Miniatür Kitab Muzeyinin yeni nəşri
Son 15 ildə Azərbaycan dövlətinin keçdiyi inkişaf yolu xalqımızın sosial-mədəni həyatında da özünün geniş əksini tapmaqdadır. Artıq nəinki regionda, Avropa və dünyada söz sahibi olan Azərbaycanın bu yüksəlişi birbaşa dövlət başçısının daxili və xarici siyasətinin uğurlu nəticəsidir.
Cənab İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsi xalqın öz iradəsinin ifadəsi kimi tarixin siyasi səhifələrinə zəngin faktlarla yazıldı. Cənab
İlham Əliyev 18 aprel 2018-ci il tarixində Milli Məclisdə and içərkən keçilən yola nəzər salaraq demişdir: "...Hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim”...
Bu sətirlər Miniatür Kitab Muzeyinin nəşr etdirdiyi "İlham Əliyevin andiçmə mərasimində nitqi”ndəndir. Dünyada analoqu olmayan Miniatür Kitab Muzeyi dövlət başçısının andiçmə mərasimində söylədiyi nitqini nəfis tərtibatda oxuculara təqdim edib.
Miniatür Kitab Muzeyinin Bakıda fəaliyyət göstərməsi də ulu öndər Heydər Əliyevin mədəniyyətə qayğısının nəticəsidir. Muzeyin ölkəmizə səfər edən əcnəbi qonaqlarının daim diqqətini özünə cəlb etməsi də təsadüfi deyil. Bu muzeydə dünyanın məşhurları haqqında söz açan və nadir hesab edilən incilər qorunub saxlanır. Fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan tarixi və mədəniyyətinin təbliğatçısına çevrilən muzeyin vaxtaşırı nəşr etdiyi miniatür kitablar beynəlxalq miqyasda tanınır və yüksək dəyərləndirilir.
Bu il də muzey ənənəsinə sadiq qalıb: Azərbaycan Prezidenti İlham Əliyevin 18 aprel 2018-ci il tarixində Milli Məclisdəki andiçmə mərasimindəki nitqi Azərbaycan, rus və ingilis dillərində, 38x53 mm ölçüdə, 384 səhifədən ibarət miniatür kitab şəklində işıq üzü görüb. Yeni nəşrdə 9 fotoşəkil yerləşdirilib.
Xüsusi tərtibatlı, zəngin məlumatlı, supercildli, "İndiqo” mətbəəsində 100 nüsxədən ibarət nəşr edilən "İlham Əliyevin andiçmə mərasimində nitqi” kitabının forzasında Azərbaycan xəritəsinin verilməsi diqqəti ilk andaca cəlb edir. Supercildin üz qabığında Prezident
İlham Əliyevin 18 aprel 2018-ci il tarixində Milli Məclisdəki andiçmə mərasimindən şəkli verilib.
Xatırladaq ki, Miniatür Kitab Muzeyi kolleksiyası dünyada zənginliyi ilə seçilir və birinci yerdədir. Məhz ona görə "Ginnes Dünya Rekordları” kitabına daxil edilib. 30 ildən artıq müddətə formalaşan və 38 şüşə vitrində sərgilənən kolleksiyaya dünyanın 70-ə yaxın ölkəsində nəşr edilən 5700-dən çox miniatür kitab daxildir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2018.-31 oktyabr.- S.8.