“ISESCO ASAN mükafatı” təsis olunub

 

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Birgə Əməkdaşlıq Proqramı imzalanıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Agentliyinin sədri Ülvi MehdiyevISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış ediblər.

Ülvi Mehdiyev Birgə Əməkdaşlıq proqramının mahiyyəti haqqında məlumat verərək bildirib ki, ikitərəfli əməkdaşlığın əsası keçən il noyabrın 10-da Anlaşma Memorandumunun imzalanması ilə başlanıb. Yeni imzalanacaq sənəd ISESCO-nun 2019-2021-ci illərdə üzv ölkələrdə sektorial idarəetmənin təkmiləşdirilməsi və inkişaf etdirilməsi məqsədi daşıyır. Həmçinin "ASAN xidmət” və ISESCO tərəfdaşlığını əks etdirən İnkişaf naminə idarəetmə beynəlxalq təşəbbüsünün irəli sürülməsi, şirkətlərin biznes inkişafı və idarəetmənin yüksəldilməsi məqsədilə xüsusi "ASAN xidmət” məhsullarının formalaşdırılması da proqramda nəzərdə tutulub. Agentliyin sədri "ISESCO ASAN mükafatı”nın təsis edildiyi barədə məlumat verərək deyib ki, onu münsiflər heyətinin rəyinə əsasən, üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim edəcəklər.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri "ASAN xidmət”in bir Azərbaycan brendi olduğunu qeyd edərək, Birgə Əməkdaşlıq Proqramından sonra onun intellektual məhsul kimi digər dövlətlərə ixrac olunmasının asanlaşacağını deyib. Sonra Dövlət Agentliyinin sədri Ülvi MehdiyevISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri sənədi imzalayıblar.

İmzalanma mərasimindən sonra jurnalistlərin sualları cavablandırılıb.

 

Azərbaycan.- 2018.-26 oktyabr.- S.9.