Türkiyə Respublikasının Prezidenti
Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türkiyə Respublikasının
yaranmasının 95-ci ildönümü münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı
şəxsən öz adımdan və Azərbaycan xalqı
adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün qardaş Türkiyə
özünün hərtərəfli və dinamik
inkişafı ilə dünyanın ən qabaqcıl ölkələri
sırasında qərar tutmuşdur. Sizin rəhbərliyinizlə
həyata keçirilən islahatlar, irimiqyaslı infrastruktur
layihələri ölkənin iqtisadi qüdrətinin gündən-günə
artmasına xidmət edir. Türkiyə, həmçinin
dünyada və regionda cərəyan edən proseslərdə
fəal rol oynayaraq qətiyyətli mövqe nümayiş
etdirir.
Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, ikitərəfli münasibətlərimizin əsasını təşkil edən müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bundan sonra da bütün nailiyyətlərimizi şərtləndirən başlıca amil olacaqdır.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr
2018-ci il.
Azərbaycan.- 2018.- 30 oktyabr.-
S.7.