Əmək, məşğulluq, sosial müdafiə və sosial
təminat sahələrində elektron xidmətlərin
tətbiqinin genişləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında modern və
çevik idarəetmənin
təmin edilməsi, dövlət orqanlarının
fəaliyyətində şəffaflığın
artırılması və
korrupsiyaya şərait
yaradan halların aradan qaldırılması
məqsədi ilə əhaliyə göstərilən
xidmətlərin elektron
qaydada həyata keçirilməsi istiqamətində
əhəmiyyətli işlər
görülmüşdür.
Bununla belə, vətəndaşlara
xidmət göstərilməsində
şəffaflığı və operativliyi təmin etmək üçün əmək,
məşğulluq, sosial
müdafiə və sosial təminat sahələrində dövlət
xidmətlərinin tam elektronlaşdırılması,
müvafiq informasiya sistemlərinin formalaşdırılması,
informasiya texnologiyalarının
tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik
hallarının qarşısının
alınması yönündə
bir sıra əlavə tədbirlərin
görülməsinə zərurət
vardır.
Göstərilən sahələrdə
idarəetmə sisteminin
təkmilləşdirilməsini, habelə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan bir
sıra qurumların fəaliyyətinin səmərəliliyinin
artırılmasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş
elektron informasiya sistemi” (bundan sonra - MEİS) yaradılsın.
2. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.1. Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri
üzrə əhaliyə
göstərilən xidmətlərin
vahid platforma üzərindən elektron
formada təqdim edilməsi məqsədi ilə "e-sosial” internet
portalının (bundan
sonra - Portal) üç
ay müddətində yaradılmasını
təmin etsin;
2.2. məşğulluq tədbirləri ilə bağlı xidmətlərin
elektron şəkildə
həyata keçirilməsi
məqsədi ilə
MEİS-də məşğulluq
altsisteminin altı ay müddətində yaradılmasını
təmin etsin;
2.3. Portal
vasitəsilə aparılan
əməliyyatların və
fərdi məlumatların
təhlükəsizliyini təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Xüsusi Dövlət
Mühafizə Xidməti
ilə birlikdə tədbirlər görsün;
2.4. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi,
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla üç
ay müddətində:
2.4.1.
MEİS haqqında əsasnamənin
layihəsini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.4.2.
Portal haqqında əsasnamənin
layihəsini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.4.3. pensiya təyinatının
avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə
və vətəndaşların
sosial sığorta stajının müəyyən
edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.5. bu fərmandan
irəli gələn digər tədbirləri görsün.
3. Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi Portalın və bu fərmanın 2.2-ci bəndində nəzərdə
tutulan altsistemin fəaliyyətini təmin
etmək məqsədilə
onlarla digər dövlət orqanlarının
informasiya sistemləri
və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlərin göstərilməsinin "elektron
hökumət” portalı
vasitəsilə təşkili
üçün tədbirlər
görsün.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
4.1. əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin
elektron qaydada həyata keçirilməsi
və pensiya təyinatının tam elektronlaşdırılmasına
keçidlə əlaqədar
Azərbaycan Respublikası
qanunlarının təkmilləşdirilməsi
ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.2. Portalın və bu fərmanın 2.2-ci bəndində nəzərdə
tutulan altsistemin yaradılması və saxlanması ilə bağlı xərclərin
maliyyələşdirilməsini iki ay müddətində təmin etsin;
4.3. Azərbaycan Respublikası
Prezidentinin aktlarının
bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.4. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.6. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
5. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 sentyabr
2018-ci il
Azərbaycan.- 2018.- 6
sentyabr.- S.6.