Qitələri birləşdirən beynəlxalq dəmir
yolu
Bakı-Tbilisi-Qars
dəmir yolunun açılışından bir
il keçir
Dünyanın 100 iri layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışından bir il keçir. BTQ-nin istifadəyə verilməsi ilə Azərbaycan növbəti beynəlxalq əhəmiyyətli layihələrdən birinin reallaşmasını həyata keçirdi. BTQ iqtisadi layihədir, yəni onun əsas məqsədi Şərqdən, xüsusən Çindən Avropaya yük və sərnişin daşımaqdır. Bu layihənin həm də mühüm siyasi əhəmiyyəti var.
Tranzit ölkələrin siyasi məsələlərdə böyük dividendlər qazanması məlumdur. Bu baxımdan dünyada və regionumuzda baş verən siyasi hadisələr fonunda layihəyə diqqət yetirdikdə onun əhəmiyyəti aydın görünür. Qeyd edək ki, BTQ Bakı-Tbilisi-Ceyhandan sonra müstəqilliyimizin nailiyyəti olan ikinci böyük layihədir.
Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında həlledici rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, "Cənub qaz dəhlizi”, TANAP və TAP kimi layihələrin təşəbbüskarı, onun həyata keçirilməsində əsas söz sahibi ölkəmiz olmuşdur. Bu layihələr sırasında BTQ-nin özünəməxsus yeri var.
Ölkəmiz bu layihəni reallaşdırmaq istəyərkən qarşılaşdığı problemləri yada salaq. Hətta Azərbaycanda müəyyən layihələrin reallaşmasına xüsusi maraq göstərən ABŞ da bu layihənin reallaşmasını dəstəkləmədi. Üstəlik, Amerikada müəyyən qüvvələr bunun reallaşmaması üçün əllərindən gələni etdilər. Mətbuatda yayılan məlumatlara görə, bunun arxasında erməni lobbisi və onların dəstəklədiyi siyasi qüvvələr dururdu. Dünyanın transmilli nəqliyyat şirkətləri də BTQ-nin əleyhinə çalışırdılar. Çünki BTQ-nin çəkilməsi onları gəlirlərinin müəyyən hissəsindən məhrum edəcəkdi.
Prezident İlham Əliyev həmişə olduğu kimi, bu məsələdə də qətiyyət göstərdi. ABŞ və Avropa bankları bu layihəni maliyyələşdirməkdən imtina etdikləri üçün Azərbaycan Gürcüstan ərazisində görüləcək işlərin maliyyələşdirilməsini öz üzərinə götürdü. Çünki layihənin reallaşması Azərbaycan üçün siyasi və iqtisadi dividendlər demək idi. Beləliklə, yeni layihənin reallaşmasında qarşıya çıxan ən böyük maneə dəf edildi. Prezident İlham Əliyev BTQ-nin açılış mərasimində bu barədə demişdir: "Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk”.
Hazırda Asiyadan Avropaya yüklərin çox hissəsi dəniz yolu - Süveyş kanalı vasitəsilə daşınır. Əvvəllər bu marşrutla daşınan yüklərin nəqliyyat xərcləri tədricən baha başa gəldiyi üçün istehsalçı və alıcıların narazılığına səbəb olurdu. Lakin bir-biri ilə ciddi rəqabət aparan gəmiçilik şirkətləri bu vəziyyətdən çıxmaq üçün müvafiq tədbirlər həyata keçirməyə məcbur oldular. Onlar daşınan malların maya dəyərini aşağı salmaq üçün iritonnajlı, daha sürətli gəmilərdən istifadə etməyə başladılar. Nəticədə yükdaşımaların maya dəyəri 3 dəfə aşağı düşdü. Hazırda 21 min kilometr məsafəni 30-35 sutkaya qət etməklə bir konteyneri sifarişçilərə 850 dollara çatdırmaq mümkündür.
BTQ-nin əhəmiyyətini onun texniki imkanları da aydın göstərir. Hazırda Çindən İngiltərə, Fransa, Almaniya kimi ölkələrə yükdaşıma müddəti təxminən 45-62 gündür. BTQ isə həmin yükləri 12-15 günə Avropaya çatdırmaq imkanına malikdir. Bundan başqa, dəmir yolu ilə yüklərin daşınmasının maya dəyəri də aşağıdır. Qeyd edilən faktor, sözsüz ki, BTQ-yə marağın artmasını təmin edəcək.
Ötən il noyabrın 1-də Tehranda Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artıran növbəti hadisənin şahidi olduq. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin, İran Prezidenti Həsən Ruhaninin və Rusiya Prezidenti Vladimir Putinin qatıldığı üçtərəfli Zirvə görüşündə region üçün əhəmiyyətli olan müxtəlif məsələlərlə yanaşı, "Şimal-Cənub nəqliyyat dəhlizi”nin istifadəyə verilməsi də müzakirə edildi. Bu, yeni transmilli layihənin istifadəyə verilməsi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini daha da artıracaq. Yəni Şimaldan və Cənubdan gələn yüklər BTQ dəhlizi vasitəsilə Asiya və Avropa ölkələrinə daşına bilər. Bu isə BTQ-nin əhatə dairəsinin daha da genişlənməsi və yük dövriyyəsinin artması deməkdir.
Prezident İlham Əliyev cari il yanvarın 9-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində Ro-Ro terminalının açılışında iştirak edərək burada görülən işlərlə tanış olub. Dövlət başçısına bildirildi ki, hazırda kompleksin inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malikdir. Onun yükdaşıma imkanı illik 15 milyon ton yük, o cümlədən 20 futluq 100 min konteynerdir. Bu proqrama uyğun olaraq, Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün körpü nəzərdə tutulub. Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində bu istiqamətdə görülən işlər həlledici rola malikdir.
Yeni liman ötən il istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün bilavasitə yükcəmləyici funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yük axınları yeni liman kompleksində cəmlənərək Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya və əks istiqamətə - Şərqə daşınacaq.
Uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolunun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı xətdir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulub. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Yeni marşrutun fəaliyyəti sayəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, ondan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq genişlənəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və əlavə imkanlar yaradacaq.
Rüstəm KAMAL
Azərbaycan.- 2018.- 30 oktyabr.- S.10.