Sözlə əməlin vəhdəti

 

Bəşəriyyətin inkişafına xidmət edən qlobal təşəbbüslər

 

Müasir dünyamızda nəzərə çarpan ən müsbət meyillərdən biri müxtəlif aktual məsələlərin həlli məqsədilə qlobal əməkdaşlığa marağın getdikcə artmasıdır.

Artıq hər kəs fərqindədir ki, bütün bəşəriyyəti təhdid edən ayrı-ayrı problemlərin həlli, fərqli mədəniyyətlər mühitində birgəyaşayış normalarının qorunması, bu mühitdə qazanılmış mənəvi nailiyyətlərin daha da inkişafı, cəmiyyətlərin gələcək tərəqqisi üçün geniş imkanların yaradılması təkcə bir ölkənin bacardığı deyil. Bundan ötrü dövlətlərin, cəmiyyətlərin bir araya gəlməsinə, tanınmış görkəmli xadimlərin, alimlərin, dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələri arasında ardıcıl dialoqların aparılmasına ehtiyac var.

 

Tarixi missiya

 

Belə faydalı təşəbbüslərin reallaşmasını öz üzərinə götürərək müxtəlif beynəlxalq tədbirlərə, eləcə də humanitar forumlara uğurla evsahibliyi edən Azərbaycan son illər bütün dünyada dialoq məkanı kimi tanınıb. Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində işə başlayan VI Bakı Beynəlxalq Humanitar Forumu da bu tarixi missiyanın davamıdır.

2010-cu ildən təşkil olunan forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. İndiyə qədər keçirilmiş ənənəvi forumların hər biri dövrümüzün ayrı-ayrı aktual problemlərinə həsr edilib. Aparılan diskussiyalara, əldə edilən nəticələrə əsaslanaraq bəşəriyyətə zəruri çağırışlar ünvanlanıb. Yerinə yetirilməsi vacib vəzifələr aktuallaşdırılıb və hər bir forumun nəticəsi də kifayət qədər faydalı olub. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyinin ifadəsi olan bu cür tədbirlər yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verir. Beləliklə, bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda müsbət dəyişikliklərin yaranmasına vəsilə olur.

Bakı Beynəlxalq Humanitar Forumunun artıq altıncı dəfə keçirilməsi onu göstərir ki, Azərbaycan bu gün beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox əhəmiyyətli ölkədir. 90-dan çox ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndənin, o cümlədən elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, siyasət, elm, mədəniyyət xadimlərinin qatıldığı VI Bakı Beynəlxalq Humanitar Forumu da 3-cü minillikdə xüsusilə mühüm maraq kəsb edən bir mövzuya həsr edilib: "Yeni dünyayeni insan formalaşdıraq: kreativlikinsan inkişafı”.

Dünyanın və insanın inkişafı məsələsi bütün dövrlərdə aktual olub. Qloballaşan dünyamızda isə mövcud təhsil və maarif sistemlərinin təkmilləşdirilməsi, mədəniyyətin və incəsənətin dəstəklənməsi, informasiya təhlükəsizliyinin təminatı, intellektual mülkiyyətin müdafiəsi və digər bu kimi aktual problemlər fonunda bu məsələ xüsusilə müstəsna əhəmiyyət kəsb edir. Əslində, dünyanın inkişafı da elə insanın inkişafından başlanır. VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdırmalı olan kreativ ideyaları və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayır. Ümimilikdə, forumun məqsədi dünyanın və insanın inkişafının hər kəs üçün ən əlçatan, uyğun yollarını tapıb göstərmək, qlobal çağırışlarla bəşəriyyəti bu doğru səmtə yönəltməkdir.

 

"Bakı prosesidavam edir

 

Həyata keçirdiyi məqsədyönlü siyasətin, irəli sürdüyü beynəlxalq təşəbbüslərin uğurları ilə təkcə Azərbaycan insanlarının deyil, ümumən bəşəriyyətin rifahına xidmət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış nitqində humanitar məsələlərin müzakirəsinin əhəmiyyətini bir daha diqqətə çatdırdı. Humanitar əməkdaşlığa xüsusi önəm verən ölkələrdən biri kimi Azərbaycanda bu məqsədlə keçirilmiş mötəbər beynəlxalq tədbirləri, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu, dünya dinləri liderlərinin Bakıda keçirilmiş zirvə görüşünü, dörd dəfə ölkəmizdə təşkil edilən Mədəniyyətlərarası dialoq forumunu xatırlatdı.

Prezident İlham Əliyevin qeyd etdiyi bu beynəlxalq humanitar əməkdaşlıq formatlarının hər biri bu il 10 illiyi tamamlanan "Bakı prosesinin tarixi nailiyyətləridir. Bu il "Bakı Prosesinin 10-cu ildönümünün qeyd edilməsilə bağlı dövlət başçısı tərəfindən xüsusi sərəncam imzalanmışdır. 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüştam 10 ildir ki, bu yolla uğurla reallaşdırılan "Bakı Prosesikimi nəcib bir təşəbbüsün irəli sürülməsi böyük iftixar doğurur. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ölkəmizin yüz illərlə formalaşdırdığı mədəni müxtəliflik, tolerantlıq, fərqli mədəniyyətlərə hörmət ənənələri dayanır.

Azərbaycan Prezidentinin forumdakı çıxışında da qeyd etdiyi kimi, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar: "Bu siyasət bu gündavam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. ...Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur”.

Ötən on il ərzində Azərbaycanda "Bakı prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər gerçəkləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın irəli sürdüyüböyük uğurla reallaşdırılan layihələr bu istiqamətdə qarşıya qoyulmuş hədəflərin əldə olunmasına xüsusilə böyük töhfə verib. Ümumdünya mədəniyyətlərarası dialoq forumlarının BMT və onun strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanması, 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun məhz Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsi idi.

Birləşmiş Millətlər Təşkilatı Baş katibinin 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı "Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan "Bakı prosesini xüsusi vurğulaması da qədim dövrlərdən bəri sivilizasiyalar arasında körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələrin beynəlxalq miqyasda etirafıdır.

 

Bizim məqsədimiz

 

Azərbaycan Prezidenti çıxışında ölkəmizin gördüyü bütün bu işlərin məqsədini, məramını kifayət qədər dəqiq ifadə etdi: "...Bütün bunların bir məqsədi var - sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsinbu təhlükəli meyillərin qarşısı alınsın”. Bu siyasətə uyğun olaraq Azərbaycan tarixi İpək yolunun bərpası, "Bakı-Tbilisi-Ceyhan”, "Bakı-Tbilisi-Ərzurum”, "Bakı-Tbilisi-Qars”, "Cənub qaz dəhlizi” kimi qlobal enerji-kommunikasiya layihələri ilə Şərqlə Qərbi təkcə maddi mənada bir-birinə bağlamır. Dünyada sülh və sabitliyə təkcə bu layihələrin qlobal iqtisadi-siyasi səmərəsi ilə fayda vermir. Şərq mədəniyyəti ilə Avropa dəyərlərini tarixən özündə qovuşduran müasir Azərbaycan cəmiyyəti Şərqlə Qərbi mədəniyyət müstəvisində də dialoqa çəkir. Hər iki qütbün ən müsbət xüsusiyyətlərinin tərcümanı rolunda çıxır edir.

2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı olan Bakıda 3 il sonra - 2012-ci ildə "Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə İslam Oyunlarının yüksək səviyyədə təşkili bunun bariz ifadəsidir. Bütün bunlara nail olmaq ilk baxışdan göründüyü qədər də asan deyil. Amma ölkə rəhbərliyinin ortaya qoyduğu siyasi iradə, nümayiş etdirdiyi qətiyyətli mövqe bəzən mümkünsüzümümkün edir. Bu, Azərbaycan dövlətinin tutduğu inkişaf yoludur. Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət, Azərbaycanın geosiyasi əhəmiyyəti, zəngin karbohidrogen ehtiyatları, müstəqil xarici siyasəti, çoxmədəniyyətliliyi özündə əks etdirməsi və ümumbəşəri dəyərlərə bağlılığı ölkəmizi yalnız humanitar və mədəniyyət məsələlərinin deyil, həmçinin regional siyasətin müəyyənləşdiyi mərkəzə çevirir.

Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə öz tarixi missiyasını bundan sonra da davam etdirəcəyini bəyan etdi: "Biz bu sahədə öz fəaliyyətimizi davam etdirəcəyik. Xüsusilə indiki şəraitdə ki, yenə də qeyd etmək istəyirəm, həm müsəlman aləmində, həm Avropada multikulturalizmlə, islam həmrəyliyi ilə bağlı gedən proseslər müəyyən mənada narahatlıq doğurur. Ona görə Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsi və bu foruma dünya birliyi tərəfindən yüksək qiymət verilməsi və diqqət yetirilməsi göstərir ki, belə tədbirlərə dünyada çox böyük ehtiyac var”.

Azərbaycan Prezidenti hesab edir ki, bu gün ölkəmizdə mövcud olan multikulturalizm mühiti, Azərbaycanın bu sahədə qazandığı təqdirəlayiq təcrübə bir çox ölkələrə gözəl nümunə ola bilər. Çünki Azərbaycan multikulturalizmin bəhrəsini gündəlik ictimai həyatında görür. Bu gün yurdumuzda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik o cümlədən bu dəyərlərə əsaslanır.

 

Azərbaycan örnəyi

 

2017-ci ilin ölkəmizdə "İslam həmrəyliyi ilielan edildiyini forum iştirakçılarının nəzərinə çatdıran Azərbaycan Prezidenti hazırda ölkəmizdə islam həmrəyliyinin tam bərqərar olduğunu bildirdi. Bu gün Azərbaycan müsəlmanlarının vəhdət namazı qılmalarını buna nümunə göstərdi: "Hesab edirəm ki, Azərbaycan bu sahədə müsəlman aləmində çox önəmli rol oynayır. Eyni zamanda, biz müsəlman aləminin diqqətini də bu sahəyə cəlb etməyə çalışdıq. Çünki əfsuslar olsun ki, biz müsəlman aləmində həmrəyliklə bağlı istədiyimizə nail ola bilməmişik. Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli meyillər ölkələr üçün böyük problemə, faciəyə çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə düşür. Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər islam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur”.

Bu cür qlobal forumlar Azərbaycanın özünün üzləşdiyi humanitar fəlakətin, ərazilərimizin 20 faizindən çoxunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalı nəticəsində yaşadığımız acıların, tarixi həqiqətlərimizin dünyaya göstərilməsi baxımından da çox mühümdür. Ölkə rəhbəri forumun açılış mərasimindəki çıxışında dünyanın bütün aparıcı beynəlxalq təşkilatlarının bu münaqişə ilə bağlı qərar və qətnamələrini, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini bir daha diqqətə çatdırdı. Ermənilərin ümumən bəşəriyyət əleyhinə törətdikləri Xocalı soyqırımından danışdı. Və bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır: "Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir”.

 

Şərq sivilizasiyasına bağlılıq, Avropa dəyərlərinə sadiqlik

 

Azərbaycanda keçirilən qlobal tədbirlərin siyasi, mənəvi, tarixi əhəmiyyəti öz yerində, belə tədbirlər Azərbaycanı həm də bütün dünyaya tanıdır. Ölkəmizdəki sabitlikinkişaf mühitini, sosial-iqtisadi yüksəlişi, abadlıq mənzərələrini, mədəni dəyərlərimizi bütün yer üzündə sərgiləyir. Ən əsası, dünya Azərbaycanın irəli sürdüyü humanitar təşəbbüslərin, bu cür beynəlxalq tədbirlərdə qarşıya qoyulan qlobal məqsədlərin hər biri üzrə ölkəmizdə mühüm nailiyyətlərin əldə edildiyinə şahid olur. Bu, VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusuna, məqsəd və məramına da aiddir. Bu gün Azərbaycanda insanın inkişafı üçün zəruri olan bütün fundamental azadlıqlar qanunla qorunur. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Ölkəmizdə azad internet fəaliyyət göstərir. Ardıcıl siyasi islahatlar iqtisadi islahatlara da böyük təkan verir. Cəmiyyətdə ictimai-siyasi sabitliyin mövcud olması, Azərbaycanın etibarlı tərəfdaş imici ölkəmizə böyük həcmdə xarici sərmayələrin axınına şərait yaradır. Respublikamızda yoxsulluğun səviyyəsi son 15 il ərzində 49 faizdən 5,4 faizə düşüb. İşsizlik problemi aradan qaldırılıb. Ölkəmiz forumun əsas mövzularından olan təhsillə bağlı da son illər ciddi nailiyyətlər qazanıb. Milli təhsil sistemimizin maddi-texniki bazası möhkəmləndirilib. Son 15 il ərzində 3000-dən çox məktəb tikilib, yaxud yenidən qurulub. Cəmiyyətdə müəllim nüfuzu yüksəlib, təhsilə, savadlanmağa, biliyə maraq artıb.

Vətəndaşlarımıza səhiyyə xidmətlərinin təşkili, insanlar arasında sağlam həyat tərzinin təbliği, idmanın populyarlaşdırılması istiqamətində də çox böyük uğurlarımız var. Azərbaycan bu gün innovativ inkişaf proseslərinə kifayət qədər həssas münasibət göstərir. Ölkəmizdə yüksək texnologiyaların tətbiqi genişləndirilir. Artıq 3-cü peykini də orbitə buraxan ölkəmiz dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür. Bu gün bütün dünyada bir Azərbaycan brendi kimi tanınan və böyük rəğbət doğuran "ASAN xidmət” kimi nümunələr, yenilənən sosial infrastruktur ölkəmizdə insanın inkişafına xidmət edir.

Xəzər regionunun aparıcı ölkəsi olan Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrin əsas söz sahibi olmaqla yanaşı, Qərbin Mərkəzi Asiyaya körpüsüdür. Böyük maraqların kəsişdiyi bu məkanda çoxmədəniyyətliliyin təmin edilməsi, proqressiv qanunvericiliyin mövcudluğu, Şərq sivilizasiyasına bağlılığın qorunması və Avropa dəyərlərinə sadiqlik müstəqil siyasət yeridən Azərbaycanı regionda getdikcə daha da möhkəmləndirir. Bütün bunlar eyni zamanda ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, insanlarımızın sosiallaşmasına böyük töhfə verir.

Prezident İlham Əliyev Azərbaycanın qısa müddətdə əldə etdiyi bu uğurların formulunu bir müddət əvvəl xarici mətbuata - Rusiyanın TASS İnformasiya Agentliyinə verdiyi müsahibəsi zamanı belə şərh etmişdi: "Zənnimcə, qısa şəkildə şərh etsək, millətlərarası, dinlərarası həmrəyliyin bu cür yüksək səviyyəsinə necə nail olmağımız onunla bağlıdır ki, biz bu barədə yalnız danışmırıq, həm də bu istiqamətdə düşünürük və fəaliyyət göstəririk. Əgər dünyada bu cür yanaşma üstünlük təşkil etsə, bu zəmində problem olmayacaq”.

Bəli, Azərbaycanın uğur formulu budur: sözlə əməlin vəhdəti.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2018.- 28 oktyabr.- S.1; 5.