Mingəçevir Sənaye
Parkı “Made in Azerbaijan” markası
ilə beynəlxalq bazara çıxır
Nazirlər Kabinetinin
2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında Prezident İlham Əliyev qazanılmış nailiyyətləri
daha da möhkəmləndirmək
üçün iqtisadi
resurslardan, mütərəqqi
texnologiyalardan, əmək
ehtiyatlarından səmərəli
istifadə etmək zərurətini vurğulamış,
qeyri-neft sektorunun uğurlu nəticələrindən
söz açanda Mingəçevir Sənaye
Parkı barədə
demişdir: "Bu parkda
2 böyük iplik fabriki işləyir. Orada 750 insan işlə təmin olunub. Orada işləyənlər əsasən
qadınlardır. Bu iplik fabriklərinə 80 milyon dollar sərmayə qoyulub. Bu, bizim
ixrac imkanlarımızı
genişləndirir və
biz mahlıcı orada
ipə çevirərək
artıq daha da valyutatutumlu məhsul ixrac edirik. Bu prosesin davamı olmalıdır ki, biz artıq hazır məhsula da nail ola
bilək”.
Mingəçevir Sənaye Parkı ilk addımlarını çox
inamla atır. 2018-ci ilin fevral ayında
fəaliyyətə başlayan
Mingəçevir Tekstil
MMC-nin hələlik 2
iplik fabriki işə düşüb.
Fabriklərin ümumi dəyəri
144 milyon manatdır.
İplik
fabriklərinin qurulmasında
İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək
Milli Fondunun güzəştli kredit imkanlarından da istifadə edilmişdir.
Müasir tələblərə cavab verən ən son texnologiyalar əsasında yaradılmış
bu fabriklər Almaniya, İsverçə,
Türkiyə, İspaniya
və Yaponiyanın aparıcı şirkətlərindən
gətirilən avadanlıqlarla
təchiz olunmuşdur.
Fabriklərdə 10 min ton "Rinq”, 10 min ton isə "Open End” üsulu
ilə müxtəlif
cür iplik istehsalı nəzərdə
tutulub.
Sənaye parkının
direktoru, gənc mütəxəssis Mehman Hüseynov söhbət zamanı dedi:
- Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə
imzaladığı sənədlər,
verdiyi tapşırıq
və tövsiyələr,
sahibkarlara böyük
və davamlı dövlət qayğısı
qazanılan uğurların
əsas şərtidir.
Regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramının üçüncüsünün
də icrası başa çatmaq üzrədir. "Mingəçevir
Tekstil”də istehsal edilən yüksəkkeyfiyyətli
pambıq ipliyi
"Made in Azerbaijan” markası ilə artıq beynəlxalq bazara çıxarılır. Türkiyə, Rusiya şirkətləri ilə uğurlu ticarət əlaqələri
qurmuşuq. Çin sənayeçiləri
ilə işgüzar danışıqlar aparırıq.
Əminik ki, yaxın
günlərdə Çinə
ilk iplik karvanı yola salacağıq.
Mingəçevir Sənaye Parkı ilk addımlarını atır. Qarşıda görüləsi işlər
daha çoxdur. Sənaye parkında yüngül sənaye məhsulları,
o cümlədən iplik,
boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrik fəaliyyət göstərəcəkdir. Bu məqsədlə 150-200 milyon
ABŞ dolları həcmində
investisiya qoyulacağı,
5.500-dən çox yeni
iş yerinin açılacağı nəzərdə
tutulub.
İnsan resursları
departamentinin direktoru Habil Salmanovla birlikdə parkın ayrı-ayrı sahələrini
gəzib fabriklərdə
iş prosesi ilə tanış
olduq. Hər yerdə səliqə-sahman,
işlərin səmərəli
təşkili diqqət
çəkirdi. Texniki təhlükəsizlik
qaydalarına ciddi əməl olunur.
Nofəl Salmanov fabrikin qayğılarından
söz düşəndə
dedi:
- Əsas
qayğımız kadr
ehtiyatı yaratmaqla bağlıdır. Xüsusi hazırlıq keçmədən
fabrikdəki yeni nəsil avadanlıqları
idarə etmək qeyri-mümkündür. Hansı xarici
şirkətlərdən avadanlıqlar
almışıqsa, onlarla
əvvəlcədən razılaşmamız
olub. Həmin şirkətlər öz mütəxəssislərini
göndərir, onlar da burada işə
götürülənlərə yeni dəzgahlarda işləməyi öyrədirlər.
Bacarıqlı kadrlar hazırlamaq
üçün Gəncə
Texnologiya Universiteti ilə də müqavilə bağlamışıq.
Orada bizim istəyimizlə yeni kafedra yaradılmışdır.
Tələbələrin istehsalat təcrübəsini
bizim fabrikdə keçəcəkləri nəzərdə
tutulub.
Fabrikdə Türkiyədən gələn
təcrübəli mütəxəssislər
də çalışır. Onlardan birinin
- İbrahim Kalaylının
Türkiyə iplik sənayesində 30 ildən
çox təcrübəsi
var. Mingəçevir Sənaye
Parkının bünövrəsi
qoyulandan buradadır.
Azərbaycanlı qızla ailə
qurub. Ayişənur Səlvər adlı
bir qızları var.
Fabrik müdiri İbrahim Kalaylı təcrübəsi,
bilik və bacarığı, başlıcası
hər kəsdə xoş ovqat yaradan səmimiyyəti ilə kollektivin hörmətini qazanmışdır. Öz təcrübəsini
də gənclərə
həvəslə öyrədir.
Üç növbə işləyən
fabrikdə çalışanlar
qayğı ilə əhatə olunublar. Hər növbədə
işçilərə bir
dəfə fabrikin hesabına yemək verilir. Burada həkim məntəqəsi
də var.
Bir sözlə, "Mingəçevir
tekstil” hələ ilk
addımlarını atır. Həftələr, aylar ötdükcə bu addım daha
möhkəm olur.
Lazım QULİYEV
Azərbaycan.-
2018.- 26 oktyabr. - S.10.