Müsəlman Şərqinin ilk demokratik parlamenti
Müsəlman Şərqinin ilk demokratik, hüquqi respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq mövcudluğuna rəğmən, xalqın milli mənlik şüurunu özünə qaytarmış, müqəddəratını müstəqil şəkildə təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmiş, həyata keçirdiyi qanunverici islahatlarla dövlətçiliyin sütunlarının möhkəmlənməsinə çalışmışdır. Qısa müddətdə cümhuriyyətin mühüm dövlətçilik atributları, ölkə hakimiyyətinin bütün qolları formalaşdırılmış, o cümlədən ilk parlament yaradılmışdır.
Bütün bunlar nəticə etibarilə hüquqi dövlətlər üçün səciyyəvi olan hakimiyyət bölgüsü prinsiplərinin tətbiqinə, hakimiyyətin üç əsas qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti bütün fəaliyyətini ölkənin sosial-iqtisadi, maliyyə problemlərinin həllinə, ölkənin ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, Azərbaycanın beynəlxalq miqyasda tanınmasına, onun xarici ölkələrlə, ilk növbədə yaxın qonşuları ilə çoxşaxəli əlaqələrinin genişlənməsinə yönəltmişdi.
Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, cümhuriyyət parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etmişdi. Bu müddətdə "Məclisi-Məbusan”ın 145 iclası keçirilmiş, ilk iclas 1918-ci il dekabrın 7-də, son iclas 1920-ci il aprelin 27-də baş tutmuşdu. Bu iclaslardan 15-i yetərsayın olmaması üzündən keçirilməmiş, 130 iclasda ölkənin daxili, xarici siyasəti, iqtisadiyyat, maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi, qəbulu, ordu quruculuğu və digər məsələlər müzakirə edilmişdi. Fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını təsdiq edilmişdi. Gənc müstəqil respublikada cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən mükəmməl qanunlar özünün mütərəqqiliyi, demokratik ruhlu olması ilə fərqlənirdi.
Xalq Cümhuriyyəti parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində də böyük iş aparırdı. Bununla bağlı olaraq parlament 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etdi. Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da, bolşevik Rusiyasının Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.
Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi, Azərbaycanda da parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi-iqtisadi və ideoloji məqsədlərini həyata keçirməyə xidmət edirdi. XX əsrin 50-60-cı illərində Azərbaycan SSR-də milli-mənəvi dirçəliş istiqamətində bir sıra ehtiyatlı addımlar atılsa da, bu sahədə məqsədyönlü iş yalnız böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtdan başlandı. Azərbaycan SSR-in rəhbəri kimi Heydər Əliyev ilk gündən böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltdi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində qəbul etdiyi səhv qərarlar üzündən parlament xalqın dəstəyindən tamamilə məhrum olmuşdu. Vəziyyətin getdikcə gərginləşdiyi bir vaxtda iqtidarla müxalifət arasındakı sövdələşmənin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin səlahiyyətləri bərabərlik əsasında formalaşdırılmış 50 nəfərlik Milli Şuraya verilmiş, digər deputatların hüquqları isə kobudcasına pozulmuşdu. O zaman Ali Sovetin qeyri-demokratik addımlarından biri də parlamentdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin siyasi fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərarın qəbulu idi.
Ulu öndər Heydər Əliyevin o illərdə Azərbaycan Ali Sovetinin iclaslarındakı alovlu çıxışları cəmiyyətdə böyük əks-səda doğurur, ölkə rəhbərliyinin iç üzünü ifşa edir və xalqı həmrəyliyə çağırırdı. Bu isə xalqın dəstəyindən məhrum olmuş hakimiyyəti və Ali Sovet rəhbərliyini heç cür qane edə bilməzdi. Ona görə Ali Sovet tərəfindən Naxçıvan MR Ali Məclis sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qaydası ləğv edildi.
AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə parlament üzərinə düşən vəzifələri yerinə yetirə bilmirdi - ölkədəki xaos qanunverici orqandan da yan ötməmişdi. Vəziyyətin son dərəcə ümidsizləşdiyi bu məqamda xalq ən doğru seçimini edərək ulu öndər Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi. Bu çağırışa biganə qala bilməyən ulu öndər Bakıya gələrək çox qısa müddətdə vətəndaş müharibəsinin qarşısını aldı, ölkəni fəlakət və məhv olmaqdan qurtardı. Xalqın və dövlətin ən ağır, taleyüklü məqamında Ali Sovetin sədri kimi məsul vəzifəni üzərinə götürərək şərəflə daşıdı, bir-birindən çətin və mürəkkəb problemləri böyük ustalıq və məharətlə yoluna qoydu.
Ulu öndər Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi ali qanunvericilik orqanının fəaliyyətində və xalqın ona münasibətində böyük dəyişiklik yaratdı. 1993-cü ilin iyun hadisələrinin araşdırılması və mənfi nəticələrinin aradan qaldırılması yönümündə görülən işlərin aşkarlıq şəraitində aparılması bütün xalqın diqqətini ali quruma yönəltdi. Öz fəaliyyətində daim aşkarlıq prinsipini rəhbər tutan Heydər Əliyev özü ilə bərabər parlamentə böyük bir işgüzarlıq, siyasi mədəniyyət gətirdi.
Ümummilli lider Heydər Əliyevin parlament sədri kimi fəaliyyəti Azərbaycanın qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə zəmin yaratdı. Ulu öndərin iclası aparmaq tərzi, öz təkliflərini dəqiq əsaslandırması, deputatların çıxışlarının məğzini tutmaq bacarığı, dəyərli fikirləri ümumiləşdirərək müzakirəni müsbət axara yönəltmək qabiliyyəti özlüyündə yeni parlamentarizm məktəbi idi.
Ulu öndər 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Ali Sovetinin sədri vəzifəsində çalışmış, xalqın iradəsi ilə prezident seçildikdən sonra müstəqil dövlətin digər təsisatları ilə yanaşı, peşəkar parlamentinin formalaşdırılması işində də həlledici rol oynamışdı. Beləliklə, Heydər Əliyev həm də müstəqil Azərbaycan dövlətinin parlamentinin memarı və yaradıcısı missiyasını yerinə yetirməli olmuşdur.
Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası və demokratik əsaslarla seçilmiş ilk parlamenti ölkəmizin siyasi tarixində dirçəliş və inkişaf dövrünün başlanğıcı olmuşdur. Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi Konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərini uğurla yerinə yetirmiş, fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurmuşdu. İlk çağırış parlament qarşısına qoyduğu hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, Azərbaycanın Avropa xalqları
ailəsinə inteqrasiyası, bu məqsədlə cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü islahatların həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması, möhkəmləndirilməsi və təkmilləşdirilməsi kimi vəzifələri uğurla yerinə yetirmişdi.
Qanunvericilik fəaliyyəti ilə yanaşı, parlament Ermənistanın ölkəmizə təcavüzü, Azərbaycan torpaqlarının beşdə bir hissəsini işğal altında saxlaması, bir milyondan artıq vətəndaşımızı yerindən, yurdundan didərgin salması barədə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, xalqımızın haqq işinin dünya miqyasında dəstəklənməsinə nail olmaq üçün mümkün olan bütün tədbirləri görmüş, müstəqil dövlətimizin xarici əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə dəyərli töhfələr vermişdir.
2000-ci ildə keçirilmiş ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ölkəmizdə demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğu yolunda irəliyə doğru mühüm addım olmuşdur. Seçicilərin yüksək fəallığı şəraitində ikinci çağırış Milli Məclisə respublikamızda fəaliyyət göstərən 9 siyasi partiyanın təmsilçiləri seçilmiş, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası böyük qələbə qazanaraq deputat mandatlarının əksəriyyətini əldə etmişdir.
İkinci çağırış Azərbaycanın Milli Məclisi fəaliyyəti dövründə Azərbaycan Respublikası Avropa Şurasının tamhüquqlu üzvü seçilmişdir. 2001-ci il yanvarın 25-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Strasburqda Avropa Şurasının binası önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ucaldılması Azərbaycanın Avropa ailəsinə qovuşduğunu bütün dünyaya nümayiş etdirmişdir. Azərbaycan parlamentini Avropa Şurasının Parlament Assambleyasında təmsil etmək üçün Milli Məclisdə daimi nümayəndə heyəti yaradıldı. Daimi nümayəndə heyətinin ilk rəhbəri cənab İlham Əliyevin başçılığı ilə Azərbaycanın parlamentariləri AŞ PA-nın iclaslarında böyük fəallıq nümayiş etdirmiş, ölkəmizə mühüm diplomatik nailiyyətlər qazandırmışdır.
2005, 2010 və 2015-ci illərdə keçirilmiş üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər xalqın Heydər Əliyevin siyasi kursuna inamını, hörmət və ehtiramını növbəti dəfə aydın şəkildə təcəssüm etdirmişdir. Hər üç seçkidə Yeni Azərbaycan Partiyasının uğur qazanması, ən çox deputat mandatına layiq görülməsi, həm bu hörmət və ehtiramın nəticəsi, həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin bəhrələrinin, nəticələrinin insanlar tərəfindən yüksək qiymətləndirilməsi olmuşdur.
2015-ci ildə keçirilmiş beşinci çağırış Azərbaycan Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmiş, deputatları təbrik etmiş, onlara gələcək qanunvericilik fəaliyyətlərində uğurlar arzulamışdır. Prezident demokratik parlament seçkilərinin ölkəmizin demokratik inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
Bu gün parlamentdə həyata vəsiqə alan qanunlar hüquqi bazanı möhkəmləndirməklə yanaşı, Azərbaycan hakimiyyətinin kompleks inkişafa dair həyata keçirdiyi siyasi kursa dəstək verir. Qətiyyətlə demək olar ki, Azərbaycan Milli Məclisinin son illərdəki fəaliyyəti müsbət və uğurlu olmuşdur. Ötən illərdə parlamentdə yüzlərə qanun və qərar, həmçinin müxtəlif qanunlara əlavə və dəyişikliklər qəbul olunmuş, beynəlxalq müqavilə və konvensiyalar ratifikasiya edilmiş, bir sözlə, ölkəmizin qanunvericilik bazası daha da təkmilləşdirilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, Milli Məclis 2007, 2009, 2013 və 2016-cı illərdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə amnistiya aktları qəbul etmişdir.
Bu günlərdə yaranmasının 100-cü ildönümünü qeyd edən Azərbaycan Parlamenti Heydər Əliyevin ideya və tövsiyələrinə sadiq qalaraq hər bir məsələdə məhz ölkə vətəndaşlarının mənafeyini uca tutur, yeni qanunların insanların maraqlarına maksimum dərəcədə cavab verməsinə çalışır. Əminliklə demək olar ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətə səmərəli fəaliyyəti ilə dəstək verən Azərbaycan Respublikasının Milli Məclisi qarşıdakı müddətdə də ölkənin hərtərəfli tərəqqisi naminə bütün səy və imkanlarını səfərbər edəcəkdir.
Şahsultan HƏSƏNOV,
Rusiya Federasiyasının Prezidenti yanında İdarəçilik və
Dövlət Qulluğu
Akademiyasının magistri
Azərbaycan.- 2018.- 6
sentyabr.- S.4.