İsmayıllıda gənclərin zona toplantısı keçirildi

 

Azərbaycan Gənclərinin VIII Forumu qarşısında

 

İsmayıllıdakı Mədəniyyət Mərkəzində Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində Şirvan zonası gənclərinin toplantısı keçirilib. Tədbirdə Qobustan, Şamaxı, Ağsu, Ucar, Zərdab, Ağdaş, Göyçay və İsmayıllı rayonlarının nümayəndələri iştirak edib.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə açılıb.

Aparıcı qeyd edib ki, ümummilli lider Heydər Əliyev ölkənin bütün problemlərinin həllində, yeni layihələrin həyata keçirilməsində, sosial iqtisadi inkişafın sürətləndirilməsində, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində gəncləri həmişə aparıcı qüvvə kimi görmüş, onlara etimad göstərmişdir. Dövlət siyasətinin bütün istiqamətlərində olduğu kimi gənclər siyasətinin həyata keçirilməsində də Prezident İlham Əliyev ümummilli liderin strateji xəttini davam etdirir. İndi gənclər siyasəti, gənclərlə daha ardıcıl, davamlı şəkildə aparılır, ümumxalq maraqlarına, milli-mənəvi dəyərlərə əsaslanır.

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

"Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi ilə keçirilən zona toplantısında ilk çıxışı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov etdi. Natiq toplantı iştirakçılarını salamladıqdan sonra gənclər təşkilatlarında uzun illər çalışmış təcrübəli ziyalı kimi fikirlərini iştirakçılarla bölüşdü, onlara məsləhətlərini verdi, cümhuriyyətin tarixindən, onun süqutu səbəblərindən, dövlət müstəqilliyinin bərpasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı.

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilkinliyindən, "Cümhuriyyət ili” çərçivəsində Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi tədbirlərdən, bu tədbirlərin hərbi vətənpərvərlik tərbiyəsinin yaxşılaşdırılmasına, yeni düşüncə və intellektual səviyyənin formalaşmasına, gənclərin əmək, təhsil və öyrənmək fəallığına xidmət etdiyindən, onların ölkəni təmsil etmək bacarığından danışdı.

Çıxışlardan sonra Azərbaycan Gənclər Fondunun, İqtisadiyyat, Kənd Təsərrüfatı, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri ekspert qismində çıxış etdilər. Nazir müavini Fərhad Hacıyev başda olmaqla ekspertlər iştirakçıların çoxsaylı suallarını cavablandırdı.

Sonda Azərbaycan Gənclərinin VIII Forumuna 9 rayondan 75 nümayəndə seçildi.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2018.-27 oktyabr.- S.7.