Azərbaycan - Türkiyə münasibətləri
bir-birinə eyni köklərlə bağlı
olan xalqlarımızın
iradəsindən qaynaqlanır
Türkiyə Respublikasının yaranmasının
95-ci ildönümü münasibətilə
Bakıda rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər
verir ki, Türkiyənin Azərbaycandakı
səfirliyinin təşkil
etdiyi rəsmi qəbulda əvvəlcə
Azərbaycanın və
Türkiyənin dövlət
himnləri səsləndirilib.
Səfir Erkan Özoral tədbirdə Türkiyə
Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin
yaranmasının 95-ci ildönümü
münasibətilə xalqa
müraciətini oxuyub.
Müraciətdə Türkiyə xalqını
Cümhuriyyət bayramı
münasibətilə təbrik
edən Prezident müstəqilliyin qazanılması
yolunda qəhrəmanlıqlar
göstərən hər
bir türk övladının xatirəsinin
ehtiramla anıldığını
bildirir. Qeyd edilir ki, 2016-cı il 15 iyun
dövlət çevrilişinə
cəhd və terrorla mübarizə zamanı canlarından keçmiş bütün
qəhrəman vətən
övladlarının əziz
xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
Türkiyə Prezidenti müraciətində
güclü demokratiya
və iqtisadiyyat yolunda atılan hər addımı ölkənin parlaq gələcəyi üçün
yandırılan bir işıq kimi dəyərləndirdiyini bildirərək
İstanbulda istifadəyə
verilən yeni hava limanının da bu işıqlardan
biri olduğunu vurğulayıb.
Türkiyənin hər bir uğurunun bölgədəki və dünyadakı bütün
məzlumların ürəyindəki
ümidləri canlandırdığını
bildirən Prezident deyib: "Məhz bu səbəbdəndir ki, ölkəmizin iqtisadiyyatı dünyanın
17 ən böyük iqtisadiyyatından biri olduğu halda, humanitar yardımlar məsələsində ilk sıradadır.
Hər kəsin qapısını
bağladığı qaçqınlara
evini, ürəyini açan Türkiyə olmuşdur”.
Müraciətinin sonunda Prezident 95 illiyinin qeyd edildiyi Türkiyə Cümhuriyyətinin əbədi
yaşaması üçün
bundan sonra da tam gücləri ilə çalışacaqlarını
diqqətə çatdırıb.
Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov rəsmi qəbulda çıxış edərək
Türkiyə Respublikasının
95-ci ildönümü münasibətilə
Azərbaycan Respublikasının
Prezidenti və Hökuməti adından qardaş Türkiyə xalqını və dövlətini təbrik edib, Türkiyəyə davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıb.
"Bu gün
Türkiyə xalqı
Cümhuriyyətin 95 illiyi
ilə yanaşı, daha bir bayramı
- tarixi İstanbul şəhərində yeni
hava limanının açılışını qeyd edir. Bu, nəinki Türkiyədə,
eləcə də dünyada həyata keçirilən nəhəng
layihələrdən biridir.
Bu mühüm hadisə
münasibətilə də
Türkiyə xalqını,
Prezidentini təbrik edirik”, - deyə Azərbaycanın Baş naziri vurğulayıb.
Baş nazir Novruz Məmmədov
qeyd edib ki, Azərbaycan-Türkiyə
münasibətləri milli,
mənəvi və mədəni dəyərləri
ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən
qaynaqlanır. Hazırda dünyada bir-birinə
bu qədər yaxın olan ikinci bir nümunə
göstərmək mümkün
deyil. Bu mənada türk dünyasının böyük
oğlu Mustafa Kamal Atatürkün "Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” ifadələri münasibətlərimizin
əsl mahiyyətini əks etdirir.
İftixarla qeyd etmək lazımdır ki, Qurtuluş savaşından
sonra çox mürəkkəb və ziddiyyətli bir beynəlxalq vəziyyətdə
Türkiyə Cümhuriyyətinin
elan edilməsi XX əsrin ən mühüm hadisələrindən
idi. Keçən dövr ərzində
Türkiyə Cümhuriyyəti
hərtərəfli inkişaf
edərək çox
böyük və şərəfli yüksəliş
yolu keçmiş, ən qabaqcıl dövlətlərlə bir
sırada layiqli yerini tutmuşdur.
Azərbaycanın Baş naziri qeyd edib ki,
dünyanın siyasi xəritəsində mühüm
mövqeyə malik Türkiyə XXI əsrin əvvəllərindən regionda
və dünyada əsas söz sahiblərindən birinə
çevrilib. Təsadüfi deyil ki, Türkiyə "Böyük
İyirmilik” ölkələri
içərisində ən
sürətlə inkişaf
edən iqtisadiyyata malik ölkələrdən
biridir.
Novruz Məmmədov deyib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət
Türkiyə olub. Müstəqilliyin ilk illərindən etibarən
Türkiyə Azərbaycanın
dövlət quruculuğu
yolunda atdığı
addımları daim dəstəkləyib, böyük
dövlətlərin iştirak
etdiyi tədbirlərdə
Azərbaycan naminə
haqq səsini ucaldıb.
"Ölkəmizin
ən ağrılı
problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində
Türkiyənin həmişə
Azərbaycan xalqının
yanında olması böyük dostluğumuzun,
qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzidir”,
- deyən Baş nazir bildirib ki, bu gün
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə,
o cümlədən siyasi,
iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik,
hərbi və digər sahələrdə
əməkdaşlıq ən
yüksək səviyyədədir.
Baş nazir Novruz Məmmədov qeyd edib ki,
münasibətlərimizin möhkəmlənməsində
dövlətlərimizin başçılarının
şəxsi dostluq əlaqələrinin və
qarşılıqlı səfərlərinin
xüsusi əhəmiyyəti
var. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında yaranmış dostluq və qardaşlıq münasibətləri
ikitərəfli əlaqələrimizin
bütün sahələrdə
daha da genişlənməsinə
öz müstəsna töhfəsini verir. Təsadüfi deyil ki, hər iki ölkənin
prezidentlərinin ilk rəsmi
səfərlərini bir-birinin
ölkəsinə etməsi
artıq diplomatik ənənəyə çevrilib.
Bu gün
Azərbaycanda 3400-ə yaxın
Türkiyə şirkətinin,
Türkiyədə isə
2300-dən çox Azərbaycan
şirkətinin fəaliyyət
göstərdiyini deyən
Novruz Məmmədov qeyd edib ki,
bu şirkətlər
qarşılıqlı olaraq
ölkə iqtisadiyyatına
böyük həcmdə
investisiya yatırırlar
və bu da münasibətlərimizdə
hərtərəfli inkişafın
göstəricisidir.
"İkitərəfli
müstəvidə uğurla
inkişaf edən əməkdaşlıq münasibətlərimizlə
yanaşı, ölkələrimiz
beynəlxalq təşkilatlarda
da fəal qarşılıqlı dəstək
nümayiş etdirirlər. Beynəlxalq təşkilatlarda,
ilk növbədə, BMT-də,
İslam Əməkdaşlıq
Təşkilatında biz bir-birimizi
həmişə dəstəkləyirik.
Azərbaycanın və Türkiyənin
rəsmi nümayəndə
heyətlərinin hər
hansı biri beynəlxalq tədbirlərdə
iştirak etmədikdə,
dəfələrlə digərinin
mövqeyini müdafiə
etməsinin qürurla
şahidi olmuşuq.
Biz ölkələrimiz və
xalqlarımız, hətta
Avrasiya üçün
böyük önəm
daşıyan nəhəng
layihələri – Bakı-Tbilisi-Ceyhan, Bakı –Tbilisi-Ərzurum, TANAP neft–qaz kəmərlərinin tikintisi
və istismarını
birlikdə həyata keçirmişik”, - deyə
Baş nazir vurğulayıb.
Azərbaycan və Türkiyə prezidentlərinin
iştirakı ilə
2017-ci ilin oktyabrında
açılışı olmuş Bakı-Tbilisi–Qars dəmir yolu xətti, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü
münasibətilə Bakının
Azadlıq meydanında
keçirilmiş hərbi
parad, bir neçə gün öncə Türkiyədə
Azərbaycan tərəfindən
6,3 milyard ABŞ dolları yatırım edilmiş "STAR” neft emalı zavodunun açılışı ilə
bağlı təşkil
edilmiş möhtəşəm
mərasim ölkələrimizin
uğurunun, qardaşlığımızın
bariz nümunəsi və təntənəsidir.
Novruz Məmmədov
deyib: "Əlaqələrimizin
daha da dərinləşməsində
Azərbaycan-Türkiyə Yüksək
Səviyyəli Strateji
Əməkdaşlıq Şurasının,
iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası
Birgə Komissiyanın
xüsusi rolunu vurğulamaq istərdim.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində göstərdiyi
səyə və bizim haqlı mövqeyimizi daim müdafiə etdiyinə görə Türkiyə dövlətinə və xalqına minnətdarlığımı
bildirirəm.
Əminəm ki, Azərbaycan ilə Türkiyə arasında uzun illərin sınağından
çıxmış dostluq
və qardaşlıq
münasibətləri hər
iki dövlətin strateji hədəflərinə
çatmasında mühüm
rol oynayacaq”.
Tədbirdə dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı
səfirləri, ictimaiyyətin
nümayəndələri iştirak
ediblər.
Azərbaycan.- 2018.- 30 oktyabr.- S.8.