Xorxe Qandini: “Uruqvay
Azərbaycan ilə münasibətlərin inkişafında
maraqlıdır”
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar
Forumu çərçivəsində Uruqvay Nümayəndələr
Palatasının sədri Xorxe Qandini ilə
görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov
Azərbaycanın Latın Amerikası ölkələri, o
cümlədən Uruqvayla son illər inkişaf etməkdə
olan əməkdaşlıq münasibətlərindən bəhs
edib.
Azərbaycana ilk səfərindən
məmnunluq bildirən Uruqvay Nümayəndələr
Palatasının sədri beynəlxalq əhəmiyyət kəsb
edən mövzuların, xüsusilə də mədəniyyətlərarası
dialoq mövzusunun müzakirəsi baxımından Bakı Beynəlxalq
Forumun əhəmiyyətini vurğulayıb. O, Uruqvayın Azərbaycanla
münasibətlərin inkişaf etdirilməsində
maraqlı olduğunu ifadə edib.
Tərəflər Azərbaycan və
Uruqvay arasında əməkdaşlıq əlaqələrinin
inkişafı üçün geniş potensialın
olduğunu bildiriblər və iqtisadi sferada əməkdaşlıq
imkanlarını müzakirə ediblər. İki ölkə
arasında münasibətlərin inkişafında parlamentlərarası
dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
aparılan danışıqlar prosesi haqqında qarşı tərəfə
məlumat verən nazir regionda davamlı sülh və əməkdaşlıq
üçün erməni silahlı qüvvələrinin Azərbaycanın
işğal olunmuş bütün ərazilərindən
çıxarılmasının zəruriliyini vurğulayıb.
Görüş zamanı tərəflər
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan. - 2018.-26 oktyabr.- S.8.