Varislik borcu
Səfiyar Bərdədə doğulub. Atası Abuzər
kişinin halal çörəyi ilə ərsəyə çatıb.
O qədər arzuları,
istəkləri vardı
ki... Amma hamısı yarımçıq
qaldı. Zalım düşmən
ona macal vermədi. Cəmi 24
il yaşadı.
Atası Abuzər kişi demişkən,
nə yatdı ki, nə yuxu
görə...
Bu yerlər ona o qədər doğma idi ki... Zabitlər kursunda oxuyanda
da girəvə tapan kimi Bərdəyə
dönürdü. Təkcə atasına,
anasına baş çəkməyə yox,
həm də bu yerlərə olan doğma sevgisinə görə.
O qədər gövdəli
olmasa da, daxilən zəngin və cəsarətli idi. Xocalının işğalından cəmi bir həftə
keçəndən sonra
Bərdədə yaradılan
könüllülər batalyonuna
qoşuldu. Atasından,
anasından xeyir-dua alıb dedi ki, böyüdüyüm
Bərdəyə o vaxt
dönəcəyəm ki,
düşmən cavabsız
qalmayacaq.
Səfiyar Behbudov düşmənlə
döyüşə gedəndə
cəmi 22 yaşı
vardı. İlk döyüş yolu
Tərtərdən başlayıb.
Çətin əməliyyatlarda axıradək iştirak edib. Bu yerlərə
yaxşı bələd
olduğuna görə
onu daha ciddi əməliyyatlara cəlb edibilər. Səfiyar bir qayda olaraq
ümidləri doğrultduğuna
görə dəfələrlə
mükafatlara layiq görülüb. Amma
özü deyirdi ki, bizim ən
böyük mükafatımız
elimizi, obamızı,
torpaqlarımızı azad
görməkdir... Gərək
macal verməyək ki, düşmən bu yerlərdə at oynatsın...
Tərtər bölgəsində ağır
döyüş əməliyyatları
çox olub. O yerləri
qorumaq üçün
xeyli oğullar itirmişik. Elə Səfiyar da
belə əməliyyatların
çoxunda iştirak
etmişdi. Ən ağır
mövqelərdən hücuma
qoşulmuşdu. Sərt döyüşlərin
birində yaralansa da, geriyə dönməmişdi. Hər dəfə
yaşına uyuşmayan
hünər göstərmişdi.
Döyüş dostları deyirdilər
ki, əgər Səfiyar döyüşə
qoşulubsa, düşmənin
itkisi ən azı iki dəfə
artıq olacaq. Az yaşı
ilə böyük işlər görən Səfiyar düşmən
üçün vahiməli
döyüşçüyə çevrilmişdi. Komandirləri deyirdi ki, Səfiyar
döyüş zamanı
geriyə yol tanımır. Əgər döyüşə
başladısa, sona qədər getməli idi. Bəzən komandirlərinin də
geri çəkilmə
əmrinə tabe olmurdu. O, həmişə
irəliyə can atırdı.
Ətrafında olan döyüş
yoldaşları da onu belə tanıyırlar.
1992-ci ildə
Səfiyarı Ağdam
bölgəsinə göndərdilər. O yerlərdə
ağır döyüş
əməliyyatları səngimirdi.
Ona görə də Tərtərdən Ağdama
yeni qüvvələr
göndərməli oldular.
Onda Səfiyar könüllü
olaraq döyüş
yoldaşlarına qoşuldu.
Qarabağın hər qarışı
ona doğma idi. Deyirdi ki, Qarabağ
torpağında düşmən
hənirtisi eşitməyi
qəbul edə bilmirəm. Bu yad səsləri doğma torpaqlarımızda
kəsməliyik. Təkcə avtomat,
pulemyot, mərmi səsi yox, elə bizim harayımız da düşməni çaşdırmalıdır.
Səfiyarın əqidəsi,
amalı belə idi...
Dostları Səfiyarın sonuncu döyüş əməliyyatını
xatırlayırlar. Əslində komandirləri ona üç günlük istirahət hüququ vermişdilər. Ağır döyüşlər
keçirmişdi. Amma bundan
könüllü imtina
etdi. Dedi ki, qarşıda bizim dincəlməyə vaxtımız çox olacaq. Bu gün
isə mübarizə
aparmaq vaxtıdır.
Amma sonuncu döyüş əməliyyatı Ağdamda
başa çatdı.
Neçə yerdən yaralansa
da, geriyə çəkilmək istəmirdi.
Döyüşün ən
ağır vaxtında
dostlarının qucağında
can verdi. Sonuncu sözü bu oldu ki,
mən axıra qədər döyüşə
bilmədim, amma inanıram ki, bu döyüşləri başa çatdıran etibarlı dostlarım var... Onu tanıyanlar, xatırlayanlar
deyirlər ki, Səfiyarın qəhrəmanlığı,
igidliyi yaşadığı
ömrün çərçivəsinə
sığmırdı. Həm də inadkarlığı
vardı. Əgər qarşısına
bir məqsəd qoydusa, geri çəkilmək
niyyəti olmazdı.
Artıq
bir neçə ildə əsl hərbçi kimi formalaşmışdı. Özünütəsdiq üçün nə tələb olunurdusa, hər şeyə qadir idi.
Səfiyar Abuzər
oğlu Behbudov 24 ili belə
yaşadı. Abuzər
kişi də belə oğul böyütdüyünə
görə heç vaxt sıxılmırdı,
Səfiyarın əməlləri
ilə fəxr edirdi.
Bərdədə bir məktəb var. Səfiyar o məktəbdə
təhsil alıb. Elə ilk mərdlik
dərslərini də
bu yerlərdə öyrənib. Bu gün o məktəbin qapısını açanlar
yaxşı bilirlər
ki, bu yerdə
Səfiyar kimi oğul böyüyüb.
Onun adını, əməllərini
yaşatmaq yeni nəslin varislik borcudur.
Ona ailə qurmağa, bir ocağın çırağını yandırmağa
müharibə macal vermədi. Səfiyarın gələcək arzularının çoxu
müharibə səngərlərində
qırıldı. Amma yeni
nəsillər onun adını hörmətlə
çəkir, yaşadığı
ömrün mənasına
yüksək dəyər
verirlər.
Bu gün Səfiyarın adı ilə bağlı o qədər xatirələr
yaşayır ki... Onun cəbhə gündəliyini
də qiymətli saxlanış kimi qoruyurlar. Bu balaca
dəftərçədə çox şeylər yazılıb. Macal tapanda
ürəyindən keçənləri
səliqəli xətti
ilə ipə-sapa düzürdü. Həmin
gündəlikdə oxuyruq:
"Biz 1988-ci ilin ağır
günlərini görmüşük.
Onda sovet imperiyasına qarşı vuruşurduq.
Daha doğrusu, mənim yaşıdlarım imperiya
bostanına azadlıq
toxumu səpirdilər.
Əgər o toxumlar cücərirdisə,
bu, bizim qələbəmiz idi.
Özü də imperiya üzərində böyük qələbə!
Bu gün bizim
qarşımızdakı düşmən
o illərlə müqayisədə
çox zəifdir.
Amma həndəvərindəki havadarlarına,
müdafiəçilərinə güvənirlər. Ona görə
də bizimlə üz-üzə dayanıblar.
İnanırıq ki, özgə
torpağını qoruyanlar
sona qədər dözüm gətirə bilməyəcəklər. Bu yerlərin yurd sahibi də bizik, keçmişimizin varisləri də... Ona görə də sona qədər dözüm göstərəcəyik”.
Səfiyarın cəbhə gündəliyində
belə deyimlər çoxdur. Elə düşündüyü kimi də yazırdı.
Və inanırdı ki, yazdıqları gec-tez həqiqət olacaq...
Bəşir ŞƏRİFLİ
Azərbaycan.- 2018.- 26 oktyabr. - S.11.