Kosmik dövlət qurulmasına töhfə verən azərbaycanlı

 

O həm də Rusiyanın hərbi-sənaye kompleksində fövqəladə yenilikləri tətbiq edən unikal şəxslərdən biridir

 

Kosmosda dövlət? Əlbəttə, qımışacaqsınız ki, bu mümkün deyil, haqlı da olacaqsınız. Amma adını aşağıda çəkəcəyimiz bakılı balası ilk kooperator kimi Moskvaya gəlirsə və burada deyilənlərə görə qısa zamanda Leninqrad bazarını idarə edirsə, üstəlik də heç kimin ağlına gəlməyən gedişlərlə Rusiyada raket istehsalı ilə məşğul olan ən məxfi konsernin rəhbəri təyin edilirsə, niyə də kosmosa baş vurub orada şahlığını qurmasın?

Deyəcəksiniz ki, boğazdan yuxarı çənə söhbətidir, ucqar dağ kəndində darıxıb bulaq başına yığışan qız-gəlinin bəhsə-bəhs uydurduqlarıdır. Yenə də haqlı olacaqsınız. Amma uydurmaya, əfsanəyə bənzəyən bu uzun tarixçənin maraqlı sonu da odur ki, adam kişi kimi dediyini edib, 200 min nəfər vətəndaşı olan fəzavi "Asqardiya” dövlətini yaradıb. Bu il iyulun 25-də isə bu dövlətin 100-dən artıq parlamentarisi Venada ilk sessiyasına toplaşıb, ingilis siyasətçisi Lembit Opiki parlamentə spiker, bakılı balası da bu kosmik dövlətin ilk prezidenti seçilib!

Əslində, "Asqardiyakosmik dövləti həmyerlimizin son uğurudur. Söhbətə axırdan başladıq, amma geriyə, mövzunun əvvəlinə qayıtsaq, hər şey 1990-cı ildən, Aşurbəyli Moskvaya köçdükdən sonra baş verir. Uşaq da bilir ki, istənilən dövlətdə xüsusi təyinatlı silahların istehsalı ciddi məxfiliklə, 7 dəmir qapının arxasındakı sirr kimi qorunur. Yəni, quş quşluğu ilə bu sirlərin bir addımlığına da yaxınlaşa bilməz! Ora hər hansı başqa ölkə vətəndaşının nəinki rəhbər vəzifəyə gəlməsi, hətta sıravi işə düzəlməsi də mümkün deyil. Rusiya kimi min illik dövlətçilik ənənələri olan ölkədə isə zenit-raket komplekslərinin istehsalına azərbaycanlının rəhbərlik etməsi ümumiyyətlə, ağlabatan deyil!

Amma reallıq ondan ibarətdir ki, İqor Aşurbəyli Moskvada Leninqrad Rayon Partiya Komitəsinin iclaslarından birində zenit-raket kompleksləri istehsal edən "poçt qutusunun (yəni, yüksək məxfiliyi olan müəssisənin) baş direktoru ilə tanış olur. Onun müavini vəzifəsinə gəlir və tezliklə bu konsernin - dünya bazarına silah çıxaran 10 məşhur müəssisədən birinin sahibinə çevrilir. İnanmaq çətindir. Bu həm də ona görə mümkün deyil ki, Rusiyanın hərbi sənayesində ermənilər aparıcı gücə malikdir. Bu halda isə azərbaycanlı kooperatorun gurultulu karyerası ümumiyyətlə, müəmmalı və qaranlıq qalır.

Ona görə də buna inanmaq üçün Aşurbəylinin gördüyü işlərə və Rusiyanın hərbi-sənaye kompleksinə verdiyi töhfələrə qısaca da olsa nəzər yetirmək vacibdir. İqor Aşurbəyli Moskvaya üz tutanda M.Qorbaçovonun erməni əsilli məsləhətçiləri artıq qüdrətli bir dövlətin süqutuna start vermişdilər. "Yenidənqurma” adı altında çoxlarının sezmədiyi ağır siyasi proseslər gedirdi. Böyük bir dövlətin dağılması üçün xaricidaxili qüvvələr ciddi işləyirdi. Dağıtma prosesini sürətləndirmək üçün Sovet İttifaqının hərbi-sənaye kompleksinin çökdürülməsinə nail olmaq lazım idi. O zaman Rusiyanın hərbi sənayesində zenit-raket kompleksinin iki növü var idi: S-300P mövqe üçün və S-300V mobil qoşunlar üçün. Sovet İttifaqını çökdürmək, onun hərbi qüdrətini zəiflətmək üçün bütün strateji obyektləri hava hücumundan qoruya bilən mövqe zenit komplekslərini sıfırlamaq - fəaliyyətini dayandırmaq lazım idi. Bu addım bütün ittifaqın müdafiə sistemlərinin əvvəlki əzəmətini itirməsi ilə nəticələnərdi. Zenit-raket komplekslərini sıfırlamaq üçün isə S-300P komplekslərini təkmilləşdirən və döyüş qabiliyyətini saxlayan qurumlar maliyyə mənbələrindən məhrum edilməli idi. "AlmazElmi İstehsalat Birliyi əsas hədəfə çevrildi. O vurulmalı, dağıdılmalıydı.

Moskvada Kremldən o qədər də uzaq olmayanböyük sahəni əhatə edən "AlmazElmi İstehsalat Birliyi 1940-cı illərin sonunda Beriyanın fəal iştirakı ilə yaradılmışdı. Bu qurum məhz 1990-cı illərin əvvəlində az qalmışdı ki, bütün maliyyə mənbələrini itirib müflisləşsin. Amma eyni zamanda Kremldə və ola bilsin ki, hakimiyyət daxilində baş verənləri görən və ittifaqı dağılmaqdan xilas etməyə cəhd edən qüvvələr də mövcud idi. Ona görə də elə bir varlı adam lazım idi ki, ali vətəndaşlıq hisləri naminə "Almaza sahib çıxsın və yeri gələndə uf demədən sərvətindən keçə bilsin. Moskvada əli pula təzə toxunanonun tamından başı gicəllənən yeni milyarderlərin arasında belə bir adamı tapmaq asan deyildi. Məhz belə bir məqamda, şayiələrə görə, ciddi kapitala malik olan Aşurbəylini yada salırlar. İldırım sürəti ilə müflisləşən elmi istehsalat birliyinin rəhbərliyi Aşurbəyli ilə Leninqrad Rayon Partiya Komitəsinin dəhlizlərində rastlaşır. Rusiya müdafiə sənayesi tarixinə həkk olunan fakt odur ki, bütün ölkə və müdafiə sənayesi üçün ən ağır vaxtda İqor Aşurbəyli sərvəti ilə risk edərək "Almaz”ı idarə edən rəhbərlərdən birinə çevrilir. Rusiya mətbuatı bu günxüsusi məxfiliklə qorunan təşkilata Aşurbəylinin gəlişinin sirlərini açmaqda çətinlik çəkir və Rusiya təhlükəsizlik orqanlarını ittiham edir ki, atası xarici ölkələrdən birində yaşayan, anası da Rusiya vətəndaşı olmayan belə bir adam necə olur ki, Rusiya kimi dövlətdə sirlərlə qorunan məxfi idarəyə rəhbər gəlir və hamı buna göz yumur? Axı bu mümkün olan deyildi! Amma heç kimbilmir ki, məhz Aşurbəylilər nəsli zadəganlığı, xeyriyyəçiliyi ilə tarixən seçilirdi. Aşurbəyli dövlətin maraqları naminə sərvətini itirməkdən qorxan adam deyildi.

Beləliklə, Aşurbəyli menecer kimi bu təşkilatda fəaliyyətə başlayanda müəssisənin borcu 160 milyard rublu keçmişdi! Buna baxmayaraq, İqor qollarını çırmalayıb işə girişir. Aşurbəylinin təklifi ilə yeni hava hücumundan müdafiə sistemləri üzərində güclənir, elmi istehsalat birliyinin ərazisində logistika sistemi yaradılır, anbarlar icarəyə verilir, mağaza açılır, Avropada ən uzun piştaxtası olan gecə barı qurulur. Müflisləşən müəssisənin ətrafında pullar fırlanmağa başlayır. Aşurbəyli onu ittiham edən opponentlərinə izah edir ki, bütün işlər qanun çərçivəsində görülür. Bugünün özündə də "azərbaycanlı tacir”ə Rusiya müdafiə sisteminin ən müqəddəs məbədi "Almazda "çıxardığı oyunları” bağışlaya bilməyən və mətbuatda onu aramsız ittiham edənlər var. Aşurbəyli isə təmkinlə izah edir ki, o, "Almazı” özəlləşdirməmişdi, faktiki olaraq dövlət özü ondan imtina etmişdi. Məhz onun atdığı addımlar borcları qaytarmağa, kollektivin maaşlarını ödəməyə və hətta qurumu qaldırmağa imkan verdi. Ən vacibi isə o idi ki, ölkənin müdafiə sistemlərinin dağıdıldığı bir zamanda İ.Aşurbəyli "Almaz” müəssisəsinin düşünən beynini - ixtiraçılar bürosunu nəinki qorudu, hətta ortaya yeni məhsul da çıxardı. Hava hücumundan müdafiə qoşunları üçün bütün rəqiblərini şoka salan yeni S-400 "Triumfsistemi hazırlandı və sınaqdan keçirildi.

Lakin bütün görülən işlərə baxmayaraq, Aşurbəyliyə qarşı Rusiya mətbuatında sərt çıxış edən, onu az qala xəyanətdə suçlayan ciddi qüvvələr də mövcuddur. Onun kölgəsini aramsız olaraq qılınclayan və böyük məhəbbətlə dəmir barmaqlıqlar arxasında çürüməsini dəlicəsinə gözləyənlər var. İnternet resurslarında Aşurbəylini az qala vətənə xəyanətdə ittiham edən yazıların sayı-hesabı yoxdur. Hələ bir başlıqlara nəzər yetirin: "Varidat necə yaradılır və ya İqor Aşurbəyli paradoksu - prokurorların diqqətinə”, "Rusiya DİN-in 4-cü idarəsi İqor Aşurbəylinin fırıldaqları işini araşdırmaqda davam edir”, "Xamovnik rayon məhkəməsi Aşurbəyliyə İqor Korotçenkonun vəkilinin xərclərini ödətdirdi”, "Aşurbəyli və onun "AlmazEİB-in əmlakı ilə fırıldaqları haqqında”...

Bu yazılar haradasa 2014-cü ilədək Rusiya mətbuatında dərc edilib. Məntiqlə düşünəndə bu təqiblərin arxasında erməni diasporunun dəstəyinin olduğunu ehtimal etmək mümkündür. Lakin internet resurslarındakı araşdırmalarımız bizə bu yönümdə ip ucu vermədi. Aşurbəyli Rusiyanın hərbi qüdrətini qorumaq adı altında üstünə yeriyən opponentlərinin ittihamları qarşısında geri çəkilmədi. Uzun illər onu həbsə atmağa çalışanların arzusu ürəyində qaldı. Rəqibləri Rusiya mətbuatında onu Qərbin agenti, xüsusi təyinatlı xəfiyyə, Mərkəzi Kəşfiyyat İdarəsinin ən hiyləgər kəşfiyyatçısı kimi "titullarla damğalayır və küy salırdı ki, ondan yana Butırka türməsi də, Lefortovo siyasi həbsxanası da hönkür-hönkür ağlayır. Aşurbəyli nə Butırkaya aparıldı, nə də Lefortov siyasi həbsxanasının zirzəmisinə salındı. Onu heç Petrovka 38-də də dindirən olmadı. Hara dartmaq, hara atmaq istəsələr də, o, dəyirmanın gözündən ölü girib diri çıxdı. Aşurbəyliyə qarşı ən sərt ittihamlarla çıxış edən tanınmış hərbi ekspert, bir ovuc medalın və mükafatların sahibi İqor Korotçenkonun səyləri heç bir nəticə vermədi. Korotçenko illərlə Aşurbəyliyə qara yaxmaqdan, müxtəlif KİV-də onu ağlabatanbatmayan günahlarda ittiham etməkdən bircə an əl çəkmədi. Gurultulu ittihamların sədası Rusiya mətbuatından xarici KİV-ə də adlamışdı. Onun həbsə atılması, xüsusi rejimlə koloniyalara salınması tələbi qəzetlərin və internet resurslarının manşetlərinə çıxarılırdı.

Bəs Aşurbəylinin arxasında kim dayanmışdı, o hansı səviyyədə və kim tərəfindən müdafiə edilirdi? "Arqumentı i faktı” qəzeti bu yaxınlarda dərc etdiyi yazıda adının çəkilməsini istəməyən Rusiya müdafiə sənayesinin veteranlarından birinin məhdud dairədəki söhbətinə istinadən yazır ki, əgər Rusiya Federal Təhlükəsizlik Xidmətinin əlində Aşurbəylinin fəaliyyəti ilə bağlı kiçicik bir fakt belə olsaydı, onu çoxdan qandallayıb içəri atardılar: "Aşurbəylini heç kim ideallaşdırmır, "Almaz”ın rəhbərliyi çirkli qüvvələrə də tabe olmağa hazır idi, təki elmi istehsalat müəssisəsini xilas etsin və S-400 layihəsini başa çatdırsın. Zaman belə qarışıq idi”. Qəzet onu da etiraf edir ki, Aşurbəylinin yerində yalnız öz qazancını güdən başqa birisi olsaydı, "Almazçoxdan müflis olmuşduelmi istehsalat birliyindən bu günə qara çöp də qalmazdı. Rusiyanın müdafiə sənayesində aqibəti acınacaqlı qurtaran müəssisələr kifayət qədərdir.

Yuxarıda qeyd etdiyimiz kimi, Aşurbəyli haqqında çıxan tənqidi məqalələrin sayı-hesabı yox idi. Müqəddiməsiz-filansız birbaşa yazırdılar ki, ölkənin ən nəhəng müdafiə müəssisəsinə ingilisAmerika casusueyni zamanda Rusiyanın ən məxfi sirlərinin daşıyıcısı başçılıq edir.

Tənqidi çıxışların yaylım atəşindən Aşurbəylini qoruyan kim idi? Rusiya tarixində belə ciddi təqiblərə və mətbuatın aramsız hücumlarına məruz qalan şəxsin sağ qalmasının özüçox maraqlıdır. Məntiqə görə, bu, mümkün deyildi, amma bu ilin yayında onun haqqında "Arqumentı i faktı” qəzetinin yazdığı geniş məqalədə sanki bütün ittihamlara cavab verilir. Bu yazını Aşurbəylinin müdafiəsinin təşkili kimianlamaq mümkündür. Məqalə ona işarədir ki, Rusiya bu şəxsin fəaliyyətini yüksək qiymətləndirir və onun ölkənin müdafiə sənayesinin intibahı üçün gördüyü işləri layiqincə dəyərləndirir.

Lakin müəmmalı qalan bir suala da tam cavab axtarmaq lazımdır. Necə oldu ki, Aşurbəyli Rusiya müdafiə sənayesinin ən ağır dönəmində ən məsul vəzifəyə təyin edildiona bütün məxfiliklərə qoyulan qadağalara rəğmən rus dövlətinin ana sirri etibar edildi? Onu aramsız tənqid edən rusiyalı opponentləri bu suala cavab tapmaqda çətinlik çəkirlər. Lakin Aşurbəylilər nəslinin ümumi tərcümeyi-halı müəyyən məqamlara aydınlıq gətirə bilər.

Abbasqulu ağa Bakıxanov Aşurbəlilər nəslinin türk afşar tayfalarına aid olmasından yazır. Bakı Rusiya tərəfindən işğal edildikdən sonra Aşurbəylilər nəsli-nəcabəti olan zadəganlar kimi qeydə alınır. Bu nəsildən olan Hacı-Mehdiqulu bəy 1894-cü ildə Bakı şəhərinin zadəganlarının nümayəndələri ilə birlikdə Moskvaya II Nikolayın tacqoyma mərasiminə göndərilir. Rus imperatoruna bağışlanan hədiyyələrin içində Aşurbəylinin apardığı qiymətli daş-qaşlarla bəzədilən bahalı xəncər də olur. Hədiyyədən məmnun qalan imperator Hacı Mehdiqulu bəyi Müqəddəs Stanislav ordeni ilə mükafatlandırır. Bu nəslin başqa bir təmsilçisi Nabat xanım Qoca bəy qızı milyonlara sahib xeyriyyəçi idi, Şollar suyunun çəkilişində, xəstəxanaların, Təzəpir məscidinin tikintisində və maliyyələşdirilməsində iştirak etmişdir. Aşurbəyli nəslinin başqa bir nümayəndəsi Hacı İbrahim Əjdər bəy də yaxşı xeyriyyəçi varlılardan olub. Az-çox varidatı olan Aşurbəylilər xeyriyyəçiliyi daim yaxşı əməllərin ən ucası sayıblar. Moskvada 1990-cı illərdə yeni milyarderlər sərvətlərini dövlətin qorunmasına xərcləməkdə xəsislik edəndə İqor Aşurbəyli düşünmədən qabağa düşür. Onun vəzifəyə necə təyin olunması üzərində baş sındıran opponentlərinin bu sadə faktlardan xəbərləri yoxdur. Minillik tarixi olan dövlət üçün imperatorun tacqoyma mərasimində ləyaqətlə iştirak edən azərbaycanlının törəmələri də yad deyil. Lazım gələndə o nəslin təmsilçilərinə ən məxfi sahə də etibar edilə bilər.

İ.Aşurbəyli 10 il "Almaz-Anteybaş konstruktor bürosu sisteminə rəhbərlik etdi. Rusiyanı hava hücumundan qalxan kimi qoruyan S-300 və S-400 raketdən müdafiə sistemlərinin istehsalında vacib rol oynadı. O, Rusiya Hava Kosmik Müdafiə üzrə Ekspert Şurasının sədridir. Onun rəhbərliyi altında istehsal olunan "S-300” raketləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin döyüş arsenalına daxildir. İqor Aşurbəyli texnika elmləri doktoru, A.Proxorov adına Mühəndis Elmləri Akademiyasının və Hərbi Elmlər Akademiyasının həqiqi üzvüdür, yüzdən artıq elmi əsərin, bir ensiklopediyanın və iki monoqrafiyanın müəllifidir. Onun elmi nailiyyətləri Rusiya Federasiyasında müxtəlif orden, medal və fəxri titullarla mükafatlandırılmışdır.

 

Bahadur İMANQULİYEV

Azərbaycan.- 2018.- 28 oktyabr.- S.5.