Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin
elektronlaşdırılması tədbirləri haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Dövlət orqanlarında (qurumlarında)
qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə
olunması və rəqəmsal idarəçiliyin
tətbiq edilməsi dövlət siyasətinin
prioritetlərindən biridir
və bu sahədə mühüm nailiyyətlər əldə
edilmişdir. Bununla belə, həyata
keçirilən tədbirlərin
daha yüksək səviyyədə davam etdirilməsi və rəqəmsal hökumətə
keçid prosesinin sürətləndirilməsi zəruridir.
Dövlət orqanlarında
(qurumlarında) rəqəmsal
idarəçiliyin inkişafı,
daxili idarəetmə proseslərinin (kargüzarlığın
aparılması, sənədlərin
icrasına nəzarət,
arxiv, kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) optimallaşdırılması və
elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında kargüzarlığın
aparılması işinin
səmərəli təşkili
üçün "Elektron
sənəd dövriyyəsi
sistemi” yaradılsın.
2. Müəyyən
edilsin ki, bu Fərmanın 1-ci hissəsi əsasında yaradılan "Elektron sənəd dövriyyəsi
sistemi”nin sahibi funksiyasını Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyası, maddi-texniki
təminatını, işlək
vəziyyətdə olmasını
(operator funksiyasını) və
təhlükəsizliyinin təmin
edilməsini Azərbaycan
Respublikasının Xüsusi
Dövlət Mühafizə
Xidməti həyata keçirir.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
3.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında 2019-cu il aprelin 1-dək
"Elektron sənəd
dövriyyəsi sistemi”nin
proqram təminatının
hazırlanmasını və
tətbiqini təmin etsin;
3.2. idarələrarası
elektron sənəd dövriyyəsi sisteminin səmərəli fəaliyyəti
üçün zəruri
tədbirlər görülməsini
təmin etsin;
3.3. Azərbaycan Respublikasının Xüsusi
Dövlət Mühafizə
Xidməti ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İdarələrarası elektron
sənəd dövriyyəsi
sistemi haqqında Əsasnamə”də dəyişikliklər
edilməsinə dair təkliflərini üç
ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
3.4. Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 27 sentyabr
tarixli 935 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında,
dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin)
nəzarət zərfi
dövlətə məxsus
olan hüquqi şəxslərdə və
büdcə təşkilatlarında
kargüzarlığın aparılmasına
dair Təlimat”da dəyişikliklər edilməsinə
dair təkliflərini
üç ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.5. dövlət
orqanlarında (qurumlarında)
daxili idarəetmə proseslərinin elektronlaşdırılması
sahəsində qabaqcıl
beynəlxalq təcrübənin
Azərbaycanda tətbiqinin
təmin edilməsi və müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi
məqsədilə mütəmadi
olaraq təkliflər hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
3.6. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi:
4.1. bu
fərmanın 3.1-ci bəndindən
irəli gələn zəruri tədbirlərin
görülməsini təmin
etsin;
4.2. "Elektron sənəd dövriyyəsi
sistemi”nin proqram təminatına texniki dəstəyi və onun mütəmadi təkmilləşdirilməsinin həyata keçirilməsini
təmin etsin.
5. Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2020-ci il
dekabrın 31-dək:
5.1. Elektron Hökumət İnformasiya
Sistemi infrastrukturunda mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi altsisteminin
yaradılmasını və
təhlükəsizlik tələblərinə
(Azərbaycan Respublikasının
Xüsusi Dövlət
Mühafizə Xidməti
ilə razılaşdırmaqla)
cavab verməklə, həmin altsistemin idarələrarası elektron
sənəd dövriyyəsi
sisteminə inteqrasiyasını
təmin etsin;
5.2. Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyası ilə
razılaşdırmaqla dövlət
orqanlarında (qurumlarında)
daxili idarəetmə proseslərinin Elektron Hökumət İnformasiya
Sistemi üzərindən
mərkəzləşdirilmiş qaydada elektronlaşdırılmasını
və tətbiqini təmin etsin.
6. Mərkəzi və yerli icra
hakimiyyəti orqanları,
dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin)
nəzarət zərfi
dövlətə məxsus
olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər
2020-ci il dekabrın
31-dək Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
təklifləri əsasında
elektron sənəd dövriyyəsi altsisteminə
qoşulmanı, elektron
sənəd dövriyyəsi
sistemi mövcud olduğu təqdirdə isə inteqrasiyanı təmin etsinlər.
7. Bu fərmanın
6-cı hissəsində nəzərdə
tutulan orqanlardan (qurumlardan) başqa, idarələrarası elektron
sənəd dövriyyəsi
sisteminin digər iştirakçılarına tövsiyə
edilsin ki, daxili idarəetmə sistemlərinin elektronlaşdırılmasını,
bu sistemlərin Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində saxlanılmasını
və daxili sənəd dövriyyəsi
sistemlərinin idarələrarası
elektron sənəd dövriyyəsi sisteminə
inteqrasiyasını təmin
etsinlər.
8. Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
8.1. bu fərmanın 5-ci və
6-cı hissələrinə əsasən yaradılan daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri
üçün elektron
imza və Data Mərkəzindən istifadə
ilə bağlı tariflərin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla təsdiq
olunmasını təmin
etsin;
8.2. bu
fərmanın 5-ci və
6-cı hissələrində göstərilən daxili idarəetmə proseslərinin
elektron sistemlərinin
Data Mərkəzində saxlanılmasının
təşkili üçün
tədbirlər görsün.
9. Azərbaycan
Respublikasının Xüsusi
Dövlət Mühafizə
Xidməti bu fərmanda göstərilən
elektron sistemlərin mühafizə olunan rabitə kanallarına çıxışını təmin etsin.
10. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
10.1. Azərbaycan
Respublikası Prezidentinin
aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
10.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
10.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
10.4. bu
fərmanda nəzərdə
tutulmuş tədbirlərin
maliyyələşdirilməsini Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təmin
etsin;
10.5. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
11. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
12. Bu fərman dövlət sirri təşkil edən məlumatların dövriyyəsinə
şamil olunmur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 28 oktyabr.-
S.2.