“İdeyadan Biznesə” startap turlarının respublika
üzrə qalibləri seçilib
Bu ilin aprel ayından etibarən icrasına başlanılan “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının finalı olub.
AZƏRTAC xəbər verir ki, “İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən final mərasimində dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, startapçılar və tələbələr iştirak edib. Qonaqlar ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan innovativ məhsul və xidmətlərin nümayiş olunduğu “İnnoEkspo” sərgisinə ekskursiya edib, “Azərmarka” MMC-yə məxsus stenddə sərgilənən marka və suvenirlərlə tanış olublar.
Daha sonra startap turunun
final mərhələsi başlayıb. İlk öncə
8 regionu əhatə edən startap marafonuna dair videoçarx nümayiş
olunub.
Qonaqları salamlayan tədbirin aparıcısı, Xalq artisti Murad Dadaşov
layihə iştirakçılarına
uğurlar arzulayıb.
Layihənin reallaşdırılmasına
dəstək olan Heydər Əliyev Fondunun Regional İnkişaf
İctimai Birliyinə,
Azərbaycan Gənclər
Fonduna, Birləşmiş
Millətlər Təşkilatının
İnkişaf Proqramına,
“Microsoft” və “Azercell”
şirkətlərinə, eyni
zamanda, ali təhsil müəssisələrinin
rəhbərlərinə yaratdıqları
şərait üçün
təşəkkürünü bildirən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə
qeyd edib: “Yeddi ay ərzində respublikanın ayrı-ayrı
şəhər və
rayonlarında keçirilən
startap turuna 2 mindən çox iştirakçı qatılıb.
Ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb”.
“Ölkəmizin
16 ali, 3 ümumtəhsil
müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində
startap turları keçirilib. Biz çox
şadıq ki, gənclərimiz, tələbələrimiz
innovativ inkişafa böyük maraq göstərirlər. Çünki müasir dövrdə innovativ düşüncəli
gənclərə böyük
ehtiyac var. Məhz bu səbəbdən ölkəmizdə gənclərin
intellektual səviyyəsinin
artırılması, onların
elmə, təhsilə,
innovativ düşüncəyə,
texnologiyalara və rəqabətədavamlı biliklərə
yiyələnməsinə xüsusi
önəm verilir.
Bugünkü tədbir onu göstərir ki, gənclərimiz informasiya
texnologiyalarından, internetdən
yalnız əyləncə,
bilik almaq üçün yox, həmçinin biznes ideyalarının reallaşdırılması
üçün də
istifadə edirlər. Bildiyiniz kimi,
nazirliyin fəaliyyət
istiqamətlərindən biri
də innovativ inkişafa dəstək verməkdir. Nazirlik İnformasiya
Texnologiyalarının İnkişafı
Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı vasitəsilə startaplara biznes ideyalarının reallaşdırılmasına dəstək
verir. Startap hərəkatını genişləndirmək,
gənclər arasında
innovativ düşünmə
tərzini inkişaf etdirmək, gəncləri
aktiv şəkildə
bu prosesə cəlb etmək üçün müxtəlif
layihələr, təlimlər,
müsabiqələr keçiririk”,
- deyə nazir vurğulayıb.
Ramin Quluzadə layihə çərçivəsində nazirliyin koordinatorluğunda
informasiya və kommunikasiya texnologiyaları
sahəsində “İnvestorlar
klubu” yaradıldığını
da xatırladıb. O bildirib
ki, “İnvestorlar klubu” informasiya və kommunikasiya texnologiyaları sahəsində
investisiya mühitinin yaxşılaşdırılması və özəl sərmayələrin düzgün
istiqamətləndirilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin,
eləcə də innovasiyaların tətbiqinin
genişləndirilməsi istiqamətində
fəaliyyət göstərəcək.
“Bu klub, həmçinin startapçıların
ideyalarının reallaşdırılmasına
dəstək ola bilər. Biz startap hərəkatının
daha da genişləndirilməsi,
ölkəmizdə innovasiya
ekosisteminin formalaşdırılması
və inkişaf etdirilməsi istiqamətində
fəaliyyətimizi bundan
sonra da davam etdirəcəyik”, - deyə nazir əlavə edib.
Daha sonra R.Quluzadə finalda yarışacaq komandalara uğurlar arzulayıb.
Tədbirin davamında 15 finalçı
müəyyən olunmuş
ardıcıllıq üzrə
layihələrini 3 dəqiqə
ərzində münsiflər
heyəti qarşısında
təqdim etdikdən sonra onlara ünvanlanmış
sualları cavablandırıblar.
Təqdimatlardan sonra bütün komandalar startap turunda fəal iştiraklarına görə
sertifikatlarla təltif
edilib.
Münsiflər heyətinin qərarı ilə startap turunun respublika üzrə qalibləri “Gonex” (I yer), “Smart Reaktor” (II yer) və “Noahland” (III yer) komandaları olub.
“Gonex” – Bakı Mühəndislik Universitetinin tələbələrinin
layihəsidir. İnformasiya Texnologiyaları üzrə
onlayn və real layihələr üzərində
çalışaraq təcrübə
əldə edə bilmək üçün
unikal platformadır.
Sumqayıt şəhərini təmsil
edən “Smart Reaktor” layihəsi isə tullantılardan alternativ enerji əldə edilməsinə yönəlib.
Naxçıvanı təmsil edən “NoahLand” layihəsi ekstremal idman növlərinin və düşərgələrin bir
portalda cəmləşdirilməsinə
xidmət edir.
Birinci yerin qalibi 10 min manat, ikinci yerin qalibi
5 min, üçüncü yerin qalibi isə
2500 manat məbləğində
mükafatlandırılıb.
“Azercell”,
“Microsof Azərbaycan” şirkətləri və
“Kapital Bank” startapçılar
arasından ən çox bəyəndikləri
layihələrə hədiyyələr
təqdim ediblər.
Belə ki, “Azercell” şirkəti “Mayak”, “Microsoft” şirkəti
“Xilaskar Qolbaq”, “Kapitalbank” “Şəki tur” və “Guide to” layihələrini seçərək
mükafatlandırıb.
Milli finalda qalib gələn
layihə sahibləri dekabrın 4-7-də təşkil
ediləcək XXIV “Bakutel”
Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində
layihələrini təqdim
etmək imkanı da əldə ediblər.
“İdeyadan
Biznesə” layihəsi
çərçivəsində startap turlarının növbəti illərdə
də davam etdirilməsi nəzərdə
tutulub.
Azərbaycan.- 2018.-28 oktyabr.- S.6.