Azərbaycan-Meksika əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər 2018-ci ilin dekabrında Bakıda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər. Sözügedən tədbir çərçivəsində dünyanın 178 ölkəsindən gənc parlamentarilərin Azərbaycanda gedən inkişaf proseslərini daha yaxından tanımaq imkanı əldə edəcəkləri xüsusilə qeyd olunub.

Söhbət zamanı, Parlamentlərarası İttifaqın prezidenti olmaqla yanaşı, meksikalı deputat olan Qabriela Baron ilə Azərbaycan-Meksika ikitərəfli münasibətləri üzrə fikir mübadiləsi aparılıb. Münasibətlərin inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edən tərəflər qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verəcəyini bildiriblər.

Görüşdə eləcə də digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2018.-26 oktyabr.- S.8.