Şərəfli ziyalı ömrü

 

Elm xadimləri

           

Azərbaycan ziyalılarının yaradıcılıq tarixi qədim zəngindir. Həmin ziyalılar nəslinin davamçıları bu gün var onlar fəaliyyətlərini qürurla davam etdirirlər. Belə ziyalılardan biri torpaqşünas-ekoloq, coğrafiya elmləri doktoru, professor Telman Əbdulhəmid oğlu Xəlilovdur.

T.Xəlilov 1938-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini 1955-ci ildə Göyçay rayonunda başa vurduqdan sonra həmin ildən Sabunçu rayonunun 12-ci neft mədənində operator vəzifəsində işləməyə başlamışdır.

1962-ci ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsində coğrafiyaçı-bioloq ixtisasına yiyələnmiş və təyinatını AMEA-nın Coğrafiya İnstitutuna almışdır. 1962-ci ilin noyabrında ordu sıralarına çağırılmış və xüsusi kurs keçərək zabit rütbəsi almışdır. 1964-cü ildə ordudan tərxis olunmuşdur.

Əvvəlcə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işləməyə başlayır, həm də fəaliyyətini aspiranturada davam etdirir. Aspiranturanı başa vurduqdan sonra çox maraqlı, lakin böyük əmək tələb edən işlərdə çalışır. Tədqiqatları əməktutumlu olduğu üçün onları mürəkkəb çöl şəraitində həyata keçirməli olur. Onun həyatının ən önəmli illəri ondan ibarət olmuşdur ki, alim aspiranturada oxuduğu illərdə və ondan sonrakı dövrdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda bir çox qabaqcıl elm xadimləri - akademiklər H.Ə.Əliyevlə, V.R.Valabuyev, müxbir üzvlər M.E.Salayevlə, M.R.Abduyevlə və bir çox görkəmli alimlərlə yaxın münasibətdə olmuş, onların elmi yaradıcılığından və məsləhətlərindən bəhrələnmişdir. Adları çəkilən alimlərin yaratdığı elmi ideyalar professor T.Xəlilovun sonrakı həyat və fəaliyyətində də öz əksini tapmışdır. Alim Azərbaycan torpaqlarının genetik əlamətlərini öyrənməklə bir çox xüsusiyyətlərini tədqiq etməli olmuşdur. Mənşəyi, kimyəvi elementlərin miqrasiyası, bioloji dövranı və s. dəyərli araşdırmaları nəticəsində torpaqların irimiqyaslı təhlilinə və xəritələşdirilməsinə yönələn qiymətli məlumatlar verirdi. Bu tədqiqatlar Azərbaycanın müxtəlif təbii zonalarında bəzən il boyu davam etdiyindən təbiətin sərtliyi ilə də üzləşməli olurdu. Sellər, dumanlar, yüksək dağların mürəkkəb relyefi onun çöl şəraitində fəaliyyətini dayandıra bilməmişdir. Alimin çoxtərəfli fəaliyyəti nəticəsində 1973-cü ildə "Zəyəmçay hövzəsində dağ-bozqır və kserefil meşə torpaqlarında bioloji dövran və kimyəvi elementlərin miqrasiyası” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alınan nəticələrlə kifayətlənməyərək daha geniş tədqiqatlar aparmağı qarşısına məqsəd qoymuşdur. O, Kiçik Qafqazın şimal-şərq yamaclarında dağ-bozqır kserefil meşə torpaqlarında kimyəvi elementlərin miqrasiyası və bioloji dövranı mövzusunda fəaliyyətini davam etdirmişdir. Tədqiqatlarda landşaft-geokimyəvi üsula xüsusi önəm vermiş və digər həmkarları ilə birlikdə torpaqla bağlı qanunauyğunluqları izah etməyə çalışmışdır. Onunla söhbətlərimizdən aydın olur ki, alimdə o dövrdə tədqiqatçı psixologiyası formalaşmağa başlayır və xələflərinin yolunu layiqincə davam etdirməli olurdu.

Telman Xəlilovu eyni zamanda yaxşı ictimaiyyətçi, insanlarla səmimi ünsiyyəti olan ziyalı kimi də tanıyırlar. Ona görə də onun AMEA-nın Alimlər Şurasının üzvü seçilməsi də təsadüfi deyildi.

T.Xəlilov hazırlıqlı tədqiqatçı olduğundan biliklərini torpaqların tətbiqi sahələri ilə də əlaqələndirməyi professionallıqla bacarırdı. O, 1974-1994-cü illərdə Elmi Tədqiqat HidrotexnikaMeliorasiya İnstitutunda baş elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmişdir. Həmin institutda düzən ərazilərdə torpaqların meliorasiyasına dair geniş tədqiqatlar aparmağa başlamışdır. Eyni zamanda meliorasiya olunan torpaqlardan istifadə edilməsinin mütərəqqi üsullarının hazırlanmasında da aparıcı mütəxəssis kimi fəaliyyət göstərmişdir. Apardığı tədqiqatları və məzmunlu məqalələri onu nəinki Azərbaycanda, həm də postsovet məkanında həmkarları içərisində nüfuzlu torpaqşünas alim kimi tanıtmışdır.

Ona görə də 1978-ci ildən başlayaraq keçmiş SSRİ-nin müvafiq nazirliyi tərəfindən müqavilələrə əsasən ilk dəfə torpaqşünas-ekspert kimi Yaxın Şərqin iri dövlətlərindən biri olan Suriya Ərəb Respublikasına dəvət olunur. Suriyada Hələb və Qərbi Məskənə torpaqlarının baş suvarma planının yerinə yetirilməsi istiqamətində torpaqların fiziki xassələri, şorlaşması, torpaq qatının qalınlığı, şorlaşma xəritələrinin tətbiqi və s. ilə yanaşı, onların pozulmasına qarşı tədbirlər planının hazırlanmasında aparıcı mütəxəssis və qrup rəhbəri kimi fəaliyyət göstərmişdir.

Suriyaya ikinci səfərdə (1983-1986) onun həm elmi potensialı, həm də ictimai işləri xeyli genişlənir. Müqavilədə ilk növbədə mütəxəssis metodiki şuranın sədri, sovet dövlətinin Hələb şəhərindəki Baş Konsulluğunda metodiki şuranın sədr müavini kimi fəaliyyət göstərir. O, zəhməti, şəxsi keyfiyyəti ilə həmkarlarının hörmətini qazanır. Sovet səfirliyinin fəxri fərmanı ilə təltif olunur. Suriyada olarkən imkan daxilində ölkəni gəzir, onun daxilixarici siyasəti, sənayesi, kənd təsərrüfatı, adət və ənənələri ilə maraqlanır, məlumatlar toplayır, bu qədim ölkənin keçmişibugünü ilə maraqlanır. Azərbaycan şairi İ.Nəsiminin evini və məzarını dəfələrlə ziyarət edir. O, Azərbaycanı bu ölkədə layiqincə təmsil edir.

Qeyd edək ki, Suriya Ərəb Respublikası daxili ixtilafların, çəkişmələrin, qarşıdurmaların hakim olduğu Yaxın Şərq ölkəsidir və Telman Xəlilov orada işlədiyi müddətdə qarşıdurmaların müharibəyə çevrildiyi yerdə işləməli olmuşdur. Onun söylədiklərinə görə, 1980-ci ildə atışmalar yaşadığı binaların ətrafında gedirdi. Üç ay "ev dustağı” olmaqla yanaşı, hər an hücum təhlükəsi altında yaşamış, onların yaşadığı binanı 50 nəfər xüsusi təyinatlı əsgər qorumuşbir neçə ay Hələb şəhəri dövlət nəzarətindən çıxmışdır. Buna baxmayaraq, Telman müəllim böyük təəssüratlarla, gərgin şəraitdə sərbəst aparmaq bacarığını nümayiş etdirmiş və 1986-cı ilin axırlarında vətənə qayıtmışdır.

1994-cü ildə tanınmış alim Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş elm və təhsil idarəsinə işə dəvət olunur. Bir neçə elmi tədqiqat institutunun kuratoru olurelmi şuranın üzvü seçilir. 1995-ci ildə Avropa Şurasının nəzdində olan "Təsis” firması tərəfindən təşkil olunmuş rəhbər işçilər üçün 5 aylıq ixtisaslaşma kursunu bitirir.

Telman Xəlilov xarici ölkələrdə torpaqşünaslıq elmini layiqincə təmsil edir. 1970-ci ildə Polşada və 1973-cü ildə ADR-də Azərbaycandan gedən alimlərin nümayəndələrindən biri olur. 1989-cu ildə Novosibirsk şəhərində sosialist ölkələri torpaqşünaslarının VIII qurultayında maraqlı məruzə ilə çıxış edir. 1996-cı ildə İran İslam Respublikasında Azərbaycan alimlərindən biri kimi respublikamızı təmsil edir.

Telman Xəlilov 1996-cı ildən BDU-nun Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (indiki coğrafi ekologiya) kafedrasında dosent vəzifəsində işləməyə başlamışdır. Həmin dövrdən ekologiya və ətraf mühiti mühafizə, qlobal ekologiyabaşqa bir neçə seçmə fənlərdən mühazirələr oxumaqla yanaşı, kafedrada elmi tədqiqat işlərində fəallıq göstərmişdir.

Onun torpaqların tədqiqi, meliorasiyası və s. sahələrdə apardığı təcrübələr BDU-nun Coğrafi ekologiya kafedrasında formalaşan elmi məktəbin fəaliyyəti ilə əlaqələndirilmişdir.

2006-cı ildə Telman Xəlilov "Arid zonaların suvarılan torpaqlarının genetik xüsusiyyətləri, müasir torpaq-ekoloji səciyyəsi və meliorativ rayonlaşdırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək coğrafigeoloji ixtisas üzrə elmlər doktoru alimlik dərəcəsi, 2012-ci ildə professor diplomlarını almışdır. Uzun illər Kür-Araz ovalığı və Suriya Ərəb Respublikasının şimal əyalətində tədqiqatlar apararaq, hər iki regionun və digər ölkələrlə analoq təşkil edən torpaqların genetik xüsusiyyətlərini, müasir meliorativ vəziyyətinin müqayisəli ekocoğrafi səciyyəsinin təhlilini vermişdir.

Tanınmış alim 130-dan çox elmi əsər və məqalənin, o cümlədən 6 kitabın müəllifidir. T.Xəlilov 2010-cu ildən BDU-da yeni yaradılan Ekologiya və torpaqşünaslıq fakültəsinin Elmi Şurasının üzvüdür. O, həmçinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində Müdafiə Şurasının, AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Torpaqsu ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin üzvüdür. Yazdığı əsərlər içərisində "Suriya Ərəb Respublikasının təbii şəraiti və torpaq ekoloji səciyyəsi” kitabı, "Biosferin mühafizəsi” monoqrafiyası, "Ekologiya və ətraf mühitin mühafizəsinin əsasları” dərsliyi və "Qlobal ekoloji problemlər” (dərs vəsaiti) kitabları mütəxəssislərin və geniş oxucu kütləsinin böyük marağına səbəb olmuşdur.

Elmi-pedaqojiictimai fəaliyyətini nəzərə alaraq Telman müəllim işlədiyi müəssisələrin rəhbərliyi tərəfindən dəfələrlə medal, fəxri fərman və diplomlarla mükafatlandırılmışdır. 80 yaşında olmasına baxmayaraq, işinin öhdəsindən layiqincə gəlir. Şərəfli ömür yolu keçən professor Telman Xəlilova alimliklə müəllimliyin vəhdət təşkil etdiyi bir ziyalı ömrü nəsib olmuşdur.

 

Məhərrəm BABAYEV,

akademik

 

Şövqi GÖYÇAYLI,

BDU-nun professor

 

Azərbaycan.- 2018.- 26 oktyabr. - S.11.