Olqa Qolodets: “Bakı
Beynəlxalq Humanitar Forumunun
miqyasını və əhəmiyyətini lazımınca
qiymətləndirmək çətindir”
Artıq Azərbaycan paytaxtında altıncı dəfədir keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun miqyasını və əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Biz bir çox beynəlxalq forumlarda iştirak edirik, lakin Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin təşəbbüsü ilə keçirilən Bakı Forumu tamamilə unikal əhəmiyyətə malikdir. Axı bizim gələcək nəsillərin gələcəyi insanların humanitar məsələlərə baxışından, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun inkişafından asılıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodets söyləyib. "Biz ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndiririk və bu münasibətlərin möhkəmlənməsi istiqamətində dövlət başçılarımız tərəfindən geniş tədbirlərin həyata keçirildiyini görürük. Rusiya Azərbaycanla qarşılıqlı faydalı əlaqələr qurulması, o cümlədən humanitar sahədə əməkdaşlıq istiqamətində böyük səylər göstərir. Belə sıx humanitar əlaqələrin mövcudluğu, onların inkişafı və genişlənməsi mehriban qonşuluq münasibətlərinin, iki xalqın mənafeyi naminə bir-birinə hörmətin bariz nümunəsidir. Biz, Rusiya tərəfi, humanitar foruma xüsusi diqqət yetiririk və burada çox böyük nümayəndə heyəti ilə təmsil olunuruq.
Forum çərçivəsində mənim bir sıra ziyarətlərim nəzərdə tutulub. Biz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olduq və mən bu təhsil müəssisəsində aparılan tədris prosesinə, sizin çoxlu sayda istedadlı gənclərə və onlara dərs deyən peşəkar pedaqoqlara sadəcə heyran oldum. İrəliyə doğru addımlar məhz ənənələrə böyük ehtiram və buna əsaslanan yaxşı, keyfiyyətli məktəb bazasında atılır. Biz qarşılıqlı faydalı əlaqələrin qurulması üçün bütün tədbirləri həyata keçirəcəyik, sizin istedadlı tələbələri İ. E.Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq Institutuna dəvət edəcəyik. Bununla yanaşı, burada ustad dərsləri keçirməyi, iki ölkənin incəsənət və humanitar sahələrdə əməkdaşlığının inkişafı naminə yaxşı əməkdaşlıq proqramı hazırlamağı nəzərdə tuturuq”, - deyə Rusiya hökuməti sədrinin müavini əlavə edib.
Mədəniyyət
və idman sahələrində Azərbaycan-Rusiya
layihələrinin perspektivlərinə toxunan
Olqa Qolodets qeyd edib ki,
iki ölkə arasında çoxlu
birgə layihələr həyata keçirilir.
"İncəsənətə, mədəniyyətlərin
qovuşmasının ərsəyə gətirdiyi layihələrə
böyük diqqət yetirilir və biz onları
davam etdirməliyik. Bu
yaxınlarda Tretyakov qalereyasında iki ölkənin səyləri və Heydər
Əliyev Fondunun dəstəyi ilə
keçirilən "Abşeron
ulduzları” sərgisini xüsusilə qeyd
etməliyəm. Sərgiyə unikal sayda ziyarətçi gəlmişdi. Bu, möhtəşəm mədəniyyət
layihəsidir. Həmçinin, Böyük
Teatrda Arif Məlikovun
məşhur "Məhəbbət əfsanəsi” əsəri
səhnələşdirilib. Əgər siz
Moskvaya gəlsəniz, bu
tamaşaya bilet tapa bilməyəcəksiniz, çünki
onlar cəmi bir saat ərzində satılıb qurtarır.
Biz, həmçinin gənclərlə
bağlı birgə proqramların həyata keçirilməsi
sahəsində daha fəal əməkdaşlıq
etməyi nəzərdə tuturuq. Məsələn,
əməkdaşlığımız çərçivəsində
Azərbaycandan 100 məktəblini Sankt-Peterburda
təşkil olunacaq mədəniyyət
proqramına dəvət etməyi planlaşdırırıq.
Hesab edirik ki, bu
tədbirlər çox mühümdür
və Azərbaycan Prezidenti Rusiyanı gənclərin
öz aralarında Asiya
və Avropanın, o cümlədən
Qafqazın gələcək inkişafını müzakirə
edə bilməsi və mədəniyyətlərin kəsişmə
nöqtəsini tapmaları üçün
rusiyalıların gənclərlə bağlı xüsusi proqramlarda iştirak etməsi məsələsini birlikdə
həll etməyə dəvət edib”,
-deyə Rusiya Federasiyası Hökumətinin
sədr müavini sözlərinə yekun vurub.
Azərbaycan.-
2018.-26 oktyabr.- S.8.