İstiqlalımızın yadigarı, həmyaşıdı
və tərənnümçüsü
Xoş günlərin şahidi...
"Azərbaycan” qəzeti dövrün bütün ictimai-siyasi gərginlilklərinə, nigarançılıqlarına, narahatlıqlarına rəğmən, müstəqil hökuməti ilə birlikdə neçə-neçə uğura, xoş günlərə şahid oldu. Səhifələrində çoxlu təbriklər, sevinc, ümid hisslərinin əks olunduğu materiallar dərc edildi: Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunması, Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin işə başlaması və fəaliyyəti, Bakı Dövlət Universitetinin yaradılması, dövlət müstəqilliyinin ildönümünün qeyd edilməsi, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması...
1919-cu ilin 28 mayında Azərbaycanın istiqlaliyyətinin elan olunmasının birinci ildönümünə həsr olunmuş, başında "ikinci sənəyi-davamiyyəsı”, adının altında isə böyük hərflərlə "Azərbaycan istiqlaliyyətinin bir sənəliyi münasibəti ilə "Dardanel” lokantasında Rumın orkestri və Asiya musiqisi çalıb xanəndələr oxuyacaqdırlar, məşhur tarçalan Həsənin təhti-idarəsində” yazılmış nömrədə Şeyxülislam Axund Ağa Ağaəlizadə "İstiqlaliyyət”, Məhəmməd Əmin Rəsulzadə "Nə boyük bayram!”, Üzeyir Hacıbəyli "Bir yaş”, İbrahim Xəlil "Şərəfli bayram”, Fərhad Ağazadə "Türk şüərası və istiqlal”, Əliabbas Müznib "Azərbaycan istiqlalı” və digər yazılarda bu möhtəşəm qələbənin sevinci ifadə edilirdi. Materiallar "Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti!”, "Yaşasın türk milləti! Yaşasın millətlərin qardaşlığı!”, "Yaşasın təyini-müqəddərat hüququ!”, "Yaşasın cahan demokratiyası!”, "Var olsun hürriyyət və istiqlal, qəhr olsun düşmənləri!” şüarları altında verildi.
Ancaq bu qəzetin ağır günləri də heç bitmədi. Millətinin tarixi qələbəsinə, müstəqillik sevincinə sonuna qədər bürünə bilmədi. Gözlər önündə 1918-ci ildə Azərbaycanın əksər ərazisində erməni-daşnak silahlı qüvvələrinin törətdikləri cinayətlərin qurbanlarının, vətənini əsarətdən qurtarmaq üçün canından keçənlərin hüzn dolu məzarları, ermənilərin amansızlıqla həyata keçirdikləri qırğınlarda əzab-əziyyətlər verdikləri azərbaycanlıların kədərli simaları, yandırılmış evlərin, ellərin xarabalıqları, könüllərdə külə dönmüş arzuların yas yerləri var idi. Onların yaralarını azad ölkələrini inkişaf etdirərək, dövlət müstəqilliyini bütün dünyada qəbul etdirərək, düşmənlərinə dağ çəkərək sarımaq olardı. Azərbaycan Xalq Cümhuriyyəti və onun rəsmi mətbuat orqanı "Azərbaycan” qəzeti bu yolda yorulmadan, əzmlə çalışırdı.
...Yollarını bürümüş qara duman isə sıxlaşırdı. Şimal küləyi tufan qoparmaqdaydı. Belə ağır zamanda dövlətin düzgün təbliğata daha çox ehtiyacı var idi ki, bu mühüm vəzifənin həyata keçirilməsində "Azərbaycan” böyük xidmətlər göstərirdi. Cümhuriyyət hökuməti üçün təbliğat işinin nə qədər əhəmiyyətli olduğunu Üzeyir Hacıbəyli belə diqqətə çatdırırdı: "Necə ola bilər ki, özgələr bir danə kəndin (məsələn, Mərzi kəndi) bir-iki min manat cərimələnməsi və bir neçə adamın ittifaqən öldürülməsi haqqında ingilislərə şikayət edib bu barədə həftələrcə qəzet sütununda yazsınlar, amma biz yer ilə yeksan edilmiş kəndlərimizin, xaraba edilmiş şəhərlərimizin, zülm ilə öldürülmüş adamlarımızın haqqında bir söz də söyləməyib kirimiş duraq?!”.
Təbliğat işində geri qaldığımız və bu məsələdə özümüzün günahkar olduğumuz "Azərbaycan”dan əvvəlki mətbuat orqanlarımızda da dönə-dönə yazılırdı. Azərbaycan həqiqətlərini dünyaya bəyan etməyin vacibliyini Üzeyir Hacıbəyli bu qəzetdə belə diqqətə çatdırırdı: "İndiyə qədər o dərəcədə bişüur olmuşuq ki, bütün Qafqaz millətlərindən təkə-təklikdə ədədcə çox olduğumuz halda, biz Azərbaycan türkləri haqqında nəinki Avropanın, hətta yüz ildən bəri üstümüzdə sahiblik edən rusların da dürüst xəbərləri yox idi. Ruslar bugünə qədər bizi "persian” deyə İran və fars millətindən hesab edirlər. Mən özüm bizim "persian” olmayıb türk olduğumuzu Moskva və Petroqraddan əlavə, Bakının özündə də bir çox ruslara dəfələrlə qandırmışam.
Biz Azərbaycanı və iki milyondan artıq olan Azərbaycan türklərini Yevropaya və müttəfiq dövlətlərə indidən tanıtdırmalıyıq. Özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata, sənayeyi-nəfisəyə malik olduğumuzu onlara bildirməliyik. Dilimizin firəng dili Yevropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk-Azərbaycan dili ilə danışmağa məcbur olduğunu isbat etməliyik. Musiqimizin ümumi Qafqaz millətlərinə zövq və ləzzəti-ruhani verən bir musiqi olduğunu bildirməliyik. Yevropa şüəralarından geri qalmayaraq şairlərimizi, müsənniflərimizi, yazıçılarımızı, alimlərimizi birbəbir nişan verməklə xüsusi bir mədəniyyətə malik olduğumuzu əyan və aşkar etməliyik. Daha yüz il əvvəl müstəqil xanlıqlar surətində yaşadığımızı yada salmalıyıq. Cəsur və rəhmli, safdil və haqgu bir millət olub da, fitnə və fəsad, hiylə və təzvir kimi əxlaqi-zəmimədən ari olduğumuzu da gizlətməməliyik. Qəhrəman bir əsgər, qabil bir tacir, mahir bir sənətkar, zəhmətsevən bir əmələ, işgörən bir ziraətçi olduğumuzu da unutmayıb söyləməliyik”. ("Mühüm məsələlər”, "Azərbaycan” qəzeti, 1 dekabr, 1918).
Vətənin fədakar övladları dövlət müstəqilliyini qorumaq naminə bütün sahələrdə mübarizə aparırdılar. Böyük məsuliyyət tələb edən bir vaxtda Azərbaycan dövlətini siyasi-ideoloji təxribatlardan qorumaq məqsədi ilə ölkə ərazisində nəşr olunan mətbuat orqanlarına müvəqqəti hərbi senzura tətbiq edildi. Nuru Paşa 1930-cu ildə Türkiyə Baş Hərbi Qərargahının tarix komissiyasının xahişi ilə yazdığı memuarda bu barədə məlumat vermişdi: "Bakıda "Azərbaycan namında bir türkcə (rəsmi hökumət qəzetəsi) və bir də rusca qəzet nəşr edilirdi. Bu qəzetlər mövqe komandanlığından bir senzor heyəti tərəfindən müraqiə edilirdi”.
Əsasən hərbi məzmunlu yazılardan senzorun kəsmiş olduğu hissələr, ağ yerlər "Azərbaycan”ın az nüsxələrindədir. Bu, gənc Azərbaycanın ideoloji təxribatlardan, dini-etnik ziddiyyətlərdən qorunması üçün gərəkli idi.
"Azərbaycan” qəzeti yalnız xarici düşmənlərə qarşı mübarizə apamırdı. Üzeyir bəy Azərbaycanın müstəqilliyini qəbul etməyən, yeni qurulan dövləti yenidən əsarətə sürükləməyə cəhd göstərən qüvvələri, müxalifətçi partiyaları satira atəşinə tuturdu: "Gözlər var ki, dünənə qədər əsir və qul olan milləti bu gün azad və sərbəst görmək istəmirlər. Qulaqlar var ki, lal edilmiş bir millətin dilinin bu gün açılıb da söz söyləməsini eşitmək istəmirlər. Qəlblər var ki, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün müstəqil və azad olmasını qəbul etmək istəmirlər” ("Azərbaycan” qəzeti, 5 dekabr 1918, ¹56). Müəllif xarici və daxili düşmənlərə kəskin cavab verirdi: "Azərbaycan türklərini müstəqil və azad görmək istəməyənlər, ya gərək bizi zor ilə təkrar qul və əsir etsinlər, ya buna gücləri çatmazsa "tən qəzaya verib” əmr vaqe qarşısında ixtiyari-süskün etsinlər və ya buna da vicdanlarını razı edə bilməsələr, vətən deyib, Azərbaycan toprağından çıxıb getsinlər. Bu üç təklifdən hanki birini qəbul etmək istəsələr sahibi-ixtiyardılar. Ancaq bunu dürüst bilməlidirlər ki, biz Azərbaycan türkləri zor ilə də, güc ilə də əsarət zəncirini təkrar boynumuza salmaq istəməyəcəyik” ("Azərbaycan” qəzeti, 5 dekabr 1918, N 56).
"Azərbaycan” qəzetinin redaktorları
"Azərbaycan” qəzeti qısa müddətdə geniş, mötəbər tribunaya çevrildi. Dövrün tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, millət fədailəri ətrafına toplaşdılar. Onlar bu qəzet vasitəsi ilə cəmiyyəti düşündürən məsələlərə diqqəti çəkir, ictimai rəyi formalaşdırır, milləti yeni dövlət quruculuğuna səfərbər edirdilər. Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Əhməd Cavad, Firudin bəy Köçərli, Ömər Faiq Nemanzadə, Cəfər Cabbarlı, Məhəmməd Hadi, Seyid Hüseyn, Ummugülsüm Sadıqzadə, Şəfiqə Əfəndizadə, Əliabbas Müznib, Məmməd Sadıx Axundzadə, Əli Yusif, Əli Şövqi, Yusif Vəzir Çəmənzəminli, Fərhad Ağazadə, Abdulla Şaiq, Abbas Səhhət, Adil xan Ziyadxanov, Məhəmməd ağa Şahtaxtlı, Hacı İbrahim Qasımov, Nağı bəy Şeyxzamanlı, Nəsib bəy Yusifbəyli, Hüseyn Bayqara, Əmin Abid, Behbud ağa Şahtaxtinski, Həmid bəy Şahtaxtinski və başqalarının məqalələri, şeirləri, elmi publisistik yazıları bu qəbildən idi.
Ziddiyyətli bir vaxtda yeni hökumətin rəsmi orqanına rəhbərlik etmək, gərəkli şəkildə təbliğat aparmaq asan deyildi. Azərbaycanın müstəqilliyinə qarşı mübarizə aparanların önünə "Azərbaycan” qəzeti böyük mübariz kimi çıxmışdı. Yaradıcı heyət gərgin iş rejiminə rəğmən, ruh yüksəkliyi ilə yorulmaq bilmədən çalışırdı. Çünki "Azərbaycan”çılar ölkənin müstəqilliyini qanıyla-canıyla arzulayanlar idilər. Onlar Azərbaycanın işıqlı gələcəyi üçün əllərindən gələni edirdilər.
1918-1920-ci illər arasında "Azərbaycan”ın ana dilində 443, rus dilində 438 nömrəsi işıq üzü gördü. Qəzetin Azərbaycan və rus dili nəşrlərinin dörd redaktoru oldu. İlk nömrələri imzasızdı və "Redaksiya heyəti” adından nəşr edilirdi. Azərbaycan dilindəki nəşrinə 5-ci nömrədən Ceyhun bəy Hacıbəyli, rus dilindəki nəşrinə isə Şəfi bəy Rüstəmbəyli redaktorluq etməyə başladılar. Qəzetin Azərbaycanca nəşrinin 50-ci nömrəsində müdir göstərilmir, 51-ci nömrədən 1919-cu ilin 16 yanvarında çıxmış 89-cu nömrəyə qədər müdir və baş mühərrir Ceyhun bəy Hacıbəyli, 89-cu nömrədən 4 iyul 1919-cu il tarixli 216-cı nömrəyə qədər müvəqqəti müdir Üzeyir bəy Hacıbəyli, 4 iyul 216-cı nömrədən 1 sentyabr 265-ci nömrəyə qədər müvəqqəti müdir Xəlil İbrahim, 1 sentyabr 265-ci nömrədən 31 dekabr 1919-cu il tarixli 358-ci nömrəyə və 1 yanvardan 28 aprel 1920-ci il tarixli 85-ci nömrə də daxil olmaqla müdir Üzeyir bəy Hacıbəyli oldu.
Vətəninə sevgili, millətinə pərvanə olan bu dörd övladının - "Azərbaycan” qəzetinin dörd redaktorunun hər biri ömrünü Azərbaycanın yolunda fəda etdi. Milləti, məmləkəti üçün yaşamağın vicdanın hökmü, qəlbin istəyi olduğunu bir daha göstərdilər. Hərəsi bir cür, amma eyni dərdin - yenidən işğal olunmuş, əsir düşmüş Vətənin dərdinin ağrısını, qəhrini çəkdi...
Ceyhun Hacıbəyli
Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni, mətbu həyatında onun qoyduğu izlər kifayət qədər aydın, silinməzdir. Yazıçı-publisist, tərcüməçi, naşir, redaktor, folklorşünas, diplomat, ictimai xadim, Azərbaycanın istiqlal mücahidi, mühacirətin fəal üzvlərindən və təşkilatçılarından biri - Ceyhun Hacıbəyli...
1910-1916-cı illərdə Peterburq Universitetində, sonra Fransanın Sorbonna Universitetində təhsil alan Ceyhun bəyin qarşısında bir də özündən üç yaş böyük qardaşı Üzeyir Hacıbəyli nümunəsi var idi. Qardaşı kimi onun da "Azərbaycan”a qədər bir sıra mətbuat orqanında - "İrşad”, "Proqres”, "Tərəqqi”, "İttihad”, "Kaspi”, "Baku” və digərlərində məqalələri dərc olundu, "İttihad” və "Kaspi”nin əlavəsi kimi çıxan "İzvestiya” qəzetlərində redaktorluq etdi. Birinci Dünya müharibəsi ərəfəsində Bakıya pənah gətirən Qars qaçqınlarına yardım etmək məqsədilə keçirilən xeyriyyə tədbirlərində fəal iştirak etdi. 1918-ci ilin avqustunda Gəncəyə gəldi. İlk addımlarını atan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəylinin Şəfi bəy Rüstəmbəyliyə və ona rəsmi "Azərbaycan” qəzetini nəşrə başlamaq təklifi Ceyhun bəyi mütəhəssir etdi. O, "Azərbaycan”ın Azərbaycanca nəşrinin ilk redaktoru oldu.
1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin Parisdə Versal Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin tərkibinə müşavir kimi "Azərbaycan” qəzetinin redaktoru Ceyhun bəy Hacıbəyli də daxil edildi.
Qəzetin 1919-cu il 9 yanvar tarixli 83-cü nömrəsində Ceyhun bəy oxuculara müraciət etdi: "Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifətilə ifaya məşğul ikən, vətən övladlarının xahiş və əmrinə müti olaraq, cahan sülh konfransına göndərilməklə öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü.
Bu böyük xidməti möhtərəm arkadaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə, qəzetə idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim”.
Cümhuriyyət hökumətinin tapşırığı, Əlimərdan bəy Topçubaşovun başçılığı ilə, sədr müavini Məmmədhəsən Hacınski, üzvlər Əhməd bəy Ağayev, Əkbər ağa Şeyxülislamov, müşavirlər Məhəmməd Məhərrəmov, Mir Yaqub Mir Mehdiyev və Ceyhun Hacıbəylidən ibarət heyət Parisə yola düşdü. Onlar Azərbaycan Xalq Cümhuriyyətini beynəlxalq aləmdə tanıtdırmaq, müstəqilliyini dünyaya bəyan etmək üçün getdilər. 1919-cu ilin yanvarından 1920-ci ilin yanvarınadək fasilələrlə davam edən konfransda Antanta Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini tanıdı.
Bakıda "Azərbaycan” qəzetinin Azərbaycan dilində nəşrinin redaktor yerində "müvəqqəti redaktor”ların adları yazılırdı. Çünki Ceyhun Hacıbəyli geri dönməli, yenidən bu vəzifəni tutmalı idi. Hələlik üzvü olduğu Azərbaycan nümayəndə heyəti ilə birlikdə Paris Sülh Konfransında mühüm işlər görürdü. Bu məsul vəzifənin ona Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin son tapşırığı olacağından xəbərsizdi. Ceyhun bəy bir daha vətənə qayıda bilməyəcəkdi. Amma Azərbaycana vəfa borcunu son nəfəsinədək yerinə yetirəcəkdi. Qürbətdə də Vətəninə xidmət edəcək, Azərbaycan üçün yaşayacaqdı. Parisdə çıxan "Qafqaz”, Münhendə nəşr edilən "Azərbaycan” jurnalının redaktoru, "Azadlıq” radiosunun yaradıcılarından olacaq, Azərbaycan ədəbiyyatını, incəsənətini, tarixini təbliğ edəcəkdi.
Geri dönsəydi... Sovet hökuməti Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətini unutmamışdı. Onun bağışlanaraq geriyə dönməsi üçün Üzeyir Hacıbəylinin əlaqədar təşkilatlara müraciətlərinin cavabsız qalması da bunu deməyə əsas verir. Ceyhun bəy Hacıbəyli mühacirətdə çox çətin həyat yaşadı. Üzeyir bəyin ömrünün sonunadək göndərdiyi pul yardımı ağır güzəranına müəyyən qədər kömək, qəlbinə təsəlli oldu. Və bir gün bu yardımlar da kəsildi...
Ceyhun bəy Hacıbəylinin nisgilli
ömrü 1962-ci ildə tükəndi. Son mənzili Parisin Sen-kulu qəbiristanlığı
oldu.
Şəfi
bəy Rüstəmbəyli
1918-ci il. Parlamentin son iclası. Simalarda kədərin qapqara kölgəsi var. Məhəmməd
Əmin Rəsulzadə hüznlə işğalçı
qüvvələrin Azərbaycana
yaxınlaşdığını deyir. Hönkürtü
səsi eşidilir. Qüssəli-qüssəli
arxaya boylanırlar. "Azərbaycan” qəzetinin rus dili
nəşrinin baş redaktoru Şəfi bəy Rüstəmbəylidir...
Müstəqil dövlətin süqutuna, müəmmalı gələcəklərinə
ağlayır...
O, orta təhsilini
Gəncədəki klassik gimnaziyada almış, sonra Kiyev
Universitetinin hüquq fakültəsində oxumuşdu. 1911-1916-cı illərdə Kiyevdə
yaşadığı tələbəlik çağları
ziddiyyətli ictimai-siyasi hadisələrin
fırtınasında keçdi. Şəfi
bəy universitetdə yaradılan Azərbaycan Həmyerlilər
Təşkilatının başçılarından və fəal
üzvlərindən oldu. 1917-ci ildə
Bakıda keçirilən Azərbaycan müsəlmanlarının
qurultayında, Moskvada baş tutan Rusiya müsəlmanlarının
qurultayında iştirak etdi. Şəfi bəy
Azərbaycan Milli Şurasının Tiflisdə və Gəncədə
yaradılan bölmələrində çalışdı.
Dövlət qurumlarının
yaradılmasında böyük xidmət göstərdi.
"Azərbaycan” qəzetinin rusca nəşrinin
ilk redaktoru olmaq da Şəfi bəy Rüstəmbəylinin
qismətinə düşdü. 1918-ci ildən bu vəzifəni
yerinə yetirməklə bərabər, Azərbaycan Milli
Şurasının üzvü, Daxili İşlər Nazirliyinin
dəftərxana müdiri oldu, 1920-ci il
martın əvvəllərindən isə nazir müavini vəzifəsini
icra etdi.
Publisistlik
fəaliyyətinə işlərinin çoxluğu mane ola bilmədi. O, ölkənin siyasi və
ictimai həyatına dair məqalələrlə "Azərbaycan”ın
səhifələrində çıxış etdi.
Bolşeviklər Azərbaycanda müstəqil hökuməti
devirdikdən sonra Tiflisə getməli oldu. Orada Şəfi
bəy Rüstəmbəylinin rəhbərliyi ilə "Azərbaycanı
xilasetmə komitəsi” yarandı. Qırmızı
Ordu 1921-ci ilin fevralında Gürcüstanı da işğal
etdi. Şəfi bəy Türkiyəyə
yollandı. İstanbulda müxtəlif illərdə
"Yeni Qafqaziyyə”, "Azəri-türkü”, "Odlu
yurd” və "Azərbaycanın yurd bilgisi”ni nəşr etdi.
1933-cü ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
süqutunun səbəbini bütün reallığı ilə
əks etdirən "27 aprel 1920-ci il xatirələri”ni
qələmə aldı. Səfi bəy yazırdı: "Nəhayət,
27 aprel gecəsi saat 12-də Bakıda bütün idarə, məhəllə
bolşeviklərin əlinə keçdi. Bununla,
aşağı-yuxarı ikiillik Milli Azərbaycan istiqlal tarixi
qapandı. Fəqət, milli azəri
türkünün istiqlal ruhunu əlindən ala bilmədilər.
İşğal zəfərləri
yarımçıq qaldı. Məmləkətin
həqiqi övladlarının istiqlal uğrundakı qan ilə
boyanmış və müttəhid bir kütlə
halındakı gənc övladlarının hürriyyət və
istiqlaliyyət ruhu ilə istiqlal hələ
yürüyür. İmanın qüvvəsi,
istiqlalın təbcili bizdə Bakı və Azərbaycan
yaşadıqca yaşayacaq və bütün türk ellərini
istiqlal ilə sevindirəcəkdir”.
Son arzusu həyata keçdi. Ancaq o, Azərbaycanın
yenidən istiqlala qovuşduğu günü görmədi.
1960-cı ildə İstanbulda Şəfi bəy Rüstəmbəyli
vətən həsrəti ilə gözlərini əbədi
yummuşdu...
Xəlil
İbrahim
Ədəbiyyat, mədəniyyət xadimi, ictimai xadim,
jurnalist, tənqidçi, teatrşünas, tərcüməçi,
istiqlal fədaisi Xəlil İbrahim ibtidai təhsilini
Şuşada aldıqdan sonra Bakıda realnı məktəbdə
oxumuşdu. "Azərbaycan” qəzetinə qədər də bədii
və publisistik yaradıcılıqla məşğul olurdu.
1919-cu ildə bu qəzetə redaktorluq etməklə
yanaşı, həmin il
yaradılmış Jurnalistlər və Ədiblər
İttifaqının sədr müavini oldu.
Xəlil İbrahimin redaktoru olduğu qısa vaxtda da
"Azərbaycan” öz dəst-xəttinə sadiq qalır, qəzetin
səhifələrində dövrün ictimai-siyasi hadisələrinə
ciddi münasibət bildirilir, parlamentdən müntəzəm
yazılar dərc olunurdu. Onun özünün də
müxtəlif mövzularda məqalələri bu qəzetdə
yer alırdı.
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin
formalaşmasında böyük fəallıq göstərən
Xəlil İbrahim aprel işğalından sonra ölkəni
tərk etmədi. 1923-cü ilin yayında Azərbaycan Fövqəladə
Komissarlığının və XI ordunun xüsusi
şöbəsi tərəfindən həyata keçirilən
kütləvi həbslər zamanı Mirzə Bala Məmmədzadə,
Hacıbaba Cəbiyev, Əbdül Vahab Yurdsevər, Cəfər
Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn, Xəlil
İbrahim və başqa azadlıq mübarizlərini zindana
saldılar. Bu dəfə "günahlarına
sübut olmadığından” onları buraxdılar.
Xəlil İbrahim yenə ədəbi-bədii
yaradıcılıqla məşğul oldu. Yazıları
"Kommunist”, "Ədəbiyyat”, "Kəndçi” qəzetlərində,
"Maarif və mədəniyyət” jurnalında dərc
edildi. 1923-cü ildə Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin nəzdində yaradılan elmi
terminologiyanın işlənib hazırlanması üzrə
komissiyaya əvvəl üzv, sonra məsul katib seçildi.
Komissiyanın "Dilimizin silahı” adlı mətbuat
orqanının redaktoru oldu. Sonra
"Kommunist” qəzetində mədəniyyət şöbəsinin
müdiri, bir müddət baş redaktorun müavini vəzifəsində
çalışdı. 1930-cu ildən
"Azərnəşr”də bədii ədəbiyyat üzrə
redaktor işlədi.
1937-ci il noyabrın 11-dən 12-nə keçən
gecə Xəlil İbrahim həbs edildi. 1938-ci ildə Azərbaycan
SSR Xalq Daxili İşlər Komissarlığı
"üçlüy”ünün (Markaryan, Atakişiyev,
Bağırov) 11 mart tarixli qərarı ilə "xalq
düşməni” elan edildi, əmlakı müsadirə
olunmaqla güllələnmə hökmü verildi. Hökm martın 23-də Nargin adasında yerinə
yetirildi.
1956-cı ilin aprelində SSRİ Ali Məhkəməsinin
Hərbi Kollegiyası Xəlil İbrahimin "cinayət
işi”nə yenidən baxdı. Bu dəfə işində
cinayət tərkibi tapmayıb bəraət verdilər.
Üzeyir
bəy Hacıbəyli
1918-ci ilin aprel-mart soyqırımı zamanı dəhşətli
faciələrə məruz qalan silahsız Azərbaycan
övladlarının çoxu kimi Üzeyir Hacıbəyli də
həmin ilin mayında çətinliklə İrana getdi. Bakıya
oktyabrın 23-də qayıtdı. Oktyabrın
25-dən "Azərbaycan”ın səhifələrində
imzası göründü. Qardaşı
Ceyhun Hacıbəylinin Parisə Sülh Konfransına getməsi
ilə "Azərbaycan”a redaktorluq etdi. İki aylıq
fasilə ilə on beş ay bu vəzifəni
yerinə yetirdi. Müxtəlif mövzularda qələmə
aldığı məqalələri isə hər gün,
günaşırı, hətta bəzən bir nömrədə
ikisi fərqli imzalarla dərc olundu.
Qəzetin
1919-cu il 215-ci nömrəsindən sonra
redaktorluq vəzifəsini Xəlil İbrahim yerinə yetirdi. Həmin ilin iyul ayının əvvəllərində
Üzeyir bəy Bakını tərk etməli oldu.
"Azərbaycan”da yazılırdı: "Qəzetəmizin
müvəqqəti müdiri Hacıbəyli Üzeyir bəy əfəndi
səhhətini düzəltmək məqsədilə bir
müddətə Bakudan gedib. Müvəqqəti
müdir vəzifəsi Xəlil İbrahim əfəndi öhdəsinə
vagüzar edilmişdir”.
Üzeyir bəy iki aylıq müalicədən sonra geri
döndü.
1919-cu ilin 3 sentyabrından "Azərbaycan” qəzetinə
redaktorluğunu davam etdirdi. Yenə qəzetin
həm də ən fəal yazarlarından biri oldu. Ölkənin ictimai-siyasi həyatı ilə
bağlı bu qəzetdə müxtəlif janrlı
yazılarına yer verildi. O, müstəqil Azərbaycanın
ilk parlament jurnalisti kimi Milli Şuranın iclaslarından
reportajlar da hazırlayır, parlamentdə baş verənləri
şərh və təhlil edirdi.
"Azərbaycan” qəzetinin son nömrəsi də onun
redaktorluğu ilə çap olundu. Azərbaycan Xalq
Cümhuriyyətinin süqutundan sonra Üzeyir Hacıbəyli
Vətənindən ayrılmadı. Yenə
ona "Üzeyir bəy” deyə xitab edərək ehtiram
göstərdilər. Azərbaycanın bu
sevimli övladı şöhrətin yeni zirvələrini fəth
etdi. O, Cümhuriyyətin qələbəsindən qabaq
da bəstəkar kimi tanınırdı. Təkcə
Azərbaycanda deyil, Yaxın Şərqdə ilk operanın -
"Leyli və Məcnun” operasının müəllifi idi.
Cümhuriyyət dövründə bəstəkarlıq fəaliyyəti
ilə az məşğul olsa da, ən
möhtəşəm əsərlərindən birini - Azərbaycanın
Dövlət himnini bəstələdi.
Sovet hakimiyyəti illərində bəstəkarlıq
publisistlik fəaliyyətindən önə keçdi. Bu, mətbuatımız
üçün böyük itki idi. Azərbaycan
musiqi sənəti isə həmin illərdə misilsiz bəstəkarın
dəyərli əsərləri ilə zənginləşdi.
Azərbaycanın istiqlal mücahidlərinə
qarşı amansız olan sovet hökuməti Üzeyir bəyin
Cümhuriyyət dövründəki fəaliyyətini
unutmadı. Möcüzə də baş vermədi. Üzeyir Hacıbəyli şəxsiyyəti,
Üzeyir Hacıbəyli dühası sipərə çevrilərək
onu sovet hakimiyyətinin qəzəbindən, kinindən, hiddətindən
qorudu. Azərbaycanın düşmənləri
isə Üzeyir bəyi məhv etmək niyyətindən sonadək
əl çəkmədilər. Onun həbsinə nail
olmaq üçün ermənilər xüsusi səy göstərdilər.
Azərbaycan Filarmoniyasının həmkarlar ittifaqının
sədri Akopyan, Azərbaycan Konservatoriyasının partiya təşkilatının
katibi Kiranov Azərbaycan daxili işlər xalq komissarı
Sumbatova göndərdikləri məktublarda Üzeyir bəyin
Azərbaycan Xalq Cümhriyyəti dövründəki fəaliyyəti,
"Azərbaycan” qəzetinin nəşrində göstərdiyi
xidmətlər, müsavatçı olması, qardaşı
Ceyhun bəyin və ən yaxın dostlarının
böyük əksəriyyətinin mühacirətdə
yaşamaları, orada da Azərbaycanın azadlığı
uğrunda mücadilələri, rəhbərlik etdiyi dövlət
xoruna "xalq düşmənləri”nin övladlarını
qəbul etdiyi, onları 1938-ci ildə Moskvada keçiriləcək
Azərbaycan mədəniyyəti və incəsənəti
ongünlüyünə aparmağa
hazırlaşdığı və digər
"günahları” sadalanır, onun SSRİ Millətlər
Şurasına deputatlığa namizədliyinin verilməsi
qeyri-məqbul sayılırdı. 1937-ci ilin sonlarında Az.K(b)P MK Bürosunun qapalı iclasında bu məsələyə
baxıldı, Mir Cəfər Bağırovun imzası ilə
qərar qəbul edildi. Bu faktları yoxlamaq və
yenidən büroya çıxarmaq qərarı ilə bərabər,
Üzeyir bəyin bəstəkar şöhrəti, Azərbaycan
kəndlilərinin yerli feodallara, türk sultanlarına
qarşı mübarizəsindən bəhs edən
"Koroğlu” operası və başqa uğurlu musiqi əsərinin
müəllifi olduğu üçün Millətlər
Şurasına deputatlığa namizədliyinin hələlik
geri alınmaması məsləhət görüldü.
1938-ci ilin fevralında Moskvada keçirilən Azərbaycan
mədəniyyəti və incəsənəti
ongünlüyündə Üzeyir Hacıbəyliyə
"Koroğlu”, "Arşın mal alan”, "Stalinə salam”
və digər əsərləri misilsiz şöhrət
qazandırdı. Həmin günlərdə Kremldə
keçirilən təntənəli qəbulda sovet dövlətinin
başçısı Stalinin Üzeyir bəyə göstərdiyi
diqqət, qayğı bədxahların gözlərinin odunu
aldı. 1938-ci ildə Stalinin göstərişi
ilə onu birbaşa Sov.İKP sıralarına qəbul etdilər.
SSRİ xalq artisti fəxri adı, Lenin ordeni,
Stalin mükafatı verildi.
"Ellər atası”nın diqqəti, ehtiramı
Üzeyir Hacıbəylinin 1930-cu illərində repressiya
burulğalarından xilas etsə də, təhlükə bitmədi. 1940-cı ilin
əvvəllərində on ildən artıq əlaqə
saxlaya bilmədiyi qardaşı Ceyhun bəyin ailəsindən
aldığı məktub Üzeyir bəyə qarşı
yeni ittihama çevrildi.
Üzeyir bəyin isə öz dərdi özünə
yetərdi. Uğrunda çalışdığı Azərbaycan
Xalq Cümhuriyyətindən, müstəqil dövlətin vətəndaşı
olmaq sevincindən məhrum edilmişdi, kiçik
qardaşı Ceyhun bəy və digər uzunillik həqiqi
dostlarından, məsləkdaşlarından ayrı
düşmüşdü. Bolşevik
hökumətinin sınaqları, erməni millətçilərinin
danosçuluğu isə bitmək bilmirdi. Keçmişini ona xatırladır, bir zamanlar azad
olan ölkəsi, soydaşları yolunda xidmətlərini diqqətə
çatdırır, Vətəni yolunda etdiklərini
ölüm fərmanına çevirməyə
çalışırdılar.
Ömrünün sonunadək mənəvi
rahatlığı ona çox gördülər. Üzeyir
Hacıbəyli 1948-ci ildə həyatı yalnız cismindəki
ağrılarla yox, ürəyinə vurulmuş sağalmaz
yaralarla tərk etdi.
"Azərbaycan”
qəzetinin yazarları...
Bu qəzetin təkcə redaktorları repressiya qurbanı
olmadılar.
"Azərbaycan”ın daimi yazarlarına, hətta səhifələrində
bir yazısı belə dərc olunanların çoxuna
qarşı sovet hökuməti ittihamlar irəli sürdü,
kimisinin ömrü qürbətdə, kimisininki həbsxana
divarları arasında keçdi, kimisi də güllələndi...
Cümhuriyyət dövrü milli mətbuatının
siyasi-publisistikasının ən dəyərli nümunələrinin
müəlliflərindən biri də Məhəmməd
Əmin Rəsulzadədir. Onun "Azərbaycan” qəzetində
yer alan məqalələrində xalqın
milli-mənəvi sərvətlərinin qorunması, demokratik
ölkədə yaşaması, dövlət və dövlətçilik
idealları əksini tapdı. Sovet hakimiyyətinin
gəlişi Məhəmməd Əmin Rəsulzadə
ömrünə Vətən həsrəti,
övladlarının və digər yaxın
qohumlarının faciəsini yazdı. Azərbaycanı
tərk etmək, mühacir həyatı yaşamaq məcburiyyətində
qalan Rəsulzadə də son nəfəsini qürbətdə
verdi. 1955-ci ildə "Azərbaycan” deyərək
gözlərini əbədi yumdu...
Qadınların taleyi, son dərəcədə
ağır maddi-mənəvi vəziyyəti,
hüquqsuzluğu mətbuatda böyük ictimai-siyasi problem
kimi müzakirə olunurdu. Belə dövrdə az
saylı ziyalı qadınlarımız bütün cətinliklərə,
cəmiyyətin qınaqlarına sinə gərirdilər. Onlardan biri də maarif xadımı, publisist,
yazıçı, xeyriyyəçi Şəfiqə
xanım Əfəndizadə idi. O, on dörd
yaşında ikən atasının Şəkidə işlədiyi
Darrüssiya məktəbinin nəzdində qızlar üçün
açılmış xüsusi qrupda dərs deməyə
başlamışdı. 1901-ci ildə Tiflis
Zaqafqaziya Ruhani İdarəsində imtahan verərək müəllimlik
attestatı aldıqdan sonra Hacı Zeynalabdin Tağıyevin və
Nəriman Nərimanovun təşəbbüsü ilə
Bakıya dəvət olundu. Qızlar məktəbinin
ilk pedaqoqlarından olan Şəfiqə xanım Əfəndizadə
ictimai işlərdə də fəallıq göstərdi.
1910-cu ilədək Tağıyevin qızlar məktəbində,
1910-1920-ci illərdə şəhər rus-tatar qadın məktəbində
Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris
etdi.
Şəfiqə xanım Əfəndizadə Azərbaycanda
baş verən hadisələrə münasibətini mahir
publisist düşüncələrilə də bildirirdi. "Şərqi-rus” qəzetindən
başlayaraq, "Dəbistan”, "Rəhbər”, "Məktəb”,
"İşıq”, "Açıq söz”,
"İstiqlal”, "Bəsirət” və digər mətbuat
orqanlarında müxtəlif mövzulu yazıları ilə
çıxış etdi.
1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin
dəhşətlər saçdığı şəhərdən
baş götürüb getməyə məcbur oldu. Qubada, Azqurda, İstanbulda
yaşadı. Ancaq ürəyi Azərbaycanda
qaldı. Orada baş verən hadisələri
izləyir, öz münasibətini bildirirdi.
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin
paytaxtına - Bakıya qayıtdı. Pedaqoji işinə bərpa
olundu. Yenə də mətbuatda müntəzəm
çıxış etdi. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə ruh yüksəkliyi, sonsuz
həvəslə, bitməz istəklə yazdığı
Cümhuriyyət hökumətinin demokratik islahatları,
milli-azadlıq hərəkatı, qadın azadlığı,
maarif-mədəniyyət, təhsil məsələlərindən
bəhs edən məqalələri "Azərbaycan” qəzetində
işıq üzü gördü.
Sovet dövründə də o həm pedaqoji, həm
publisistik fəaliyyətini davam etdirdi. 1923-cü ildə
nəşrə başlayan "Şərq qadını”
jurnalının redaksiya heyətinə üzv seçildi.
1932-ci ilədək müəllim işlədi.
Şəfiqə xanım Əfəndizadə
1959-cu ildə Bakıda dünyasını dəyişdi.
"Azərbaycan”da,
əsasən, "Fərhad Ağazadə”, "F.Ağazadə”,
"Şərqli” imzaları ilə çıxış edən
Fərhad Ağazadənin dərc olunmuş
yazılarının mövzusu müxtəlifdir. O, maarif, məktəb,
təhsil problemləri, ana dili, onun saflığı, əlifba
islahatı, milli istiqlal, milli dövlət quruculuğu,
parlamentin fəaliyyəti, erməni quldurlarının azərbaycanlılara
qarşı törətdikləri qətliamlar, mətbuatın
cəmiyyət həyatında rolu və digər mühüm
məsələlərdən yazırdı.
Fərhad Ağazadə istər çar Rusiyası, istər
Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də sovet
hakimiyyəti illərində maarifin, təhsilin
inkişafına çalışırdı, dərsliklər
yazırdı.
Dilimizin saflığı və əlifba
islahatı sahəsindəki xidmətləri ilə Mirzə Fətəli
Axundzadə ideyalarını davam etdirirdi. 1922-ci
ildə təşkil olunan "Yeni türk əlifbası komitəsi”nə
üzv seçildi. "Kommunist” və "Yeni yol” qəzetlərində,
"Maarif işçisi”, "Yeni məktəb”
jurnallarında məqalələri dərc olundu. Ömrünün son illəri xəstəliklə
mücadilədə keçdi. Pedaqoq,
dilçi, jurnalist, yazıçı-publisist, ictimai xadim Fərhad
Ağazadə 1931-ci ilin 4 yanvarında vəfat etdi.
Salman Mümtaz da Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsini
böyük sevinclə qarşıladı. Belə bir
vaxtda "Azərbaycan” qəzetinin işıq üzü
görməsini alqışlayır, bu qəzetdə müxtəlif
məqalə və şeirlərlə çıxış
edirdi. Vətənpərvərliyinə,
millətinin azadlığına sevgisinə görə ədəbiyyatşünas,
tənqidçi, publisist Salman Mümtazı da yaşamağa
qoymadılar. O, 1937-ci ilin 8 oktyabrında axşam saat 11-də
yaşadığı Buynakski - 25 (indiki Şeyx Şamil
küçəsi) ünvanından həbs olundu.
1941-ci ilin 21 dekabrında siyasi dustaqlar barədə
SSRİ-nin paytaxtında ölüm hökmü verildi. Qətlinə fərman verilənlərdən
biri də Salman Mümtaz idi...
1956-cı
il noyabrın 16-da isə ona SSRI Ali Məhkəməsi
tərəfindən ölümündən sonra bəraət
verildi.
"Azərbaycan” qəzetinin azsaylı əməkdaşlarından
biri - Ümgülsüm Sadiqzadə hələ 9
yaşında ikən ilk şeirini yazmışdı. 1918-1920-ci illər
isə gənc Ümgülsüm xanımın arzuları
kimi, yaradıcılığının da ən parlaq
dövrü oldu. Tale ona ən ülvi
arzusunun həyata keçdiyi günləri yaşamağı
nəsib etdi. Azərbaycan Xalq Cümhuriyyətinin
qalibiyyəti Ümgülsüm xanım üçün də
Azərbaycan xalqının xoşbəxt gələcəyi
demək idi. Bu gələcəyə bəslədiyi
böyük ümidləri, sonsuz inamı istər publisistik,
istərsə də bədii yaradıcılığında tərənnüm
edirdi. "Azərbaycan” qəzetində dərc
olunmuş məqalələrində, şeirlərində o həm
də qadınları, qızları elmə, təhsilə,
maariflənməyə səsləyirdi.
Umgülsüm xanım "Azərbaycan” qəzetinin əməkdaşı,
dövrünün tanınmış ziyalısı və
yazıçısı Seyid Hüseynlə ailə qurdu. 1930-cu illərdə
sovet hökumətinin amansızlıqla həyata keçirdiyi
repressiya siyasəti onların da həyatını məhv
etdi. Seyid Hüseyn 1937-ci il iyulun 15-də
həbs edildi. Ondan bir neçə ay sonra -
noyabrın 2-də Ümgülsüm xanım da tutuldu. Onu da dörd övladına həsrət qoydular.
Altı
ay Bayıl həbsxanasında saxlanıldıqdan sonra 8 il həbsə məhkum edildi. Verilmiş
cəzanı rəsmi sənədlərə əsasən,
Temlaq əmək islah düşərgəsində, şəxsi
sənədlərinə görə isə Mordva Avtonom
Respublikasının Yavas qəsəbəsindəki islah əmək
düşərgəsində çəkdi.
Ümgülsüm xanımın azad olunmasına
1944-cü ilin aprelində qərar verildi. Sürgündən
döndüyü doğma şəhərində 20 gün
qala bildi. Bakıda yaşamasına
qadağa qoyuldu. Sürgündən xəstə
qayıdan Ümgülsüm xanımı bu dəfə də
vətənində sürgün etdilər. Şamaxıda yaşamalı oldu. 3 ay sonra 44 yaşında 15 yaşlı qızı
Qumralın yanında gözlərini əbədi yumdu. Şamaxıda dəfn olundu.
Həyat yoldaşından nigaran getdi. Bilmədi ki, Seyid Hüseynə
ölüm cəzası verərək, elə 1938-ci ildə
Qum adasında gülələyiblər...
"Azərbaycan”
qəzetini dəyərli əsərləri ilə bir az da oxunaqlı etmiş, Müsavat
partiyasının üzvü Əhməd Cavadı da hələ
1923-cü ildə bolşevik hökuməti həbsə
alıb tez bir zamanda da azad etdi. 1925-ci ildə isə
"Göy-Göl” şeiri həbsinə səbəb göstərildi.
Yenə əcəli qapısından
döndü. 1937-ci il iyunun 3-dən
4-nə keçən gecə şairi yenidən zindana
saldılar. Bu dəfə yolu gedər-gəlməz
oldu. Əhməd Cavada 1937-ci ilin 12 oktyabrında
verilmiş güllələnmə hökmü bir gün sonra
yerinə yetirildi...
"Azərbaycan”çıların arasında fəallığı
ilə diqqəti cəlb edən istedadlı gənclərdən
biri də Cəfər Cabbarlı idi. O, redaksiyada tərcüməçi
işləyir, hökumətin qərarlarını, rəsmi xəbərləri
Azərbaycan dilindən ruscaya, ruscadan isə Azərbaycan dilinə
çevirirdi. Cəfər Cabbarlı bu qəzetdə
həm də vətənə pərəstiş dolu şeirlərini
dərc etdirirdi.
1922-1923-cü illərdə sovet hakimiyyəti tərəfindən
iki dəfə həbs edilərək işgəncələrə
məruz qaldı. Qızı Gülarə Cabbarlının söylədikləri
onun Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra nə
qədər məşəqqətli həyat keçirdiyini təsdiq
edir: "Atamı həmişə pantürkizmdə
günahlandıraraq onu həbs etmək üçün məqam
axtarmışlar.
1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik
orqanlarına çağırmışlar. Orada 2-3 ay əzab-əziyyətlər
vermişlər. Atamın "Ədirnə
fəthi” və "Ulduz” ("Trablis müharibəsi”) əsərlərində
Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi
əsas yer tutur. Elə buna görə də
ona amansız işgəncələr vermişlər. Bütün bu və digər məsələlərlə
bağlı təqiblərdən, əzab-əziyyətlərdən
qorxmayan, usanmayan atam heç bir dostunun adını çəkməmişdir.
Tutarlı faktlar tapmasalar da, atamı daim
incitmişlər. Bəlkə də onun az
yaşamasına səbəb elə bu təqiblər
olmuşdur”.
Getdikcə
şiddətlənən ürək xəstəliyi 1934-cü
ilin 31 dekabrında Cəfər Cabbarlının həyatına
son qoydu...
"Azərbaycan” qəzetinin gənc yazarlarından biri,
ədəbiyyatşünas, tənqidçi, şair Əmin
Əhmədov (Əmin Abid) 1919-cu ildə Türkiyəyə
gedir. Orada pedaqoji məktəbdə oxuyur. 1919-1926-cı illərdə isə İstanbul
Universitetinin ədəbiyyat fakültəsində təhsil
alır. İlk gənclik dövründən
şeirlər yazmağa başlayır. "Yeni Qafqaz”,
"Azəri-türk”, "Odlu yurd” və digər jurnallarda
Gültəkin təxəllüsü ilə dərc etdirdiyi
şeirlərində Azərbaycan Xalq Cümhuriyyətinin
bolşevik ordusu tərəfındən işğalına,
Sibirə sürgünlərə, təqib və təhqirlərə
qarşı etiraz, Azərbaycanın sabahına güclü
inam ifadə olunurdu. Türkiyədə qələmə
aldığı şeirlərinin toplandığı
"Buzlu cəhənnəm” adlı kitabı siyasi mühacirlərin
köməyi ilə nəşr edilir. Azərbaycana
qayıtdıqdan sonra Bakı Dövlət Universitetində
çalışır. Bakıda qəzet
və jurnallarda müasir və klassik ədəbiyyata,
şifahi xalq yaradıcılığına dair ədəbi-elmi
məqalələrlə çıxış edir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti
nəzdində açılan ədəbiyyat seminariyasında
müəllimlik edir. 1937-ci ilin repressiya
dalğası onu da haqlayır. Həmin
ilin 21 oktyabrında 40 yaşında güllələnir.
Cümhuriyyətlə
birlikdə susdurulan "Azərbaycan”...
"Azərbaycan”ın sonuncu nömrəsi 27 aprel 1920-ci
ildə çapdan çıxdı. Azərbaycan Xalq
Cümhuriyyətinin ikinci ildönümünə bir ay
qalırdı. Cəmi bir il
qabaqkı kimi millətsevərlərin ölkəsi də, qəlbləri
də bayram şadyanalığı ilə
coşub-çağlamayacaqdı. Milli Şura günahsız
insanların qətllərinə yol verməmək
üçün od-alovla, qan-qadayla gələn XI Qızıl
Orduya hakimiyyətin könüllü təhvil verilməsi barədə
qərar qəbul etmişdi...
Azərbaycanın dövlət müstəqilliyi ilə
birlikdə "Azərbaycan” qəzetinin fəaliyyətinə
də son qoyuldu. Ölkəni işğal edən
bolşeviklər aprelin 30-da "Azərbaycan”ın
redaksiyasını və mətbəəsini də
yağmaladılar. Mətbəə
"Revkomun mətbəəsi” (İnqilab Komitəsinin mətbəəsi)
adlandırıldı. "Azərbaycan” qəzetinin
maddi-texniki bazası və kollektivi əsasında müstəqilliyə
əks mövqe tutan "Kommunist” qəzetinin nəşrinə
başlandı. "Azərbaycan” adı Azərbaycan
Xalq Cümhuriyyətinə yaraşdığı kimi,
"Kommunist” adı da yeni hökumətin - bolşevik
hökumətinin tutduğu yola, siyasi-ideoloji xəttə
tamamilə uyğun idi.
1923-cü ildə bolşevik hökuməti Azərbaycanın
istiqlalı uğrunda mücadilə edənlərin əksəriyyətini
həbs etdi. Bir müddət sonra onlar azadlığa
buraxıldı. Daha çox kadr
çatışmazlığı yeni hökuməti bu
addımı atmağa vadar etmişdi.
Vətən
əbədidir!
Millətə keçmişini unutdurmaq üçün
bütün vasitələrdən istifadə etdilər. Dönə-dönə əlifbamızı
dəyişdirdilər ki, tariximizdən, ədəbiyyatımızdan
bir az da uzaq düşək. "Azərbaycan” kimi mətbuat orqanlarının
nüsxələrinin, onların fədakar yazarları
haqqında məlumatların saxlanıldığı arxivlərin
qapıları bağlandı. Onlardan
danışmaq, yazmaq ya qadağan edildi, ya da tənqid edilmək
üçün "yada düşdülər”. Elmi araşdırmalar elmliyindən
çıxarıldı. Hər şey
sovet ideologiyasının tələblərinə
uyğunlaşdırıldı. Tədqiqatçıların
qarşısına tələblər qoyuldu. Araşdırmaların "nəticələrində”
milli mücahidlər millətinin düşmənləri kimi
təqdim olundu.
1918-1920-ci illərdə nəşr edilmiş "Azərbaycan”
qəzetinin də nüsxələri 70 il həbsdə
qaldı, redaktorları, yazarları sovet hökumətinin nəzərində
düşmənə çevrildilər. Ölkəni
tərk etmək məcburiyyətində olanların
ömrünü qürbətin əzab-əziyyətləri,
Vətən həsrəti, buradakı doğmalarının
intizarı yeyib-bitirdi. Ölkədən
getməyənlər isə təqiblərə, repressiyaya məruz
qaldılar.
Şübhəsiz ki, onların "günahları”
yalnız "Azərbaycan” üçün yazdıqları
yazılar, qəzetin fəaliyyətində göstərdikləri
xidmətlər deyildi. "Azərbaycan”çılar da
Cümhuriyyət hökumətinin dayaqları idilər. Müstəqil dövləti onlar da mətbuatın
gücü ilə yıxılmağa qoymurdular. Bu qəzet Azərbaycan Xalq Cümhuriyyətinin mətbu
tribunası, söz meydanı idi. Ona
görə dövlətinin müstəqilliyi yox idisə,
"Azərbaycan” da ola bilməzdi.
Bu qəzetin 1918-1920-ci illər ərzindəki nömrələrində Azərbaycanın dövlət, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı geniş əks olunmuşdu. Həmin dövrün, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi üçün "Azərbaycan” qəzeti zəngin mənbədir. 1918-ci ildə Bakının, eləcə də Azərbaycanın digər bölgələrinin daşnak-bolşevik birləşmələrinin zülmlərindən qurtuluşu, ölkənin hər yerində müstəqil dövlətin qələbəsi, quruculuq işlərinə başlanılması və digər mühüm məlumatlar istiqlalına qovuşmuş doğma xalqının milli oyanışında mühüm rol oynamış "Azərbaycan”ın səhifələrində qalır. Amma rəsmi qəzetə Azərbaycan Xalq Cümhuriyyətinin yalnız arzulu, ümidli, bəxtəvər günlərini təsvir və tərənnüm etmək nəsib olmadı. Ölkənin müstəqilliyinə düşmən kəsilən daxili və xarici qüvvələrin təxribatları, işğal təhlükəsi, nəhayət, hakimiyyətin bolşeviklərə təhvil verilməsi zərurəti və digər tarixi hadisələr haqqında məlumatlar bütün reallığı, təfərrüatı ilə "Azərbaycan” qəzetinin materiallarında əksini tapdı.
...1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşı olmağın qüruru, azadlığın, müstəqilliyin doğurduğu asudəlik, ruh yüksəkliyi, qurmaq, yaratmaq ehtirası ilə yaşanan işıqlı bir dövr bitdi. Azərbaycanın Cümhuriyyət günəşi qürub etmədi. İşğalçı qüvvələr qara buludlar kimi onun qarşısını kəsdilər. Millətini 70 il bu işığa həsrət qoydular. Ancaq dövlətinin müstəqilliyini bərpa edənlər əmin idilər ki, başladıqları işləri davam etdirənlər olacaq. Çünki bu, dəyişməz qanundur... Bizdən öncə Vətən vardı. Onu sevdilər, yad əllərdən, yad nəzərlərdən qorumaq üçün canlarını qurban dedilər. Bizdən sonra da Vətən olacaq... Yenə onu canlarından əziz biləcəklər. Vətəni qorumaq, yaşatmaq, ucaltmaq üçün onun fədailəri olacaqlar. Heç nə bu həqiqəti dəyişməyəcək: övladları gəldi-gedərdi... Vətən isə əbədidir!
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2018.- 7 sentyabr.- S.1;5.