Sudan beynəlxalq miqyasda təşəbbüslərimizi
həmişə dəstəkləyir
Oktyabrın 26-da Milli Məclis Sədrinin
birinci müavini Ziyafət Əsgərov VI Bakı Beynəlxalq
Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə
səfərdə olan Sudan Respublikası Federal Hökumət
Palatasının naziri Həmid Məhəmməd Elnur Əhmədin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşdü.
Əvvəlcə forumdan söz açan Ziyafət Əsgərov kreativliyin, insan kapitalının inkişafının olduqca vacib olduğunu və Azərbaycanda da buna çox önəm verildiyini diqqətə çatdırdı. Bu səfərin Sudan və Azərbaycan arasında əlaqələrin inkişafına təkan verəcəyini deyən Ziyafət Əsgərov ölkələrimiz arasındakı münasibətlərdən bəhs etdi. Bildirildi ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına daxil olan digər ölkələr, eləcə də Sudan ilə münasibətlərin inkişafına böyük önəm verir. İki ölkə arasında iqtisadi, ticari, siyasi, elm-təhsil sahələrində əlaqələrin daha da genişlənməsi üçün böyük perspektivlər mövcuddur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barəsində məlumat verən parlament sədrinin birinci müavini Sudanın münaqişənin həlli yönündə Azərbaycanın mövqeyini dəstəklədiyini və 2014-cü ildə Sudan Milli Assambleyası tərəfindən Xocalı qətliamını pisləyən qətnamə qəbul edilməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Parlamentlərarası əlaqələrə də toxunan Ziyafət Əsgərov bunun daha da genişləndirilməsinə ehtiyac olduğunu söylədi. Həmçinin qeyd etdi ki, Sudan həmişə BMT və İƏT çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləyir.
Sudan Respublikası Federal Hökumət Palatasının naziri Həmid Məhəmməd Elnur Əhməd isə bildirdi ki, bu səfər iki ölkə arasında əlaqələrin yüksək xətlə inkişaf etdiyini göstərir. Sudan ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsinə maraq göstərir və iki ölkənin mənafeyinə xidmət edəcək ticari, iqtisadi əlaqələrin dərinləşməsinin tərəfdarıdır.
Qonağın sözlərinə görə, ölkəsi Azərbaycanla neft-qaz, kənd təsərrüfatı sahələrində əməkdaşlıq etmək istəyir. İki ölkə arasında əlaqələrin tarixi köklərə malik olduğunu deyən nazir əlavə etdi ki, Sudan həmişə Azərbaycanın beynəlxalq miqyasda təşəbbüslərini dəstəkləməyə davam edəcək.
Ziyafət Əsgərov 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII zirvə toplantısına evsahibliyi edəcəyini xatırlatdı və bu tədbir çərçivəsində mövcud əlaqələrin daha da dərinləşəcəyinə ümid etdiyini bildirdi.
F.ƏHMƏDOVA
Azərbaycan.-
2018.-27 oktyabr.- S.3.