İstiqlalımızın yadigarı, həmyaşıdı
və tərənnümçüsü
1918-ci ilin 28 mayı Azərbaycan tarixinin dan yeridir. Həmin
gün qaranlıqlar söküldü və Azərbaycan Xalq
Cümhuriyyəti adlı bir günəş parladı. Bu millət uzun illərdir o işığa həsrət,
o aydınlığa təşnəydi. Azadlığını,
dövlətinin müstəqilliyini əlindən alanlar, məmləkətini
işğal edərək torpaqları ilə bərabər
ürəyini də ikiyə bölənlər bəsirət
gözünü bağlamaq, tərəqqiyə aparan yolunu
zülmətə boyamaq, arzularını, ümidlərini
qaraltmaq üçün illərdir səylərini əsirgəmirdilər.
Düşmənləri
amansız Vətən...
Bu millətin azadlıq işığını
söndürmək istəyənlər çox oldu. Torpaqlarını
işğal etmək, müstəmləkə boyunduruğuna
salmaq üçün tarixin ayrı-ayrı dönəmlərində
amansız müharibələr baş verdi.
Azərbaycana zaman-zaman dəhşətli faciələr
yaşatdılar. XIX əsrin əvvəllərində
Rusiya-İran müharibələrinin ən böyük
ağrısını da bu millətə çəkdirdilər.
İmzaladıqları iki müqavilə -
1813-cü ilin "Gülüstan”, 1828-ci ilin "Türkmənçay”
müqavilələri ilə Azərbaycan xalqının
ayrılıq hökmünü verdilər. Məmləkətimizi böldülər, şimal
hissəsinə Rusiya, cənubuna İran sahibləndi. Müstəmləkə buxovu vurub tərəqqi
yollarını da ləngitdilər. Ancaq bu
millətin gözünün odunu almaq, əsarətə boyun əydirmək
asan olmadı. Azərbaycanda milli kimlik,
milli özünüdərk hissləri getdikcə gücləndi.
Sıraları genişlənən Azərbaycan
ziyalıları da mübarizələrini ilk vaxtlarda, əsasən
maarifin, təhsilin, elmin, səhiyyənin, ədəbiyyatın,
mətbuatın... inkişafı uğrunda
çalışmaları ilə ifadə edirdilər. Onlar əmin
idilər ki, soydaşlarının böyük əksəriyyətinin
başına gətirilən bəlaların mahiyyətinə
varmaq iqtidarında belə olmamasının, səfalətə
sürüklənməsinin, əsarətə boyun əyməsinin
başlıca səbəblərindən biri cahillikdir. Odur ki, millətdaşlarının öz
hüquqlarını, haqlarını tələb edəcək
səviyyəyə çatmaları üçün
savadlanmalarını ön plana çəkirdilər. Buna görə Azərbaycan ziyalıları yeni
üsullu, dünyəvi elmlərin tədris olunduğu məktəblərin
açılması üçün xüsusi fəallıq
göstərirdilər. Amma millət
övladlarının maariflənməsi, gözləri
açılaraq yaxşını pisdən ayırması
yolunda digər vasitələrin də əhəmiyyəti
unudulmurdu. Mətbuat orqanlarının
yaradılması, kitabxanaların, qiraətxanaların, mətbəələrin
açılması kimi mühüm işlər
planlaşdırılır, çarizmin müvafiq idarələrinə
müraciətlər edilirdi.
Böyük əraziləri zəbt etmiş çar
Rusiyasının müstəmləkəsi altında olan
ölkələrə ögey münasibəti göz
önündə idi. Bu da aşkar idi ki, dili, dini ayrı millətlər
daha çox haqsızlıqla üzləşir, tərəqqisinə
maneələr yaradılırdı. Ancaq
çar üsuli-idarəsindən narazı qalanlar yalnız
müstəmləkə ölkələrinin əhalisi deyildi.
Hələ 1825-ci ilin 14 dekabrında Rusiyada tarixə
Dekabristlər üsyanı kimi daxil olmuş inqilabi hərəkat
baş vermişdi. Böyük Fransa
inqilabından təsirlənmiş gənc hərbçilər
o zaman taxta çıxan I Nikolaya and içmədilər.
Üsyançılar təhkimçiliyin ləğvini,
mütləqiyyətin devrilməsini, yaxud məhdudlaşdırılmasını,
respublika və konstitusiyalı quruluşun bərqərar
olunmasını tələb edirdilər.
Üsyan yatırıldı. Çarizm məğlub
etdiyi dekabristlərə qarşı amansız oldu, bəziləri
edama, bəziləri Sibirə, bəziləri isə Qafqaza
sürgünə məhkum edildi. Qafqaza
göndərilən gənc inqilabçılar yerli əhali
ilə dostlaşdı. Burada ictimai-siyasi
düşüncənin formalaşmasında onların əhəmiyyətli
təsiri oldu.
Rusiyada təhkimçilik hüququ 1861-ci ildə ləğv
edildi. Azərbaycanda
isə 1870-ci il 14 may tarixli "Əsasnamə”yə
əsasən təhkimçilik hüququ ləğv olundu. Çar Rusiyası bundan sonra əyalətlərdə
istibdadı davam etdirmək üçün yeni vasitələrə
əl atdı. Azərbaycan
ziyalıları ruhdan düşmədülər, uzun illər
mübarizələrini müxtəlif formalarda davam etdirdilər.
XX əsr təlatümlərlə gəldi. Əsrin ilk
illərindən inqilablar, müharibələr, xalqların
milli-azadlıq hərəkatları gücləndi. Əsrin əvvəllərində çarizmin
zülmlərinə qarşı çıxan və
qurtuluş yolu axtaran qruplar və təşkilatlar yaranmağa
başladı. Müstəmləkə
ölkələrinə xas olaraq çar Rusiyasının ərazilərində
də sinfi mübarizə deyil, milli azadlıq mübarizəsi
önə çıxdı. Milli
azadlıq hərəkatı haqsızlıqlara, zülmlərə
məruz qalan, ədalətsizliklərlə üzləşən
millətin ictimai-siyasi, mədəni hərəkatının
başlıca qayəsi oldu. 1902-ci ildə
17 yaşlı Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi
ilə Azərbaycanda rus müstəmləkəsinə
qarşı mübarizə aparan ilk siyasi təşkilat -
"Müsəlman gənclik təşkilatı” yarandı.
Bu təşkilatdan sonra qısa müddətdə
milli zülmdən qurtuluş digər partiyaların da əsas
şüarına çevrildi. Azərbaycanda
müxtəlif ideya istiqamətinə malik partiyaların
sayı artmağa başladı. 1911-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin ideya-siyasi istiqamətini
müəyyənləşdirən "Müsavat”
partiyası yarandı. Ölkəsinin, millətinin
azadlığını özünə şüar edən bu
partiya 1918-ci ilin 28 mayınadək Azərbaycanda muxtariyyat
uğrunda ardıcıl siyasət yürütdü.
1917-ci ilin fevral inqilabı Azərbaycan xalqının da
azadlıq mübarizəsində mühüm rol oynadı. Üç
yüz illik Romanovlar sülaləsi taxt-tacdan məhrum edildikdən
sonra hakimiyyətə gələn Müvəqqəti hökumət
Müəssislər Məclisinə seçkilər
keçirdi. Siyasi
çarpışmaların davam etdiyi günlərdə
Müvəqqəti hökumət də uzun müddət qərar
tuta bilmədi. 1917-ci il oktyabrda yenidən
hakimiyyət çevrilişi baş verdi.
Bu inqilablar çarizmin əsarətindən qurtulan millətlərə
müstəqilliklərini qazanmaq imkanı yaratdı. Amma
bolşevik Rusiyası da gözlərini Azərbaycandan çəkmədi.
Leninin rəhbərlik etdiyi bolşevik hökuməti
Bakı neftini əldən vermək fikrində deyildi. Azərbaycanın müstəqilliyini bərpa etməsinin
qarşısını almaq üçün bu dəfə də
bolşevik Rusiyası ermənilərlə razılığa
gəldi. Məkrli planlar quruldu. Birinci Dünya müharibəsində
döyüşmüş, kifayət qədər peşəkar
hərbçilər Azərbaycana yönəldildi. 1918-ci ilin əvvəllərində artıq
Bakıda bolşevik-daşnak birləşmələrindən
ibarət çox güclü silahlı dəstələr var
idi.
Oktyabr
inqilabından sonra Rusiyaya gedə bilməyən Cənubi
Qafqazdan Ümumrusiya parlamentinə - Müəssislər Məclisinə
seçilmiş azərbaycanlı, gürcü və erməni
deputatlar 1918-ci il fevralın 14-də Tiflisə
yığışdılar. Birlikdə Cənubi
Qafqaz (Zaqafqaziya) Seymini yaratdılar.
Böyük
yolun zirvəsi - Azərbaycan Xalq Cümhuriyyəti
Qabaqcıl övladlarının Azərbaycanın
azadlığını rəsmləşdirmək uğrunda
mübarizə apardıqları mürəkkəb, ziddiyyətli
günlərdə düşmən də boş
oturmamışdı. Vladimir İliç Lenin tərəfindən
Qafqaza fövqəladə komissar kimi göndərilən Stepan
Şaumyanın başçılığı ilə
güclü qüvvəyə çevrilmiş
daşnak-bolşevik birləşmələri 1918-ci ilin
yanvarından hücuma hazır idilər. Əlverişli
fürsətin yarandığını
düşündükləri anda ilk atəşi
açdılar. Həmin günün səhəri
- martın 31-dən Bakıda azərbaycanlılara
qarşı soyqırımına başladılar. Şəhəri
taladılar, yerli əhalidən rastlarına
çıxanları işgəncələr verərək
şəhid etdilər, sağ qalanların çoxu
canlarını götürüb qaçdılar. Bakını işğal etdilər. Bakı Xalq Komissarları Soveti hakimiyyəti ələ
aldı. Ancaq Şaumyanın rəhbərliyi
ilə qətllər, qarətlər bundan sonra da davam etdirildi.
Bakıda
milli qırğınlardan sonra azğınlaşmış
daşnak-bolşevik birləşmələri Azərbaycanın
müxtəlif bölgələrində yerli əhalini
qırmağa başladılar...
Aprelin 22-də Zaqafqaziya Seyminin deputatları Zaqafqaziya
Demokratik Federativ Respublikasının yarandığını
elan etdilər.
Bir ay sonra federasiya dağıldı. Mayın 26-da Tiflisdə Zaqafqaziya Seyminin son iclası
oldu. Zaqafqaziya Seyminin süqutunun səhəri
günü - mayın 27-də qurumun azərbaycanlı
deputatları fövqəladə iclas keçirərək Azərbaycanın
müvəqqəti Milli Şurasını yaratdılar.
Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə,
müavini Həsən bəy Ağayev, katibi Mustafa Mahmudov,
İcraiyyə Komitəsinin (hökumətin) sədri isə Fətəli
xan Xoyski seçildi.
Milli Şura Tiflis şəhərində, Qafqaz
Canişin sarayının ikinci mərtəbəsindəki
böyük salonda 1918-ci ilin 28 mayında ilk iclasını
keçirdi. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması elan olundu, Azərbaycanın 6 bənddən
ibarət "Milli İstiqlal Bəyannaməsi” imzalandı.
Milli-demokratik
qüvvələr çətin bir zamanda Azərbaycanın
dövlət müstəqilliyinə nail oldular. Azərbaycan
Xalq Cümhuriyyəti millətin çox ağır günlərində
dərdlərinə çarə, yaralarına məlhəm
kimi gəldi. Tarixin qarışıq
zamanında xilaskar kimi yetişdi. Dövr o
qədər təlütümlü idi ki, yeni respublika
paytaxtı olmalı şəhərdə - Bakıda deyil,
Tiflisdə öz varlığını bəyan edə bildi.
1918-ci il iyunun 16-da Azərbaycan Milli
Şurasının üzvləri və Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə
köçməli oldu. Cumhuriyyət hökumətinin
yaradıcıları böyük coşqu ilə illərdir
qurduqları xəyallarını gerçəkləşdirməyə,
ən ülvi arzularını həyata keçirməyə
başladılar.
1918-ci ilin qanlı-qadalı hadisələri isə davam
edirdi. Daşnak-bolşevik birləşmələrinin Azərbaycanın
ayrı-ayrı yerlərində törətdikləri vəhşiliklərin
acı nəticələri göz önündəydi. İşgəncələr görən,
doğmaları gözlərinin qabağında əzabla qətlə
yetirilən, evləri başlarına uçurulan, ocaqları
söndürülən azərbaycanlılar bir tərəfdən
də aclıqla, yoxsulluqla imtahana çəkilmişdilər.
Bakı
Kommunası 1918-ci il 31 iyulda səlahiyyəti
öz üzərindən götürdükdən sonra
Bakıda əks-inqilabçı Sentrokaspi diktaturası
yarandı. Bolşevizm pərdəsi altında Azərbaycan
xalqına qarşı soyqırımına bundan sonra da son
qoyulmadı...
"Azərbaycan”
qəzetinin yaranmasını zəruri edən səbəblər
Yox yerdən dövlət quranlar onu qoruyub
yaşadacaqlarına sonsuz ümid bəsləyərək,
bütün sahələrdə əzmlə işə
başlamışdılar. Həyata keçiriləcək
mühüm tədbirlərdən biri də mətbuatın
inkişaf etdirilməsi idi. Cümhuriyyət
qurucularının əksəriyyəti çox gənc
yaşlarından həm də publisist kimi fəaliyyət
göstərirdilər. Onlar mətbuatın
mütərəqqi fikirləri ifadə etmək, milləti tərəqqiyə
çatdıracaq yola səsləmək, düşmənlərinə
iradələrini göstərmək üçün ən gərəkli
vasitə, mötəbər tribuna olduğunu yaxşı
bilirdilər. Odur ki, qarşılarına
qoyduqları vacib məsələlərdən biri də
hökumətin siyasi kursunu xalqa izah edən mətbuat
orqanı yaratmaq idi.
Azərbaycan Xalq Cümhuriyyətinin bəlkə də ən
çox bu məsələdə bəxti gətirmişdi. Mətbuat sahəsində,
necə deyərlər, əliyalın, təcrübəsiz
deyildi. İlk milli qəzetimizdən -
"Əkinçi”dən başlayan, "Ziya” və
"Ziyayi Qafqaziyyə”dən, "Kəşkül”dən,
"Şərqi-Rus”dan, "Molla Nəsrəddin”dən,
"Həyat”dan, "İrşad”dan, "Füyuzat”dan,
"Tərəqqi”dən, "Kaspi”dən, "İqbal”dan,
"Açıq söz”dən, "Dirilik”dən, "Təkamül”dən...
və daha neçə-neçə mətbuat orqanından
keçib gələn yol onun idi. Daha doğrusu,
Azərbaycan Xalq Cümhuriyyəti o yolun yetişdiyi zirvə
idi. Həmin qəzet və jurnalların nəşrinə
əzab-əziyyətlərlə nail
olanların əksəriyyəti sözlə silahlanaraq millətin
istiqbalı naminə döyüşmüşdülər. Azərbaycanın müstəqillik ideyasını ən
böyük idealları, ən müqəddəs amalları
kimi qəlblərində daşımışdılar. Onlar milləti oyatmaq, ona milli kimliyini xatırlatmaq,
dünyanın inkişaf etmiş ölkələrinin vətəndaşları
ilə eyni cərgədə addımlamaq naminə
çalışdılar. Bunun üçün Həsən
bəy Zərdabi, Hacı Səid, Cəlal və Kamal
Ünsizadə qardaşları, Əlibəy Hüseynzadə,
Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy
Topçubaşov, Cəlil Məmmədquluzadə, Ömər
Faiq Nemanzadə, Məhəmməd Əmin Rəsulzadə,
Üzeyir Hacıbəyli, Haşım bəy Vəzirov, Nəriman
Nərimanov, Sultan Məcid Qənizadə və başqa təəssübkeş
övladları uzun illər qələmin qüdrətindən,
sözün gücündən istifadə etdilər. Onlar öz yazılarında hər zaman tarixlə
müasirliyi tutuşdurur, yatmış vulkan kimi susqun
görünən doğma millətin azadlıq duyğusunu, milli
düşüncəsini oyatmağa
çalışırdılar. Keçmişini
xatırladır, ancaq öyərək, "qəhrəmansan”
deyib, onu arxayınlaşdırmırdılar. Milləti öz tarixindən öyrənməyə,
qürurverici səhifələrindən dərs almağa,
yanlışlıqlarından və başına gətirilən
müsibətlərdən nəticə çıxarmağa,
sükunətdən, ətalətdən qurtularaq sabahına
doğru əmin addımlarla irəliləməyə səsləyirdilər.
Dövlətin istiqlalını müdafiə etmək,
qorumaq, yaşatmaq üçün zəruri olan bütün
addımlar atılırdı. Gəncədə fəaliyyətə
başlayan Cümhuriyyət hökuməti ən gərgin
günlərində siyasətini vətəndaşlarına
izah edən mətbu orqanı yaratmağı vacib məsələlərdən
biri kimi qarşıya qoydu.
1918-ci ilin 25 iyununda yeni qəzetin büdcəsini tərtib
etmək, hökumətin təsdiqinə göndərmək, Gəncədəki
mətbəəni bu nəşrin çapına hazırlamaq üçün
müvafiq tapşırıq verildi. Tiflisdən mətbəə
ləvazimatı almaq nəzərdə tutuldu. Yeni
formalaşan hökumət 1918-ci il iyulun
3-də "Azərbaycan Cümhuriyyəti hökuməti xəbərləri”nin
nəşrinə başlamaq qərarını qəbul etdi. "Hökumət xəbərləri” həftədə
iki dəfə buraxılmalı, əsasən milli hökumətin,
ayrı-ayrı nazirliklərin qərarları, təlimatları,
xəbərləri, elanları və digər məlumatları
dərc etməli idi. Avadanlıqlarla təmin
olunma ərzaq nazirinə tapşırıldı. "Hökumət xəbərləri”nə rəhbərlik
isə 27 iyul tarixli qərarla xalq maarif nazirinə həvalə
edildi. Ancaq bu da qaneedici olmadı. Maddi çətinliklərə baxmayaraq, hökumət
sentyabrın əvvəllərində Gəncədə
"Azərbaycan” adlı qəzetin nəşrinə
başlamaq barədə tarixi qərar qəbul etdi.
Mətbuatımızda
"Azərbaycan” adı...
Hər bir mətbuat orqanının ilk uğuru ona
uyğun ad seçimindən başlayır. "Azərbaycan”
adı ilə qəzet, jurnal nəşr etmək isə uzun
illərin arzusuydu. Hələ 1891-ci ildə
"Kəşkül” bağlandıqdan iki ay sonra Ünsizadə
qardaşları - əvvəlcə Cəlal, sonra Kamal bu adda qəzetin
nəşrinə icazə almaq məqsədilə baş mətbuat
idarəsinə müraciət etdilər və rədd
cavabı aldılar.
1906-cı ildə "Molla Nəsrəddin”
jurnalının təsiri ilə Təbrizdə "Azərbaycan”
adlı satirik jurnal fəaliyyətə başladı. 1918-ci ildə
isə Bakıda İran demokratlarının "Azərbaycan”
adlı qəzeti nəşr olundu.
Azərbaycan
Xalq Cümhuriyyətinin, eləcə də mətbuat
tariximizin ilk rəsmi dövlət qəzeti olan "Azərbaycan”ın
birinci nömrəsi 1918-ci il sentyabrın
15-də Gəncə şəhərindəki Yelizavetpol
qubernatorunun mətbəəsində işıq üzü
gördü. Azərbaycan dilində
buraxılmış səhifələrin başında qəzetin
adı ilə yanaşı, "Türk və
islamçılığa aid məqalələrə "Azərbaycan”ın
səhifələri açıqdır” yazıldı.
"Rəsmi dövlət qəzetəsi” qeydi olmasa da,
hökumət başçısının təşəbbüsü
və dəstəyi ilə yaranan, dövlət tərəfindən
maliyyələşən "Azərbaycan” bu vəzifəni
uğurla yerinə yetirirdi. Onun məsuliyyəti böyük
idi! Bir millətin qürurverici tarixinə sadəcə,
yol yoldaşı olmayacaqdı. Bu qəzet
Azərbaycan Xalq Cümhuriyyətinin ən mötəbər
tribunalarından birinə çevriləcəkdi. Səhifələrindən Cümhuriyyət hökuməti
öz vətəndaşlarına müraciətlərini
ünvanlayacaq, dostlarına, düşmənlərinə
mövqeyini nümayiş etdirəcəkdi. Belə müqəddəs vəzifəni
daşımaq üçün yaradılan qəzet
üçün ən münasib, ən doğru ad elə
"Azərbaycan” olmalı idi!
Qəzetin ilk nömrəsi A-3 formatda, dörd səhifə
həcmində, iki dildə çıxdı. İki səhifəsi
Azərbaycan, iki səhifəsi isə rus dilində oldu. Rusca nəşri xırda istisnalarla Azərbaycancanın
tərcüməsi idi.
"Azərbaycan” qəzeti ölkəsinə qələbə
xəbəri ilə gəldi. Nuru Paşanın
komandanlığı ilə Qafqaz İslam Ordusu və milli hərbi
hissələrimiz Bakını bolşevik-daşnak
işğalından azad edərək qalibiyyətlə şəhərə
daxil olmuşdular. Qəzetin birinci nömrəsini
bu möhtəşəm günə həsr olunmuş xəbərlər,
təbrik teleqramları bəzədi. "Bakının
süqutu” adlı məqalədə yazılırdı:
"Bakının süqutu. Dün gecə Azərbaycan
Cümhuriyyəti Riyasəti namına Nuri Paşa həzrətləri
tərəfindən böylə teleqraf kəşidə
edilmişdir: "Bismihil-kərim, Bakı şəhəri
15.9.34 saət 9 əvvəldə qitəatimiz tərəfindən
zəbt olundu. Qafqaz İslam Ordusu komandanı
Farik Nuri”.
Qürurverici, sevinc dolu xəbərlər ard-arda gəlirdi. Nuri Paşa sentyabrın 15-də
Gəncəyə göndərdiyi növbəti teleqramda Azərbaycan
hökumətini Bakıya dəvət edirdi: "Gəncədə
Azərbaycan Cümhuriyyəti Rəyasəti-Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan
Bakı şəhərini ziyarət etmək üzrə Heyəti-Vükəlanın
yarın Bakıya təşriflərinə müntəzirəm,
əfəndim. 15.09.18. Yavərani-həzrəti-şəhriyaridən.
Farik-Nuru”.
Azərbaycan
Xalq Cümhuriyyəti Heyəti-Vükəla (Nazirlər
Şurası) rəisi Fətəli xan Xoyskinin cavab
teleqramında isə yazılırdı: "Qafqaz İslam
Ordusu komandanı səadətli Nuri Paşa həzrətlərinə.
Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz
tərəfindən Azərbaycanın paytaxtı olan
Bakının düşməndən xilas edildiyi münasibətilə
millətin zati-həmiyyətpərvəranələrinizə
və dünyanın ən nəcib əsgəri olan türk
oğullarına minnətdar olduğunu ərz etməklə
iftixar edərim, əfəndim. Heyəti-Vükəla
rəisi Fətəli xan”.
"Azərbaycan” qəzeti hökumət üzvlərinin
sentyabrın 17-də qatarla Gəncədən Bakıya yola
düşdüklərini yazdı. Kişi
gimnaziyasının qarşısında onları gənc vətənpərvərlər
alqışlarla qarşılamışdılar. Paytaxtın qəhrəman əsgərlər tərəfindən
azad olunması münasibətilə keçirilən bu
izdihamlı nümayişdə Fətəli xan Xoyski təbrik
nitqi söyləmişdi.
Qəzet ilk nömrəsində xəbər verirdi ki,
Qafqaz İslam Ordusu Bakını azad edərkən 30 minədək
silahlı düşmən əsir alınmış, şəhərdə
sakitlik bərqərar olmuşdur. Həmin nömrədə
dövrün məşhur şairi Məhəmməd Hadi
"Türk nəğməsi” adlı şeirində türk əsgərinin
qəhrəmanlığını belə vəsf edirdi:
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd
ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə
yolunda tökülən qan hədər olmaz
Qiymətli
olan xuni-şəhidan hədər olmaz,
Dul qalmış köhəni-nisvan hədər olmaz.
Bax sən
sonuna, hümməti-türkan hədər olmaz,
Bədbəxt olan əfqani-yetiman hədər olmaz.
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
"Azərbaycan”
qəzetinin Gəncə dövrü
Gəncə
şəhəri, Bulatov küçəsindəki 26 nömrəli
ev... "Azərbaycan” qəzeti
redaksiyasının ilk ünvanı... Müstəqil Azərbaycanın
birinci rəsmi qəzetində yer alan
materialların qayğısı, mürəttib
çatışmazlığı, kağız və
şrift qıtlığı ilə bağlı çətinliklər
bu evdə yaşanırdı. Əslində,
hökumət idarələri kimi "Azərbaycan” da bu
ünvanda qonaq idi. Qəzetin rus dilində sentyabrın
19-da çapdan çıxan ikinci nömrəsində
yazılırdı: "Hökumət idarələri hələlik
Gəncədə fəaliyyət göstərir. Bu günlərdə hökumət ilk imkan
düşən kimi mərkəzi idarələri Bakıya
köçürəcəkdir”.
"Azərbaycan”ın üçüncü nömrəsi
sentyabrın 22-də, dördüncü nömrəsi isə
sentyabrın 25-də çapdan çıxdı. Dörd səhifəlik,
üç səhifəsi rus, bir səhifəsi Azərbaycan
dilində olan dördüncü buraxılışda "Azərbaycan”
qəzetinin Bakıya köçməsi barədə elan
verildi. Qəzetdə rus dilində "Gəncə,
25 sentyabr 1918” sərlövhəli yazıda məlum edilirdi ki,
Azərbaycan hökuməti 3 aylıq fəaliyyətdən
sonra Gəncəni tərk edərək öz paytaxtına
köçdü. Məqalədə Gəncənin
Azərbaycan dövlətçiliyi tarixində əhəmiyyətli
yer tutduğu da xatırlanırdı. "Azərbaycan”ın
həmin nömrəsində "İdarədən” verilən
xəbərdə bildirilirdi: "Qəzetimiz bu gündən
Bakıya köçdüyünə binaən hər bir
sifarişat üçün bundan sonra bu ünvana müraciət
etməli: Bakı, "Azərbaycan” qəzeti idarəsinə”.
"Azərbaycan”ın
on günlük Gəncə dövrü bitdi... 1918-ci il
sentyabrın 25-də "Azərbaycan” qəzetinin "Heyəti-idarə”si
(Redaksiya heyəti) Nazirlər Şurası və mühüm
dövlət idarələri ilə birlikdə Bakıya
köçdü.
"Azərbaycan”
qəzetinin Bakı dövrü
Fətəli
xan Xoyskinin rəhbərlik etdiyi Heyəti-Vükəla (Nazirlər
Şurası) "Metropol” mehmanxanasında (indiki AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat Muzeyində) yerləşdi.
Həmin binanın qarşısındakı -
Kolyubakinski (indiki Nigar Rəfibəyli) küçəsindəki
Adamovlara məxsus yaşayış binası isə "Azərbaycan”
qəzetinin yeni ünvanı oldu.
Qəzetin
ana dilində 5-ci nömrəsi 1918-ci il
oktyabrın 3-də "Heyəti-təhririyyə” imzası ilə
4 səhifə olmaqla Bakıda işıq üzü
gördü. İlk dəfə həmin nömrədə
"Azərbaycan” adının altında "Gündəlik
siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir”
yazıldı. Nömrənin ilk səhifəsində
"Hökumət qərardadı”, maliyyə naziri
Ə.Əmircanovun "Elan”, Heyəti-Vükəla rəisi
F.X.Xoyskinin və ticarət və sənaye naziri A.Aşurbəyovun
"Azərbaycan Cümhuriyyətindən əhalinin nəzərinə”
sərlövhəli 1 oktyabr 1918-ci il tarixli
müraciəti dərc olundu. Müraciətdə
"Azərbaycan Cümhuriyyəti ümum Bakıdakı mədənlərdə
və fabriklərdə işləyən fəhlələr bu
gündən işlərinə şüru etməgə dəvət”
edilirdi. Çünki Bakı artıq dinc
həyatına qovuşmuşdu. Bütün
sahələrdə - iqtisadi, sosial, mədəni sahələrdə
işlər canlanmağa başladı.
Bakının azad edildiyi gün Məhəmməd
Əmin Rəsulzadə Avropa dövlətlərinin
iştirakı ilə İstanbulda keçirilən konfransda Azərbaycan
Xalq Cümhuriyyətinin nümayəndə heyətinə
başçılıq edirdi. Buna görə onun Fətəli xan
Xoyskiyə göndərdiyi təbrik teleqramı bir az gec - "Azərbaycan” qəzetinin 5-ci
sayında yer aldı. Teleqramda deyilirdi:
"Paytaxtımızın istirdadından dolayı təhti-idareyi-alilərində
bulunan hökumətimizi səmimi təbrik ilə
Bakının yeni türk ellərini istixlas (xilası)
üçün sarsılmaz bir qəleyi-mətin olması
ümidilə bütün arkadaşlarımla
öpüşürüz.
Azərbaycan heyəti-mürəxxəsəsi namına
Rəsulzadə Məhəmməd Əmin”.
Həmin nömrədə "C.Dağıstani”
imzalı, "Tarixi gün” sərlövhəli məqaləsində
Ceyhun bəy Hacıbəyli Bakının erməni-bolşevik
işğalından azad olunmasından bəhs edirdi: "8
zilhiccə - 15 eylülün bütün türk və islam aləminin
ən səadətli, ən şövkətli günlərində
nədd olunacağı şübhəsizdir.
Haman
gün türk və islam tarixinə zərin
bir səhifə işğal edəcəkdir.
...Bismihil-kərim,
düşmənlər öz maraqlarına yetmədilər, məyus
oldular. Türkün qəhrəman
oğulları öz istedadlarını, öz rəşadətlərini,
özlərinin yaşamaq üçün ölməyə
hazır olmalarını bütün aləmin gözünə
çırpdılar və bununla böylə, yüz illərcə
başqalarının təhti-təzyiqində əzilən
milyonlarca dindaş və millətdaşlarımıza
böyük-böyük ümidlər bəxş etdilər”.
Qəzetdə
elan verilmişdi: "Sabiqdə Gəncədə rus dilində
nəşr olunan "Azərbaycan” qəzetəsi şənbə
günündən etibarən Bakıda nəşr olunmağa
başlayacaqdır. Ünvan: Bakı, Kolyubakinski küçədə
"Azərbaycan” idarəsi”. "Azərbaycan”
öz vədinə sadiq qaldı və oktyabrın 7-də
Bakıda rus dilində ilk nəşrini oxuculara təqdim etdi.
Bakıdakı ilk ünvanında "Azərbaycan” qəzetinin
redaksiyası 1918-ci ilin 3 oktyabrından 28 noyabrınadək fəaliyyət
göstərdi. Qəzetin 29-cu nömrəsindən isə ünvan belə
qeyd olundu: "Məhəlli-idarə: Bakı, Voronsovski və
Qubernski küçələrinin küncündə 4 nömrəli
evdə. "Azərbaycan” idarəsi” (indiki
İslam Səfərli ilə Nizami küçələrinin
kəsişməsində yerləşən, 1867-1895-ci illərdə
milyonçu Mantaşevin sifarişi ilə İtaliya
memarlıq üslubunu özündə yaşadan üçmərtəbəli
yaşayış binası).
Altıncı nömrəsinədək qəzet "Heyəti-təhririyyə”
(redaksiya heyəti) imzası ilə çıxdı. Noyabrın
28-dən Azərbaycan dilində olan nömrələr Ceyhun bəy
Hacıbəylinin, rus dilində olan nömrələr Şəfi
bəy Rüstəmbəylinin redaktorluğu ilə təqdim
olundu. Azərbaycan və rus dillərində
nəşrlərdə bir-birindən tərcümə deyil, fərqli
materiallar verilirdi.
1918-ci il dekabrın 31-dək qəzetin ana dilində
75, rusca 70 nömrəsi işıq üzü gördü.
"Azərbaycan” qəzeti adını
daşıdığı müstəqil Cümhuriyyət
dövləti ilə birlikdə ümid dolu yeni ilə - 1919-cu
ilə qədəm qoydu...
"Bir gözəl sevdim ki, vətən dedilər!”
"Azərbaycan”
XX əsrin əvvəllərində fəaliyyət göstərmiş
mətbuat orqanları - "Həyat”, "İrşad”,
"Füyuzat” və onların ardıclıları kimi
"Türkləşmək, islamlaşmaq, müasirləşmək”
ideallarını uca tuturdu. Üzeyir Hacıbəyli "Azərbaycan”
qəzetinin məsləkini belə açıqlayırdı:
"Danışırlar ki, "Azərbaycan” qəzeti guya
"Müsavat” partiyasına məxsus firqəvi bir qəzet
imiş. Bu fəqərə barəsində bunu
bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti
deyildir. "Azərbaycan” qəzetinin məsləki
Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir”.
Qəzetin səhifələrində yer verilən
yazılarda əsasən, azadlıq, istiqlal arzuları ifadə
olunurdu. "Azərbaycan”ın təqdim etdiyi poeziya nümunələrində
sevgili deyə vəsf edilən gözəl belə, daha
çox, Vətənin özü idi. Qəzetin 25 fevral
1920-ci il tarixli sayında türkiyəli
şair Feyzulla Sacid yazdığı kimi:
Sevilən
gözəllər gözəl deyildir,
Bir
gözəl sevdim ki, vətən dedilər!
...İnlədim,
ahımı yellərə verdim,
Ağladım,
ruhumu sellərə verdim,
Könlümü
bu xarab ellərə verdim
Bu xarab ellərə canan dedilər.
Cəfər Cabbarlı isə "Yaşıl donlu, mavi
gözlü, al duvaqlı sevdiyim” deyə müstəqil
ölkəmizin başı üzərinə qaldırılan
bayrağımızı vəsf edirdi. "Azərbaycan”
qəzetinin 25 avqust 1919-cu ilin 260-cı nömrəsində
C.Cabbarzadə imzası ilə çap edilən "Sevdiyim
(Azərbaycanın bayrağına)” adlı həmin şeir
müəllifin Vətəninə, məmləkətinə,
bayrağına səcdəsidir:
...O yerlərdə
qardaşları, dostları var, pək sevir,
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.
Canalıcı
bir görkəmlə dağ başında durunca,
Oxşadıqca bahar yeli açıq-dağnıq tellərin.
Nazlı əlin
umuzunda saçlarına vurduqca,
Bir-bir oxşayırsan bütün Turan ellərin.
Altaylardan,
Altun dağdan doğma sellər bəkləyor
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.
Rəmuz
ilə dörd bir yanə işıq saçmaq istiyor,
Ara-sıra
tərpəniyor, bu kəsik uçmaq istiyor,
Qollarilə
türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.
Bu əsərdəki
ali duyğular - milli qürur, Vətənə, dövlətə
ülvi məhəbbət onun "Azərbaycan
bayrağına” adlandırdığı, ilk dəfə Cəfər
Cabbarzadə imzası ilə "Azərbaycan” (29 avqust 1919, ¹
263) qəzetində dərc etdirdiyi şeirində də təcəssümünü
tapdı. Cəfər Cabbarlı istiqlalımızın əbədiliyinə,
bayrağımızın daim ucalacağına inamını
belə ifadə edirdi:
Buraxınız,
seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı
bayrağı.
Mələklərin qanadımı üzərimə
kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun
yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl
otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə
tapdanır.
Fəqət
bizim bayrağımız ucaları pək seviyor,
Yulduzlardan hilaldan da yüksəklərdə
fırlanıyor.
1918-ci
ilin 7 dekabrında parlamentin açılış mərasimində
M.Ə.Rəsulzadə: "Səadət və hürriyyət
istiqlaldır” - dedi: "İştə bunun
üçün, əfəndilər, müstəqil Azərbaycanı
təmsil edən o üç boyalı bayrağı
Şurayi-Milli qaldırmış, türk hürriyyəti,
islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhraranəsini
təmsil edən bu üç boyalı bayraq daima
başlarımızın üstündə ehtizaz edəcəkdir.
Bir daha qaldırılmış bayraq bir daha enməyəcəkdir!”
Onun bu
çıxışını Üzeyir Hacıbəyli
"Azərbaycan” qəzetinin oxucularının nəzərində
belə canlandırırdı: "Məhəmməd Əmin
milli ittitahəsində bu üç rəngin: türkləşmək,
islamlaşmaq və müasirləşmək amalı əlamətindən
ibarət olduğuna işarə ilə - bu bayraq endirilməz!
- dedikdə bütün məclis ayağa
qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən
başımın tükləri biz-biz durdu” ("Azərbaycan”
qəzeti, 1918-ci il, 9 dekabr).
Cəfər
Cabbarlı isə Azərbaycan bayrağında əks olunan rənglərin
mənasını "Azərbaycan bayrağına” şeirində
obrazlı şəkildə belə ifadə edirdi:
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən firsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər
doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə
bir dilək var, o da doğru kəsilsin,
O gün
olsun bir göy bayraq Turan üstə açılsın.
Ümgülsüm
xanım "Türk ordusuna”, "Ey türk oğlu!”,
"Çəkil, dəf ol!”, "Əsgər anasına”,
"Dərdli nəğmə”, "Yurdumuzun qəhrəmanlığına”,
"Yollarını bəklədim” və başqa əsərlərində
milli istiqlala qovuşmanın qürurunu ifadə edirdi.
"Əsgər analarına” adlı şeirində o, milli
ordunun yaradılmasını, səfərbərliyə
alınan Azərbaycan gənclərinin, onları yola salan
anaların qəhrəmanlığını
alqışlayırdı:
Annəciyim,
ağlama, xeyir-dua söylə sən,
Göz yaşınla saxlama haqq yoluna gedəni.
Onun
çarpan qəlbinə çalış fərəh verəsən,
Onun
şux gənc həyatı qurtaracaq vətəni!
("Azərbaycan”
qəzeti, 1919, ¹352).
(Ardı var)
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.- 2018.- 5 sentyabr.- S.1;4.