Ucar rayonunun Ucar-Alpout-Lək-Qazyan-Qarabörk
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Otuz altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,7 milyon (doqquz milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 27 oktyabr.- S.1.