Qax şəhərində əhalinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı dövlət
proqramlarının yerinə yetirilməsi nəticəsində
Qax rayonunda sosialyönümlü bir sıra layihələr həyata
keçirilmiş, o cümlədən Olimpiya İdman
Kompleksi, Bayraq Muzeyi, "İçəribazar” Qala Kompleksi, əlil
və şəhid ailələri üçün ümumilikdə
68 mənzilli 3 yaşayış binası inşa edilmiş,
rayon Mərkəzi Xəstəxanası, rayon Mədəniyyət
Mərkəzi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi
əsaslı təmir olunmuş, ən müasir tələblərə
cavab verən turizm obyektləri, 21 yeni ümumtəhsil məktəbi
istifadəyə verilmişdir. Bundan başqa, şəhərin
su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat
infrastrukturu yaxşılaşdırılmış, "Ulu
Aqro” MMC-nin aqroparkı və digər iri istehsal müəssisələri
yaradılmış, 7 mindən çox yeni iş yeri
açılmış, genişmiqyaslı abadlıq-quruculuq
işləri görülmüşdür.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Qax şəhərində istismar müddəti başa
çatmış 3 ikimərtəbəli binanın sakinlərinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə qərara
alıram:
1. Qax şəhərində
istismar müddəti başa çatmış çoxmənzilli
binaların sakinlərinin mənzil-məişət şəraitini
yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli
yaşayış binasının tikintisi üçün Qax
Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon manat
ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 30 oktyabr.-
S.7.