Uşaqlara
qayğı Heydər Əliyev Fondunun fəaliyyətinin
prioritet istiqamətlərindən biridir
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki şəhərində qarışıq tipli uşaq evi üçün inşa olunan yeni binanın açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım uşaq evinin rəmzi açılışını bildirən lenti kəsdilər.
Son illər həyata keçirilən tədbirlər sırasında körpələrə və kimsəsiz uşaqlara göstərilən yüksək qayğı böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölkəmizdə bu sahədə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanaraq həyata keçirilir. Bu vacib tədbirlər ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, bilikli, savadlı, geniş dünyagörüşünə malik gənc nəslin yetişdirilməsinə yönəldilib. Dövlət səviyyəsində həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, son dövrlərdə uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulub, regionlarda müasir tələblərə cavab verən uşaq bağçaları və məktəblər tikilib.
Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğı Heydər Əliyev Fondunun da fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyənlərin gələcəyi, sağlamlıq imkanları məhdud və kimsəsiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlərin çox böyük əhəmiyyəti var.
Məlumat verildi ki, Şəki şəhər qarışıq tipli uşaq evinin Gənclər küçəsində yerləşən əvvəlki binası 1897-ci ildə şəkili tacir Hacı Zülqədər Zülfüqarov tərəfindən şəxsi yaşayış evi kimi inşa olunub və 1930-cu ilədək bu məqsədlə istifadə edilib. 1930-cu ildən həmin binada Şəki şəhər qarışıq tipli uşaq evi fəaliyyət göstərirdi. Uşaq evinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğundan və mövcud infrastruktur rahat məskunlaşmaya imkan vermədiyindən burada uşaqlara lazımi səviyyədə xidmət göstərmək mümkün deyildi. 2017-ci ildə Heydər Əliyev Fondunun nümayəndələri Şəki qarışıq tipli uşaq evinin binasının mövcud şəraiti ilə tanış olublar. Uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyə və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni binanın inşasına başlanılıb. Şəki şəhərində uşaq evinin binası üçün ayrılan bir hektar ərazidə ümumi sahəsi 2 min kvadratmetrdən çox olan ikimərtəbəli bina inşa edilib.
Binanın layihələndirilməsi zamanı uşaq evində məskunlaşacaq uşaqların təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili baxımından infrastrukturun qurulması əsas götürülüb. Eyni zamanda, tikinti prosesində Şəki şəhərinin memarlıq üslubunun qorunub saxlanılmasına diqqət yetirilib. Belə ki, binanın fasadı və hasar Şəki şəhərinin memarlıq üslubuna uyğun olaraq üzlük daşlarla üzlənib.
Bildirildi ki, uşaq evi bütün yaş qrupları üzrə 80 yerlikdir. Şəki rayonu ilə yanaşı, ətraf bölgələri də əhatə edən uşaq evində hazırda valideyn himayəsindən məhrum olan 3 yaşdan 20 yaşadək 60 nəfər məskunlaşıb. Binada oğlanlar və qızlar üçün ayrı bölmələrdə yerləşən, zəruri inventar və avadanlıqla təchiz edilən 2, 3 və 4 nəfərlik yataq otaqları, dayə otaqları, kitabxana, kompüter otaqları, musiqi otağı, emalatxana, idman zalı, həkim və tibb bacısı otaqları, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət otağı, mətbəx, yeməkxana və camaşırxana var. Burada, eyni zamanda, məktəbəqədər yaş qrupları üçün 20 yerlik uşaq bağçası da fəaliyyət göstərir.
Şəki qarışıq tipli uşaq evinin də yeni binasının Heydər Əliyev Fondu tərəfindən müasir səviyyədə inşa olunması bir daha sübut edir ki, Fond bu istiqamətdə dövlətin icra etdiyi layihələrə sanballı töhfələr verir. Bu layihənin icrası aydın şəkildə göstərir ki, humanizm, insani dəyərlərə hörmət, dinindən, dilindən, cinsindən, yaşından asılı olmayaraq hər kəsə diqqət göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində əsas prinsiplərdən biridir.
Uşaq
evinin ərazisində açıq havada min kvadratmetr
sahəsi olan idman
meydançası qurulub. O
cümlədən uşaqların açıq havada istirahətini təmin etmək məqsədilə
kölgəliklər və kiçik
yaşlı uşaqlar üçün
oyun meydançası yaradılıb.
Ərazidə yaşıllıq zonası salınıb,
müxtəlif meyvə ağacları və digər ağaclar əkilib. Binanın yerləşdiyi
ətraf ərazi abadlaşdırılaraq asfalt
və daş döşənib,
işıqlandırma sistemi
quraşdırılıb. Binada inzibati-təsərrüfat
tələblərini ödəyən zirzəmi inşa olunub, daimi su, istilik
və soyutma sistemi, generator, stabilizator, eləcə
də yanğınxəbərverici və videomüşahidə
sistemləri qurulub. Heydər Əliyev Fondu tərəfindən uşaq
evinə müvafiq avadanlıq və avtobus hədiyyə edilib.
Azərbaycan.- 2018.-30 oktyabr.- S.6.