Humanitar Forumun
üçüncü plenar sessiyası “Bakı Prosesi”nin 10 illiyinə həsr edilib
Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Bakı Prosesi” – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunda III plenar sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Bakı Prosesi”ndən bəhs edən film nümayiş etdirilib.
Plenar sessiya Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin moderatorluğu ilə keçib.
“Bakı Prosesi”nin tarixi barədə danışan nazir bildirib ki, bu təşəbbüs mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün Avropa və ona qonşu regionların ölkələrinin mədəniyyət nazirlərinin Avropa Şurası ilə tərəfdaşlıq çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. On il ərzində müxtəlif beynəlxalq təşkilatlarla bu məsələdə birgə əməkdaşlıq edilib. BMT, UNESCO, Dünya Turizm Təşkilatı və digər beynəlxalq təşkilatlar bu gün də “Bakı Prosesi”nə, onun səmərəliliyinin artırılmasına dəstək verirlər. Qarşıdakı illərdə bu əməkdaşlıq daha da genişləndiriləcək.
Azərbaycanın 2008-ci ildən etibarən başlanan “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində önəmli işlər gördüyünü qeyd edən mədəniyyət naziri bildirib ki, bütün bu fəaliyyət dialoqa mühüm töhfələr verib. Bakı Humanitar forumlarında müxtəlif mövzular ətrafında aparılan müzakirələrin mədəniyyətlərarası mübadilələrə müsbət təsirini xüsusi qeyd edən Əbülfəs Qarayev deyib: “Bakı Beynəlxalq Humanitar Forumuna marağın miqyası ildən-ilə artır. Bu günədək müxtəlif mövzularda müzakirələr aparılıb. Həmçinin müxtəlif sahələr üzrə, o cümlədən təhsil, mədəniyyət nazirlərinin görüşləri təşkil edilib. Bu görüşlərdə mədəniyyətlərarası dialoqla bağlı hökumətlərin gördükləri işlərə dair müzakirələr aparılıb. Həmçinin turizm sənayesi bu proqramlara qoşulub mədəni mübadilələrdə fəal iştirak edir. Biznes dairələrinin rəhbərləri, böyük şirkətlərin nümayəndələri də bu mədəni mübadilələrə qoşulmağa dəvət edilib. Davos İqtisadi Forumu çərçivəsində mədəniyyət nazirlərinin görüşü keçirilib. Cəmiyyətlərin formalaşmasında mədəniyyətlərin təsiri həmin görüşdə ətraflı müzakirə edilib”.
Nazir qeyd edib ki, mədəniyyətlərarası dialoqla bağlı mühüm təşəbbüslərdən biri də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən irəli sürülüb. Belə ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda beynəlxalq təşkilatların rəhbərlərinin toplantısı keçirilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin toplantısı da mədəniyyətlərarası dialoqa mühüm töhfə olub.
“Bu gün “Bakı Prosesi”nin çox gözəl nəticələrinin şahidiyik. Bu 10 il ərzində bizə dəstək verən hər kəsə Azərbaycan hökuməti adından təşəkkür edirəm”, - deyə nazir vurğulayıb.
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu mühüm humanitar təşəbbüsü dünyanı bürüyən iqtisadi, siyasi böhran, narahatlıq fonunda çox önəmli dövrdə irəli sürdü və bu, müdirik bir qərar oldu. Bu təşəbbüs dünya ictimaiyyətinə böyük ümidlər verdi. Mədəniyyətlərarası dialoq üçün ümidlər yarandı. Azərbaycan Bakı Beynəlxalq Humanitar forumlarını və digər beynəlxalq tədbirləri keçirməklə dünyada sülhə, əmin-amanlığa, dostluğa, qardaşlığa önəm verdiyini nümayiş etdirir.
Azərbaycanın uzun əsrlərdir
formalaşmış zəngin mədəniyyətə sahib
olduğunu söyləyən ISESCO-nun baş direktoru qeyd edib
ki, bu ölkə mədəniyyətlərin,
sivilizasiyaların, dinlərin birləşdiyi bir məkandır.
Ona görə də zəngin irsə malik Azərbaycan mədəniyyətlərarası
dialoqun təşviqində çox önəmli rol
oynayır. Azərbaycan bu istiqamətdə mühüm tədbirlər
keçirib. Humanitar forumlar, BMT-nin Sivilizasiyalar
Alyansının VII Qlobal Forumu və digər tədbirlər
Azərbaycan rəhbərliyinin bu məsələyə verdiyi
önəmin təzahürüdür.
Əbdüləziz bin Osman əl-Tuveycri qeyd edib ki, dünyada aclıq, səfalət, münaqişə və bu kimi digər bəlaların şahidi oluruq. Belə bir dövrdə bu cür addımların atılması çox vacibdir. “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu gündəliyin ən əsas mövzusu kimi təqdim edərək beynəlxalq ictimaiyyəti də bu təşəbbüsə qoşulmağa dəvət edir. Müxtəlif irqlərə, mədəniyyətlərə, dinlərə malik insanların bir araya gəlmələri, müzakirələr aparmaları, öz düşüncələrini çatdırmaları xalqlar, dövlətlər arasındakı etimad böhranının aradan qaldırılmasına xidmət edəcək.
UNESCO-nun sabiq baş direktoru İrina Bokova “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçirilən sessiyanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə birgə işlərin davamlı olmasının vacibliyini vurğulayıb: “Çünki biz birgə xalqlarımızın, cəmiyyətlərimizin gələcəyini müəyyənləşdiririk. Mədəniyyətlərarası dialoq üçün siyasi gündəliyin olması çox mühümdür. Burada mən şahidi oluram ki, Bakı forumları mövcud problemlərin müasir həll yollarının tapılmasına mühüm töhfələr verir. Birgə müzakirələr müxtəlif icmaların formalaşmasında mühüm rola malikdir”.
Bəzi cəmiyyətlərdə təcridolunmanın müşahidə edildiyini vurğulayan İrina Bokova qeyd edib ki, yalnız mədəniyyətlərarası dialoqa diqqət yetirməklə mənfi çağırışlara qarşı mübarizə aparmaq mümkündür. “Çox sevinirəm ki, artıq bu istiqamətdə aparılan işlərə, mədəniyyətlərarası dialoqa beynəlxalq ictimaiyyət də mühüm töhfələr verir və dəstək göstərir. Bu baxımdan “Bakı Prosesi” müxtəlif təşkilatların, ölkələrin nümayəndələrini bir araya gətirir, müzakirələrə imkan yaradır. “Bakı Prosesi” həm də mədəniyyətlərarası dialoqla bağlı işlərin hansı istiqamətdə aparılmasına dair praktiki vəzifələrin müəyyənləşdirilməsində mühüm rol oynayır. Lakin hesab edirəm ki, bu işləri daha da genişləndirməliyik, müxtəlif xalqların mədəniyyətlərinin təbliğinə geniş yer ayırmalıyıq. Hesab edirəm ki, münaqişələrin qarşısını bu yolla almaq mümkündür”, - deyə İ.Bokova vurğulayıb.
Forumun yüksək səviyyədə təşkilatçılığına görə minnətdarlığını bildirən UNESCO-nun baş direktorunun müavini Çu Sin qeyd edib ki, Azərbaycan dünyada mədəniyyətlər arasında dialoqa mühüm töhfələr verən ölkə kimi tanınır, “Bakı Prosesi”nin inkişafı üçün mühüm işlər görür. UNESCO da hər zaman bu fəaliyyətdə yaxından iştirak edib. “Mən cəmi 4 ay bundan əvvəl UNESCO-da fəaliyyətə başlamağıma baxmayaraq, Azərbaycanın bu təşəbbüsü ilə bağlı kifayət qədər məlumatlıyam. Çox şadam ki, UNESCO-dakı fəaliyyətimin ilk vaxtlarından bu prosesdə iştirak edirəm. Azərbaycan ilə UNESCO arasında çox yaxşı əməkdaşlıq mövcuddur. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu cür mühüm tədbirlərə uğurla ev sahibliyi edir. Bu, Prezident İlham Əliyevin dəyərlərimizin möhkəmləndirilməsinə verdiyi böyük töhfədir”,- deyə baş direktorun müavini vurğulayıb.
O qeyd edib ki, sürətlə qloballaşan dünyada müsbət proseslərlə yanaşı, mənfi halların da şahidi oluruq. Yaşadığımız cəmiyyətlərdə qarşıdurmalar baş verir, dünya böyük böhranlarla üzləşir, cəmiyyətlər parçalanır, ayrı-seçkilik halları müşahidə edilir. Hətta mədəni müxtəliflik məsələləri də təhdid altındadır. Yeni texnologiyalar insanlar arasında yaxınlaşmanı asanlaşdırmaqla yanaşı, digər tərəfdən özünün mənfi fəsadlarını büruzə verir. Ona görə də mədəniyyətlərarası dialoq bizim qarşımızda dayanan mühüm çağırışdır. Bu sahədə işlərin sürətlənməsi olduqca önəmlidir. Bu, bizim qarşımızda duran ümumi çağırışdır. Çu Sin deyib: “Hesab edirəm ki, dialoq, anlaşma sülh quruculuğunda mühüm açar rolunu oynaya bilər. “Bakı Prosesi” bizim gələcəyimizə çox böyük töhfələr verəcək. Bu proses fərqli, lakin maraqlı dairələri bir araya gətirdi və bizim üçün gözəl bir müzakirə platforması yaratdı. “Bakı Prosesi”nin ideyaları UNESCO-nun missiyasının mərkəzində dayanır və fəaliyyətinə töhfə verir. Sülh quruculuğunda və parlaq gələcəyimizin təminində mədəniyyətlərarası dialoqun potensialı böyükdür”.
Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə sabiq direktoru Robert Palmer çıxışında “Bakı Prosesi”nin güclü mövqeyə malik olduğunu qeyd edib. O, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində gender bərabərliyinin təmininin, dini ayrı-seçkiliyə yol verilməməsinin mühüm şərtlərdən olduğunu diqqətə çatdırıb.
Robert Palmer bildirib ki, Azərbaycan hökuməti mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işində mühüm təşəbbüslərlə çıxış edərək, bu prosesdə maraqlı olduğunu nümayiş etdirdi. Həmin təşəbbüs əsasında bu gün artıq “Bakı Prosesi” çox dayanıqlı bir platforma kimi formalaşıb. “Bakı Prosesi” qısa müddət ərzində mötəbər tərəfdaşlarını bir araya gətirdi.
“Bakı Prosesi”nə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin daha da artırılmalı olduğunu qeyd edən Robert Palmer deyib ki, bu, bütün dövlətlərin, təşkilatların üzərinə düşən müştərək vəzifədir. Vətəndaş cəmiyyətlərinin, kütləvi informasiya vasitələrinin bu prosesdə yaxından iştirakı zəruridir.
“Biz riskləri nəzərdən
keçirməliyik. Burada səsləndirilən fikirlər cəmiyyətlərə
çatdırılmalıdır. Belə olan halda biz fundamental insan
hüquqlarını təmin edə bilərik. Tarixin dərsləri
bizə nümunədir. “Bakı Prosesi” cəmiyyətləri
inkişafa aparan yoldur. Biz yeni ideyaları nəzərə
almalıyıq. Hesab edirəm ki, son 10 il
ərzində mühüm inkişaf əldə olunub. Artıq “Bakı Prosesi” yeni mərhələyə qədəm
qoyur. Düşünürəm ki, Azərbaycan bu tədbirlərə
rəhbərliyini uğurla davam etdirəcək”,-
deyə Robert Palmer vurğulayıb.
Körfəz Əməkdaşlıq
Şurasının baş katibinin müavini Əbdel Əziz
Abu Hamad Aluvayşeq “Bakı Prosesi”nin
mühüm tərəfdaşlıq platformasına
çevrildiyini qeyd edib. Bildirib ki, Körfəz
Əməkdaşlıq Şurası hər zaman “Bakı
Prosesi”nə dəstək olub və onun fəaliyyətində
yaxından iştirak edib.
Körfəz Əməkdaşlıq
Şurasının fəaliyyət istiqamətləri barədə
danışan Əbdel Əziz Abu Hamad Aluvayşeq deyib ki,
Şura daha çox iqtisadi və təhlükəsizlik məsələləri
ilə məşğul olur. Lakin bir müddət
sonra mədəniyyətlərarası dialoq sahəsi də
strateji vəzifə kimi Şuranın fəaliyyət istiqamətlərinə
daxil edildi. Çünki mədəniyyətlərarası
dialoq və qarşılıqlı anlaşma cəmiyyətlərin
təhlükəsizliyi üçün olduqca vacibdir və
onun möhkəmləndirilməsi qarşımızda duran əsas
vəzifələrdən biri olmalıdır. Biz daim tərəfdaşlarımızla bu məsələlərlə
bağlı müzakirələr aparır, fəaliyyət
istiqamətlərimizi müəyyənləşdiririk. Azərbaycan da Körfəz Əməkdaşlıq
Şurasının önəmli tərəfdaşlarındandır.
Dünyada baş verən
münaqişələrdən danışan baş katibin
müavini bildirib ki, bu münaqişə ocaqları əsasən
insanlar arasında bir-biriləri barədə səhv təsəvvürlərin
formalaşması səbəbindən yaranır. Ona görə
də ölkələr, xalqlar arasında siyasi, iqtisadi təmaslarla
yanaşı, mədəni mübadilələrin də
olması mütləqdir.
Avstraliyanın Deakin
Universitinin professoru Fethi Mansouri bildirib ki, hazırkı dəyişkən
mühitdə mədəniyyətlərarası dialoqun
möhkəmləndirilməsi olduqca zəruridir. Əlbəttə
ki, müasir çağırışlar bizim hər birimizin
qarşısında yeni vəzifələr qoyur. Ona
görə də “Bakı Prosesi”nin bu vəzifələrin,
yeni çağırışlara cavab verən fəaliyyət
planlarının müəyyənləşdirilməsi
baxımından rolu çox önəmlidir.
“Biz cəmiyyətlərdə
olan müxtəliflikləri qəbul etməliyik. Bu müxtəlifliklər
əsrlərboyu formalaşıb və əslində hər
zaman da müxtəlif mədəniyyətlər arasında
dialoq mövcud olub. Lakin müasir
dövrümüzdə baş verən yeni dinamikaya tam cavab
verə bilmirik və mövcud olan dəyərlər sistemi də
dağılıb. Ona görə də ilk
olaraq qarşılıqlı əlaqələrin müsbət
nəticələrini anlamaq lazımdır. Bu işdə
isə cəmiyyətlərin, ailələrin üzərinə
çox böyük məsuliyyət düşür”, - deyə
Fethi Mansouri vurğulayıb.
Bu prosesdə elmi
araşdırmaların da rolunu xüsusi vurğulayan professor
qeyd edib ki, tədqiqatçılar mədəniyyətlərarası
dialoqun yeni formalarının insanlar tərəfindən qəbul
edilməsinin yollarını araşdırmalıdırlar. Çünki
mədəniyyətlərarası dialoq yalnız ünsiyyət
qurmaq, müzakirə aparmaq deyil, bu, olduqca geniş bir
anlayışdır.
Avropa Şurasının
Şimal-Cənub Mərkəzinin icraçı direktorunun
müavini xanım Rocio Kervera Azərbaycanda olmağından və
bu cür mötəbər bir Forumda iştirakından məmnunluğunu
ifadə edib.
Şimal-Cənub Mərkəzinin “Bakı Prosesi”nin ən fəal tərəfdaşlarından
olduğunu bildirən Rocio Kervera Azərbaycanın mədəniyyətlərarası
dialoqa verdiyi mühüm töhfələrdən
danışıb. Diqqətə
çatdırıb ki, Azərbaycanın bu təşəbbüsü
Şimal-Cənub Mərkəzinin məramı ilə tam
uyğundur.
Rocio Kervera mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsi üçün fərdi
səviyyədə iş görülməsinin vacibliyindən
danışaraq bildirib ki, Şimal-Cənub Mərkəzi bu məqsədlə
gənclər, qadınlar arasında təbliğat aparır,
müxtəlif səpkili tədbirlər keçirir. Həmçinin mərkəz mədəniyyətlərarası
dialoqla bağlı müxtəlif tədqiqatların
aparılması istiqamətində də fəaliyyətini
genişləndirir. “Hesab edirəm ki,
dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatları,
vətəndaş cəmiyyətləri də bu işdə
yaxından iştirakda maraqlı olmalıdırlar. Bu məsələdə beynəlxalq səviyyədə
əməkdaşlıq xüsusi önəmə malikdir.
Ona görə də “Bakı Prosesi” bu məsələdə
mühüm əməkdaşlıq platformasıdır.
Əminəm ki, bu təşəbbüs gələcək nəsillərin
birgə fəaliyyətini təmin edəcək”, - deyə o
bildirib.
İspaniyanın Pompeu Fabra
Universitetinin professoru Riçard Zapata Barrero “Bakı Prosesi”nin çox cəlbedici və mövcud təşəbbüslərin
qiymətləndirilməsi və reallaşmasına xidmət
edən mühüm təşəbbüs olduğunu
vurğulayıb. Riçard Zapata Barrero da mədəniyyətlərarası
dialoqla bağlı araşdırmaların genişləndirilməsinin
vacibliyini qeyd edib, bu sahə ilə məşğul olan tədqiqatçıların
əlaqələndirilməsinin səmərəli
olacağını bildirərək deyib: “Çünki
onların hər birinin tövsiyələri və ideyaları
var. “Bakı Prosesi” vasitəsilə biz bu ideyaların
reallaşmasına nail ola bilərik. Əlbəttə, dövlətlərarası
münaqişələrin həllində mədəniyyətlərarası
dialoq mühüm rol oynaya bilər. Yəni,
biz hər zaman mədəniyyətlərarası dialoqa daha
çox insanlar, xalqlar arasında ünsiyyət forması kimi
yanaşırıq. Ancaq bu dialoq vasitəsilə
dövlətlər arasındakı fikir
ayrılıqlarını da aradan qaldırmaq
mümkündür. Yəni, onun təşviqi
bizim üçün yeni üfüqlər aça bilər.
Münaqişələrin ən böyük səbəblərindən
biri müxtəliflik anlayışıdır. Hesab edirəm ki, interkulturalizm vasitəsilə biz mədəni
müxtəlifliyi idarə edə bilərik. Bu, həm də insanlararası ünsiyyətlərin
möhkəmlənməsinə xidmət edir.
Düşünürəm ki, interkulturalizm “Bakı Prosesi”nin vacib bir istiqaməti ola bilər”.
Ərəb Liqasının mədəniyyətlərarası
dialoq departamentinin direktoru xanım Samia Bibars Azərbaycanın
çoxmillətli, çoxkonfessiyalı ölkə
olduğunu vurğulayaraq bildirib ki, bu ölkədə
bütün etnik qrupların, dinlərin nümayəndələri
bərabər, mehriban yaşayırlar. Azərbaycan sülh
şəraitində birgəyaşayışın uğurlu
modelidir. O qeyd edib ki, hazırda qarşıda duran əsas məsələ
zorakı ekstremizmə qarşı mədəniyyətlərarası
dialoq vasitəsilə mübarizə aparmağın
yollarının tapılmasıdır. Ərəb Liqası bu
işdə yaxından iştirak edir. Liqa bir sıra seminarlar,
tədbirlər təşkil edir, müxtəlif beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir. “Biz təşkil edilən tədbirlərə
Azərbaycandan olan ekspertləri də dəvət edirik.
Çünki qeyd etdiyim kimi, Azərbaycanın bu məsələdə
uğurlu modeli mövcuddur. Biz istəyirik ki, bu təcrübə
ərəb ölkələrində də öyrənilsin. Hesab edirəm ki, “Bakı Prosesi” həm Azərbaycanın
təcrübəsinin öyrənilməsi, həm də mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsi üçün beynəlxalq
əməkdaşlığın gücləndirilməsi
baxımından əvəzsiz rola malikdir, - deyə Samia Bibars
vurğulayıb.
Azərbaycan.-
2018.-27 oktyabr.- S.6.