Həyatını elmə həsr etmiş şəxsiyyət
Görkəmli geoloq-alim, Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın akademik Musa Əliyev adına, Gürcüstan MEA-nın akademik Aleksandr Tvalçrelidze adına adlı mükafatlarının laureatı, "Şöhrət” və "Şərəf” ordenli, geologiya-mineralogiya elmləri doktoru, professor Vasif Məmməd Ağa oğlu Babazadənin 80 yaşı tamam olur.
V.Babazadə 1938-ci il sentyabrın 2-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Bakıdakı 7 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (hazırda - Bakı Dövlət Universiteti) daxil olmuş, 1960-cı ildə buranı bitirərək mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1956-cı ildən, hələ tələbə ikən çöl ekspedisiyalarında fəal iştirak etməklə başlamışdır. Universiteti bitirdikdən sonra SSRİ Geologiya Nazirliyinin sərəncamına göndərilən V.Babazadə Abxaziyada, Şimali Qafqazın müxtəlif bölgələrində geoloji-kəşfiyyat partiyalarında böyük geoloq, dəstə və partiya rəisi kimi məsul vəzifələrdə çalışmışdır. Bu işlər əlvan və nəcib metalların, həmin illərdə "məxfi” qrifi ilə gedən nadir və səpələnmiş elementlərin axtarışı, kəşfiyyatı və qiymətləndirilməsi ilə bağlı idi.
Alim tələbəlik illərindən elmi-tədqiqat işlərinə böyük maraq göstərməyə başlamışdır. Onun elmə olan sonsuz marağını görən kafedra müdiri, məşhur akademik Mirəli Qaşqayın tövsiyəsi ilə kolçedan yataqlarını öyrənən V.M.Babazadə uzunmüddətli elmi-tədqiqat fəaliyyətinin başlanğıcı olan ilk məqalələrini yazır. Elmə olan marağı onun gələcək taleyini yenidən universitetlə bağlayır, 1961-ci ildə BDU-ya işə dəvət edilir və faydalı qazıntılar muzeyinin kiçik elmi işçisindən geologiya-coğrafiya fakültəsinin dekanı, Faydalı qazıntılar kafedrasının müdiri vəzifələrinə qədər bir yol keçir.
1964-cü ildə alim namizədlik dissertasiyasını müdafiə edir. Bu istiqamətdə onun elmi fəaliyyəti Kiçik Qafqazın mərkəzi hissəsinin xromit yataqlarının qanunauyğun yerləşməsini öyrənməkdən başlamışdır. V.Babazadə bu yataqları dəqiqliklə öyrənir və müəyyən edir ki, praktiki əhəmiyyət kəsb edən yüksəkkeyfiyyətli iri xromit filizi kütlələri ultraəsasi massivlərin aşağı, yaxud da dib hissələrinə təmayül edir.
1975-ci ilin əvvəlində 36 yaşlı alim Novosibirsk şəhərində SSRİ EA-nın Sibir bölməsinin Geologiya və Geofizika İnstitutunda akademik B.A.Kuznetsovun sədrlik etdiyi ixtisaslaşdırılmış Şurada doktorluq dissertasiyasını müdafiə edir. Dissertasiyada alim dünya təcrübəsində ilk dəfə olaraq ofiolit qurşaqlarının metallogeniyası haqqındakı təsəvvürləri hərtərəfli işləmişdir. Alimin nəzəri işləmələrinin təcrübədə istifadəsi sonradan bir sıra filiz obyektlərinin açılmasına və respublikanın əlvan və nəcib metallarının xammal bazasının əsaslı şəkildə möhkəmlənməsinə səbəb oldu. O, ilk dəfə Kiçik Qafqazın civə qurşağının varlığını elmi şəkildə əsaslandırdı (1974). Bu qurşağın qanunauyğun olaraq ayrılması sonrakı geoloji-kəşfiyyat işləri ilə özünü tam doğrultdu. Alim məhz bu tədqiqatlara görə Azərbaycan Respublikası Dövlət mükafatı laureatı adına layiq görüldü (1978).
1975-1990-cı illər V.Babazadə üçün məhsuldar olmuşdur. Alim endogen filiz yataqlarının formasion analizini yeni elmi istiqamət kimi inkişaf etdirir, respublikanın ayrı-ayrı struktur-formasion zonaları üçün sənaye əhəmiyyətli səciyyəvi filiz formasiyaları ayırır.
V.Babazadə mis-molibden yataqlarının öyrənilməsində əsaslı tədqiqatlar aparmışdır, 1990-cı illərdə onun tədqiqatlarının başlıca elmi istiqaməti Gədəbəydə, Naxçıvanın müxtəlif bölgələrində filiz obyektlərinin proqnozlaşdırılması olmuşdur. "Mis” və molibden-porfir yataqları” monoqrafiyasında, böyük faktiki materiala istinad edən alim filizləşmənin zonal paylanmasını müəyyən etmiş, onun yayılma dərinliyini və cinahlarını qiymətləndirmiş, yataqların əmələgəlmə şəraiti və qanunauyğun yerləşməsi haqqında mülahizələr söyləmişdir.
Alimin elmi maraq dairəsi genişdir. Onun yarım əsrdən
çox elmi yaradıcılıq fəaliyyətinin
başlıca istiqaməti
endogen filizəmələgəlmə nəzəriyyəsi və
praktikasının inkişaf
etdirilməsi olmuşdur.
Bu tədqiqatların ən xarakterik cəhəti ondan ibarətdir ki, alim geologiyanın mürəkkəb problemlərinin
həllinə qeyri-trivial
yanaşır, ilk baxışdan
yaxşı öyrənilən
proseslərin baxılmasında
mütəxəssisləri məsələnin yeni həllinin axtarmasına istiqamətləndirir. Bu cəhətdən
alimin 2003-cü ildə
çapdan çıxmış
"Azərbaycan qızılı”
fundamental monoqrafiyası yaxşı
misal ola
bilər. Bu və onun ardınca çıxan digər iki monoqrafiyada: "Adalar qövsü paleosistemlərinin qızılsaxlayan
sulfid yataqları, onların metallogenik xüsusiyyətləri və
geodinamik inkişaf şəraiti” (2015) və
"Alp dağ - qırışıqlıq
qurşağının mərkəzi
seqmentinin filiz yataqları və onların genezislərinin problemləri”ndə (2017) müəllif
ölkə təcrübəsində
ilk dəfə olaraq qızıl yataqlarının
lakonik, sistemli və məzmunlu səciyyəsini vermiş,
yataqların geoloji mövqeyini və regional filizdaşıyıcı strukturlarını
ayırd etmiş, məxsusi qızıl filizi və qızılsaxlayan yataqların
sistemləşdirilməsini həyata keçirmişdir.
V.Babazadə filizəmələgəlmə nəzəriyyəsi və
metallogeniyanın müasir
ideyalarını inkişaf
etdirən filiz geologiyası məktəbinin
liderlərindən biridir. Alimin əsərləri
sayəsində filiz yataqları haqqında təlim respublikada yer elmləri sistemində mühüm sahəyə çevrilmişdir.
Alimin 350-dən
çox adda, o cümlədən 40 monoqrafiya
və kitablarını
əhatə edən elmi əsərlərinin sadə siyahısı onun elmi fəaliyyətinin
nə dərəcədə
geniş əhatə dairəsinə malik olmasını göstərir.
Alimin bir çox əsərləri Almaniya,
Hollandiya, İngiltərə,
Rusiya və digər ölkələrdə
çapdan çıxmışdır.
Filiz yataqları
və metallogeniya sahəsindəki əsərləri
V.M.Babazadənin çoxcəhətli
elmi yaradıcılığının
məzmununu tükəndirmir. Alim respublikanın
mineral-xammal resurslarının
tədqiqatına həmişə
birinci dərəcəli
əhəmiyyət vermişdir.
Azərbaycanın rəngarəng mineral resurslarının öyrənilməsinin
praktiki olaraq mümkün olmadığı
"durğunluq” illərində
bu, xüsusən hiss olunurdu. Bilavasitə həmin illərdə
o, "Azərbaycanın mineral-xammal resursları” ensiklopedik əsərini yazmaq fikrinə gəlir və xeyli sonralar, 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik
yubileyi ərəfəsində
əsər işıq
üzü görür.
Məzmunca çox orijinal olan bu monoqrafiya
Azərbaycanın mineral-xammal
potensialını, ehtiyatlarını,
mineral resursların hazırkı
durumu və mənimsənilmə tendensiyalarını
ətraflı olaraq səciyyələndirir. Əsərdə Azərbaycan iqtisadiyyatı
üçün vacib
hesab edilən faydalı qazıntılarla
yanaşı, digər
növ mineral xammal haqqında ətraflı məlumat verilir. Bu isə Azərbaycanın
təbii sərvətlərinin
ümumi balansında
mineral resursların nə
dərəcədə yüksək
yer tutmasını əyani şəkildə
sübut edir.
Alim daim yaradıcılıq axtarışındadır. Yer haqqında elmlərin gələcək inkişafının
dərin geosferlərdə
gedən proseslərin
dərk edilməsiylə
bağlı olduğunu
hesab edən alim kosmotektonika, dərinlik geofizikası, yeni geodinamik əsasda filiz yataqlarının qanunauyğun
yerləşməsi problemləriylə
məşğul olmağa
başlayır, MDB məkanında
ilk dəfə olaraq strateji əhəmiyyətli
"Azərbaycanın kosmotektonik
xəritəsi”ni (2007) və
"Azərbaycanın filiz
faydalı qazıntılarının
proqnozu ilə regional çatlılıq xəritəsi”ni
(2008), habelə onların
izahlı qeydlərini
- monoqrafiyasını (2009) nəşr etdirir.
V.Babazadənin elmi-təşkilatçılıq fəaliyyəti böyükdür. Bakı Dövlət
Universitetində Geologiya
fakültəsinin yaradılması
və inkişafı,
elmi rəhbəri olduğu Yer ehtiyatlarının aerokosmik
tədqiqatları ETL, geoloji
profilli bir neçə yeni kafedra və ixtisasların açılması
bilavasitə onun adı ilə bağlıdır.
Alim beynəlxalq əlaqələrə böyük əhəmiyyət verir; o, ANSF, INTAS, SCOPES və digər qrant layihələrinin qalibi olmuşdur. Ekspert və elmi məsləhətçi kimi xarici şirkətlərlə əməkdaşlıq etmişdir. Bir çox müşavirələr, simpoziumlar və konfransların fəal təşkilatçısıdır. 1998-ci ildən "Bakı Dövlət Universitetinin xəbərləri” (Təbiət elmləri seriyası) jurnalının redaktorudur, "Yerin təki haqqında” (1998), "Təhsil haqqında” (2009) qanunların əsas müəlliflərindən biri olmuşdur. Alim elmi məktəbini formalaşdırıb, inkişaf etdirir, yüksəkixtisaslı kadrlar hazırlayır. Elmi məsləhətçiliyi və rəhbərliyi ilə 11 doktorluq və 30 namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edilmişdir. Elmin və ali məktəb təhsilinin bacarıqlı təşkilatçısı kimi tanınan akademik V.M.Babazadə uzun illərdir ki, radio, televiziya və dövri mətbuatda respublikanın ictimai-siyasi həyatı ilə bağlı aktual məsələlərin müzakirəsində çıxış edir. Alim Respublika Ağsaqqallar Şurası Məclisinin üzvüdür.
Akademik V.Babazadənin çoxşaxəli elmi, elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. 1978-ci ildə alim Azərbaycanın Dövlət mükafatı laureatı adına layiq görülmüş, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. 2000-ci ildə respublika Prezidentinin fərmanı ilə əməkdar elm xadimi adını almış, 2009-cu ildə "Şöhrət” ordeninə layiq görülmüşdür. O, Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və Təhsil Nazirliyinin fəxri fərmanları, xatirə medalları ilə təltif edilmişdir.
Alim 80 illik yubileyini yaradıcılığının çiçəklənən dövründə qarşılayır. Həmişə olduğu kimi, o, yenə də elmi axtarışdadır, yaradıcılığı yeni ideya və planlarla zəngindir.
Akademik V.M.Babazadənin bu günlərdə "Şərəf” ordeni ilə təltif edilməsi Prezident İlham Əliyevin elm və təhsilə göstərdiyi daimi diqqət və qayğının yeni bir təzahürüdür. Universitet elminə verdiyi bu yüksək qiymətə görə möhtərəm Prezidentə BDU-nun çoxminli professor-müəllim və tələbə kollektivi adından dərin təşəkkür və minnətdarlığımızı bildirir, ölkəmizin daha da çiçəklənməsi naminə gördüyü işlərdə yeni-yeni uğurlar arzulayırıq.
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin
rektoru, akademik
Azərbaycan.- 2018.- 4 sentyabr.- S.6.