Strateji tərəfdaşlıq yeni və
dinamik inkişaf mərhələsinə
qədəm qoyur
Azərbaycanla Xorvatiya arasında iqtisadi münasibətlərin yüksəliş dövrü başlayır
"Xorvatiya Azərbaycanı özünün mühüm strateji tərəfdaşı hesab edir. Azərbaycan və Xorvatiya əsl dostlardır. Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk”.
Bu fikirləri sentyabrın 6-da Xorvatiyada iki dövlət arasında sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edən bu ölkənin lideri, xanım Kolinda Qrabar-Kitaroviç söyləyib.
Xorvatiya Prezidenti vurğulayıb ki, ölkəsi güclü iradəyə əsaslanaraq Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır.
İki ildə dörd
görüş
Öncə onu vurğulayaq ki, ölkəmizin müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyan Xorvatiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ildən başlayıb. 2011-ci ilin fevralından Azərbaycanın Xorvatiyada, həmin ilin mart ayında isə bu ölkənin respublikamızda səfirliyi fəaliyyətə başlayıb. 2008-ci ildən Xorvatiya Parlamentində Xorvatiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir.
Prezident İlham Əliyev 2005-ci il 10-12 iyun və 2013-cü il 10-12 mart tarixlərində Xorvatiyada rəsmi səfərdə olub. Bu səfər isə dövlət başçısının Xorvatiyaya 3-cü rəsmi səfəri oldu. Azərbaycan Prezidentinin xorvatiyalı həmkarı xanım Kolinda Qrabar-Kitaroviçlə keçirdiyi görüşlərin sayı isə 4-ə çatdı.
2015-ci ildə Xorvatiya Prezidenti seçilən Kolinda Qrabar-Kitaroviçlə cənab İlham Əliyev arasında ilk görüş 2016-cı ilin fevral ayında Londonda gerçəkləşib. Fevralın 4-də Londonda "Suriyaya və regiona dəstək” konfransı çərçivəsində görüşən prezidentlərin ikinci görüşü həmin ilin oktyabrında Bakıda baş tutub. Azərbaycana iki günlük rəsmi səfərə gələn Xorvatiya Prezidenti biznes forumda da iştirak edib. Dövlət başçıları arasında növbəti görüş 2017-ci il 16-17 fevral tarixində Almaniyada təşkil olunan 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində gerçəkləşib. Sentyabrın 6-da isə 4-cü dəfə görüşən liderlər iki dost ölkə arasında münasibətlərin daha da dərinləşməsi, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparıblar.
Yeni sənədlər ikitərəfli
münasibətlərə təkan verəcək
İki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya fəaliyyət göstərir. Komissiyanın 2017-ci ildə Bakıda keçirilmiş ilk iclasında sənaye, enerji, nəqliyyat, informasiya texnologiyaları, turizm, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə mühüm razılaşmalar əldə edilib.
Ölkələrimizin
qarşılıqlı əlaqələri ilə
bağlı indiyədək 20-dək müqavilə
imzalanıb. İki ölkə arasında
ticari münasibətlərə gəlincə
isə onu demək olar
ki, 2016-cı ildə ticarət dövriyyəsinin
həcmi 284,7 milyon dollar
təşkil edib. Bunun da 51,2 milyon dolları
idxalın, 233,5 milyon dolları ixracın payına düşüb.
Ötən il
isə ticarət dövriyyəsi 110 milyon
dollar həcmində olub.
Sentyabrın 6-da isə strateji tərəfdaşlar arasında
imzalanan müqavilələr
sırasına daha iki sənəd əlavə edilib. "Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi
ilə Xorvatiya Respublikasının Mədəniyyət
Nazirliyi arasında
2018-ci, 2019-cu və 2020-ci illər
üzrə mədəni
əməkdaşlığa dair Proqram”ı və "Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
ilə Xorvatiya Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumu” imzalanıb.
Yeni imzalanan sənədlər,
əlbəttə ki, ikitərəfli münasibətlərə
təkan verəcək.
İqtisadi münasibətlərin daha da inkişafı
üçün real zəmin
var
Dövlət başçıları arasında
keçirilən görüşdə
iqtisadi əməkdaşlığın
daha da inkişaf
etdirilməsinin vacibliyi
vurğulanıb. Xorvatiya lideri bu sahədə
hazırkı vəziyyətin
hələ o qədər
də istənilən
səviyyədə olmadığını
söyləyərək bununla
bağlı qarşılıqlı
komissiyanın iş apardığını vurğulayıb.
İşin əsas məqsədi
ikitərəfli layihələr
irəli sürməkdən,
onları həyata keçirməkdən ibarətdir.
İki ölkə
arasında bir sıra sahələrdə
əməkdaşlığın daha da genişləndirilməsini
vacib hesab edən Kolinda Qrabar-Kitaroviç hesab edir ki, əczaçılıq
sahəsində Xorvatiya
öz təcrübəsini
bölüşə bilər. Prezident İlham
Əliyev isə iki ölkənin şirkətləri tərəfindən
birgə müəssisənin
təsis edilə biləcəyinin mümkünlüyünü
qeyd edib.
Məhz bunun sayəsində Xorvatiyanın əczaçılıq
şirkətləri üçün
fürsət yaranacaq. Onlar Mərkəzi
Asiya və ümumiyyətlə, Xəzər
hövzəsi regionuna
çıxış əldə
edəcək, o cümlədən
Azərbaycanda da fəaliyyət göstərəcəklər.
Təbii
ki, ticari münasibətləri inkişaf
etdirəcəklər.
Biznes potensialından tam şəkildə
istifadə edilməlidir
Azərbaycanla kənd təsərrüfatı,
informasiya texnologiyaları,
yeyinti məhsullarının
emalı sahələrində
də əməkdaşlığı
inkişaf etdirməyə
ümid etdiyini deyən Xorvatiya Prezidenti gəmiqayırma sahəsində də vacib işlərin olduğunu və Prezident İlham Əliyevlə 6 gəmi ilə bağlı müzakirələr apardığını
qeyd edib: "Ümidvaram ki, bununla bağlı danışıqlarımız davam
etdiriləcək və
Azərbaycan ilə biznes potensialını tam
şəkildə istifadə
edə biləcəyik”.
Xanım Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın Azərbaycanın
reallaşdırdığı və bir çox
ölkələrin ərazisindən
keçən qaz boru kəməri layihəsində də iştirak etmək istəyində olduğunu
söyləyib.
Azərbaycanı NATO-nun mühüm tərəfdaşı
hesab edən Xorvatiya Prezidenti vurğulayıb ki, respublikamız bu quruma vacib töhfə
verir: "Azərbaycan
da bizim ölkə kimi müxtəlif yerlərdə
təhlükəsizlik məsələlərinin
həllinə, sabitliyin
qorunmasına töhfə
verir və bunda maraqlıdır. Burada söhbət xüsusən
Avropanın cənub bölgəsindən gedir.
Siz həmçinin Əfqanıstanda
aparılan əməliyyatlara
da qatılmısınız.
Təhlükəsizliyə və sabitliyə
verdiyiniz davamlı dəstəyə və töhfəyə görə
mən Sizə təşəkkürümü bildirirəm”.
Müştərək investisiya layihələri
də icra edilə bilər
İki ölkənin həqiqətən də strateji tərəfdaş olduğunu qətiyyətlə vurğulayan İlham Əliyev Azərbaycanın Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyində olduğunu vurğuladı. Ona görə də hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, həm də müştərək investisiya layihələri də icra edilə bilər: "Energetika sahəsində əməkdaşlığımız çox önəmlidir. Azərbaycan "Cənub qaz dəhlizi”nin icrası ilə çox fəal məşğuldur.Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər”.
Xorvatiya ilə bu sahədəki əməkdaşlığı çox önəmli əməkdaşlıq adlandıran dövlət başçısı iki ölkə arasında bu məsələ ilə bağlı memorandumun da imzalandığını və İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqların aparıldığını xatırladıb. Həmçinin diqqətə çatdırıb ki, Azərbaycanın qaz ehtiyatları çox böyükdür. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu, onu göstərir ki, Azərbaycan qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atacaq və ixrac coğrafiyasını genişləndirəcək.
Bir sözlə, ölkəmizin həm Avratlantik strukturlarla əlaqələri, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlardır. İki dövlət arasında əczaçılıq, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma sahələri üzrə müştərək layihələrin həyata keçirilməsi üçün münbit şərait, əlverisli investisiya mühti mövcuddur.
Bu sahələr üzrə yaxşı nəticələrin əldə olunacağına əminliyini ifadə edən İlham Əliyev artıq müvafiq göstərişlərin də verildiyini söyləyib. Çox güman ki, hökumətlərarası müştərək komissiya bütün bu göstərişləri vaxtında və yüksək səviyyədə icra edəcək.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2018.- 9 sentyabr. - S.1;2.