Qəbələ: hər kəsin
rahatlıq tapdığı məkan
İcra olunan infrastruktur layihələri rayonun
imkanlarının və cəlbediciliyinin artmasına təkan
verir
Hər il olduğu kimi, cari ildə də Qəbələdə tikinti-quruculuq işləri uğurla davam etdirilir. Ölkəmizin digər rayonlarında olduğu kimi, burada da insanların sağlamlığına ciddi yanaşılır.
Artıq Qəbələ şəhərində də 160 çarpayılıq rayon mərkəzi xəstəxanası kompleksinin tikintisinə başlanılıb. Ötən dövr ərzində şəhərdə 120 yerlik uşaq bağçası və körpələr evinin, içməli su və kanalizasiya sisteminin yenidən qurulması, Laza kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin tikintisi aparılıb. Paralel olaraq Zərgərli kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin tikintisi, Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun əsaslı təmiri, şəhərin Muxtar Abduyev küçəsində beş mərtəbəli, Heydər Əliyev prospektinin ətrafındakı ikimərtəbəli yaşayış binalarının əsaslı təmiri də görülən işlərdəndir. Eyni zamanda Zarağan kəndində tam ota məktəb binasının dam örtüyünün təmiri, Mıxlıqovaq kəndində içməli su təchizatı sisteminin qurulması, Mıxlıqovaq və Kötüklü kəndlərinin qazlaşdırılması işləri davam etdirilir. Zərifə Əliyeva adına Mədəniyyət və İstirahət Parkında əsaslı təmir işlərinə başlanılıb. Hacıalılı kəndində isə 40 yerlik uşaq bağçasında təmir işləri yekunlaşıb.
İcra olunan işlərlə yanaşı, yeni layihələr üzərində də konkret fəaliyyətlər həyata keçirilməkdədir. Miqyasına görə həmin layihələr də əhəmiyyətli dərəcədə böyükdür. Bunlardan 3 ədədi sırf təhsilin inkişafına xidmət edən layihələrdir.
Belə ki, hazırda Təhsil Nazirliyinin sifarişi ilə Vəndam qəsəbəsində 360 şagird yerlik tam orta, Qaradeyn kəndində 80 şagirdlik modul tipli tam orta və Şəfili kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binalarının tikintisinə hazırlıq görülür. Həmçinin "Azərbaycan Dəmir Yolları” ASC-nin sifarişi ilə 43 kilometr uzunluğunda Ləki-Qəbələ birxətli dəmir yolu tikintisinə hazırlıq işləri aparılır.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı rayonun Çarxana, Aydınqışlaq, Xırxatala, Yenikənd, Tövlə və Uludaş kəndlərində subartezian quyularında qazma işləri başa çatdırılıb.
Gələnlər də məmnun qalır, gedənlər də...
Bu ilin əvvəlindən Qəbələyə gələn xarici ölkələrin dövlət rəsmilərinin və turistlərin sayında da əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Beynəlxalq əlaqələrin inkişafı istiqamətində vacib addımlar atılıb. Belə ki, fevral ayında VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan iştirakçıları Qəbələnin Nic qəsəbəsinə səfər edib. Gəzinti zamanı Nic qəsəbəsindəki "Cotari” Alban-Udi xristian kilsəsi və qəsəbədə yaşayan udi xalqının tarixi ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb. May ayında Qəbələ Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları, iyun ayında rayonun Vəndam qəsəbəsi ərazisində 1500 nəfərin iştirakı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi”nə həsr edilmiş "Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı, Heydər Əliyev Konqres Mərkəzində 350 nəfərin iştirakı ilə "Gənc xilasedici” VI Beynəlxalq yarışı və "Gənc xilasedici və yanğınsöndürən” VII Ümumrespublika birinciliyinin final mərhələsi keçirilib.
Eləcə də ötən dövrdə Almaniya Federativ Respublikasının səfiri Mixael Kindsqrab tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib. Səfər çərçivəsində səfir rayonun tarixi-mədəni yerləri və sənaye müəssisələri ilə yaxından tanış olub.
Bununla yanaşı, iyun ayında rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qnezno şəhərində keçirilən Azərbaycan Respublikasında müstəqilliyin əldə edilməsinin və Polşa Respublikasının müstəqilliyinin bərpa olunmasının 100 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak edib. Səfər çərçivəsində nümayəndə heyəti Qnezno şəhərinin bir sıra istehsalat müəssisələri, bölgənin tarixi-mədəni yerləri və turizm sektoru ilə yaxından tanış olub.
Qəbələ Rayon Gənclər və İdman İdarəsinin fəaliyyətini də məhsuldar hesab etmək olar. İlin əvvəlindən burada 42 tədbir həyata keçirilib. Onlardan 25-i gənclərlə iş sahəsini, 17-i isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edib.
Qəbələ Olimpiya İdman Kompleksinin xidmətlərindən səmərəli istifadə olunub. Kompleksin bir günlük xidmətlərindən istifadə edənlərin orta sayı 376 nəfər təşkil edib. Onlardan da orta hesabla 116 nəfəri ödənişli, 260 nəfəri ödənişsiz əsasla kompleksin xidmətlərindən yararlanıblar.
Aqrar sahədə uğurlar var
Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edildiyi kimi, son illər aqrar sahənin inkişafına dövlət qayğısının artması nəticəsində bütövlükdə ölkə üzrə bu sahədə xeyli irəliləyiş nəzərə çarpır. Ölkəmizdə cari ilin altı ayında aqrar sahədə artım 4,2 faiz olub. Bu artım tendensiyası Qəbələnin aqrar sahəsində də müşahidə olunur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi vəsaiti hesabına yardımların verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Həmin sərəncam kənd təsərrüfatı məhsulları istehsalçılarında böyük ruh yüksəkliyi yaradıb və icrası ilə əlaqədar olaraq cari ilin may ayından etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardımların hesablanmasına başlanılıb.
Taxılçılıq rayonun aqrar iqtisadiyyatının əsasını təşkil edir. 2018-ci ilin məhsulu üçün 2017-ci ilin payızında 20 min 100 hektar sahədə payızlıq dənli bitkilər əkilib. Onun da 14 min 600 hektarı buğda, 5500 hektarı isə arpa sahələridir. Biçilmiş sahələrin məhsuldarlığı təqribən 32 sentnerdir.
Torpaq sahibləri tərəfindən 2018-ci ildə 632 hektar sahədə kartof, 559 hektarda isə tərəvəz əkilib. Həmin sahələrdən 79 ton kartof, 215 ton tərəvəz istehsal edilib. Məhsul toplanışı davam etdirilir. Onu da qeyd edək ki, son illər rayonun kənd təsərrüfatı bitkilərinin əkin quruluşunda xeyli dəyişiklik aparılıb. Belə ki, heyvandarlığın yemə olan tələbatının ödənməsi üçün taxıl sahələri 1500 hektara qədər azaldılıb və həmin sahələrdə yem bitkiləri əkilib. Əsasən yonca, vələmir, yem noxudu və yem çuğunduru əkinlərinə diqqət artırılıb.
Rayonda meyvəçilik və üzümçülük də önəmli sahələrdən hesab edilir. Hazırda Qəbələdə 6854 hektar bağ sahələri, 509 hektar üzüm plantasiyaları mövcuddur. Əhalinin həmin məhsullara olan tələbatının ödənilməsi, həm də rayonun emal müəssisələrinin xammalla təminatı baxımından meyvə və üzüm sahələrinin genişləndirilməsinə və məhsuldarlığın yüksəldilməsinə diqqət artırılıb.
İndi kənd təsərrüfatının hər bir sahəsi vacib olduğu üçün ixracyönümlü məhsulların istehsalının artırılması diqqət mərkəzində saxlanmalıdır.
Yeni təminatlar yaradılır
Rayonda əlavə olaraq 2000 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulub. 2016-2017-ci illərdə 1218 hektar, 2018-ci ilin yazında isə 120 hektar olmaqla cəmi 1338 hektar yeni fındıq bağları salınıb. Cari ilin payızında əlavə olaraq 700 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulub.
Eləcə də 2018-ci ilin birinci yarısında dövlət meşə fondu torpaqlarının 32,3 hektar ərazisində aqromeşə massivləri, meyvə bağları salınıb. Bunun da 15,5 hektarını fındıq, 7,3 hektarını şabalıd, 8,7 hektarını qoz və 0,8 hektarını alma bağları təşkil edir.
Qəbələ rayonunda uzun fasilədən sonra barama və tütün istehsalına da başlanılıb. Cari ildə 101 nəfər kümçü tərəfindən 9110 kiloqram barama istehsal edilib. Barama istehsalının artırılması məqsədilə 2016-cı ilin payızından etibarən tut tinglərinin əkilməsinə başlanılıb ki, bu da gələcəkdə rayonda barama istehsalının artırılmasına şərait yaradacaqdır.
Həmçinin 75 hektar sahədə tütün əkilib. Yüksək keyfiyyətli tütün yetişdirilməsinə nail olmaq üçün tütün sahələrində bütün aqrotexniki tədbirlər vaxtlı-vaxtında aparılır. Hazırda sahələrdə tütün qırımı işləri aparılır.
Qeyd edək ki, ötən müddət ərzində güzəştli qaydalarla 686 nəfərə 1412 ton gübrə və 3292 litr pestisid verilib. Bu da sözsüz ki, sahələrdən daha çox məhsul götürülməsinə dəstək deməkdir.
Əli
SƏLİMOV
Azərbaycan.-2018.- 9 sentyabr. - S.1;7.