“Yanlış məlumatlandırma siyasəti – müasir
dünyada sabitliyə təhdid” mövzusunda işçi
sessiyada medianın aktual problemləri müzakirə olunub
Oktyabrın 26-da VI Bakı Beynəlxalq
Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın
təşkilatçılığı ilə “Yanlış
məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə
təhdid” mövzusunda işçi sessiya keçirilib.
Sessiyada Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, yerli və xarici KİV-lərin rəhbərləri, tədqiqatçılar, beynəlxalq və regional media qurumlarının rəhbərləri və nümayəndələri, tanınmış ekspertlər iştirak ediblər. Sessiyanın işinə 21 ölkədən nümayəndə, 14 xarici media rəhbəri qatılıb.
İki hissədən ibarət sessiyanın AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti Aslan Aslanovun və Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusmanın moderatorluğu ilə keçən birinci hissəsində cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun bütün dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələrlə bağlı məruzələr dinlənilib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov qonaqları salamlayaraq bildirib ki, ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu ən aktual məsələlərin, bəşəriyyəti düşündürən problemlərin müzakirə olunduğu qlobal bir platformadır: “Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə yaranan Forum indi dünyanın hər yerindən alimlərin, ictimai xadimlərin, ekspertlərin, siyasətçilərin, iqtisadçıların, jurnalistlərin toplaşdığı bir məkandır. Forumun məqsədi texnoloji əsrdə bəşəriyyətin qarşısında duran qlobal məsələlərin müzakirə edilməsi üçün dünyanın parlaq beyinlərini bir araya toplayaraq nüfuzlu beynəlxalq platforma yaratmaq idi. Artıq altıncı Forumun baş tutması bu məqsədə uğurla nail olunduğunu deməyə əsas verir”.
Sessiyanın mövzusuna toxunan Aslan Aslanov qeyd edib ki, müasir dövrdə yalan xəbərlər siyasi proseslərin gedişatını dəyişdirmək gücünə malikdir. Bunu nümayiş etdirən kifayət qədər misallar çəkmək olar. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan ölkəmiz haqqında daim yalan xəbərlər yayır, münaqişənin mahiyyəti ilə bağlı dünya ictimaiyyətini çaşdıran məlumatlar tirajlayır. İşğal faktını ört-basdır etmək üçün erməni informasiya mənbələri buna azadlıq müharibəsi adı verirlər. Amma sözsüz ki, onların bu cəhdləri heç bir fayda vermir. Çünki artıq bütün dünya həqiqəti çox yaxşı bilir.
Jurnalistika indi çox mürəkkəb dəyişikliklərdən keçir, deyən AZƏRTAC-ın İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, hazırda jurnalistika qarşısında çeviklik və düşünülmüş addımlar tələb edən çağırışlar dayanır. “Əvvəllər də yalan informasiyalar var idi. Lakin indi onun formaları və yayılma sürəti elə dəyişib ki, hərdənbir media qurumu kimi biz özümüzü də qorumalı oluruq. Sosial şəbəkələr informasiya məkanını çox dəyişdi. Bizə xəbərlərimizi auditoriyaya rahat və operativ çatdırmaqla yanaşı, bizi həm də yeni problemlərlə üz-üzə qoydu. Feyk xəbərlər problemi də onlardan biri və hətta daha təhlükəlisidir”, - deyə A.Aslanov bildirib.
Yalan xəbərlərin sosial bəla olduğunu deyən Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu problemin bütün dünyanı əhatə etdiyini söyləyib. O vurğulayıb ki, feyk xəbərlərin yayılmasının qarşısının alınması üçün ənənəvi KİV-lər sıx birləşməli, daha çox düzgün informasiya yaymağa çalışmalıdır.
Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev çıxışında bildirib ki, informasiya müharibəsinin məqsədi dünyanın mənzərəsini və təsir obyektinin məqsədlərini dəyişməkdir. Bu halda əlyetərli kommunikasiya kanallarından istifadə edilməklə mənbə üçün zəruri ictimai rəy yaradan informasiya translyasiya edilir.
Rusiyalı deputat qeyd edib ki, tarixdə informasiya müharibələri aparılması nümunələri çoxdur. Bu nümunələri diqqətlə öyrənmək və onlardan dərs almaq lazımdır. Dmitri Savelyev deyib: “2016-cı ilin aprelində Qarabağ münaqişəsi kəskinləşən dövrdə buna çox oxşar vəziyyət yaranmışdı. O vaxt Ermənistan və Qarabağ separatçıları eynilə 2008-ci ildə Gürcüstanda separatçıların etdiyi kimi hərəkət edirdilər. Erməni lobbisi Qərb ölkələrinin isteblişmenti ilə fəal iş aparır, Ermənistanın xeyrinə təhrif olunmuş informasiya yayır və dövlət səviyyəsində bu cür fikir formalaşdırırdı”.
Rusiya Dövlət Dumasının deputatı qeyd edib ki, Azərbaycan da Qərb KİV-ləri ilə ciddi iş aparırdı. Bunun nəticəsində aparıcı beynəlxalq kütləvi informasiya vasitələrinin çoxunun redaksiya məqalələrində tədricən hadisələrə adekvat baxış üstünlük təşkil etməyə başladı. Vəziyyəti dəyişmək və dünya birliyinə obyektiv informasiyanı çatdırmaq üçün xeyli vaxt və qüvvə sərf etmək tələb olunurdu. Bu faktlar göstərir ki, “qaynar” münaqişələr informasiya hücumları ilə müşayiət olunanda kütləvi informasiya vasitələri ilə işin operativ təşkil edilməsi çox vacibdir.
Rumıniyanın AGERPRESS agentliyinin baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi qeyd edib ki, feyk xəbərlərlə mübarizədə informasiya agentliklərinin böyük rolu var. Lakin bunun üçün agentliklər daim inkişafda olmalı və yalan məlumatlar yayan resurslardan bir addım irəlidə getməlidir.
“Yalan informasiya aldadıcı, müəyyən maraqlara xidmət üçün istifadə olunur. Feyk xəbər insanların həyatına və hətta dövlətlərin işinə təhlükə yaradır. Müasir dövrdə KİV-lərə etibar azaldıqca xəbər standartları da aşağı düşür. Yalan xəbərlərin yayılmasında videolardan da istifadə olunur. Onların qarşısının alınmasında xəbər agentliklərinin çox vacib rolu var”, - deyə baş direktor bildirib.
Aleksandru Giboi deyib ki, yalan məlumatların qarşısını almaq üçün məlumatın açıqlığından istifadə etmək, auditoriyanı feyk xəbəri necə ayırd etməyi öyrətmək lazımdır.
Estoniya parlamentinin sədr müavini Kaale Laanet qeyd edib ki, insanlar yalanı doğrudan ayırmağı bacarmalıdır. O deyib: “Qarşımızda belə bir sual yaranır ki, biz bu cür informasiyaları bloklamalıyıqmı? Senzura tətbiq etməliyikmi? Demokratik cəmiyyətdə bu, mümkün deyil. Biz çox sayda düzgün informasiya yaymalıyıq ki, feyk xəbər görünməsin. Bunun üçün böyük resurslar lazımdır, həm insani, həm də maliyyə”.
Kaale Laanet əlavə edib ki, yalan xəbərləri təkzib etmək olar. Lakin birinci xəbər düz və ya yalan olmasından asılı olmayaraq daha təsirlidir. Onu təkzib etmək səmərə vermir, əksinə, o xəbəri daha da aktuallaşdırır. Ən yaxşısı özümüzə aid olan xəbəri yaymaqdır. Öz baxışımızı əks etdirməkdir.
İranın İRNA agentliyinin baş direktoru Seyid Ziya Haşemi onlayn media ilə yanaşı, sosial şəbəkələrin də fərqli özəllikləri olduğunu söyləyib. Birinci özəllik ondan ibarətdir ki, onlar hər yerdə əlçatandır. Burada xəbərlər qısalığı və sürətlə yayılması ilə seçilir. Lakin sosial şəbəkələrin digər tərəfi isə orada əsasən sensasiya üçün istifadə edilməsi, obyektiv xəbərlərə az yer verilməsi ilə bağlıdır.
“Yalan istənilən doğru xəbərdən qat-qat sürətlə yayılır”, - deyən Seyid Ziya Haşemi bunun tez bir zamanda siyasi çaxnaşmalar və hətta böhranlar yarada biləcəyini söyləyib. Buna görə də insanlara hələ aşağı yaşlardan yalan və doğru informasiyaları ayırd etməyi öyrətmək lazımdır. İranda artıq bu təcrübədən istifadə olunmağa başlanılıb.
Sosial şəbəkələrin
fəaliyyəti, onların əhatə dairəsinin genişlənməsi
məsələlərinə toxunan ADA Universitetinin müəllimi
Şəfəq Mehrəliyeva Facebook-un insanlara xəbər
çatdırılmasında daha geniş imkanlara malik
olduğunu deyib. Sosial media hər kəsə istənilən xəbəri
istənilən vaxt oxumaq imkanları yaradır. Ənənəvi
media öz xəbərlərini yaymaq üçün bu
imkanlardan geniş istifadə edir. Məsələn,
AZƏRTAC-ın informasiya məhsullarına sosial şəbəkələrdə
hər ay 4-5 milyona yaxın baxış olur. Agentlik gün ərzində
sosial mediada baxış üçün münasib olan 50-60
video istehsal edir. Onun auditoriyasının böyük hissəsini
25-34 yaşarası şəxslər təşkil edir.
ADA Universitetində bu istiqamətdə
geniş işlər aparıldığını söyləyən
Şəfəq Mehrəliyeva “ASAN Radio” ilə birgə
radioproqram hazırlandığını deyib. Burada biz
universitetdəki Mükəmməllik Mərkəzindəki
akademik təlimləri Avropa-Azərbaycan əlaqələri
haqqında ictimaiyyəti məlumatlandıran birhəftəlik
informasiya axınına çeviririk. ADA
Universitetində media ilə bağlı təlimlərə
xüsusi diqqət ayrılır. Media və
kommunikasiya fakültəsində biz tələbələrə
internetdən istifadə, informasiyanın düzgün
istehlakı, etik qaydalar, jurnalistika ənənələri kimi
məsələləri öyrədirik.
“Belarus Seqodnya” media holdinqinin baş
direktoru Dmitri Juk bildirib ki, XXI əsrin əvvəllərindən
başlayaraq bəşəriyyətin üzərinə yeriyən
yalan informasiya axını “dürüst xəbər”,
“jurnalistika etikası kodeksi” kimi anlayışların dəyişməsinə
səbəb olub. Son vaxtlar kimi jurnalist saymaq olar
bilinmir. Hər kəs özünə sayt
açıb uydurma və ya özünün şərhləri
ilə başqalarının xəbərlərini yaya bilir.
Yəni, bu saytlarda nə cür istəsələr
xəbər, foto və video yerləşdirmək
mümkündür. Bu da dezinformasiya siyasətinin
bir hissəsidir. Çünki belə
adamlar məsuliyyətdən qaçırlar.
“Hoy Los-Angeles” qəzetinin baş
redaktoru Alexandro Masiel rəhbəri olduğu nəşrin
obyektiv xəbərlərin istehsalı və yayılması
ilə bağlı təcrübəsini
bölüşüb. O, qeyd edib ki, ABŞ-da
qeyri-düzgün informasiyaların yayılması hallarına
tez-tez rast gəlinir. Biz gündəlik fəaliyyətimizdə
etibarlı mənbələrə istinad etməyə, mütəmadi
olaraq mətbuat mərkəzləri ilə əlaqədə
işləyərək dəqiqləşdirmələr
aparmağa üstünlük veririk. Əks
təqdirdə, ehtiyatsızlıqdan da həqiqəti əks
etdirməyən informasiyaların yayılması halları
qaçılmaz olar.
Sonra Rusiyanın TASS agentliyinin baş
direktorunun birinci müavini Mixail Qusman və AZƏRTAC-ın
Almaniya üzrə xüsusi müxbiri, OANA-nın baş katibi
Vüqar Seyidovun moderatorluğu ilə sessiyanın ikinci hissəsi
keçirilib.
AZƏRTAC-ın İdarə
Heyətinin sədri Aslan Aslanov deyib ki, müasir dövrdə
yalan informasiyanın geniş yayılmasının əsas səbəblərindən
biri də hədsiz imkanlara malik texnologiyalardır. “Daha doğrusu, hədsiz
imkanlara malik bu texnologiyalardan, eləcə də sayını,
bəlkə də heç kəsin dəqiq bilmədiyi
KİV-lərdən, xəbər portallarından, sosial şəbəkələrdən
müxtəlif məqsədlər və maraqlar
üçün istifadə olunmasıdır”, - deyə
İdarə Heyətinin sədri bildirib. Qeyd olunub ki, klassik
jurnalistika xəbər istehsalçıları
qarşısında üç əsas tələb qoyur: dəqiqlik,
obyektivlik və qərəzsizlik. İndi isə
meyarlar itir, unudulur, artıq çoxları bunun heç fərqində
də deyillər. Müasir mediada anonim mənbələrə
istinadların xeyli çoxaldığını vurğulayan
A.Aslanov deyib: “Mən öz praktikamızdan
çıxış edib deyə bilərəm ki, AZƏRTAC
heç vaxt anonim mənbəyə istinadla xəbər
yaymır. Buna görə də xəbərlərimiz
heç vaxt təkzib olunmur və pis vəziyyətdə
qalmırıq”.
Aslan Aslanov qeyd edib ki,
yanlış məlumatlandırma siyasəti xalqları,
ölkələri, dinləri bir-birinə qarşı qoymaq,
münaqişələri alovlandırmaq, insanları
vuruşdurmaq, çaşqınlıq, vahimə, nifrət
kimi məkrli niyyətlər üzərində qurulur. Yalan informasiya
müəyyən qüvvələrə sərf edən fikir
formalaşdırmaq məqsədi daşıyır. Çaşdırıcı məlumatlar daha
geniş, daha sürətlə yayılır ki, bu da
narahatlıq doğurmaya bilməz. Feyk xəbərlərin
qarşısının alınmasının vacibliyindən
danışan İdarə Heyətinin sədri deyib ki, yalan məlumatların
təsirini azaltmaq üçün internet istifadəçilərində
belə informasiyaların yayılma mexanizmləri, onları
yayanların niyyətləri barədə təsəvvürlər
formalaşdırmağa böyük ehtiyac var. Buna ali məktəblərdə,
xüsusi seminarlarda, forumlarda və digər məlumatlandırıcı
tədbirlərdə nail olmaq mümkündür. Bu yolla təxribat xarakterli məlumatların
qarşısını almaq, onların təsirlərini
minimuma endirmək olar.
Ərəb Xəbər
Agentlikləri Federasiyasının baş katibi Fərid
Əyar çıxış edərək bildirib ki,
işçi sessiyanın mövzusu çox geniş və əhatəlidir. Yanlış
xəbərlər insanlara, sosial qruplara, təşkilatlara və
ölkələrə ciddi ziyan vura bilər. Biz xəbərləri mütləq analiz etməli,
onların dəqiqliyini araşdırmalıyıq. Bilirsiniz ki, dezinformasiya siyasətini bəzi dövlətlər
kiçik dövlətlərə qarşı həyata
keçirir. Bunun məqsədi həmin
dövlətlərdə qarışıqlıq salmaq və
yaxud da onların siyasi rejimlərini devirmək olub. Bu təhlükəli dezinformasiya meyillərindən
yaxa qurtarmaq üçün dəqiq siyasət
hazırlanmalıdır. BMT dezinformasiya
siyasətini qadağan edən qərarlar qəbul etməlidir
və bu qərarlara əməl olunmalıdır.
Albaniyanın ATA agentliyinin
baş direktoru Armela Krasniqi vurğulayıb ki, müasir
dünyada yanlış xəbərlər böyük
uğurlar qazanan demokratik dövlətlər üçün
ciddi təhdidə çevrilib. Yanlış xəbərlərin
qloballaşması və onlardan kommersiya məqsədilə
istifadə çox təhlükəli məsələdir.
İnsanları birləşdirə, onlar
arasında anlaşmanı yarada biləcək məsələlər
yanlış xəbərlər vasitəsilə xaos alətinə
çevrilir. Bu gün elə şirkətlər
var ki, onlar yanlış xəbərlərdən siyasi
kampaniyalar və digər işlərdə alət kimi istifadə
edirlər. Şübhəsiz,
yanlış xəbərləri yayanlar çox hiyləgər
insanlardır. Onlar hüquqlardan və
azadlıqdan müdafiə üsulu kimi məharətlə
istifadə edirlər. Ona görə də
yanlış xəbərlərin yayılmasına
qarşı qlobal mübarizə aparmaq lazımdır. Bu mübarizəyə hər birimiz
qoşulmalıyıq.
Livan Milli Xəbər
Agentliyinin (NNA) baş direktoru Laura Süleyman bildirib ki,
dezinformasiya həmişə mövcud olub. Bu, heç də
yeni məfhum deyil. Yanlış və ya
açıq şəkildə yönləndirilən
informasiyalarla ictimaiyyətin məlumatlandırılması
müharibələr zamanı düşməni, eləcə
də, sadə vətəndaşı manipulyasiya etmək
üçün istifadə edilir. Feyk xəbərlər,
əsl sosial bəladır və onların qarşısı
alınmalıdır. Dezinformasiya
istehsalçılarını tərksilah etməyin ən
yaxşı yolu onların metodlarını hərtərəfli
bilməkdir. Bu, bizə onların bunu etməyə
cəhd göstərdikləri zaman işin əsasında nəyin
dayandığını dəqiqləşdirməyə imkan
verər.
Market Universitetinin beynəlxalq
proqramlar üzrə administratoru, beynəlxalq əlaqələr
üzrə mütəxəssis Piter Teys Dağlıq
Qarabağ münaqişəsi zamanı Azərbaycana
qarşı aparılan informasiya müharibəsi barədə
danışıb. O, Azərbaycanın işğal olunmuş ərazilərinin
erməni qəsbkarları tərəfindən talan edildiyini, mədəni
və tarixi abidələrin
dağıdıldığını deyib. Piter
Teys Dağlıq Qarabağ münaqişəsi zamanı minlərlə
azərbaycanlı qoca, qadın və uşağın qətlə
yetirildiyini vurğulayıb, bütün bunların daha
geniş coğrafiyada dünya ictimaiyyətinə
çatdırılmasının vacibliyini bildirib.
Ermənilərin törətdiyi
Xocalı soyqırımını nə qədər gizlətməyə
çalışsalar da buna nail ola bilmədiklərini
deyən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin
dekanı Əmir Əliyev həmin hadisələr zamanı
onlarla xarici mətbuatın bu barədə geniş məlumatlar
yaydığını söyləyib. O, indiki dövrdə
ermənilərin Xocalı ilə bağlı
yalanlarını ifşa edən yüzlərlə sənədin
mediada açıqlandığını, artıq bir
çox ölkələrdə bu faciənin
soyqırımı kimi qəbul olunduğunu diqqətə
çatdırıb.
Türkiyənin Anadolu Agentliyinin layihə meneceri Elife Çekem feyk xəbərləri çox təhlükəli fenomen adlandırıb. Buna görə də media çox ehtiyatlı olmalıdır. Bu cür xəbərlər insanlar arasında təşviş və xaos yarada bilər. Xəbər agentlikləri dünyanın hər yerindən məlumatları anında əldə edir və yayır. Buna görə də hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır. Media indi daha məsuliyyətli olmalı, insan haqlarını və etik qaydaları nəzərə almalıdır. Xəbər agentliyi mənfi xəbərlərin yayılmasına yol verməməlidir.
Bununla da “Yanlış məlumatlandırma
siyasəti – müasir dünyada sabitliyə təhdid”
mövzusunda işçi sessiya öz işini başa
çatdırıb.
Azərbaycan.-
2018.-27 oktyabr.- S.5-6.