Zəngilanı yaşadan “Zəngilan”

 

İşğalın 25-ci ildönümünü rayon sakinləri nisgillə yanaşı, ümid və qayıdışa inamla qeyd edirlər

 

29 oktyabr - 1993-cü il... Düz, 25 ildir ki, bu təqvim günü evimiz sanki matəmə batır. Bu tarix ailəmin, nəslimin, el-obamın çırağının söndüyü gündür...

Zəngilanın işğal günüdür...

Mən o dəhşətli günün bir yaş səkkiz aylıq şahidiyəm...

Anamın o vahiməli gündə isti şalı ilə belinə sarıyıb buz kimi Arazı o taya, sonra yenidən bu taya keçirdiyi uşağam... O dəhşətli mənzərəni xatırlamasam da, artıq 27 yaşlı bir gənc kimi həmin günü valideynlərimin hansı hisslər keçirdiyini, 25 il Zəngilan həsrəti ilə yaşayıb bu yaxınlarda dünyasını dəyişən 89 yaşlı nənəmin illər ərzində nələr çəkdiyini qəlb ağrısı ilə hiss edirəm...

Və bu gün mən yenə Zəngilandayam...

1 yaş 8 ayımda anamın kürəyində qaçaqaçla çıxdığım o yurda yenidən qayıtmışam. Amma bura rəhmətlik nənəmin gözləri dola-dola, titrək dodaqları ilə içini çəkə-çəkə bəhs etdiyi o Zəngilana bənzəmir. Havası o hava, torpağı həmin torpaq deyil...

Buradan nə buz bulaqlı Şükrataz, nə "Ağ Oyuğun” düzü, nə də Əsgülümün zirvəsi görünür. Bura 25 ildir elindən-obasından didərgin düşmüş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları "Zəngilan şəhərciyidir”...

 

İşğala məruz qalan sonuncu rayon

 

Zəngilan rayonu - Azərbaycanın cənub-qərbində şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonları, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

Ərazisi 707 kvadratkilometr olan Zəngilan rayonu işğal ediləndə əhalisi 35,6 min nəfər olub. Rayon eyni adlı şəhərdən, 1 qəsəbə və 83 kənddən ibarət idi. Burada 14 tibb müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cild kitab saxlanılan 70 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı, üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.

Rayon ölkəmizdə ərazisindən dörd daimi axarlı çay - Araz, Oxçuçay, Həkəri, Bəsitçay keçən yeganə, unikal bir ərazi vahididir. "Ağ Oyuğ”un üzüm plantasiyalarında istinin qora bişirdiyi vaxt buz bulaqlı Şükrataz yaylağında soyuğun insanlara kürk geyindirdiyi təbii iqliminə, yeraltı qızıl, mərmər yataqlarına, yerüstü münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə bu məkanı "qızıl Zəngilan” adlandırıblar.

 

67 gün tam mühasirə şəraitində

 

Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 1993-cü ildə 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. Oktyabrın 25-dən etibarən 4 gün ərzində əhali döyüşərək şəhid və itki verib. Amma tanklarla dörd tərəfdən rayona edilən hücumun qarşısını almaq mümkün olmayıb.

Oktyabrın 29-da təxminən 34 min əhali İran sərhədinə - Araz çayının kənarına toplaşır. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. Zəngilanlıların köməyinə müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev çatır. Ümummilli lider İran İslam Respublikası hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənd bağlanır. Yalnız bundan sonra əhali çayı keçib xilas olur. Bu gün də zəngilanlılar işğal günündən danışarkən söyləyirlər ki, əgər ulu öndər olmasaydı, ikinci Xocalı faciəsi yaşanacaqdı.

Bu gün digər rayonlardan olan məcburi köçkünlər kimi, zəngilanlılar da dövlət qayğısı ilə əhatə olunublar və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür, yeni-yeni qəsəbələr tikilir.

Onlardan biri də Abşeron rayonu Masazır qəsəbəsində inşa edilmiş "Zəngilan şəhərciyidir”...

 

Sanki hər qarşıma çıxan qəsəbə sakini qohumumdur...

 

Bura həmin Zəngilan olmasa da, qəsəbəyə girəndə bir doğmalıq hiss etdim. Sanki hər qarşıma çıxan qəsəbə sakini qohumumdur. Qəsəbədə yaşayan həmyerlilərim illərinin zəhməti ilə arxada qalan 25 ildə qazanc yolları tapıb, özlərinə yeni həyat qurublar. Bir sözlə, qəsəbədə həyat qaynayır.

Burada yaradılan şəraitə tamaşa edə-edə qəsəbəni gəzib-dolaşıram. Diqqətimi kiçik bir tikilinin içərisində nərd oynayan iki ağsaqqal çəkir və yaxınlaşıb salamlaşıram. Sən demə, bura rayonun icra hakimiyyəti tərəfindən ağsaqqalların asudə vaxt keçirmələri üçün yaradılan məkandır. Bütün məhəllə ağsaqqalları yığışaraq nərd, domino oynayır, çay dəmləyib içirlər.

74 yaşlı Əfqan Davudov Zəngilandan çıxanda 49 yaşı varmış. İşğal günü bircə canını götürüb qaça bildiyi üçün çox şükür edir: "Yaxşı evim-eşiyim var idi. Özümə hər cür şərait qurmuşdum. Heyif, hər şeyimizi qoyub gəlməli olduq. Bircə, canımızı götürüb gəldik. O gün ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Araz çayının suyu azaldılmasaydı, çoxlu insan tələfatı ola bilərdi. Hökumətimizin dəstəyi sayəsində indi bizə burda yaxşı şərait yaradılıb, ancaq heç nə o yurdun yerini vermir. Çox istərdik, torpaqlarımız alınsın, bu yaşımızda gedib oranın havasını udaq. Elə orda ölməyi də arzulayıram”.

 

O gecə olmaz ki, Zəngilanı yuxumda görməyim

 

Kənardan söhbətə qoşulan Murtuza Abdullayev də 1954-cü ildə Zəngilanda anadan olub. Murtuza dayı işğal gününü belə xatırlayır: "Biz sağ qaldığımız üçün yerli özünümüdafiə dəstələrinə və ulu öndər Heydər Əliyevə minnətdarıq. Dörd övladım vardı. O gün evimizi atıb ancaq uşaqları və paltarlarımızı götürüb Araz çayına tərəf qaçdıq. Dedilər ki, qadın və uşaqları Arazın o tayına keçirin, kişilər isə döyüşə qayıdacaq. Qayıtdıq, amma düşmən çox böyük qüvvə ilə hücuma keçmişdi. Bacarmadıq... Azərbaycanın çox yerini gəzmişəm, amma Zəngilandakı gözəlliyi heç yerdə hiss edib, duymamışam. İndi hər gecə yatanda da o torpaqları görürəm. Elə gün olmur ki, oralar yuxuma girməsin”. Bu sözlərdən sonra ağsaqqalın kövrəlməsi məni də ağladır...

Murtuza dayıya toxtaqlıq da verə bilmədən ayrılıram oradan...

 

Üç gün Arazın qırağında ac-susuz qaldıq

 

Məktəbdə zəng vurulur və birinci növbədə oxuyan uşaqların evə gedən vaxtıdır. Evə getməyin sevincini yaşayan balaca məktəblilərin səs-küyü, övladını məktəbdən gətirən valideynlərin söhbətləşməsi maraqlı mənzərə yaradır.

Bəlli olur ki, 33 saylı tam orta məktəbdə dərs deyən müəllimlərin əksəriyyəti zəngilanlıdır. Zəng vurulur və ikinci növbə dərsə başlayır. Müəllimlər otağında bir neçə müəllimə ilə həmsöhbət oluram.

İlk həmsöhbətim Zəngilan rayonunun Mincivan kəndində dünyaya göz açan Ramilə Bayramovadır. İşğal zamanı Ramilə müəllimə 24 yaşında olub. Yaşadığı o dəhşətli günləri bizimlə bölüşdükcə göz yaşlarını saxlaya bilmir: "Oktyabrın 26-sı idi. Ermənilər dayanmadan atırdılar. Ailəli idim. 27-si səhər tezdən Mincivana atamgilə gəldim. Atam kənddə müəllim işləyirdi. Həmin gün də dərsə getmişdi. Elə evdə oturmuşduq ki, bayırdan səs-küy gəldi. Qonşular hay salmışdılar ki, kəndi tərk etməliyik. Qaçaqaç düşdü. Anam da bulaqdan su gətirməyə getmişdi. Onu gözləməli oldum. Bir övladım var idi, biri də bətnimdəydi. Soyuq havada evimizi tərk edib yola düşdük. Araz çayının iki qolunu çətinliklə keçə bildik. Suda islanan insanlar donurdular. Üç gün Arazın qırağında ac-susuz qaldıq. Həmin günlərdə bizimkilər Mincivana gedib-gəlirdilər. Ancaq oktyabrın 29-u kəndlə əlaqə tam kəsildi. Xoşbəxtlikdən sağ qaldım. Bura gələndə oğlum dünyaya gəldi, adını Araz qoydum”.

 

25 ildir ağlamaqdan gözümdə su da qalmayıb

 

"Hər il payız fəsli gələndə mənim Zəngilan dərdim başlayır. Hər gün Zəngilanı yuxuda görürəm. Ağlamaqdan gözümün suyu da qalmayıb”. 25 ildir bu ağrı-acı ilə yaşayan Elmira Həsənova fikirlərinə bu cümlələrlə başlayır.

Doğma kəndlərini ağlaya-ağlaya təsvir edir: "Zəngilanın Şayıflı kəndində doğulmuşam. O gözəlliyi kim unudar ki?! Kəndimiz çox gözəl idi, iki dağın arasında yerləşirdi. Həmişə üstü qızlar, qadınlarla qaynayan bulaqlarımız var idi. Bizim camaat 1992-ci il dekabrın 10-da kənddən çıxıb. Mən onda Bakıda oxuyurdum. Eşidəndə ki, ermənilər kəndimizi mühasirəyə alıb, tez bilet alaraq qatarla kəndimizə yollandım. Qonşumuzda Museyib dayı yaşayırdı. Ermənilər otluğa od vurub onu da ora atıb diri-diri yandırmışdılar. Neçə həmkəndlimiz şəhid olmuşdu... O qədər dəhşətli idi ki... O cür ağrılı-acılı günlər yaşamasına baxmayaraq hamı evində idi. Heç kim yurdu tərk etmək istəmirdi”.

 

Nənəm can verdi, dəfn edib başdaşına "Zəngilan” yazdıq

 

Müəllimlər arasında hər ilin oktyabr ayını çox ağır keçirənlərdən biri də Kifayət Şükürovadır. Zəngilan rayonu 2 nömrəli məktəbdə oxuyub. O vaxt 7-ci sinif şagirdi imiş.

Həmin gün yaşananları sanki indi baş veribmiş kimi xatırladığını deyən Kifayət müəllimə nənəsinin ölümünü ürək ağrısı ilə danışır: "Oktyabrın 29-na kimi rayonda qaldıq. Hətta ən axırıncı günə kimi məktəbə gedirdik. Oktyabr mənim üçün o qədər ağır aydır ki... Biz də hamı kimi Arazdan keçdik. 7 uşaq, atam, anam, bir də nənəm var idi. Nənəmin ayaqları tutmurdu deyə, atam onu kürəyində aparırdı. Araz çayını da belində keçirdi. Atama nə qədər dedi ki, məni qoy get, atam razı olmadı. İran tərəfə keçəndə neçə qapıya getdik, dedilər ki, biz gecə qonaq qəbul etmirik. Üç gün orda - bayırda qaldıq. Nənəm soyuqdan xəstələndi, can verirdi. İmişli tərəfdən sərhədi keçdik. Kürdəmir tərəfə keçəndə nənəm canını tapşırdı. Onu elə oradaca dəfn elədik. Başdaşına da "Zəngilan” yazdı atam. Məzarı Kür çayının kənarında idi. Kür çayı qalxanda məzar da itmişdi. Sonra bizimkilər gedib birtəhər tapdılar”...

 

Əsgülüm dağının zirvəsinə qalxıb hayqırmaq istəyirəm

 

Zəngilan rayon Xumarlı kəndindən olan Pərvanə Fərəcovanın qardaşı İsaq Fərəcov Zəngilanda gedən döyüşlərdə şəhid olub. Üç uşaq atası imiş. İsaqın döyüş yolu çoxlarına bəllidir. Şuşada, Laçında qəhrəmancasına döyüşən İsaq əsl vətənpərvər igidlərimizdən biridir. Onun döyüş yolu haqqında kitab da nəşr olunub. Pərvanə müəllimə deyir ki, indi o günlərdən danışanda adamın gücü ancaq ağlamağa yetir...

Pərvanə müəllimənin qardaşı qızı Könül Quliyeva Zəngilanın el şairi, rəhmətlik Məhərrəm Mahinin "Zəngilanda olasan” şeirindən iki bənd söyləməklə söhbətimizə qoşulur:

 

Könül quşum qanadlanıb yerindən,

Deyir bu dəm Zəngilanda olasan.

Baxıb yurda, bir ah çəkib dərindən,

Ağlayasan, boşalasan, dolasan...

 

Görən kimi Ağ Oyuğun düzünü,

Yoxlayasan torpağının nəbzini.

Qucaqlayıb söykəyəsən üzünü,

Əcəl gəlsə, elə orda öləsən...

 

Sən demə, Könül Məhərrəm Mahinin gəlini imiş. Onun şeirlərini kitabdan deyil öz dilindən eşidərək yadda saxlayırmış. Şairin bir neçə şeirini söyləyən müəllimənin yeganə arzusu Zəngilanı yenidən görmək, bu şeirləri Əsgülüm dağının zirvəsində hayqıraraq səsləndirməkdir.

Könül müəllimə bu arzusunun gerçəkləşəcəyinə inanır. Çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun aprel zəfərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən bərpa edilməsi zəngilanlıların da ümid çırağını alovlandırıb. Hər bir zəngilanlı öz Prezidentinə, ordusuna güvənir və inanır ki, tezliklə arzular çin olacaq.

Beləcə, müəllimlərlə söhbətimizi bitirib ayrılırıq. Birinci mərtəbədə kiçik yaşlı şagirdlə qarşılaşıram. Adı Arazdır, zəngilanlıdır. Bu il ikinci sinfə gedir. Zəngilanı tanımasa da, harada yerləşdiyini bilməsə də, müəllimləri ona, eləcə də digər həmyaşıdlarına Zəngilanı tanıtdırmağa çalışırlar, şeirlər öyrədirlər. Bütün sinif otaqlarında Zəngilanın ərazisini, işğal tarixini əks etdirən lövhələr də var.

 

Torpaq həsrəti, yurd nisgili

 

Məktəbdən çıxıb şəhərciyi yenidən dolaşmağa başlayıram, amma hələ də eşitdiklərimin təsiri altındayam. Zəngilan həsrəti ilə haqq dünyasına qovuşan nənəmin xatirələri gözümün önündə canlanır. Çünki nənəm də hər dəfə belə danışardı, ağlaya-ağlaya, kövrələ-kövrələ...

Deyirdi ki, evdən çıxanda tezliklə geri qayıdacaqlarını düşündükləri üçün şəkilləri də torpağa basdırıblar. Anam məni, nənəm isə bacım Nərmini kürəyinə şəlləyib kənddən çıxıblar. Onlar da Arazın soyuq suları ilə birtəhər İranla sərhəd əraziyə keçib bir neçə gün ac-susuz qalıblar. Ancaq bütün bu çəkdikləri acılar onlara o qədər əzab verməyib.

Əzab verən Arazın bu tayından durub yandırılan evlərinin tüstüsünün ərşə dirənməsini izləmək imiş... Bu, həqiqətən, bağır parçalayan mənzərə imiş. İnsanlar ən çox da günahsız Arazı qınayıb qarğıyırlarmış... Çünki ikinci dəfə idi ki, Araz ürəklərinə vətən dağı çəkirdi...

"Ürəyim elə orda qalıb, kaş ölmədən gedib oranı bircə dəfə görə biləydim” - deyirdi elə hey nənəm... Amma qismət olmadı, elə Zəngilan həsrəti ilə həyatla vidalaşdı...

 

Zəngilanlılar hər zaman ulu öndər Heydər Əliyevə minnətdardırlar

 

Bu gün şəhərcikdə yaşayan məcburi köçkünlər üçün hər cür şərait yaradılıb. Qəsəbə haqqında dolğun məlumat almaq üçün isə şəhərcikdə yerləşən Zəngilan Rayon İcra Hakimiyyətinin binasına yol alıram.

Rayonun icra başçısı Ramiz Həsənov öncə işğal tarixindən söz açaraq bildirdi ki, XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazılıb. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələnib. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı olub.

Ancaq zəngilanlılar qəhrəmancasına döyüşərək erməni silahlı birləşmələrinə ciddi müqavimət göstəriblər. Əgər belə olmasaydı, iki aydan çox mühasirədə yaşayan rayon əhalisinin böyük əksəriyyəti qətlə yetirilərdi. Düşmənə sinə gərən Zəngilan ağır döyüşlərdə 245 şəhid verib, 12800 uşaq zərər çəkib, 395 uşaq yetim qalıb, 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə müharibə əlilidir.

Zəngilanlılar hər zaman ulu öndər Heydər Əliyevə minnətdardırlar: "Əgər ümummilli lider İran hökuməti ilə danışıqlar aparıb Araz çayı üzərindəki bəndi bağlatdırmasaydı, yüzlərlə insan çayda tələf olardı və böyük faciə yaşanardı. Yenicə müstəqillik qazanmış Azərbaycanı xaosdan, vətəndaş müharibəsindən qurtaran dahi lider zəngilanlıların da xilaskarıdır”.

 

970 ailənin məskunlaşdığı şəhərcik

 

Doğma yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar hazırda Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşıblar. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu təbəqədən olan insanlara xüsusi diqqət və qayğı göstərir. Bu şəhərcik də dövlət başçısının tapşırığı əsasında inşa olunub.

Şəhərcik 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. 5 il öncə aprelin 1-də dövlət başçısı qəsəbənin açılışı zamanı məcburi köçkünlərlə söhbətində buranın müvəqqəti yaşayış yeri olduğunu söyləyərək vurğulayıb ki, torpaqlarımız işğaldan azad olunandan sonra Azərbaycan dövləti bundan da gözəl binalar, evlər tikəcək. O cümlədən, Zəngilanda və işğala məruz qalan digər rayonlarda bundan da gözəl şərait yaradılacaq.

İcra başçısının sözlərinə görə, şəhərciyə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə (3420 məcburi köçkün) köçürülüb. 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u dördotaqlıdır. Məcburi köçkünlərdən 460-ı Zəngilan, 66-sı Ağdam, 52-si Cəbrayıl, 40-ı Füzuli, 142-si isə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocavənd, Xocalı rayonlarındandır.

12 hektar sahəni əhatə edən məhəllədə rayon icra hakimiyyətinin binası, 13 ədəd 5 mərtəbəli bina, 580 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi tikilib.

Ötən il isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarət etdiyi "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində qəsəbədə daha 3 yeni bina inşa olunub. Oktyabrın 5-də Mehriban xanım Əliyeva şəhərcikdə yeni inşa olunan üç binada 210 ailəyə mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.

 

Zəngilanlılar da Ali Baş Komandana inanırlar, güvənirlər

 

Ramiz Həsənovun sözlərinə görə, Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yenidən qurulması və kəndin əhalisinin doğma yurda dönüşü zəngilanlıların da böyük sevincinə səbəb olub. Bu hadisə, bu zəfər doğma yurdunu itirən hər bir zəngilanlının dövlətinə, Ali Baş Komandanına inam hissini daha da gücləndirib. İndi bütün zəngilanlı məcburi köçkünlər inanırlar ki, tezliklə illərdir qəlblərdə alovlanan yurd həsrəti bitəcək və Cocuq Mərcanlıda olduğu kimi, Zəngilanda da yenidən həyat qaynayacaq.

Yenidən yandırılacaq sönmüş ocaqlar, toy-büsat bürüyəcək Zəngilanı...

Şəhərciklə bağlı ətraflı məlumat aldıqdan sonra sağollaşıb ayrılıram. Yavaş-yavaş qaranlıq düşür, qəsəbədən uzaqlaşıram və sanki 25 il əvvəl tərk edib gəldiyim Zəngilanı ikinci dəfə yenə tək qoyub gəlmiş oluram...

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2018.-28 oktyabr.- S.1; 4.