D.Trampdan İlham Əliyevə növbəti
dəstək
İlham Əliyevlə daha sıx işbirliyi məramını bir daha bəyan edən ABŞ Azərbaycanla münasibətlərin strateji əhəmiyyətini yüksək dəyərləndirir
Son 15 ildə Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycan, demək olar ki, bütün ölkələrlə, güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib.
Əlbəttə ki, bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulub. Yaranan əlaqələr isə ölkəmizi dünya birliyinə daha da yaxından tanıdır, mövqelərimizi möhkəmləndirir.
Son illərdə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişafı bu baxımdan diqqəti daha çox cəlb edir. Müstəqillik dövründə Azərbaycanın xarici siyasət prioritetləri arasında ABŞ-la münasibətlərin yaxşılaşdırılması daim mühüm yer tutub. Bu münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə hər iki dövlətin milli maraqlarına cavab verməkdədir.
Dünyanın superdövləti olaraq ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılması işində, əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır.
Azərbaycan-ABŞ
münasibətləri strateji əhəmiyyət
kəsb edir. Təkcə bu ilin aprel-may aylarında ABŞ Prezidenti
Donald Trampın dövlət
başçısı
İlham Əliyevə 3 məktub göndərməsi əlaqələrin
yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu bir daha təsdiqləyir.
Prezident İlham
Əliyev bu il iyulun
8-də Nazirlər Kabinetinin
2018-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında iki ölkə arasında olan münasibətləri
dəyərləndirərkən bu məsələyə toxunaraq demişdi ki, ABŞ ilə Azərbaycanın əlaqələri
yeni mərhələyə
yüksəlib: "Amerika
Prezidenti cənab
Donald Tramp aprel-may aylarında
mənə üç
məktub ünvanlamışdır.
Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin
100 illiyi və "Cənub qaz dəhlizi”nin rəsmi açılışı ilə
bağlı göndərilən
məktublar Amerika hökumətinin Azərbaycana
olan münasibətini,
hörmətini göstərir.
Məktublarda çox dəyərli
sözlər ifadə
edilmişdir və biz
çox şadıq ki, bu gün
Amerika-Azərbaycan əlaqələri
öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək
illərdə bu əlaqələr daha da möhkəmlənəcək”.
Xatırladaq ki,
ABŞ Prezidenti Donald Tramp dövlət
başçısına ünvanladığı
məktubda vurğulayırdı
ki, Amerika və Azərbaycan xalqları üçün
qarşılıqlı maraq
doğuran bir çox sahələrdə
İlham Əliyevlə
birgə işləmək
əzmindədir: "Biz Sizinlə
birlikdə terrorçuluğun
məğlub edilməsində,
yeni iş yerlərinin yaradılmasında
və Avropanın enerji təhlükəsizliyinin
yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə
və Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə
verəcək”, - deyə
Donald Trampın məktubunda
qeyd edilirdi.
Oktyabrın 24-də ölkəmizdə səfərdə
olan ABŞ Prezidentinin
milli təhlükəsizlik
məsələləri üzrə
müşaviri Con Boltonun
keçirdiyi görüşlərdə
səsləndirdiyi fikirlər
də bir daha təsdiq edir ki, ABŞ-Azərbaycan münasibətləri
strateji əhəmiyyət
kəsb edir.
Prezident İlham Əliyevlə keçirdiyi görüşdə
iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq
əlaqələrinin daha
da inkişaf etdirilməsinin vacibliyini vurğulayan C.Bolton Azərbaycanın terrorizmə
qarşı mübarizə
çərçivəsində Əfqanıstandakı əməliyyatlara
verdiyi töhfəsinin
yüksək qiymətləndirildiyini
qeyd edib. Müşavir
Azərbaycan Prezidenti ilə ABŞ-Azərbaycan
əməkdaşlıq əlaqələrinin
müxtəlif aspektləri,
dünya enerji bazarında ölkəmizin
rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı
mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri
ilə münasibətlər
və digər məsələlər ətrafında
müzakirələr aparıb.
ABŞ-Azərbaycan
münasibətlərinin daha
da yaxınlaşmasını
təsdiqləyən faktlara
nəzər yetirsək
görərik ki, bu ölkənin bir çox şirkətləri uzun illərdir investor və podratçı qismində
Azərbaycanda enerji və qeyri-enerji sektorlarında uğurlu fəaliyyət göstərir.
Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və s. sahələrdə
240 ABŞ şirkəti fəaliyyət
göstərir. ABŞ Azərbaycanın
əsas ticarət tərəfdaşlarındandır. Bu ilin yanvar-iyun aylarında ölkələrimiz
arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil edib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına
13 milyard dollardan çox investisiya qoyulub ki, bunun
da 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.
Energetika sahəsində Azərbaycan
ilə ABŞ arasında
yüksək səviyyədə
əməkdaşlıq həyata
keçirilir ki, bunun da nəticəsində
nəhəng qlobal layihələr reallaşır. Bu da, öz növbəsində,
regional inkişafa töhfəsini
verir.
Bu layihələr
sırasında "Cənub
qaz dəhlizi” böyük önəm daşıyır. 40 milyard
dollar həcmində və
Avropanın ən böyük infrastruktur layihəsi olan "Cənub qaz dəhlizi”nin tikintisi başa çatmaq üzrədir və Avropanın enerji təhlükəsizliyinin təmin
olunması işinə
və regional sabitliyə
öz töhfəsini
verəcək.
Bundan başqa, Azərbaycan Qətiyyətli Dəstək
missiyasına da öz töhfəsini verməkdədir. Belə ki, ölkəmiz
Əfqanıstanda sülhməramlı
əməliyyatlarda iştirak
edir və bu yaxınlarda əməliyyatlarda iştirak
edən hərbçilərimizin
sayı 120 nəfərə
qədər artırılıb.
Bu da Qətiyyətli
Dəstək missiyasına
Azərbaycanın verdiyi
töhfənin yaxşı
göstəricisidir. Onu da vurğulayaq ki, Azərbaycan bu əməliyyatlara mühüm
nəqliyyat və logistik dəstəyi də verir.
Görünən odur ki, ABŞ hökuməti Azərbaycanla
enerji sahəsində,
eləcə də başqa istiqamətlərdə,
o cümlədən beynəlxalq
terrorizm, insan alverinə qarşı mübarizə və digər sahələrdə
əməkdaşlığı daha da genişləndirmək
əzmindədir. ABŞ-ın
Azərbaycanla ikitərəfli
əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə
malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən
milli dövlətçilik
kursunun dönməzliyi
ilə əlaqədardır.
Bu iki dövlətin strateji müttəfiqliyinin
getdikcə yaxşılaşması,
əməkdaşlığının genişlənməsi və
əlaqələrinin möhkəmlənməsi
bütövlükdə Cənubi
Qafqazda sülhün, təhlükəsizliyin, qlobal
enerji və kommunikasiya layihələrinin
həyata keçirilməsi
baxımından çox
böyük əhəmiyyət
kəsb edir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.-26 oktyabr.- S.1; 9.