Ömür pillələri

 

Onu məktəb illərindən tanıyıram. Bəstəboy, sağlam bədənli bu yeniyetmə çalışqanlığı, əməksevərliyi, biridmana olan həvəsiylə başqalarından seçilirdi. Məktəblər arasında keçirilən idman yarışlarında həmişə qalib olardı. Məktəbimizin üzünü, necə deyərlər, ağardardı. Ona görə də müəllimlər onun xətrini çox istəyirdilər. Bir də təmkinli olmasına baxmayaraq, sözündən dönməzdi.

Orta məktəbi bitirəndə Əlibala Səlimov artıq öz peşə yolunu seçmiş və qəti qərar qəbul etmişdi - yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisi, ali təhsilli aqronom olmaq. O, bu yolla da getdi. Əmək fəaliyyətinə adi entemoloq kimi öz el-obasında - Neftçalanın Xolqarabucaq sovetliyinin ərazisindəki təsərrüfatda başladı. İşə tez alışdı. Zəhmətsevərliyi, bacarığı sayəsində az müddətdən sonra aqronom vəzifəsinə irəli çəkildi.

* * *

Ötən əsrin 70-80-ci illəri Azərbaycanda ən uğurlu, məhsuldar dövr kimi yadda qalıb. Həmin illər hökumət "Kadrların seçilib, yerləşdirilməsi və onların tərbiyə edilməsi haqqında” qərar qəbul etmişdi. Respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyev həmin qərarı xüsusi olaraq öz diqqət və nəzarətində saxlamış, bu aktual məsələnin icrasını rayon rəhbərləri qarşısında qəti tələb kimi qoymuşdu. Ona görə də bacarıqlı, savadlı mütəxəssislər, xüsusən də gənclər irəli çəkilir, onlara qayğı göstərilir, işləmək üçün şərait yaradılırdı.

Belə münbit şəraitdə Ə.Səlimovun digər qabiliyyətləri də üzə çıxdı. İşgüzarlığı ilə bərabər o, təşəbbüskarlığı, tələbkarlığı və intizamı ilə də fərqləndi. Çox çəkmədi əmək fəaliyyətinə başladığı böyük təsərrüfata - Yusif Qasımov adına kolxoza sədr seçildi. Qısa müddətdə gördüyü tədbirlər nəticəsində təsərrüfatda məhsuldarlıq artdı, kolxozçuların əmək gününün dəyəri, ilin yekununda natura şəklində verilən taxıl məhsullarının həcmi çoxaldı, kənddə güzəran yaxşılaşdı. Kənddə kolxoz hesabına poçt, tibb məntəqəsi, məktəb, mədəniyyət evi tikildi. Kəndin mərkəzi hissəsində böyük bir xiyaban, seyrəngah yaradılaraq asudə vaxt mərkəzi kimi kolxozçuların ixtiyarına verildi. Bütün bunlar Əlibalanın hörmətini artırır, onu insanların gözündə ucaldırdı. Ətraf yerlərdən, eləcə də respublikanın ən ucqar yerlərindən təsərrüfat rəhbərləri bura gəlir, Ə.Səlimovun təsərrüfatındakı uğurları ilə maraqlanır, onun təcrübəsindən faydalanmağa çalışırdı. Bəzən tanınmış adlı-sanlı təsərrüfat rəhbərləri də Əlibalanın bacarığına, yaxşı mənada, qibtə edirdilər. Sonralar rəhbərlik etdiyi N.Nərimanov, E.Əskərov adına kolxozlarda da bu ənənə davam etdirildi.

* * *

Azərbaycan kolxozçularının IV qurultayı ərəfəsi idi. Hər yerdə qızğın söhbətlər, müzakirələr gedirdi. Respublika Kolxozlar Şurasının sədri kim olacaq sualına cavab axtarılırdı. O vaxtlar Azərbaycanda 1000-ə yaxın kolxoz, 10 mindən çox ali təhsilli kənd təsərrüfatı mütəxəssisi, onlarla adlı-sanlı əmək adamı vardı. Onların arasında özünü bu vəzifədə görənlər də az deyildi. Amma bu ictimai vəzifənin sahibi rəhbərlik təcrübəsinə, xüsusi keyfiyyətlərə malik, təşkilatçı, sanballı və enerjili gənc kadr olmalı idi. Belə bir gənc təsərrüfatın bütün pillələrində çalışmış, zəhməti ilə uğur qazanmış, respublikanın hər yerində tanınan, Heydər Əliyev məktəbinin yetirməsi 32 yaşlı Əlibala Səlimov idi. Seçim doğru idi. Bunu bir il sonra Ə.Səlimovun SSRİ Ali Sovetinin deputatı seçilməsi də sübut etdi.

Ə.Səlimov el-obasına bağlı adamdır. Hələ kolxoz sədri olduğu illərdə rayon partiya komitəsinin büro iclaslarında, yığıncaqlarda Xol zonası kəndlərinin su, yol, işıq, qaz problemlərindən danışır, rəhbərlərin diqqətini bu məsələlərin həllinə yönəltməyə çalışırdı. Çox vaxt da həmin problemlərin həllinə nail olurdu.

Əlibala Səlimov SSRİ Ali Sovetinin deputatı olduğu müddətdə də rahat dayanmadı, doğulduğu, boya-başa çatdığı kəndi unutmadı. Xol zonasında iki orta məktəb, bir xəstəxana, bir uşaq bağçasının tikilməsinə nail oldu, Moskvadan böyük bir idman sağlamlıq kompleksinin Xol zonasında salınmasına razılıq aldı. Onun ardıcıl səyi nəticəsində ittifaq büdcəsindən vəsait ayrıldı və qısa müddətdə idman kompleksinin inşasına başlandı. Lakin həmin illər respublikada çox ağır bir dövr idi, o cümlədən başqa rayonlarda olduğu kimi, Neftçalada da vəziyyət mürəkkəb idi. M.Qorbaçovun "yenidənqurma” adlı xaos siyasəti öz işini görmüşdü.

O vaxt rayonumuzun rəhbəri Şamil Hüseynov idi. Şamil müəllim çox bacarıqlı, savadlı, mədəni və nəzakətli insan idi. Gənc olmasına baxmayaraq, təmkinli, həssas, uzaqgörən idi. Rayon fəallarının yığıncaqlarının birində sözü Ə.Səlimovun təşəbbüsü ilə Xolda tikilən idman kompleksinin üstünə gətirdi:

- Xol zonası rayon mərkəzindən uzaqda yerləşir, ərazi bir rayon böyüklüyündədir. O zonaya daha çox diqqət yetirilməlidir. Əlibala Səlimov ittifaq büdcəsindən vəsait alıb, tikinti işləri aparırsa, bu böyük fədakarlıqdır. Mən inşaatçıyam, tikintinin plana salınmasının, bunun üçün vəsait ayrılmasının nə qədər çətin olduğunu yaxşı bilirəm. Kaş hamı Əlibala Səlimov kimi işləyəydi.

* * *

Müstəqilliyimizin ilk illərində xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə genişmiqyaslı islahatlar aparılmasına başlandı. Aqrar sahədə də böyük islahatlar aparılmalıydı. 1995-ci ildə dövlət başçısının fərmanı ilə Respublika Aqrar İslahat Komissiyası yaradıldı. Təcrübəsi, keyfiyyətləri nəzərə alınaraq Ə.Səlimov komissiyaya üzv seçildi.

Bacarıqlı, istedadlı adamlar istənilən şəraitdə fəaliyyət göstərib uğur qazanırlar. Yeni şəraitdə Ə.Səlimov özünün fermer-təsərrüfatını - "Muğan-2017 istehsal kooperativini yaratdı. Bu günrayonda ən nümunəvi təsərrüfat kimi fəaliyyət göstərən "Muğan-2017 istehsalat kooperativi” taxıl toxumçuluğu üzrə ixtisaslaşıb.

Amma keçən il Ə.Səlimov yaranmış şəraitdən istifadə edib pambıq da əkdi. Çəkilən zəhmət hesabına bol məhsul yetişdirildi, yüksək göstəricilər əldə edildi. Pambıq əkilmiş 12 hektar sahədən 60 ton məhsul toplandı. Bu il isə fermer pambıq sahəsini iki dəfədən çox artırıb. 30 hektar sahəyə yüksək məhsuldarlı çiyid səpib. Nəticə gözləniləndən də yaxşıdır. Hələ yığım başa çatmayıb, lakin hər hektara düşən məhsuldarlığın real həcmi 58 sentnerə çatıb. Bu, Azərbaycanın pambıqçılıq tarixində ən yüksək göstəricilərdəndir.

* * *

O günü bütün efirlərdə, televiziya kanallarında reportajlar gedir, Ə.Səlimovun pambıq yığımında əldə etdiyi yüksək göstəricilərdən söhbət açılır, onun pambıqçılar arasında birinci olaraq raport verməsindən danışılırdı. Eyni zamanda, doğulduğum kəndin, doğma Neftçalanın adı səslənirdi. Təbrik edib, sevincimi bölüşmək üçün ona zəng etdim. Təşəkkürünü bildirdi: "Başım qarışıqdır, kəndə gələrsən, görüşərik”.

Axşamüstü Bərə üstündə görüşdük. Birbaşa tarladan gəlirdi, paltarını da dəyişməmişdi.

- Axırıncı pambıq lafetini indi yola salmışıq, - dedi.

Rahat şəraitdə söhbətimizi davam etdirmək istəyirdik. Amma telefonu susmaq bilmirdi. Respublikanın hər yerindən onu təbrik edir, ünvanına xoş sözlər deyirdilər. Zənglərin çoxluğundan heyrətləndiyini görüb dedim:

- Bu gün qazandığın uğurlar çəkdiyin zəhmətin, əzmkarlığın nəticəsidir. İndi bəhrəsini görürsən.

Ciddi görkəm alıb özünəməxsus şəkildə cavab verdi:

- Zəhmət, əzmkarlıq, əlbəttə, şərtdir. Lakin əsas şərt dövlətin pambıqçılığa olan münasibəti və dəstəyidir. Bunun sayəsində insanlarda bu sahəyə inam, maraq artıb. Əsas səbəb budur. Prezidentin iştirakı ilə Saatlı rayonunda keçirilən müşavirədə necə təsirləndimsə, təşəbbüs göstərib tanınmış pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanı yoldaşlıq yarışına çağırdım. Bu bizim ilk təşəbbüsümüz idi. İndi bu təşəbbüsə qoşulan pambıqçı fermerlərin sayı 10-a çatıb. Pambıqçılıqla məşğul olan rayonların sayı isə 20-ni keçib. Növbəti illərdə bu qayğıdan bəhrələnmək istəyənlərin sayı daha da çoxalacaq. Azərbaycanda pambıqçılıq inkişaf edib potensial gücünü göstərəcək. Təcrübə, torpaqla davranmaq, torpağın dilini bilmək, torpağı sevmək, zəhmət çəkmək vacib şərtlərdir. Ancaq biz fermerlər üçün yaradılmış münbit şərait də az əhəmiyyətli deyil. Bu şəraitdən maksimum istifadə olunmalıdır. Mənim bugünkü qələbəm isə Azərbaycan pambıqçılarının potensial gücünün göstəricisidir, nümunəsidir. Yaxın gələcəkdə belə nümunələrin, qələbələrin, göstəricilərin daha çox olacağına əminəm.

- Əlibala müəllim, kənd təsərrüfatı naziri İnam Kərimov rayonumuzda olarkən sizin təsərrüfatınıza da baş çəkdi. Bildiyimə görə, nazir təsərrüfatınıza sizin dəvətinizlə gəlmişdi.

- Avqustun 15-də Salyan şəhərində nazirin iştirakı ilə pambıqçıların zona müşavirəsi keçirilirdi. Müşavirənin sonunda o, üzünü müşavirə iştirakçılarına tutub dedi ki, kiminsözü, nə təklifi, nə problemi varsa, buyurub desin. İcazə istəyib açıq mikrofona yaxınlaşdım. Fermer təsərrüfatım barədə qısa məlumat verdim, keçənilki nailiyyətlərdən danışdım. Bu il bol məhsul yetişdirdiyimizi, yüksək keyfiyyətli pambıq yığıb təhvil verəcəyimizi vəd etdim. Sözümü davam edib pambıqçılığın inkişafı, qarşıya qoyulan məqsədə nail olmaq üçün konkret təkliflər söylədim, mövcud problemlərin həlli yollarından danışdım. Nazir mənə bir neçə sual verdi. Həm keçənilki, həm də bu mövsümdə vəd verdiyim göstəricilərlə maraqlandı. Mənə elə gəldi ki, dediyim rəqəmlər tədbirdə iştirak edənlərə də, nazirin özünə də real görünmür. Ona görə də naziri fermer təsərrüfatımıza dəvət etdim. Əvvəla onu deyim ki, nazirin rayonumuzda olması, rayon rəhbərləri ilə birgə başçılıq etdiyim təsərrüfata gəlməsi təkcə mənim dəvətimlə bağlı deyil. Prezident İlham Əliyev bütün çıxışlarında məmur-vətəndaş münasibətlərinə toxunur, "vəzifəli şəxs xalqın arasında olmalıdır” mesajını verir. Bu baxımdan kənd təsərrüfatı nazirinin rayonumuza gəlib təsərrüfatları gəzməsini, eləcə də bizim təsərrüfatda işlərin gedişi ilə tanış olmasını dövlət başçısının tapşırığının icrası kimi başa düşmək lazımdır. İnanın, insanların belə görüşlərə ehtiyacı var.

 

Cahangir ABDULLAYEV,

Neftçala

 

Azərbaycan.- 2018.- 31 oktyabr.- S.7.