Balakəndə növbəti dəfə keçirilən
beynəlxalq xurma festivalı yaddaşlara iz saldı
Balakənə payız başqa yaraşıq verir. Bu fəsil şəxsi təsərrüfatlarda, həyətlərdə, yol kənarlarında olan ağacların üzərinə sanki sarı xalı sərib. Sözsüz ki, Balakəndə olan və bu yerlərin nemətlərindən xəbəri olanlar söhbətin nədən, hansı meyvədən getdiyini bilirlər. Bəli, xurmanı nəzərdə tuturuq. Əsrlərdən bəri xurma balakənlilərin gəlir mənbəyi, çörək ağacı olub və əslində, bu gün də belədir.
2015-ci ilin
elə bu vaxtları idi. Rayonda "Məhsul
bayramı” keçirilirdi.
Hər kəsin çöhrəsindən
təbəssüm süzülürdü.
İnsanlar ilin əvvəlindən
çəkdikləri əziyyətin
bəhrəsini gördüklərinə
və bunun el birliyi ilə bayram edilməsinə sevinir, şənlənirdilər.
Əvvəldən tədbirin
Heydər Əliyev adına Mədəniyyət
və İstirahət
Parkında keçirilməsi
planlaşdırılmışdı. Lakin payız bu dəfə
də şıltaqlığından
qalmadı. Güclü leysan
səbəbindən bayram
mədəniyyət sarayında
keçirildi.
Xurma Balakəndə ən çox istehsal olunan meyvələrdən
biridir. Balakən xurması dadına,
növlərinin sayına,
keyfiyyətinə görə
həmişə fərqlənib.
Hazırda rayonda 812 hektar xurma bağı
var. 2017-ci ildə bağlardan
14,5 min ton xurma toplanıb. Cari ildə bu rəqəmin 15 min tona çatdırılması proqnozlaşdırılır.
Onu da qeyd edək
ki, keçən ildən etibarən Balakəndə beynəlxalq
xurma festivalı da keçirilir. İkinci belə
tədbir isə oktyabrın 27-28-də keçirildi.
Ümummilli lider Heydər
Əliyevin adını
daşıyan parkda keçirilən festivalda
"Xurmanın əhəmiyyəti
və ölkə iqtisadiyyatında rolu” mövzusunda konfrans da təşkil olunmuşdu. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycanda
fəaliyyət göstərən
bir sıra beynəlxalq təşkilatların,
xarici ölkə səfirliklərinin, nazirlik
və dövlət qurumlarının nümayəndələri,
Milli Məclisin deputatları və digər qonaqlar iştirak edirdilər.
Festivala dəvət olunan qonaqlar əvvəlcə ulu öndərin parkda ucaldılmış abidəsi önünə
gül dəstələri
düzərək xatirəsinə
ehtiramlarını bildirdilər. Sonra qonaqlar "Balxurma” MMC-nin Katex kəndində
yerləşən meyvə
və giləmeyvələrin
quru və yarımquru emalı müəssisəsində istehsal
prosesi ilə tanış oldular. 2017-ci ildə
fəaliyyətə başlayan
bu müəssisə avtomatlaşdırılmış texniki avadanlıqla təchiz edilən, nəzdində yuyulma, soyutma və qablaşdırma sexləri
olan, müasir standartlara cavab verən istehsal sahəsidir. Xammalı sakinlərin
şəxsi bağlarından
yığılan müəssisədə
gigiyenik və ekoloji cəhətdən təmiz məhsul istehsal edilir. Xurma qablaşdırılaraq daxili
bazara, həmçinin
MDB, Avropa və ərəb ölkələrinə
göndərilir. Müəssisənin fəaliyyətə başlaması
yerli əhalinin xurma ağaclarının əkininə marağını
da xeyli artırıb.
Müəssisə ilə tanışlıqdan
sonra qonaqlar festivalın keçirildiyi
mədəniyyət və
istirahət parkının
ərazisində xurma ağacları əkdilər. Sonra tədbirin
rəsmi açılış
mərasimi oldu. Rayon icra hakimiyyətinin
başçısı İslam
Rzayev açılışda
çıxış edərək
festival iştirakçılarını bayram münasibətilə
təbrik etdi. O,
ölkəmizdə qeyri-neft
sektorunun inkişafının
təmin edilməsinin
və bu sahəyə investisiya qoyuluşunun Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının prioritet
istiqamətlərindən biri
olduğunu vurğulayaraq
bildirdi ki, son illər Balakən rayonunda kənd təsərrüfatının ənənəvi
sahələrinin inkişafı,
torpaqlardan səmərəli
istifadə, əhalinin
məşğulluğunun təminatı
istiqamətində mühüm
tədbirlər həyata
keçirilir. "Hazırda rayonda kənd təsərrüfatının
bütün sahələrində,
o cümlədən meyvəçilikdə
dinamik inkişaf var. Sahibkarlar və təsərrüfatçılar üçün yaradılan
əlverişli şərait
sayəsində rayonda
meyvə bağlarının
sahəsi genişlənir.
Balakənin mövcud iqlim, təbiəti, torpağı burada meyvəçiliyin inkişafı
üçün hər
cür imkan yaradır”, - deyən
RİH başçısı qeyd etdi ki,
bu gün ölkəmizdə qeyri-neft
məhsulları ixracının
artırılmasında meyvəçilik
mühüm rol oynayır: "Azərbaycandan
xarici bazarlara ixrac olunan məhsullar
sırasında xurma xüsusi yer tutur. Xurma istehsalı Balakən
rayonunun kənd təsərrüfatında ənənəvi
sahələrdən sayılır.
Təsadüfi deyil ki, Balakəndə bu gün ən çox istehsal olunan və bol məhsul verən meyvəçilik
sahələrindən biri
xurmaçılıqdır”.
Açılışdan sonra festival iştirakçıları
bayramsayağı bəzədilmiş
parkda xurmadan hazırlanmış kulinariya
məhsullarına və
kompozisiyalara, kənd təsərrüfatı məhsullarının
sərgisinə baxdılar. Xurma, alma, armud, qoz,
fındıq və digər meyvələr, arıçılıq, ət,
süd, tərəvəz
məhsulları, "Azəryem
Sənaye” MMC-nin, Konserv Zavodunun istehsal etdiyi müxtəlif çeşiddə
məhsullar festival iştirakçılarının
böyük marağına
səbəb oldu.
Qonaqlar yundarayan,
ipəyirən, xalçatoxuyan
xanımların əl
işləri ilə də tanış
oldular, Balakən mətbəxinin nümunələrindən
daddılar. Folklor kollektivlərinin çıxışı, pəhləvanların
məharəti, əyləncəli
yarışlar festivalın
ab-havasına xüsusi
rəng qatdı.
Tədbir iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin
- maxaranın bişirilməsi
prosesini də izlədilər.
II beynəlxalq
xurma festivalı mədəniyyət və
istirahət parkının
ərazisindəki meydanda
konsert proqramı ilə yekunlaşdı.
Əli SƏLİMOV
Azərbaycan.- 2018.- 30 oktyabr.- S.10.