böyük töhfə verəcəklər.
Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir.
Bu il biz
"Bakı Prosesi”nin 10 illiyini qeyd edirik. "Bakı
Prosesi” beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir, o cümlədən BMT bu
prosesə çox yüksək qiymət verir. Bizim təşəbbüsümüzlə
10 il bundan əvvəl Avropa Şurasına
üzv ölkələrin mədəniyyət nazirlərinin
Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin mədəniyyət
nazirlərini də dəvət etdik. Beləliklə,
ilk dəfə olaraq 100-dən çox ölkənin nümayəndələri
- müsəlman aləmini və Avropanı təmsil edən vəzifəli
şəxslər bir araya gələrək humanitar məsələləri,
mədəniyyət əlaqələrini, dinlərarası
münasibətləri müzakirə etmişlər.
Ondan bir il sonra bu format təkrarlandı,
Bakıda İslam Əməkdaşlıq Təşkilatının
xətti ilə keçirilmiş tədbirə biz Avropa
nümayəndələrini dəvət etdik.
Azərbaycan həm İslam
Əməkdaşlıq Təşkilatına, həm Avropa
Şurasına üzv dövlətdir. Əlbəttə ki,
biz bu imkanlardan istifadə edib çalışırdıq və
çalışırıq ki, sivilizasiyalararası dialoqa
öz töhfəmizi verək. Qeyd etdiyim
kimi, "Bakı Prosesi” artıq beynəlxalq müstəvidə
çox önəmli bir təşəbbüs kimi qiymətləndirilir.
Bu təşəbbüs nəticəsində
müxtəlif görüşlər, tədbirlər
keçirilmişdir ki, bütün bunların bir məqsədi
var - sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin,
güclənsin, dünyada risklər azalsın,
ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət
verilsin və bu təhlükəli meyillərin
qarşısı alınsın. Eyni
zamanda, Azərbaycanda keçirilmiş mötəbər idman
yarışları da idman yarışları olsalar da, eyni
zamanda, humanitar əməkdaşlığın dərinləşməsinə
xidmət göstərir. Mən xüsusilə
birinci Avropa Oyunlarını və İslam Həmrəylik
Oyunlarını qeyd etmək istərdim. Hesab
edirəm, o da çox rəmzi məna daşıyır ki,
ilk Avropa Oyunları bizim təşəbbüsümüzlə
Azərbaycanda keçirilmişdir. Hesab
edirəm, bu, çox əlamətdar hadisə, əlamətdar
qərardır ki, ilk Avropanın Oyunları müsəlman
ölkəsində keçirilmişdir. Ondan iki il sonra - 2017-ci ildə Bakıda dördüncü
İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Yenə də qeyd etmək istəyirəm, bunlar idman
yarışlarıdır və bu iki oyunda on minə yaxın
idmançı iştirak edib. Amma, eyni zamanda, biz bu
oyunlara humanitar əməkdaşlıq prizmasından
yanaşırıq, baxırıq və doğrudan da oyunlar
zamanı Bakıda və digər bölgələrdə
yaşanan gözəl ab-hava, gözəl həmrəylik
iqlimi hesab edirəm ki, ümumi işimizə növbəti
töhfə olmuşdur. Biz bu sahədə
öz fəaliyyətimizi davam etdirəcəyik. Xüsusilə indiki şəraitdə ki, yenə də
qeyd etmək istəyirəm, həm müsəlman aləmində,
həm Avropada multikulturalizmlə, İslam həmrəyliyi ilə
bağlı gedən proseslər müəyyən mənada
narahatlıq doğurur. Ona görə
Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq
keçirilməsi və bu Foruma dünya birliyi tərəfindən
yüksək qiymət verilməsi və diqqət yetirilməsi
göstərir ki, belə tədbirlərə dünyada
çox böyük ehtiyac var.
Əsrlər boyu müxtəlif
dinlərin, xalqların nümayəndələri Azərbaycanda
bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində
yaşamışlar və bu siyasət bu gün də davam
etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti
çox səmərəlidir və gözəl nəticələrə
gətirib çıxarır. Bizim tarixi
keçmişimiz, mədəniyyətimiz onu göstərir
ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda
həmişə çox rahat yaşayıblar, bir ailə kimi
yaşayıblar. Bizim tarixi, dini abidələrimiz
həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir
ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri
üçün doğma diyar, doğma məkan olmuşdur.
Biz fəxr edirik ki, müsəlman aləminin ən
qədim məscidlərindən biri olan, 743-cü ildə
tikilmiş və bizim Şamaxı şəhərində yerləşən
məscid milli sərvətimizdir. Eyni
zamanda, digər qədim şəhərimizin - Şəki
şəhərinin yaxınlığında Qafqazın ən
qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi
yerləşir. Hər iki məbəd əsaslı
şəkildə təmir və bərpa edilib, dövlət tərəfindən
qorunur. Bakıda qədim atəşpərəstlik
məbədi Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda Zərdüştlük
dininin ənənələri vardır.
Ənənəvi dinlərin
məbədlərinin - katolik, pravoslav kilsələrinin,
sinaqoqların bərpası və tikintisi Azərbaycanda
reallıqdır. Bu reallıq ölkəmizdə çox
gözəl ictimai iqlim yaradır. Azərbaycanda
multikulturalizm dövlət siyasətidir. Biz
öz milli, dini ənənələrimizə çox
bağlıyıq, sadiqik və milli dəyərlər gələcək
inkişafımız üçün xüsusi rol oynayır.
Deyə bilərəm ki, müasir Azərbaycan
dövləti çox dərin milli dəyərlər, milli-mənəvi
dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq.
Qeyd etdiyim kimi, Azərbaycan dünyada
multikulturalizmin ünvanlarından birinə çevrilibdir və
bu şərəfli status artıq dünya birliyi tərəfindən
tanınır. Təsadüfi deyil ki, biz mənim Sərəncamımla
2016-cı ili Azərbaycanda
"Multikulturalizm İli” elan etdik. Hesab edirəm
ki, dünyada ilk dəfə olaraq belə bir təşəbbüs
irəli sürülmüşdür. Bu,
bizim niyyətimizi göstərmişdir, 2016-cı ilə
multikulturalizm adını verməklə, ilk növbədə,
biz dünyada Azərbaycanı olduğu kimi təqdim etmək
istədik. Göstərmək istədik
ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir,
həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini
bu məsələyə cəlb etməyə
çalışdıq. Çünki siz
də yaxşı bilirsiniz ki, bu gün həm siyasətçilər,
ictimai xadimlər, həm də media tərəfindən
multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər
səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ
ilə bağlı vahid yanaşma olmalıdır və burada
heç bir ziddiyyətli fikrə yer ola
bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki
təcrübəsi həm təqdirəlayiqdir, həm də
gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda
görürük. Bu gün Azərbaycanda
yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik,
o cümlədən bu dəyərlərə əsaslanır.
Biz çalışdıq ki, 2016-cı ildə
diqqəti bu önəmli məsələyə cəlb edək.
Xüsusilə nəzərə alsaq ki, bu
gün, bir daha qeyd etmək istəyirəm, multikulturalizmlə
bağlı müxtəlif fikirlər səsləndirilir.
Hesab edirəm ki, Forumda bu məsələ
çox geniş müzakirə olunacaqdır.
2017-ci ili isə
biz "İslam Həmrəyliyi İli” elan etdik. Yenə də ona görə ki, Azərbaycanda
İslam həmrəyliyi tam bərqərar olub. Onu da bildirməliyəm ki, Azərbaycan müsəlmanları
vəhdət namazı qılırlar. Hesab
edirəm ki, Azərbaycan bu sahədə müsəlman aləmində
çox önəmli rol oynayır. Eyni
zamanda, biz müsəlman aləminin diqqətini də bu sahəyə
cəlb etməyə çalışdıq.
Çünki əfsuslar olsun ki, biz müsəlman aləmində
həmrəyliklə bağlı istədiyimizə nail ola bilməmişik. Qarşıdurmalar,
müharibələr, anlaşılmazlıq, toqquşmalar və
digər təhlükəli meyillər ölkələr
üçün böyük problemə, faciəyə
çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz
qalır, qaçqın, köçkün vəziyyətinə
düşür. Əlbəttə, biz
çalışmalıyıq ki, bu sahədə də öz
təkliflərimizi verək, öz nümunəmizi göstərək
ki, əgər İslam həmrəyliyi və multikulturalizm
anlayışları vəhdət təşkil edərsə və
dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən
də qəbul edilərsə, onda ölkələrdə
problem olmayacaq. Müasir Azərbaycan bunun əyani,
bariz sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla,
multikulturalizmlə bağlı bir çox tədbirlərə
ev sahibliyi edirik.
Qeyd etdiyim kimi, biz humanitar əməkdaşlığa
çox böyük əhəmiyyət veririk. Bu məsələlər
dost ölkələrlə həm ikitərəfli formatda, eyni
zamanda, beynəlxalq təşkilatlar çərçivəsində
daim gündəlikdədir. Ancaq biz
özümüz böyük humanitar fəlakətlə
üzləşmişik. Bir həftə
bundan əvvəl – oktyabrın 18-də biz Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 27-ci
ildönümünü qeyd etmişik. Cəmi
27 ildir ki, Azərbaycan müstəqil dövlət kimi
yaşayır və müstəqilliyimizin ilk günləri,
ilk illəri çox ağır və faciəvi idi. Həm siyasi böhran, daxili çəkişmələr,
vətəndaş müharibəsi, iqtisadi tənəzzül,
kütləvi itaətsizlik, eyni zamanda, Ermənistanın Azərbaycana
qarşı apardığı işğalçılıq
siyasəti böyük fəlakətə, bəlalara gətirib
çıxardı. Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
torpaqlarımızın 20 faizi işğal altındadır,
xalqımıza qarşı Ermənistan tərəfindən
etnik təmizləmə siyasəti aparılmışdır,
1 milyondan çox azərbaycanlı öz doğma
torpağında köçkün vəziyyətinə
düşmüşdür. Bütün
aparıcı beynəlxalq təşkilatlar bu münaqişə
ilə bağlı qərar və qətnamələr qəbul
etmişlər, o cümlədən BMT Təhlükəsizlik
Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın
göstərilir ki, erməni silahlı qüvvələri
işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz
çıxarılmalıdır. Bu qətnamələrin
qəbul olunmasından 25 il keçir. Ermənistan bu qətnamələri icra etmir və əfsuslar
olsun, hələ də beynəlxalq mexanizm işlənilməyib
ki, təcavüzkarı beynəlxalq aparıcı qurum tərəfindən
qəbul edilmiş qətnamələrin icrasına məcbur
etsin. BMT-nin Baş Assambleyası oxşar qətnamə qəbul
edib, digər beynəlxalq təşkilatlar, o cümlədən
Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı, Avropa Şurası Parlament Assambleyası,
Avropa Parlamenti və digər təşkilatların qəbul
etdikləri qərar və qətnamələrdə Azərbaycanın
ərazi bütövlüyünə dəstək göstərilir
və münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməsi tələb olunur. Münaqişənin
həlli üçün yeganə yol məhz budur, ölkəmizin
beynəlxalq birlik tərəfindən tanınan ərazi
bütövlüyü bərpa edilməlidir,
işğalçı qüvvələr
torpaqlarımızdan dərhal, qeyd-şərtsiz
çıxarılmalıdır, - necə ki, BMT Təhlükəsizlik
Şurasının qətnamələrində göstərilir,
- və Azərbaycan vətəndaşları öz doğma,
tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar.
Dağlıq Qarabağ bizim
tarixi, əzəli torpağımızdır, Azərbaycanın
ayrılmaz hissəsidir. Əsrlər boyu Azərbaycan xalqı bu
torpaqlarda yaşayıb, yaradıb, qurub. Bizim
tarixi abidələrimiz, şəhərlərin, kəndlərin
toponimləri bu torpaqların Azərbaycan xalqına məxsus
olduğunu sübut edir. Əfsuslar olsun ki,
təcavüzkar dövlət işğal edilmiş torpaqlarda
bizim tarixi, dini abidələrimizi də dağıdıb, məhv
edib. İşğal edilmiş
torpaqlarımıza iki dəfə ezam olunmuş ATƏT-in
faktaraşdırıcı və müşahidə
missiyası öz məruzələrində bu barədə məlumat
verib. Bizim məscidlərimiz, qəbirlərimiz
dağıdılıb, muzeylərimiz talan edilib və
işğal olunmuş torpaqlarda mədəni
soyqırımı törədilib. 1992-ci
ildə isə ermənilər Xocalı
soyqırımını törədiblər. Bu dəhşətli hərbi cinayət nəticəsində
600-dən çox günahsız dinc insan, onların
arasında 60-dan çox uşaq vəhşicəsinə qətlə
yetirilib. Xocalı faciəsi dünyanın
10-dan çox ölkəsi tərəfindən rəsmi olaraq
soyqırımı kimi tanınıb. Bu
soyqırımı zamanı mindən çox insan itkin
düşüb və onların taleyi haqqında heç bir məlumat
yoxdur.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq
hüququn norma və prinsipləri əsasında
öz həllini tapmalıdır. Azərbaycan
heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi
bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb
edir.
Bu humanitar fəlakətə
baxmayaraq, hesab edirəm ki, müstəqillik dövründə
Azərbaycan çox uğurlu inkişafa nail ola
bilibdir. Ölkəmizdə sabitlik, təhlükəsizlik
hökm sürür. Sabitliyin mənbəyi
Azərbaycan xalqının iradəsidir. Bu
gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi
ölkəmizin uğurlu inkişafı üçün əsas
şərtdir. Ölkəmiz beynəlxalq
müstəvidə böyük hörmət qazanıb və
bizimlə əməkdaşlıq edən ölkələrin
sayı gündən-günə artır. Düz 7 il bundan əvvəl - 2011-ci il oktyabrın
sonlarında Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, bizim böyük siyasi və diplomatik
uğurumuzdur, qələbəmizdir. Ən
önəmlisi odur ki, 155 ölkə Azərbaycanın namizədliyini
dəstəkləmişdir. Yəni, bu, onu göstərir
ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı
dəstəkləyir, Azərbaycanda görülən işlərə
yüksək qiymət verir, Azərbaycanı etibarlı tərəfdaş
və dost ölkə kimi tanıyır.
Hesab edirəm ki, xarici siyasətlə
bağlı apardığımız işlər gözəl
nəticələrə gətirib çıxarır. İlk
növbədə, biz qonşu ölkələrlə çox
səmimi, mehriban qonşuluq, dostluq münasibətləri qura
bilmişik. Hər bir ölkə
üçün onun qonşuları ilə münasibətlər
xüsusi əhəmiyyət kəsb edir. Məmnunluq
hissi ilə qeyd etmək istəyirəm ki, qonşu dövlətlərlə,
- təbii ki, Ermənistan istisna olmaqla, - bizim münasibətlərimiz
çox yüksək səviyyədədir, həm siyasi,
iqtisadi, bütün başqa sahələrdə, o cümlədən
humanitar əməkdaşlıq sahəsində.
Azərbaycanda bütün
fundamental azadlıqlar təmin edilibdir, o cümlədən
söz azadlığı, sərbəst toplaşma
azadlığı, mətbuat azadlığı, vicdan
azadlığı. Azərbaycan əhalisinin 80 faizdən
çoxu internet istifadəçisidir və ölkəmizdə
azad internet fəaliyyət göstərir. Beləliklə,
siyasi islahatların dərinləşməsi ölkəmizdə
iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə
böyük həcmdə xarici sərmayənin gətirilməsinə
də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin
həcminə görə Azərbaycan dünya miqyasında
aparıcı yerlərdədir. Qeyd etməliyəm
ki, ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə
qoyulubdur ki, bu sərmayənin yarısı xaricdən gələn
vəsaitdir.
Azərbaycan son 15 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirib. Mən hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki son 15 il ərzində ümumi daxili məhsul 3,2 dəfə artıb və beləliklə, Azərbaycan çox böyük inkişaf yolunu keçib. Biz iqtisadi sahədə tam müstəqillik əldə etmişik. İqtisadi müstəqillik, əlbəttə ki, siyasi müstəqilliyimizi möhkəmləndirir. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil. Biz nəinki kreditlərin alınmasını demək olar ki, dayandırmışıq, özümüz bəzi ölkələrə kreditlərin verilməsinə başlamışıq.
Makroiqtisadi sabitlik Azərbaycanda çox yüksək səviyyədədir. Deməliyəm ki, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Bununla belə, bizim maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, istədiyimiz halda biz xarici borcumuzu bir neçə ay ərzində sıfır səviyyəsinə endirə bilərik. Ona görə iqtisadi sahədə aparılan köklü islahatlar, əlbəttə ki, sosial sahəyə də müsbət təsir göstərib. Əgər biz sosial sahənin önəmli istiqamətlərinə nəzər yetirsək görərik ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayı son 15 il ərzində 49 faizdən 5,4 faizə düşübdür. İşsizlik bir sosial problem kimi demək olar ki, aradan götürülür, işsizlik 5 faiz səviyyəsindədir. Nəzərə almalıyıq ki, bu illər ərzində ölkə əhalisi də artır və əhali hər il ən azı 100 min nəfər artır. Ona görə bizim iqtisadi inkişafımız və o cümlədən sosial infrastrukturun yaradılması daimi proses olmalıdır. Biz bu sahədə də çox böyük işlər görmüşük.
Forumda müzakirə olunacaq məsələlərdən biri də təhsillə bağlıdır. Deyə bilərəm ki, təhsilin inkişafı və təhsildə müasir metodların tətbiq edilməsi prioritet məsələlərdən biridir. Təhsil sisteminin maddi-texniki bazası möhkəmlənir. Son 15 il ərzində 3000-dən çox məktəb tikilib və təmir edilib. Deməliyəm ki, Azərbaycanda cəmi 4500-dən bir qədər çox məktəb var, onların əksər hissəsi ən yüksək standartlar səviyyəsində qurulub. Eyni zamanda, müəllim peşəsinə maraq da çox böyük dərəcədə artır. Aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb və bu il biz bunu əyani şəkildə görmüşük. Test imtahanlarında yüksək ballar toplayan abituriyentlər arasında müəllim olmaq istəyənlərin sayı bir neçə dəfə artıbdır. Yəni, bu, onu göstərir ki, humanitar sahənin əsas hissələrindən biri olan təhsil sahəsinə çox böyük diqqət göstərilir və gözəl nəticələr vardır.
Ölkəmizin hər bir yerində müasir tibb mərkəzləri yaradılıbdır. Son 15 il ərzində 650-dən çox tibb müəssisəsi yenidən qurulub, əsaslı təmir edilib və tikilib. Hər il 5 milyondan çox insan dövlət hesabına pulsuz tibbi müayinədən keçir. Yəni, bunlar humanitar sahənin çox önəmli hissələridir və bundan sonra da bu istiqamətlər üzrə ardıcıl siyasət aparılacaq.
Mən idman yarışlarını qeyd etdim. Amma onu da bildirməliyəm ki, idman sahəsində də böyük uğurlar əldə edilib. İdmanın maddi-texniki bazası qurulub. Təkcə Bakıda deyil, Azərbaycanın digər şəhərlərində 45 müasir Olimpiya İdman Mərkəzi yaradılıb. Son Olimpiya Oyunlarında - Rio-de-Janeyroda keçirilmiş Olimpiadada medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerə layiq görülüb.
Biz ardıcıl siyasət aparmaqla həm iqtisadi islahatları dərinləşdiririk, həm də sosial sahədə lazım olan addımları atırıq. Ölkəmizdə yüksək texnologiyalara çox böyük diqqət göstərilir, bu yaxınlarda üçüncü peykimiz orbitə buraxıldı. Azərbaycan artıq neçə ildir ki, dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür və 3 peykimiz var. Əlbəttə ki, bu, həm texnoloji inkişafdır, həm təhsildir, həm də biznes imkanlarını yaradır. Biz bu gün peyk xidmətlərini ixrac etməklə ölkəmizdə ixracı da şaxələndiririk.
"ASAN xidmət” mərkəzlərinin yaradılması sosial və humanitar sahədə çox önəmli təşəbbüsdür. Əgər qonaqlarda imkan olarsa, onlar Bakı şəhərində fəaliyyət göstərən beş mərkəzdən birinə baş çəkə bilərlər. Görə bilərlər ki, doğrudan da Azərbaycan texnologiyaları əsasında, sırf Azərbaycanın intellektual məhsulu olan "ASAN xidmət” necə fəaliyyət göstərir. Bu il bu mərkəzlərin sayı 15-ə çatdırılacaq, 5-i Bakıda, 10-u bölgələrdə. Bu mərkəzlərdə bir binada 300-dən çox xidmət göstərilir və vətəndaşların "ASAN xidmət”i bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. İctimai xidmətlər sahəsinə xas olan bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq hallarına tamamilə son qoyulubdur. Bir neçə il ərzində "ASAN xidmət” mərkəzlərinə 24 milyondan çox müraciət olmuşdur və onların mütləq əksəriyyəti təmin edilmişdir.
Mən Azərbaycan haqqında çox danışa bilərəm, - çünki qonaqların bir hissəsi ilk dəfədir ki, ölkəmizə gəlib, - sadəcə olaraq, çıxışımın yekununda bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bu məsələ həm humanitar əməkdaşlığı dərinləşdirir, həm də qarşılıqlı maraqları təmin edir. Hesab edirəm ki, humanitar əməkdaşlıq deyəndə biz mütləq bunun gözəl nəticələrini görməliyik və bilməliyik ki, bu, nəyə gətirib çıxaracaqdır.
Sonuncu mövzu nəqliyyat siyasətimizlə bağlıdır. Azərbaycanın coğrafi vəziyyəti əlverişlidir, ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyətin heç bir əhəmiyyəti yoxdur. Digər tərəfdən, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Ona görə bizim bütün nəqliyyat, enerji, kommunikasiya xətlərimiz başqa ölkələrin ərazisindən keçməlidir. Əlbəttə, qeyd etdiyim kimi, buna nail olmaq üçün mütləq, ilk növbədə, qonşu dövlətlərlə və daha böyük coğrafiyanı əhatə edən ölkələrlə çox sıx dostluq münasibətləri olmalıdır və bunlar da var. Biz bir neçə il bundan əvvəl nəqliyyat sahəsində qarşıya vəzifə qoymuşduq ki, Azərbaycan nəinki bu bölgədə, dünya miqyasında güclü nəqliyyat mərkəzinə çevrilsin. Bu məqsədə doğru ardıcıl olaraq getməyə başlanmışdır və bu gün tam əminliklə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Ölkəmizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb, 6 beynəlxalq hava limanı, Azərbaycanı bütün qonşu ölkələrlə bağlayan və ölkəmizin əsas hissəsini əhatə edən dəmir yolları, son 15 ildə salınmış 15 min kilometrdən çox avtomobil yolları, Xəzər hövzəsində 200–dən çox gəmisi olan ən böyük ticarət donanması. Yəni, bütün bunlar böyük vəsait tələb edən layihələrdir və onlar həll olunub. Nəhayət, Xəzər dənizinin önəmli, yeni ticarət limanının bu il istifadəyə verilməsi bu işləri tamamlayıb. Bu gün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti daha da genişlənib. Keçən illə müqayisədə bu il bu dəhliz vasitəsilə 100 dəfədən çox həcmdə yük daşınıbdır. Bu, hələ başlanğıcdır. Bu gün bu önəmli iki istiqamətə digər istiqamətlərdən qoşulma halları müşahidə olunur. Biz bu gün artıq Cənub-Qərb nəqliyyat dəhlizini təmin edirik və Şərq-Qərb nəqliyyat dəhlizi də Azərbaycan ərazisindən keçir. Bütün bu nəqliyyat, infrastruktur layihələrində iştirak edən yeganə ölkə Azərbaycandır. Bu nəqliyyat bağlılığı, eyni zamanda, mehriban qonşuluğa da gözəl şərait yaradır. Heç bir ölkə, əgər qonşularla yaxşı münasibətləri yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə çevrilə bilməz. Ona görə, bizim enerji, nəqliyyat, infrastruktur layihələrimiz ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır. Ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək üçün xüsusilə qonşu ölkələrlə, ənənəvi dost ölkələrlə münasibətlərdə mütləq humanitar sahəyə böyük önəm verilməlidir. Bu olmasa, bütün başqa sahələrdə də problemlər yaşana bilər.
Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, biz humanitar əməkdaşlığa çox böyük diqqət göstəririk, bir çox təşəbbüslər irəli sürmüşük. Onlardan biri Bakı Beynəlxalq Humanitar Forumudur ki, bu gün öz işinə başlayır. Əminəm ki, aparılacaq diskussiyalar, müzakirələr bizim ümumi işimizə gözəl töhfə verəcəkdir.
Forumun iştirakçılarını bir daha salamlayır və Foruma uğurlar arzulayıram. Sağ olun.
***
Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa QOLODETS Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxudu və çıxış etdi:
-Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım.
İcazə verin, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Foruma təbrik məktubunu oxuyum.
"VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına və qonaqlarına
Hörmətli xanımlar və cənablar.
Bakı Beynəlxalq Humanitar Forumunun açılışı münasibətilə sizi səmimi qəlbdən salamlayıram. Artıq altıncı dəfədir ki, Azərbaycan paytaxtı onlarla ölkədən dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, parlamentarilərin və alimlərin, mədəniyyət xadimlərinin, jurnalistlərin və publisistlərin iştirak etdiyi bu nüfuzlu Forumu qəbul edir.
Bu il sizin görüşünüz müasir cəmiyyət üçün çox əhəmiyyətli olan "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr edilib. Mövcud təhsil və maarif sistemlərinin təkmilləşdirilməsinə, mədəniyyətin və incəsənətin dəstəklənməsinə, informasiya təhlükəsizliyinin təminatına, intellektual mülkiyyətin müdafiəsinə və digər aktual məsələlərə dair ətraflı diskussiyalar nəzərdə tutulub. Əminəm ki, siz qiymətli peşəkar təcrübənizi və mütərəqqi praktiki yeniliklərinizi mübadilə edəcək, həmçinin qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın yeni perspektivli forma və istiqamətlərini müəyyənləşdirə biləcəksiniz. Forumun iştirakçılarına səmimi qəlbdən uğurlar diləyir və ən xoş arzularımı çatdırıram.
Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin”.
***
Çıxışına davam edən
O.Qolodets dedi:
-Hörmətli qonaqlar, mən öz
adımdan da bir neçə söz demək istəyirəm. Mən Bakı Beynəlxalq Humanitar Forumunda ilk dəfə
deyil ki, iştirak edirəm və bu gün Humanitar Forumun necə
sürətlə inkişaf etməsi məni heyrətləndirir.
Bir neçə il bundan əvvəl bu Forumun
belə sanballı olacağını güman etmək
olmazdı. Bu gün Forumda 90-dan çox ölkənin
nümayəndələrinin toplaşması və onun
sivilizasiya, mədəniyyətlərarası, millətlərarası
və dinlərarası münasibətlərin
inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi
üçün ən əhəmiyyətli məkanlardan birinə
çevrilməsi, əlbəttə, ölkə rəhbərliyinin
xidmətidir. Forumu dəstəkləmək, onu bu səviyyədə
inkişaf etdirmək üçün gündəlik iş
aparmaq və cənab Prezidentin indicə dediyi dəyərlərə
sadiq olmaq lazımdır.
Biz Azərbaycanla sıx əməkdaşlıq
edirik və prezidentlərimiz humanitar inkişaf məqsədlərinə
ürəkdən sadiqdirlər. Bu, çox
böyük zəhmət deməkdir. Bir
sadə misal çəkim. Keçən dəfə
buraya gələndə mən adi bir ümumtəhsil məktəbində
oldum. Sizə deməliyəm ki, uşaqlara
üç dildə dərs keçilən məktəblər
dünyada azdır. Uşaqlar və onun valideynləri təhsil
dilini seçmək üçün tam imkana malikdirlər və
bu halda uşaqlar başqa mədəniyyətlərlə,
başqa dillərlə tanış olur,
onların bu və ya digər milliyyətə
bağlılığı çox güclü inkişaf
amilinə çevrilir. Müxtəlif millətlərin,
mədəniyyətlərin və dinlərin qonşu
olmasını güclü quruculuq prosesinə çevirmək
çox böyük səy tələb edən ciddi prosesdir.
Bu, dünya birliyinin bütün mütərəqqi
qüvvələrinin birləşməsini tələb edir.
Biz ümid edirik ki, məhz bu Forum humanitar əməkdaşlığımızı
irəli aparacaq.
Rusiyada müxtəlif mədəniyyətlərin,
sivilizasiyaların qarşılıqlı fəaliyyəti məsələsi
bir nömrəli mövzudur. Bizdə də
uşaqlar məktəbə gedəndə Rusiyada yaşayan
xalqların 119 dilində dərsliklər yaradılır.
Xalqların qarşılıqlı fəaliyyətini
quruculuğa çevirmək də çox böyük səy
və çox böyük zəhmət tələb edir.
Yəqin ki, Bakının faktiki olaraq dünyada
humanitar dialoqun həyata keçirildiyi paytaxta çevrilməsi
təsadüfi deyil. Biz bu şəhərin
hər bir cizgisində ənənələrə böyük
hörmət nişanələri görürük. Biz burada muzeylər, tarixi mərkəz və eyni
zamanda, bütün yeniliklərə və kreativliklərə
açıqlıq görürük. Bu
gün bu qədər çoxsaylı müasir memarlıq
şedevrləri olan yerlər azdır. Bu,
ölkə rəhbərliyinin böyük xidmətidir və
eyni zamanda, burada yaşayan və hər gün humanitar
inkişaf istiqamətində irəliləyən bütün
xalqın xidmətidir.
Humanitar Forumun təşkilinə
görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu
Forumun bütün iştirakçılarına uğurlar diləmək
və həqiqətən dünya səviyyəli bu əlamətdar
hadisə münasibətilə cənab Prezidenti və Mehriban
xanımı şəxsən təbrik etmək istəyirəm.
Sağ olun.
***
BMT baş katibinin müavini Rəşid XALİKOV
çıxış edərək dedi:
-Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyev.
Xanımlar və cənablar.
İcazə verin,
çıxışıma BMT-ni bu tədbirə dəvət
etdiyinə görə Azərbaycan Respublikasının
Hökumətinə təşəkkürümü bildirməklə
başlayım. Mən, həmçinin bu gün burada təmsil
etdiyim Birləşmiş Millətlər Təşkilatının
baş katibi cənab Antonio Quterreşin səmimi
salamlarını çatdırmaq istərdim. Cənab Quterreş çox təəssüflənir
ki, proqramında olan digər görüşlər səbəbindən
bu mühüm Forumda iştirak edə bilmir.
Ötən ilin iyul ayında BMT-nin
baş katibinin söylədiyi fikirləri sitat gətirmək
istəyirəm: "Fikrimcə, etiraf etmək vacibdir ki,
paradoksal vəziyyət yaranıb. Çünki
problemlər get-gedə daha qlobal xarakter alır,
çağırışlar get-gedə daha qlobal xarakter
alır və onların hər hansı ölkə tərəfindən
təkbaşına həll edilməsi mümkün deyil.
Beləliklə, biz qlobal cavablar axtarırıq.
Bizə çoxtərəfli idarəçilik
formaları lazımdır. Biz etimadın
çatışmazlığı kimi məsələlərin
öhdəsindən gəlməyi bacarmalıyıq”. BMT-nin baş katibi, əslində, bu sözləri
söyləyərkən çağırışların
vacibliyini qeyd edib və bildirib ki, heç kəs diqqətdən
kənarda qalmalı deyil.
Biz VI Beynəlxalq Bakı
Humanitar Forumuna olduqca mühüm məsələləri
müzakirə etmək üçün
toplaşmışıq. Hesab edirəm ki,
BMT-nin baş katibi bu missiyanı öz üzərinə
götürərək bunun tam yekun nəticəyə qədər
aparılmasının təmin edilməsinə
çalışacaq. Mən, həmçinin
həmin məsələlərin əksər hissəsini əhatə
edən bu mühüm Forumu təşkil etdiyinə görə
Azərbaycan Respublikasının səylərini
alqışlamaq istərdim. Humanitar
yardım vacib olaraq qalsa da, bizə zəif məqamların,
qalan yoxsulluğun və böyük sayda işsizliyin aradan
qaldırılmasında daha dayanıqlı, güclü və
orta perspektivli yanaşma lazımdır. Şadam
ki, həmin məsələlərdən bəziləri bu
Humanitar Forumda müzakirə olunacaq.
Zati-aliləri, xanımlar və
cənablar, hörmətli həmkarlar, icazə verin, qısaca
olaraq hazırkı humanitar vəziyyətə toxunum. 2018-ci ildə
134 milyon insan qlobal səviyyədə humanitar yardıma ehtiyac
duyur. BMT-nin və onun tərəfdaşları
böhrana məruz qalmış insanların təxirəsalınmaz
həyati tələblərini dəstəkləmək
üçün 25,3 milyard ABŞ
dolları ayrılmasını xahiş ediblər. Münaqişə humanitar ehtiyacların ən
böyük səbəbi olaraq qalır. Əlavə
olaraq, qaçqınların sayı artır və onlar daha
uzun müddətdə öz doğma ölkələrindən
uzaqda qalırlar. Livan, Türkiyə və
İordaniya öz əhalisinin sayına nisbətdə
böyük sayda qaçqınları qəbul ediblər.
Kamerun, Çad, Sudan və Uqanda kimi ən az inkişaf
etmiş ölkələrdə 4,9 milyon qaçqın var. Yəni,
bu, qlobal qaçqın sayının 28 faizini təşkil
edir.
Əfqanıstan, Cənubi
Sudan, Somali və başqa ölkələrə gəldikdə,
uşaqlar öz həyatları boyu münaqişədən
başqa bir şey görməyib. Hər insanın təhlükəsizliyə
və müdafiəyə haqqı var. Biz bu hüququn təmin
edilməsi üçün əlimizdən gələni etməliyik.
BMT-nin baş katibi hamını beynəlxalq
humanitar hüquqa, insan hüquqlarına, mülki əhalinin
qorunmasına səsləyir. Həmçinin
humanitar yardım işçiləri üçün təhlükəsizlik
şəraitlərinin yaradılması da vacibdir. Eyni zamanda, baş katib beynəlxalq ictimaiyyəti məcburi
köçkünlüyün qarşısının
alınmasına, qaçqın həyatı yaşayan hər
kəs üçün dayanıqlı həll
variantlarını təmin edərək həm öz ölkəsində,
həm də kənarda zorakılıq səbəbindən
öz yerlərini tərk etmiş insanların
hüquqlarının təmin olunmasına
çağırır. Münaqişə
ilə üzləşmiş milyonlarla insana, qida, su və təhlükəsiz
sığınacaq üçün çarpışan insanlara,
qayıtmaq ümidi olmayan, öz evlərini tərk etməyə
məcbur olan, məktəbləri bombalanmış insanlara, həyatları
xilas etmək üçün tibbi yardım göstərən
insanlara diqqətlə yanaşmalıyıq. Biz
bütün bunlara göz yuma bilmərik.
Azərbaycanda məcburi
köçkünlər üçün dayanıqlı həll
yolunun tapılmasında, o cümlədən onların öz
evlərinə, doğma yurdlarına qayıtmasında üzləşdiyimiz
əsas maneələrdən biri Dağlıq Qarabağ
bölgəsində və ətrafında həll
olunmamış silahlı münaqişənin siyasi həllinin
olmamasıdır. BMT-nin baş katibi bu yaxınlarda ATƏT-in Minsk qrupunun
həmsədrlərinin göstərdiyi mühüm vasitəçi
səylərinə tam dəstəyini bir daha vurğuladı və
tərəfləri etimadı artırmaq üçün
addım atmağa, Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə nail olmaq üçün
lazımi siyasi iradəni gücləndirməyə səslədi.
Nəinki münaqişələr,
eləcə də təbii fəlakətlər insan əziyyətlərini
artırır.
Bir neçə həftə əvvəl
İndoneziya növbəti zəlzələ və sunami ilə
üz-üzə qaldı. Nəticədə
2 milyondan çox insan əziyyət çəkdi və
onlardan 60 mindən çoxu məcburi köçkünə
çevrildi. Əfqanıstanda hazırkı
münaqişədən əlavə bu il
quraqlıq baş verib və ölkənin üçdə
iki hissəsində yaşayan 2 milyon insan qidalanma problemi ilə
üzləşir. Haitidə yüzlərlə
insan zəlzələnin fəsadları ilə üz-üzə
qalıb.
Zati-aliləri, xanımlar və
cənablar, bu regionda təbii fəlakətlər də
baş verir və o, buna həssasdır. Ona görə
də vacibdir ki, hazırlıq səviyyəsini təşviq
etmək üçün informasiya və təcrübə
mübadiləsi aparılsın. Biz BMT
olaraq bu regionun ölkələri arasında informasiya
mübadiləsinə və imkanların genişləndirilməsinə
yardım etməyə hazırıq.
Yekun olaraq, Azərbaycan
Respublikasının qlobal səviyyədə humanitar yardım
göstərən nəzakətli addımlarını
alqışlayıram. Azərbaycan BMT-nin müxtəlif
qurumları vasitəsilə qlobal səviyyədə humanitar
yardımı milyonlarla dollar səviyyəsində
artırıb.
Bununla mən
sözümü bitirirəm, sizin hamınıza uğurlar
arzulayıram.
***
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-TUVEYCRİ
çıxış edərək dedi:
-Zati-aliləri Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev.
Zati-aliləri Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva.
Zati-aliləri, xanımlar və
cənablar.
Belə bir mötəbər
Forumda çıxış etməkdən olduqca məmnunam. Bu tədbirdə bizə
dost olan bir çox insanların əyləşdiyini
görürəm. Mən Azərbaycan
Respublikasının Prezidentinə təşəkkürümü
bildirirəm. O, ölkəyə uzaqgörənliklə,
müdrikliklə rəhbərlik edir, sülh və təhlükəsizliyi
bütün dünyada təşviq edir.
Forumun uğurlu olması onu
göstərir ki, bu ölkə problemlərə, ərazi
bütövlüyü ilə bağlı çətinliklərə
baxmayaraq, - mən Dağlıq Qarabağ məsələsini
nəzərdə tuturam, - irəliyə doğru gedir,
inkişaf edir və bütün dünyaya örnək
göstərir.
Dünya ədalətli,
düzgün olmalıdır ki, bu məsələlərin
aradan qaldırılmasına nail olunsun. Bu, həlledici
məsələdir, bu məsələlərə səmimi
yanaşılmalıdır. Ümumiyyətlə, bir
insan digər insanın ərazisini işğal etdiyi halda siz
dünyada sülhə, təhlükəsizliyə nail ola bilməzsiniz. Bu, beynəlxalq
hüquqa ziddir, bu, ümumiyyətlə, dinlərə
qarşı olan bir addımdır, bütün etikadan və mənəviyyatdan
uzaq olan bir addımdır. Bu problemlərin
həlli bizdən nəyi tələb edir? Biz beynəlxalq hüququn ruhuna, prinsiplərinə
riayət etməliyik. Çünki bu
gün dünyada bir çox problemlər və
çağırışlar var. Fələstin, Dağlıq
Qarabağ, Cəmmu və Kəşmir, Myanma və
dünyanın bir çox yerlərində insanlar əzab-əziyyətlə
üz-üzədir. Onlar yoxsulluqdan əziyyət
çəkirlər, çətinliklərdən keçirlər.
Biz bunun şahidiyik və görürük ki,
sadəcə, gözəl sözlər söyləmək
kifayət deyil, biz dünyanı təhlükəsiz etmək
üçün təbii ki, ədaləti təmin etməsək
bu, mümkün deyil. Bu, bizim
üçün mühüm bir şərtdir. Bunu etiraf etməliyik və bu istiqamətdə
işləməliyik. Forum bu nailiyyətin əldə
olunması istiqamətində irəliyə doğru atılan
bir addımdır. Düşünürəm ki, məhz
iştirakçıların ayırdığı diqqət və
onların verəcəyi töhfə əsasında Forumun
uğuruna nail ola biləcəyik. Müəyyən işlər görə bilərik
ki, dünyanın diqqətini bu məsələlərə
yönəldək. Çünki insanlıq olmadan gələcək
ola bilməz, sülh ola bilməz, ədalət
zəfər çala bilməz və əməkdaşlıq
baş tuta bilməz. Bu problemlər həll
olunmasa, qarşımızda dayanan məqsədlərə
çatmaq mümkün olmaz. Buna görə
dünyaya üz tutaraq deməliyik ki, biz qardaş və
bacılarıq. Mövcud olan problemləri
məhz bu yolla həll etməliyik. Çünki
milyonlarla insan əziyyət çəkir. Biz buna dözümlülük göstərməli
deyilik. Dünya öz səylərini birləşdirməlidir,
bu məqsəd üçün hamı səfərbər
olunmalıdır ki, dünya daha təhlükəsiz şəkildə
inkişaf etsin, ədalət zəfər çalsın və
bərabərlilik təmin edilsin. Bütün
bu prinsiplər humanitar bir ruhda tətbiq edilməlidir. Sadəcə,
bunları söyləmək kifayət deyil, buna görə də
biz iş görməliyik.
Biz ISESCO olaraq öz tərəfdaşlarımızla
sıx işləyirik, Avropa Şurası ilə birgə
çalışırıq. Bir sıra digər beynəlxalq təsisatlarla
iş aparırıq, o cümlədən İslam və ərəb
dünyasının təşkilatları ilə birgə
işləyirik. Biz çox diqqətliyik və
fikirlərimizin nədən ibarət olduğunu səmimi
şəkildə bildiririk. Biz bəşəriyyətə
xidmət edən idealları təşviq edirik. Bizim hamımız dinə etiqad edən insanlarıq.
Biz bütöv bir ailə olmalıyıq.
BMT-nin Nizamnaməsində də, Ümumdünya
İnsan Hüquqları Bəyannaməsində də bildirilir
ki, insanlar bərabərdir. Quranda da,
İncildə də, Tövratda da bildirilir ki, insanlar bərabərdir.
Yəni, bizim hamımız bu səma altında
eyni və bərabərik. Bizim insan
hüquqlarımız da vahiddir. Yəni, biz burada müxtəlif
ölçülərdən istifadə edə bilmərik: bu
dünya belə olmalıdır, burada ədalət
olmalıdır, başqa yerdə isə yox. Ədalət
bir olur və bu, bütün hallara tətbiq edilməlidir.
Mən burada çıxış etmək
üçün mətn hazırlamışdım. Lakin onu oxumuram, sizə səmimi qəlbdən gələn
sözlərimi söyləyirəm. Mən
bunları öz təcrübəm əsasında deyirəm.
Mən çox yerlərdə
olmuşam, çox yerləri gəzmişəm, Afrikada,
Asiyada, Latın Amerikasında, həmçinin Avropada
milyonlarla insanı səfalət içində
görmüşəm. Dünya özü də tam kamil deyil,
onun da öz problemləri var. Bizi birləşdirən ruh
qardaşlıq ruhu olmalıdır, hamımızın ürəyində
insani hisslər var. Biz öz ölkələrimizin gələcəyi
üçün çalışmalıyıq. Müəyyən bir yerdə insanların əzab-əziyyət
çəkməsinə və öz gələcəklərindən
məhrum olmalarına göz yummalı deyilik. Təbii
ki, yerlərdə davamlı iş aparılmadan, problemləri
həll etmədən sülhü təmin edə bilmərik. Şimalda, Qərbdə, Cənubda milyonlarla insan -
müsəlmanlar, xristianlar, bütpərəstlər əzab-əziyyətlə
üzləşirlər. Bu Forum bilirsiniz
ki, dini forum deyil. Baxmayaraq ki, İslam sivilizasiyası,
Avropa sivilizasiyası, hindu sivilizasiyası
var, burada söhbət beynəlxalq sivilizasiyadan gedir və
Forumun məqsədi bizim hamımızı bir araya gətirməkdən
ibarətdir.
Cənab Prezident, mən buna görə
Sizə səmimi qəlbdən təşəkkürümü
bildirirəm ki, bütün dünyaya aydın şəkildə
nümunə göstərirsiniz. Bununla
bağlı öz biliklərinizi bütün dünya ilə
paylaşırsınız. Ziyalıları,
media təmsilçilərini, hökumət rəsmilərini,
dünyanın 90 ölkəsindən olan nümayəndələri
burada bir araya gətirirsiniz. Bakı mədəniyyətlərarası,
sivilizasiyalararası, dinlərarası dialoqun mərkəzinə
çevrilib.
Zati-aliləri, diqqətinizə
görə çox sağ olun.
***
UNESCO-nun baş direktorunun müavini Çu SİN
çıxış edərək dedi:
-Zati-aliləri, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev.
Zati-aliləri, Rusiya
Federasiyası baş nazirinin müavini xanım Olqa Qolodets.
ISESCO-nun baş direktoru cənab
Əbdüləziz bin Osman əl-Tuveycri.
BMT baş katibinin Yaxın
Şərq və Mərkəzi Asiya ilə humanitar tərəfdaşlıq
üzrə müavini cənab Rəşid Xalikov.
Zati-aliləri, xanımlar və
cənablar.
Əvvəla, icazənizlə
UNESCO-nun baş direktoru xanım Odre Azulenin adından və
öz adımdan VI Bakı Beynəlxalq Humanitar Forumun
keçirilməsi münasibətilə sizə ən xoş
təbriklərimi çatdırım.
Hamımızın çox
minnətdar olduğu Zati-aliləri Prezident İlham Əliyevin
təşəbbüsü ilə başlanan "Bakı
Prosesi”nin 10 illik yubileyini qeyd etmək üçün burada
olmaq məndə məmnunluq hissi oyadır. Bu proses dünyada olan
çağırışlarla üzləşən mədəniyyətlərarası
dialoqu dərinləşdirib, o cümlədən daha
güclü iqtisadiyyatların və ya daha mütəhərrik
təhsil sistemlərinin necə yaradılması və
informasiyanın yayılmasını özündə necə
birləşdirilməsini ehtiva edən məsələlərə
ünvanlanıb. Bu çağırışların
hamısı "Yeni dünya və yeni insan
formalaşdıraq: kreativlik və insan inkişafı”
adlandırılan bu Forumun mövzusunda əhatə olunub.
Yaradıcılıq həqiqi
bəşəriyyətlə təkrar əlaqə
yaratmağımız üçün güclü vasitədir. Rəssamlar
müştərək paylaşdığımız bəşəriyyətin
müxtəlif görüntülərini təqdim edir,
insanların seçimlərini genişləndirir və
onların təxəyyülündə alternativ gələcəklə
bağlı qığılcım yaradır. Yaradıcılıq, eyni zamanda, əsas iqtisadi
qüvvədir. Bu gün mədəni və
yaradıcı sənayelər böyük iqtisadi faydalar gətirir,
30 milyon insanı işlə təmin edir və bəzi ölkələrdə
ÜDM-in 10 faizini təşkil edir. UNESCO mədəni
ifadələrin müxtəlifliyini, incəsənət
azadlığını və rəssamların sərbəst
hərəkətini təbliğ etmək üçün
hökumətlərə dəstək göstərir. Qlobal populyasiya daha çox
qloballaşdığına görə şəhərlər
yaradıcılığın əsas hablarına
çevrilir. Məhz buna görə
UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi
yaradıcılığı və mədəni sənayeləri
yerli səviyyədə inkişaf planlarının mərkəzində
yerləşdirir. Hazırda dünyanın
180 şəhəri innovasiya, dizayn, film, qastronomiya, ədəbiyyat,
musiqi və media incəsənətini irəli aparır.
Azərbaycanın şimal-qərbində yerləşən
Şəki şəhəri sənət işləri və
incəsənət üzrə UNESCO-nun yaradıcı şəhərinin
parlaq nümunəsidir. Bu şəhər
gözəl memarlıq, ipəkçilik və ənənəvi
sənət işlərinə görə məşhurdur.
O, bir vaxtlar Asiya İpək Yolunun bir hissəsi idi. Bu gün həmin şəhər çoxlu etnik mənsubiyyəti
və yaradıcılığın özəyi kimi mədəniyyətlərarası
dialoq ənənəsini davam etdirir.
Mədəniyyət və
yaradıcılığın gücü özünü rəqəmsal
sahədə də büruzə verir. Hazırda bizi yeni informasiya və mədəni
ifadələrdən yalnız bir neçə il
ayırır. İnternet özündə qlobal
dili təcəssüm etdirən rəqs, teatr, ədəbiyyat,
musiqi, filmlər və sairə ilə yeni müzakirələrə
yol aça bilər və UNESCO da rəqəmsal dövrdə
mədəni müxtəliflik üzrə işlərə rəhbərlik
etməklə insanlar arasında maneələri aradan
qaldırır. Lakin
yaradıcılığın yalnız mədəniyyət
sahəsi ilə məhdudlaşdığını
düşünmək səhv olardı. Yaradıcı
düşüncə və innovasiya bütün insan fəaliyyətlərinin
başlanğıcını qoyur. Bir
çox böyük çağırışların
öhdəsindən gəlmək üçün bizə elm,
texnologiya, mühəndislik və riyaziyyat da lazımdır.
SUN layihəsinin direktorunun da qeyd etdiyi kimi, elm və
incəsənət bir-birinin əksi deyil, hər ikisi bəşəriyyətin
kreativliyinin ən yüksək nöqtələrini təmsil
edir. İqlim dəyişikliyi
dövrümüzün əsas dəyişikliklərinə səbəb
olur. Süni intellektin kəşfi
dünyanı dəyişdirir və bir sıra işlərə
ehtiyacı aradan qaldırır, lakin yeni imkanlar, o cümlədən
iqtisadi imkanlar yaradır. Biz yeni dünyaya,
sadəcə, adaptasiya olmamalı, həm də fəal şəkildə
iştirak etmək üçün bütün
imkanlarımızı səfərbər etməliyik. Bu səbəbdən də XXI əsrin kadr
inkişafı istiqamətində tələblərinə hələ
də tam cavab verməyən təhsil sistemlərimizdə
ciddi dəyişikliklər etməliyik. Mövcud
tədris prosesindəki problemləri təcili olaraq həll etməliyik.
Dünyada 670 milyon uşaq və gənc qiraət
və riyaziyyat üzrə minimal bacarıq tələblərinə
cavab vermir. Qadınların və
qızların, xüsusilə elm sahəsində bərabər
imkanlara malik olmasını təmin etməliyik. Tənqidi düşünmə, problem həlli,
komandada işləmə bacarıqlarını inkişaf
etdirməliyik.
Təhsil, eyni zamanda, qlobal vətəndaşlığın
öndə olan dəyərlərindən biridir. Davamlı
inkişaf, insan hüquqları və qarşılıqlı
anlaşma, mürəkkəb dünyanı anlamaq,
dünyanın kompleks informasiya və kommunikasiya sahəsində
hərəkət etmək üçün vacib komponentlərdir.
Böyük bir təhlükə var - internet tolerant olmayan gənclər
arasında yanlış informasiyanın yayılması
üçün bir vasitə ola bilər. Digər təhlükə isə həddən
çox tədbirlərdən istifadə edərək cəmiyyətlərin
effektiv fəaliyyəti üçün vacib olan
azadlığın və imkanların məhdudlaşdırılmasıdır.
Bunun əvəzinə, ötən il
UNESCO-nun nəzarəti altında işçi qrupun
hazırladığı hesabata uyğun olaraq, diqqəti rəqəmsal
savadlılıq və vətəndaşlığın təbliğ
edilməsinə yönəltməliyik. Media və informasiya
savadlılığı vətəndaşların
informasiyanın nə olması və kim tərəfindən
yayılmasına daha tənqidi yanaşmasını təmin
etmək üçün çox əhəmiyyətlidir. UNESCO bu məsələ üzrə aparıcı təşkilatlardan
biridir və təhsil kurrikulumunu işə salıb, üzv
ölkələr bu istiqamətdə dərslər
hazırlayıb onlayn kurslar, layihələr və
araşdırmalar təşkil edirlər. UNESCO
və BMT-nin sivilizasiyalar ittifaqı illik qlobal media və
informasiya savadlılığı həftəsi oktyabrın
24-də başladı. Proqram çərçivəsində
dünya üzrə bir sıra tədbirlər təşkil
olunacaq.
Xanımlar və cənablar,
İkinci Dünya müharibəsindən sonra Eynşteyn bir
çıxışında belə demişdi:
"Düşünmə modelindən başqa hər şeyi
dəyişdik”. Bu gün düşünmə modelimizi daha
kreativ, insan inkişafına daha yönümlü bir istiqamətdə
dəyişmək üçün real imkanımız var.
Bütün üzv ölkələrin üzərində
işlədiyi BMT-nin davamlı inkişaf proqramı daha dərin,
daha geniş mədəniyyətlərarası dialoqa əsaslanan
kollektiv həllər tapmağa istiqamətlənib. UNESCO da üzv ölkələri mədəniyyət,
təhsil, elm və kommunikasiya sahəsində dəstəkləməkdə
davam edir. Bu nəslin daha təhlükəsiz,
daha sülh dolu, daha firavan və daha davamlı yeni bir dünya
yaratmaq imkanı var. Ümid edirəm ki, "Bakı Prosesi”nin
yeni ilində müzakirələr bu mövzu ətrafında
da olacaq.
Sağ olun.
***
Parlamentlərarası İttifaqın
prezidenti xanım Qabriela BARON
çıxış edərək dedi:
- Çox sağ
olun, cənab Prezident İlham Əliyev.
Hörmətli tədbir
iştirakçıları, milli parlamentlərin
ümumdünya təşkilatı olan Parlamentlərarası
İttifaqın sədri və meksikalı parlamentari kimi VI
Bakı Beynəlxalq Humanitar Forumunda çıxış etməkdən
çox şadam. Biz bu gün buraya beynəlxalq aləmin,
eləcə də bəşəriyyətin bir sıra qlobal
çağırışlarla üzləşdiyi vaxtda
toplaşmışıq. Oslo Sülh Tədqiqatları Mərkəzinin
rəyinə görə, 2017-ci il soyuq
müharibə bitdikdən sonra ən zorakı illərdən
biri olub. Həmin ildə dövlətlər
arasında 49 həll olunmamış münaqişə və
82 fəal mərhələdə olan qeyri-dövlət
münaqişəsi qeydə alınıb. Həmin
münaqişələrin, o cümlədən bütün
dünyada artan ekoloji böhranın nəticəsi olaraq
dünya miqyasında məcburi köçkünlərin
sayı 2017-ci ilin sonuna 68,5 milyon insana
çatıb. Bununla yanaşı, qlobal iqtisadiyyatın
mövcud vəziyyəti qlobal istehsal və istehsal proseslər
ilə birgə artıq dözülməz vəziyyət
yaradıb və hazırda il ərzində istifadə olunan təbii
resursların həcminə cavab vermək üçün
artıq bizə indikindən 1,7 dəfə
böyük Yer kürəsi lazımdır.
Bundan əlavə, texnogen fəaliyyətin
ətraf mühitə təsiri planetimiz üçün
ağır təbii fəsadlar törədir və hazırda
BMT gələcək illərdə qlobal istiləşmənin
1,5 selsi dərəcəsində
saxlanılması üçün beynəlxalq öhdəliklərin
olmasına çalışır. Biz, həmçinin
texnoloji tərəqqinin daim dəyişən mahiyyətinin
yaratdığı çağırışlarla üzləşirik
və nəticədə avtomatlaşdırılmanın
artması iqtisadi əməkdaşlıq və inkişaf təşkilatına
üzv ölkələrində iş yerlərinin ən
azı 14 faizini sual altında qoyur. Bu cür dəyişkən
zamanda bəşəriyyət yol ayrıcında qalır və
əgər biz planetimizin getdiyi istiqaməti dəyişmək
istəyiriksə, orada innovasiya, əməkdaşlıq,
yaradıcı yanaşma və çoxtərəflilik
fundamental əhəmiyyət daşımalıdır. Məhz həmin mürəkkəb çağırışlar
səbəbindən mən Azərbaycanın və bu tədbir
təşkilatçılarının göstərdiyi səyləri
alqışlayıram. Beynəlxalq humanitar
forumun müzakirələri yaradıcı yanaşma və
insan inkişafına əsaslanan yeni dünyanın
formalaşdırılması mövzusuna həsr olunub. Aydındır ki, əgər biz dünyamızın
tələb etdiyi təcili dəyişikliklərə nail
olmaq istəyiriksə, bu elementlər olduqca dəyərlidir.
Hamımızın bildiyi kimi, geniş ilhamverici və olduqca zəruri
olan Dayanıqlı İnkişaf Məqsədlərinə və
2030-cu ilədək olan gündəliyə nail olmaq
üçün dünyanın cəmi 12 ili
qalır. Parlament üzvü və təşkilat
sədri kimi, biz milli reallıqlar arasında körpü
salmağa çalışırıq və bir çox
hallarda bu addım uzaq məsafəli çoxtərəflilik
kimi qələmə verilir. Bununla belə
qeyd etməliyəm ki, hazırda dünya heç vaxt görünmədiyi
qədər güclü, çoxtərəfli əməkdaşlığa
və tərəfdaşlığa ehtiyac duyur. Bizim üzləşdiyimiz
çağırışlara gəlincə, həll
variantlarını tapmaq üçün
qarşılıqlı əlaqələri və fəaliyyəti
müəyyənləşdirməliyik.
Məmnunluqla qeyd edirəm
ki, Forumdakı müzakirələr zamanı çoxtərəfli
müttəfiqlik və tərəfdaşlığa zərurət
artıq etiraf edilir. Bir çox hallarda qeyd olunur ki, 2030-cu il
üçün gündəliyin ən mürəkkəb məsələlərindən
biri 17-ci Dayanıqlı İnkişaf Məqsədinə nail
olmaqdır. Çoxtərəfli əməkdaşlığa
gəldikdə spektiv yanaşmanı açıq şəkildə
sərgiləyən bir sıra ölkələrin proteksionizmə
və populist ritorikaya sığındığı zaman bu tərəfdaşlığın
qurulması, əslində, çətin proses olar. Bununla belə, beynəlxalq təşəbbüslərə
tərəddüd və tənqidlə
yanaşıldığı dövrdə biz çoxtərəfliliyi
müdafiə etməli və dəstəkləməliyik,
çünki birgə fəaliyyət dünyamızın
problemlərinin həllinə aparan yeganə yoldur. Olduqca vacibdir ki, tərəfdaşlıq nəinki
parlament çərçivəsində, o cümlədən
milli hökumətlər arasında olmalıdır və biz
bu prosesə özəl sektoru və vətəndaş cəmiyyətini
də qoşmalıyıq. Buna nail
olmaq üçün üçtərəfli əməkdaşlıq
fundamentaldır və bütün təbəqələr
arasında etimadın qurulmasında xüsusi əhəmiyyət
kəsb edir. Biz hamımız bu məqsədi
qarşımıza qoyub bərabərliyə,
düzgünlüyə, əməkdaşlığa nail
olmalıyıq. Gələcək illərdə
bizim qarşımızda duran məqsəd, mən
Dayanıqlı İnkişaf Məqsədlərini də nəzərdə
tuturam, öz resurslarımızı yerli səviyyədə səfərbər
edərək imkanlarımızı genişləndirməkdir.
Bunun nəticəsində əldə olunacaq 5-7 trilyon dollar
Dayanıqlı İnkişaf Məqsədlərinə nail
olunmasına sərf edilməlidir. Bu baxımdan
milli parlamentlərin və bizim Parlamentlərarası
İttifaqın oynadığı rol çox
mühümdür. Bizim bununla bağlı
qarşımızda qoyduğumuz məram müvafiq dövlət
siyasətinin formalaşdırılmasına yönəldilməli,
2030-cu ilə nəzərdə tutulan gündəlik həyata
keçirilməlidir. Biz parlament olaraq bu məsuliyyəti
öz üzərimizə götürürük və effektiv
olaraq milli resursların cəmlənməsinə
çalışmalıyıq.
Təbii ki, dünyada mədəniyyətlərarası
dialoqun da inkişaf etdirilməsi çox vacibdir. Çünki
Dayanıqlı İnkişaf Məqsədlərinə nail
olmaq üçün trilyonlarla dollar lazım gəlir və
bu, maliyyə boşluğunun aradan qaldırılması
bütün ölkələrə, cəmiyyətin
bütün təbəqələrinə aiddir və bu,
hamımızı narahat etməlidir. Buna görə
də biz çoxtərəfliliyi qorumalıyıq.
Hörmətli həmkarlar,
bu gün bəşəriyyətin çox çətin
zamanda üzləşdiyi çağırışlar mürəkkəbdir
və bizim dünya həm iqtisadi və sosial baxımından
diqqətlə davranmalıdır, əməkdaşlığımız
güclü və geniş olmalıdır. Biz bir-birimizlə
rəqabət aparmalı deyilik. Hər
hansı bir həll variantının olmaması,
yaradıcı yanaşmanın tətbiq edilməməsi
heç nəyə gətirib çıxara bilməz. Hesab edirəm ki, məhz yaradıcı yanaşma və
innovasiya bizə nəinki bu mərhələni keçməyə,
həmçinin əlimizdə olan enerjini daha da
artırmağa imkan yaradacaq. Çoxtərəflilik
bu gün informasiyanın çatışmazlığı səbəbindən
əziyyət çəkir. Populizmin və milli
maraqların xüsusi olaraq nümayiş etdirildiyi bir vaxtda,
ümidvaram ki, bu Forumun bütün
iştirakçıları açıq şəkildə
yeni imkanları müzakirə edəcəklər, çoxtərəfliliyi
yenidən canlandıracaqlar, innovativ həll yollarını irəli
sürəcəklər, tərəfdaşlıq quracaqlar. Təbii ki, biz bütün bunları beynəlxalq
hüququn prinsiplərinə uyğun etməliyik. Çoxtərəflilik, əslində,
dünyamızın dəyişilməsi üçün
özündə bir çox davranışı və fəaliyyəti
ehtiva edir. Biz yeni yollar
araşdırmalıyıq ki, bunun vasitəsilə çoxtərəfliliyin
təsirini ölçə bilək, onu anlayaq və bunu milli
və yerli səviyyədə həyata keçirək.
Əgər biz bu təsirin ölçülməsinə nail
olarıqsa, əminəm ki, dünyamızı dəyişə
biləcəyik. Dünyamızın dəyişilməsi
üçün biz öz icmamızdan başlamalıyıq və
bu, yeganə yoldur.
Mən hamınıza müraciət edərək demək istəyirəm ki, Forumun əsas məqsədlərindən biri məhz çoxtərəfliliyə nail olmaqdır. Biz humanist prinsiplərə əsaslanan icmanı qurmalıyıq, o, insan həyatlarını xilas edə bilər, insanların əzab-əziyyətlərini aradan qaldıra bilər, insan ləyaqətini saxlaya bilər və dəyişən dünyanın insana təsirini azalda bilər. Biz belə bir dəyişkən bir vaxtda bəşəriyyəti daha da təkmilləşdirmək üçün nə etməliyik? İnanıram ki, Forum bu və bir çox digər suallara yeni cavablar tapacaq. Sağ olun.
***
Bununla da VI Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimi başa çatdı.
Açılış çıxışlarından sonra Forum işini plenar və işçi sessiyalarla davam etdirib.
Qeyd edək ki, 2010-cu ildən
təşkil olunan Forumun təşəbbüsçüləri
Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq
Humanitar Forum qlobal xarakterli məsələlərə dair
geniş spektrli dialoqlar, fikir mübadilələri və
müzakirələr aparmaq məqsədilə müxtəlif
ölkələrdən tanınmış dövlət xadimlərini,
elmin fərqli sahələri üzrə Nobel mükafatı
laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların
rəhbərlərini, o cümlədən dünyanın
siyasi, elmi və mədəni elitasının nümayəndələrini
bir araya toplayan mötəbər tədbirdir. VI Bakı Beynəlxalq
Humanitar Forumu gələcək dünyamızı
formalaşdıracaq kreativ ideyalar və onların həyata
keçirilməsi yollarının axtarılmasını diqqətdə
saxlayacaq. Dünyanı vahid məkan və
bütün bəşəriyyəti bir cəmiyyət kimi
görmək istəyi yeni münasibətlər qurmağa,
daha mütərəqqi və aktual müzakirələr
aparmağa imkan verəcək və bəşəriyyətin
inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin
yaranmasına vəsilə olacaq.
Azərbaycan.- 2018.-26 oktyabr.- S.1-3.