Vətən sevdalılar
"Azərbaycan”ın birləşdirdiyi,
repressiyanın məhv etdiyi talelər
...Burada zaman ağır keçirdi. Hər günləri bir ilə bərabərdi. Ən gözəli xatirələrə sığınmaqdı. Ancaq onlar da payız günəşinə bənzəməyə başlamışdılar. Hicran soyuğundan üşüyən ürəklərini isidə bilmirdilər.
Həbsxananın bir küncündə oturmuşdu. Bu kamera adlanan on beş kvadratmetrlik otağın yarım kvadratmetr böyüklükdəki pəncərəsindən saçılan günəşin ziyası bir payız gününün son saatını andırırdı. Umgülsüm Sadıqzadəyə elə gəldi ki, zaman donub. Bir də nə axşam düşəcək, nə də sabah açılacaq. Buradakı otuz altı nəfər məhbus qadın da, beləcə, azadlıqda qalan doğmalarının həsrəti ilə sonsuzadək sızlayacaqlar.
Başını divara söykəyib gözlərini bərk-bərk yumdu. Özünü inandırmaq istəyirdi ki, içərisində olduğu bu vaxt gerçəklik deyil, dəhşətli yuxudur. Deyəsən, yenə reallığı aldada bildi...
Evlərindədir. Mətbəxdə şam yeməyi hazırlayır. Seyid Hüseyn iş otağına çəkilib. Oğlanları Oqtay, Cığatay və Toğrul gözə dəymirlər. Mələklərə bənzəyən kiçik qızı Qumral isə yenə ətrafında dolanır. Axşam düşsə də, taybatay açdığı pəncərələrdən içəri sərinlik gəlmir. Umgülsüm xanım düşünür ki, yayda şəhərin istisindən bakılıları xilas edən dənizin havası, suyudur. Seyid Hüseyn də hər il mayın axırlarında ailəsi ilə birgə Şüvəlandakı bağına köçürdü. Bu il iyun ayı başlasa da, hələ İçərişəhərdəki evlərindədirlər.
Bir azdan süfrə başına yığışırlar. Analarının bağ tədarükündən söz salması uşaqları sevindirir. Onların ovqatı Umgülsüm xanıma da təsir edir. Təkcə Seyid Hüseynin eyni açılmır. Onun üzündə aylardır kölgələnən sabahlarından nagümanlıq Umgülsüm xanımın da ürəyinə çöküb. İstəyir özünü ələ alıb ərinə təsəlli versin, kövrəlib uşaqları narahat edəcəyindən qorxur. Baxışları otağın nəzərəçarpacaq yerində divara vurduqları təqvimə dikilir. Təqvimdə 1937-ci ildir...
Yaddaşlarda qalan tarix
Sanki xəyallarının da qanadlarını
qırmışdılar. Onlar da 1937-ci ili adlayıb keçə
bilmirdilər. Halbuki sevimli həyat
yoldaşıyla, əziz övladlarıyla, çox mehriban
olduğu qohumlarıyla ən gözəl günləri ondan o
üzdə qalmışdı. 1937-ci ildən bu tərəfdə
nə vardısa, hamısına təşviş, həyəcan
qarışmışdı...
Əslində, bütün bunlar birdən-birə
başlamadı. 1937-ci ilə enişli-yoxuşlu yollardan
keçib gəldilər. Hüseyn Cavid, Əhməd
Cavad, Seyid Hüseyn, Umgülsüm Sadıqzadə və sovet
hökumətinin qənim kəsildiyi yüzlərlə belə
vətən sevdalısının unutmadığı, unutmaq
istəmədiyi bir tarix vardı. Adı Azərbaycan
Xalq Cümhuriyyəti idi. Bolşeviklər
nə qədər səy göstərsələr də, Azərbaycan
tarixinin bu möhtəşəm səhifələrini poza bilməyəcəkdilər.
Onun qurucularından, ona rəğbət bəsləyənlərdən
əlləri çatanlarını məhv,
çatmayanlarının adlarını çəkməyi
qadağan edə bilərdilər, amma Azərbaycan Xalq
Cümhuriyyətinin izlərini yaddaşlardan silməyə
gücləri yetməzdi. Çünki
müstəmləkə əsarətindən qurtulmaq, Azərbaycanın
müstəqilliyini xəyallardan, arzulardan, ideyalardan gerçəkliyə
çevirmək, azad ölkənin vətəndaşı
olmaq vardı bu adda.
"Səni sevən, sənsiz ömrü neyləsin?”
...Azərbaycan
Xalq Cümhuriyyətinin hakimiyyətə gəlməsi vətən
təəssübkeşlərinin ən ali
məqsədləri, ən ülvi arzularıydı. Gənc şairə Umgülsüm xanım da
özünü dünyanın bəxtəvəri
sayırdı. O vaxtlar hələ ata ocağından
ayrılmamışdı. 1900-cü ilin
yayında dünyaya göz açdığı,
böyüyüb boya-başa çatdığı
Bakının Novxanı kəndindəki o evdə keçən
günlərinin qayğıları da şirin idi. Çünki qəlbi gələcəklərinə
inamla, ümidlə doluydu.
Sayılıb-seçilən bir ailənin
qızıydı. Atası Əbdüləziz el-obanın
nüfuzlu kişilərindən sayılırdı. Çoxları kimi Umgülsüm xanım da ilk təhsilini
ruhani atasından aldı. Klassik Azərbaycan
və Şərq ədəbiyyatını da əvvəlcə
valideynlərindən öyrəndi. Doqquz
yaşından özü də şeirlər yazmağa
başladı. 1914-cü il 1 dekabrda
"Vətən sevgisi” hekayəsi "Dirilik” jurnalında dərc
edildi. 1915-ci ildə "Qurtuluş”
jurnalında elan olunmuş müsabiqədə "Solğun
çiçək” hekayəsi ilə iştirak etdi və
birinci yeri tutdu. Əsərləri "İqbal”,
"Yeni iqbal”, "Açıq söz”, "Birlik”,
"İstiqlal”, "Azərbaycan”, "Ədəbiyyat”,
"Şərq qadını”, "Məktəb”, "Füqəra
füyuzatı” və başqa mətbuat orqanlarında da
işıq üzü gördü. Onu ədəbi
aləmdə milli ruhlu şeirləri tanıtdı. Seyid
Hüseyn də Umgülsüm xanımı həmin əsərlərində
"gördü”. 1907-ci ildən müxtəlif
mətbuat orqanlarında çıxış edən Seyid
Hüseyn o vaxtlar artıq istedadlı publisist, tənqidçi,
yazıçı kimi məşhurlaşmışdı.
Umgülsüm xanım da onun qəzet və
jurnallarda işıq üzü görən
yazılarını böyük maraqla oxuyurdu. Qadınların savadlanması,
hüquqlarının, azadlıqlarının qorunması Seyid
Hüseynin daim müraciət etdiyi mövzulardan idi. Elə gənc şairə də cəsarəti,
mübarizliyi ilə diqqətini cəlb etmişdi.
"Ölülər”in ilk tamaşasına getdikləri
gün onları şair Hüseyn Cavid tanış etdi. 1917-ci ildə
nişanlandılar.
Ölkədə mürəkkəb ictimai-siyasi hadisələr
tüğyan edirdi. Erməni daşnaklarının törətdikləri
mart soyqırımı, inqilablar toylarının təxirə
düşməsinə səbəb oldu. O illərdə
baş verən ən xoş hadisə Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması idi. Yeni hökumət
ağır sınaqlarla üzləşdi. Həmin günlərdə fəaliyyətə
başlayan "Azərbaycan” qəzeti dövrün görkəmli
ziyalıları üçün mübarizə meydanına
çevrildi. Müstəqil dövlətin
qorunması, yaşadılması amalı ilə
yazıb-yaradan qələm adamlarının sırasında
qadınlar da var idi. Onlardan biri də
Umgülsüm xanım oldu. 1918-1920-ci illər
arzuları kimi, yaradıcılığının da
çiçəklənən dövrü oldu.
Xalqın milli istiqlala qovuşmasını "Türk
ordusuna”, "Ey türk oğlu!”, "Çəkil, dəf
ol!”, "Əsgər anasına”, "Dərdli nəğmə”,
"Yurdumuzun qəhrəmanlığına”,
"Yollarını bəklədim” və başqa şeirlərində
tərənnüm edirdi. 1919-cu ildə "Azərbaycan” qəzetinin
352-ci sayında yazırdı:
Annəciyim,
ağlama, xeyir-dua söylə sən,
Göz yaşınla saxlama haqq yoluna gedəni.
Onun
çarpan qəlbinə çalış fərəh verəsən,
Onun
şux gənc həyatı qurtaracaq vətəni!
"Əsgər analarına” adlı bu şeirdə
müəllif milli ordunun yaradılmasını, səfərbərliyə
alınan Azərbaycan gənclərinin və onları yola
salan anaların rəşadətini alqışlayırdı.
1920-ci ildə
evləndilər... Həmin il bolşeviklər
bir millətin müqəddəratını dəyişən,
sabahın aydınladan cümhuriyyət
işığını söndürdülər. Umgülsüm xanımın şair ruhu o gündən
kədərə büründü. "Hicran” adlı
şeirində bildirirdi:
Ayrılınca
hilal qaşlı yarımdan,
Mən yaşlara batdım geymədim əlvan.
Düşünüb
o yıldız gözləri hər an,
Ağlarkən kəndini yorma dedilər.
Könül
şəkvəsini kimə söyləsin,
Qəlbimin dərdini kimlər dinləsin?
Səni sevən, sənsiz ömrü neyləsin?
Dalınca
qoşarkən, varma dedilər...
"Bayrağımız
enərkən” şeirində isə şairə Azərbaycanın
müstəqilliyinin rəmzi olan üçrəngli
bayrağın daha başları üzərində
dalğalanmadığına belə yas tuturdu:
Yazıq səni Bayrağım, endirdilər, öyləmi?
Səni
yıxıb devirən o zəhərli ruzigar,
O haqq yeyən
haqsızlar, vəhşilər, tanrısızlar
Yanar ocağımı da söndürdülər,
öyləmi?
1920-ci
ilin 28 aprelində cümhuriyyətin süqutuna nail olanlar millətin
azadlıq ruhunu yenidən oyada biləcək şəxsiyyətlərə
düşmən kəsildilər. Gənc ailə
də onları gözləyən təhlükədən
uzaqlaşmaq üçün Xızıya yollandı. Orada Seyid Hüseyn məktəbdə müəllim
işləməyə başladı. 1921-ci il fevralın 21-də ilkləri dünyaya gəldi.
Seyid Hüseyn körpənin adını Oqtay
qoydu.
Qış sərt keçirdi. Səbirsizliklə
qarla örtülmüş yolların
açılmasını gözləyirdilər ki, şad xəbəri
şəhərdəki qohumlarına çatdırsınlar.
Oğullarının dünyaya gəldiyi gün
Seyid Hüseynin qardaşı Mir Paşanın şəhid
olduğundan xəbərsizdilər. Mir Paşanın da
daxil olduğu Azərbaycan Dövlət Teatrının
truppası Bakı Sovetinin sədri Əliheydər Qarayevin
tapşırığı ilə Qarabağ kəndlərinə
getmişdilər ki, orada azərbaycanlılara dinclik verməyən
ermənilərlə söhbət aparıb, onları sülhə
çağırsınlar. Gecə hücum edən
ermənilər aktyorları qaldıqları evdə qətlə
yetirmişdilər.
Bakıya
Mir Paşanın 40-na az qalmış gələ
bildilər. Daha Xızıya dönmədilər.
Tezliklə Seyid Hüseyn həbs olundu. Bir neçə ay sonra onu buraxdılar. 1923-cü ildə yenidən tutuldu. O zaman da iki
aya yaxın həbsdə qaldı. Ruhulla Axundovun
köməyi ilə azad olundu.
Seyid
Hüseyn 1920-ci ildən "Kommunist” qəzeti redaksiyasında
ədəbi işçi, orta məktəbdə, texnikumlarda
müəllim işləyirdi. Bir neçə
yerdə çalışmağa məcbur idi. Çünki yalnız öz ailəsini
dolandırmırdı, ona ana əvəzi olmuş
bacısı Rübabə xanımın və bolşeviklər
hakimiyyətə gəldikdən sonra mühacirətə
yollanmış bacanağı Məhəmməd Əmin Rəsulzadənin
ailəsinə də əl tuturdu.
Son illər isə "Azərnəşr”in bədii ədəbiyyat
şöbəsinin redaktoruydu. 1934-cü ildə onu
Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul
etdilər. 1936-cı ildə üzvlükdən
çıxarıldı, əsərləri daha sərt, daha kəskin
tənqid olunmağa başladı.
Başları üstünü almış qara buludlar
1937-ci ilin əvvəllərindən sıxlaşırdı. O gün - iyulun 15-də
bağ evlərində Seyid Hüseynin də, Umgülsüm
xanımın da kədərli görünmələrinin səbəbi
bunlar idi. Repressiya fəlakəti
addım-addım onlara yaxınlaşırdı.
"NKVD”-nin kabusa dönən qara maşını o gün
yaşadıqları ünvana, Şüvəlandakı
Zamkovski döngəsi 74-ə doğru istiqamət
almışdı...
Ayrılıq anlarında Seyid Hüseyn təmkinini
pozmadı.
Evdəkilərlə vidalaşanda: "Ağlamayın, belə
də olmalıydı”, - dedi. Oğlu Toğrulun həyəcanla
verdiyi: "Ata, nə vaxt qayıdacaqsan?” sualının
cavabı Seyid Hüseyn üçün də müəmmalıydı.
O gün Novxanıda da Ümgülsüm xanımın bacısı oğlu, on doqquz yaşlı Rəsul Rəsulzadə həbs olundu. Xalasıgildə qonaq olan Oqtay valideynlərinin Bakıda olduğunu güman edirdi. Acı xəbəri vermək üçün xalası qızı Xalidəylə şəhərə gəldi. Bibisi qızı Səyyarə evdə tək idi. Axşam düşürdü. Qərara gəldilər ki, Şüvəlana sabah getsinlər. Gecə saat 1-in yarısında qapıları döyüldü. Gələnlər "NKVD”-nin əməkdaşlarıydı. Evdə axtarış apardılar. Haradansa Müsavat Partiyasının nizamnaməsini tapdılar. Evdəki kitabları, əlyazmaları, sənədləri, şəkilləri Qala qapısının yanında dayanan maşına daşıdılar. Axtarış səhərə yaxın bitdi.
Baş verənləri atasına danışmaq üçün sübh tezdən Şüvəlana yollanan Oqtay onun da bir gün qabaq həbs olunduğunu öyrəndi. Daha bağda qalmadılar. Şəhərdəki evlərinə daşındılar.
Seyid Hüseyn tutulduğu gündən Umgülsüm Sadıqzadə həbsini gözlədi. Gecənin birində aparılarkən uşaqlarının yalnız qalıb qorxacaqlarından narahat idi. Buna görə bacısı Ümbülbanu xanım onlarda qalırdı.
1937-ci ilin yağışlı, küləkli payız gecəsi qapıları döyüldü. Umgülsüm xanım şübhə etmirdi ki, onu aparmağa gəliblər. Təmkinlə qapıya yaxınlaşdı. Bacısının kiçik oğlu Azər "NKVD”-nin əməkdaşları ilə gəlmişdi. Ümbülbanu xanımı götürüb getdilər. Umgülsüm xanım öz həbsini gözlədiyi vaxt "NKVD”-nin əməkdaşları başqa qapıları döymüşdülər. Qardaşı Məmmədəli Rəsulzadənin həyat yoldaşı Raziyə xanımı, oğlanları Musa, Gündüz və Aydını, bacısı Ümbülbanu xanımı, onun qayınanası Maral xanımı, qızı Xalidəni, oğlu Azəri apardılar. Onları Qazaxıstana sürgün etdilər. Umgülsüm xanım üçün əziz olan həyət boş qaldı.
Bacısının böyük qızı Lətifənin də əvvəlcə həyat yoldaşı Damad həbs olundu. Çox keçmədi ki, Lətifə iki qızı ilə Qazaxıstana sürgün edildi. Üçyaşlı qızı isə o zaman xəstə olduğu üçün Bakıda qaldı...
Ona "növbə” Seyid Hüseyndən beş ay sonra - noyabrın 10-da çatdı. Umgülsüm Sadıqzadə Bayıl həbsxanasına salındı. Noyabrın 11-də XDİK-in göstərişi ilə evlərində yenidən axtarış aparıldı.
Umgülsüm xanım həbs olunanda da özündən çox uşaqlarını düşünürdü. Onların uşaq evlərinə veriləcəyindən, qapılarına qıfıl vurulacağından qorxurdu. Ancaq baldızının iyirmi bir yaşlı qızı, Seyid Hüseynlə doğma övladları kimi baxdıqları Səyyarə ocaqlarını sönməyə qoymadı. Dayısı uşaqlarının qəyyumluğunu öhdəsinə götürdü.
Qaladan xatirələr
...Hələ günlərin sırasını unutmağa başlamamışdı. 1937-ci il 12 noyabr idi. Həbsxanada keçirdiyi bu iki gün ona yuxu kimi gəlirdi. Burada, dörd divar arasında kədərinə yoldaş yenə qələm olacaqdı. Qarşısındakı şagird dəftərində "Qala xatirələrim” yazdı. Bu dəftərdə yalnız özünün deyil, Bayıl həbsxanasında onun kimi işgəncələrə məruz qalan yüzlərlə məhbus qadının müsibətlərini əks etdirəcəkdi. Salındıqları kameranı Umgülsüm Sadıqzadə belə təsvir edirdi: "Bütün yorğan-döşəklər yerə sərilib. Axşamdan bəri 36 adamın bir su başı kimi istifadə etdikləri ağzına qədər dolu çirkab vedrəsinin və onunla yanaşı qoyulmuş su-çay vedrəmizin ağzı açıqdır. Nə bu murdarlığı və üfunəti, nə də bu qədər adamın, balaca, bir tərəfi bağlı otaqda bütün sutka ərzində aldıqları nəfəsdən kəsif havanı təmizləyəcək bir şey yoxdur. Burada hər şey fövqəladə bir şəkildədir. Axşam yatanda soyunmayan məhbuslar geyinmədən də azaddırlar. Yerimizdən qalxıb bayıra çıxırıq. "Uborniya”dan qayıdanda ibtida çay içirik. Çay vedrəyə tökülüb qoyulmuşdur. Kamerada çay içmək və xörək yemək üçün cəmi on səkkiz qab vardır. Bu qablar həbsxananındır. 36 arvad bu qabda həm xörək yeyəcəyik, həm də çay içəcəyik. Xörəkdən sonra yuyulmadan qablarda növbə ilə çay içmək, qanımızı yemək kimi bir şeydir. Bunu Allah düşmənə də qismət eləməsin.
Günorta yeməyimiz də gəlmişdir. Vedrəmizi şorba ilə doldurmaq üçün qapı ağzına qoydular. Biz bunu yeməliyik. Lakin bu yeyiləcək bir şey deyil. Yeyilməsi mümkün olmayan ağ rəngli şorbanı taxta qabdan növbə ilə yemək lazımdır. Güc-zor, ağlaya-ağlaya, ögüyə-ögüyə yeyirik. Aclıqla oyun olmaz, düz iki gündür acıq”.
Həbsxananın gündüzü də, gecəsi də eyni idi. Umgülsüm xanım yazırdı: "Axşam oldu. Bir çox tərəflərdən insan səsləri eşidilir. Hay-küydən qulaq tutulur. Hamı danışır, dinləyən kim olduğu bilinmir. Bir azdan səs-küy nisbətən azaldı. İndi adamların üçü-dördü bir olub xüsusi söhbətə məşğuldur. Söhbətlərinin əsas mövzusu buraya gələnə qədər evlərində keçirdikləri səadətli günlərdir. Hər kəs həzin bir surətdə keçmiş şirin həyatlarını anaraq, anladaraq bütün vücudu ilə yanır. Hər kəs bir gün belə ayrılığına dözə bilmədiyi əziz balaları üçün ağlayır. İndi bura zənənə hamamı deyil, bir yasxanadır”.
Gecələr gözlərindən qaçaq düşmüş yuxulardan imdad diləyirdi. Onda bəlkə balalarına röyalarında qovuşa bilərdi. Dekabrın 14-də səhərə yaxın Qumuş deyə çağırdığı qızını yuxuda gördü. Təzə paltar geyinib, alnına xırdaca qızıllar bağlamışdı. Gülürdü, yanaqları allanmışdı. Umgülsüm xanım elə xoşbəxt idi ki... Yuxudan ayılmağına peşman oldu.
"Nəymiş təqsirimiz, neyləmişik biz?”
Umgülsüm Sadıqzadənin "Qala xatirələrim”ində ürəkparçalayan bir hekayət də var. "25 fevral 1938-ci il. ...Səhər tezdən bizim kamera ilə üzbəüz kameradan dəhşətli hay-küy qopdu. Hamımız qapıya toplaşdıq. Nə qədər acı bir mənzərə... Şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər ağlını itirib. Bu sözü dünəndən bəri eşidirdik. Biz elə zənn edirdik ki, Dilbər, sadəcə, əsəbi hallar keçirir. Amma vəziyyəti, sən demə, doğrudan, ciddi imiş. Nə qədər acı da olsa, onunla bir kamerada olan qadınlar Dilbərin onların kamerasından çıxarılmasını istəyirdilər”.
Kamerada yatmağa yer tapmaq da zülm idi. Həbsxanaya
düşənədək hərəsi bir evin xanımı
olmuş qadınlar burada hər gecə yer üstündə
bir-birlərini söyür, dalaşırdılar.
Umgülsüm xanım yazırdı: "23 dekabr 1938. Yatmaq zamanıdır. Yenə hər
gecəki kimi yer üstündə narazılıq
başlandı. Doğrudan da, yer
darısqallığına dözmək çox çətindir.
Bu aclıqdan da pisdir. Bütün
günü səhərdən axşama qədər
ayaqlarımı altıma yığaraq oturmuş və
heç olmasa axşam əl-ayağımı uzatmaq, istədiyim
hərəkəti etmək istəyirəm. Bu da qətiyyən mümkün deyildir”.
O, bu
qovğalardan, mərəkələrdən uzaq durmaq istəyirdi:
"23 yanvar 1937. ...Mən nə qədər güzəştə
gedir, ehtiyatlı dolanıramsa, yenə də bu çirkinliklərdən
mənim üzərimə də sıçramamış
olmayır. Dünən mənə də bir dəfə
"yalan deyirsən” yükləndi. Bu bir
kəlmə mənim üçün böyük
söyüşdür. Adamlar bir-birinə
nalayiq sözlər söyləyirlər”.
Doğmalarından nigaranlıq, həsrət həbsxananı
epidemiya kimi bürümüşdü. Umgülsüm
xanım sıxıntılarını "Qala xatirələrim”inə
köçürürdü: "4 fevral 1938. Bir neçə gündür yenə halım
çox pisdir. Nigarançılığın
son pilləsindəyəm. Canım köz
üstündə kabab kimi yanır. İki aydan bir qədər
artıqdır ki, uşaqlarımın heç birisindən məktub
almıram...” Ayrılıq anları, Qumralın
yaşlı gözləri, Toğrulun saralmış bənizi
xəyalından çəkilmirdi. İstəyirdi
həbsxanada saatları, dəqiqələri dağ
çayının suları kimi sürətlə axıb
keçsin. Amma sanki burada zamana da cəza kəsilmişdi.
Keçib getmək bilmirdi. Ona
elə gəlirdi ki, təbiətin qanunu dəyişib, sutkalar
o qədər uzundur ki, 24 saatın miqyası əqlə
sığışmır. Tez-tez həbsxanada
şayiələr yayılırdı. Bir gün kimsə
dedi ki, uşaqları ilə birlikdə sərbəst surətdə
sürgün ediləcəklər. Yenə ağladılar,
amma bu dəfə sevinc göz yaşlarıydı...
Həbsxananın ayrı-ayrı kameralarında 350-400
qadın cəza çəkirdi. "Təqsirləri”
"xalq düşmənləri”nin ailə üzvləri
olmaları idi. Amma Umgülsüm xanımın
"günahı” daha böyükdü. O, "xalq
düşməni” Seyid Hüseynin həyat yoldaşı, Azərbaycan
Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd
Əmin Rəsulzadənin əmisi qızı və
baldızı, Məmmədəli Rəsulzadənin
bacısı idi. Həyat yoldaşından fərqli
olaraq, Umgülsüm xanım Müsavat Partiyasının
üzvü olmuşdu.
O, Azərbaycan
Xalq Cümhuriyyətini əsərləri ilə təbliğ
və vəsf etmişdi. 1930-cu illər ədəbi tənqidində
cümhuriyyət dövründə yazdığı şeirləri,
daha çox da "Hicran”, "Bayrağın enərkən” və
Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi
"Bən” şeirinə görə ittiham olunurdu.
Martın 14-də dustaq qadınlar haqsızlıqlara cavab olaraq, aclıq elan etdilər. Bu da "Qala xatirələrim”ə martın 16-da düzülən sətirlər: "Aclığımız davam edir. Ayağa duranda dizlərim əsir, gözlərim yaşıl-qırmızı görür. Axşamdır. Sözümüzə baxan, dərdimizə qalan yoxdur. Qərara gəldik ki, yeməyə başlayaq. Çünki olan-olmaz canımız da əldən gedir”.
Aprelin 20-də Umgülsüm xanım yazırdı: "Bu gün beş ay on gündür, burada, Bayıl həbsxanasındayam. Yüz altmış gün! Bir o qədər də gecədir ki, uşaqlarımı görmürəm”. Həmin gecə səhərədək çimir eləmədi. Aprelin 21-də səhər görüş icazəsi verilənlərin siyahısında onun da adını oxudular. Özünə verdiyi sözə əməl edə bilmir, göz yaşları aramsız axırdı.
"Məni nigaran qoymayın”
Uzun ayrılıqdan sonra Bircəbacı dedikləri baldızı Rübabə, baldızı qızı Səyyarə və övladları ilə görüşdü. Oqtayın yanında dayanmış Qumralı əvvəl tanımadı. O da, Toğrul da arıqlamışdılar. Uşaqları məzhun görünürdülər.
Umgülsüm xanım israrla tapşırdı: "Seyid Hüseyndən xəbər çıxan kimi mənə çatdırın. Məktubu lap bir cümlədən ibarət olsa da, mütləq mənə göndərin”. Cığatay onu arxayınlaşdırmaq istədi: "Bizim heç birimizdən narahat olma. Hamımız yaxşı oxuyuruq. Sən özündən danış, nəyin çatmır, nə lazımdır de, göndərək”. Umgülsüm xanım: "Dəftər göndərin, kağızım qurtarıb, bir də yatab gedəndə yəqin ki, isti paltar lazım olacaq”, - dedi. Sonda bir xahişi oldu: "Məni nigaran qoymayın, tez-tez məktub yazın”.
SSRİ Ali Hərbi Məhkəməsinin Səyyar Sessiyasının 5 yanvar 1938-ci il tarixli qərarı ilə Seyid Hüseyn Sadıqzadəyə güllələnmə hökmü verildi. Hökm bir gün sonra yerinə yetirildi. Çox sevdikləri dənizin Seyid Hüseynə məzar olduğundan xəbərsiz Umgülsüm Sadıqzadə Bayıl həbsxanasında "Xəzərə xitab” edir, onu sorğuya çəkirdi:
Nəymiş təqsirimiz, neyləmişik biz?
Bunu sən sual et, mənim dilim yox.
Hansı xəyanətin şərməndəsiyiz?
Bunu sən sual et, mənim dilim yox.
...Umgülsüm Sadıqzadəyə kamera yoldaşları ilə eyni gündə - 1938-ci ilin 10 mayında istintaqsız, məhkəməsiz hökm oxundu. 8 il həbs cəzasına məhkum edildilər. Mayın 21-də Temlaq İslah Əmək Düşərgəsinə göndərildilər.
Həbsxanadan qurtulmağı çox arzulamışdı. Oradan çıxanda anladı ki, dünyanı ona qəfəs ediblər. Yenə evinə, ailəsinə həsrət qaldı. 1941-ci ilin aprelində vətənindən uzaqlarda eşitdiyi doğma musiqi şairəyə bu misraları yazdırdı:
Titrərkən telləri tar-kamançanın
Ürəyim döyündü, əlim titrədi.
Ey gözəl vətənim! Eşqinlə sənin
Gözlərim yaşardı, dilim titrədi.
Düşərgədə tikişçi işləyir, verilən tapşırıqları artıqlaması ilə yerinə yetirirdi. 1941-ci ildə əmək yarışındakı fəallığına görə düşərgə rəhbərliyi ailə üzvlərinə məktub yazmağa icazə verdi. Bundan sonra təsəllini uşaqlarına məktub yazmaqda tapdı. Tərs kimi gözləri də gündən-günə zəifləyirdi. 1941-ci ilin 17 martında Cığatay anasına məktubunu bu sətirlərlə bitirmişdi: "...Sən özündən, o yerlərdən bildikcə çox yaz. Oranı hər bucağına qədər gəzib təsvir elə...” Umgülsüm xanım fevralın 24-də oğluna cavabında yazırdı: "Bir tərəfdən düz deyirsən, digər tərəfdən baxanda bir qədər gülməli çıxır. Buranın hər yerini gəzmək üçün ayaqlarımın ixtiyarı axı məndə deyil?! Ancaq bununla bərabər yenə söyləniləcək sözlər var. Bir aydan bəridir zonadan (hasardan) bayırda hazırlanmış sexə işləməyə gedirik. Bu bizim üçün böyük azadlıqdır! Hər gün səhər saat 7-də qar qalanmış düzəngahdan saldığımız qar rizlə yola düzülür, ayaqlarımızın altında çaxmaq daşı kimi bərkimiş buzların üstü ilə çox ehtiyatla ayaqlarımız qoyulacaq yerləri yoxlaya-yoxlaya işə gedirik. Bu yolda neçə dəfə sürüşüb yıxılmışam. Sonra saat 12 üçün zonaya gəlib bir də işə qayıdırıq. Axşam saat 8-də işdən çıxırıq”.
1941-ci il fevralın 10-da övladları və onlara dayəlik edən Səyyarə xanımla dörd illik ayrılıqdan sonra görüşmək üçün Umgülsüm xanım 4 saylı düşərgə məntəqəsinin rəisinə müraciət etdi. Böyük Vətən müharibəsinin başlanmasını səbəb gətirərək görüşə icazə verilmədi.
Stalinə və Beriyaya dönə-dönə müraciət etmişdi. 1943-cü ildə yenidən SSRİ XDİK-in Xüsusi Müşavirəsinə yazdı. Azad olunmasına 1944-cü ilin aprelində qərar verildi. Bakıya həmin ilin iyununda dönə bildi. Nə şəhər, nə də sakinləri həminki idi. Repressiyanın vurduğu yaralara müharibənin itkiləri də əlavə olunmuşdu.
İllər sonra evinin qapısından içəri girib hər şeyi əvvəlki qaydasında görə bilsəydi... Alt-üst edilmiş həyatlarını, pərən-pərən düşmüş arzularını xəyalında sahmana salırdı. Qapılarını döyür, qarşısında Seyid Hüseyni görürdü. Övladları da evdəydi... Ancaq nə Seyid Hüseyni görə bildi, nə də Oqtayı...
Onlardan sonra balaları çox zülmlər çəkmişdilər. Oqtay rəssamlıq məktəbinin ikinci kursundan qovulmuş, sonralar əzab-əziyyətlə bərpa olunmuşdu. Məktəbi bitirib işə başlayan oğlunu 1941-ci ildə həbs edərək sürgünə göndərmişdilər. Cığatayı da xalq düşməninin övladı kimi əsgərlik adı ilə cərimə batalyonuna yollamışdılar. Ağır katorqa işlərində çalışmaqdan vərəm xəstəliyinə tutulub geri dönmüşdü. Oqtay isə hələ də sürgündəydi.
İyirmi gün sonra Umgülsüm xanıma Bakıda qalmaq yasaq edildi. Bu dəfə də vətənində sürgün olundu. Şamaxıya qızı Qumralla yollandı. Ağır sürgün illəri sağlamlığını əlindən almışdı. 1944-cü il sentyabrın 17-də Şamaxıda dünyasını dəyişdi. Qonşuları Umgülsüm xanımı məşhur Şahxəndan qəbiristanlığında dəfn etdilər. On beş yaşlı qızı Bakıya yalnız, pərişan döndü...
Umgülsüm Sadıqzadə çox faciələr gördü. Bunlar yalnız bir insanın başına gətirilən müsibətlər deyildi. Gözlərinin önündə millətinin işığını söndürdülər, milli hökumətini yıxdılar, bayrağını endirdilər. Umgülsüm xanımın tək qardaşı Məmmədəli Rəsulzadə, əmisi oğlu və bacısının əri Məhəmməd Əmin Rəsulzadə vətən həsrətlisi oldular, mühacirətdə yaşayıb, orada vəfat etdilər. Yeganə bacısı Ümbülbanu, onun qayınanası və əmisi arvadı Maral xanım, bacısı qızı Lətifə və onun ortancıl qızı sürgündə çəkdikləri iztirablara dözməyib qürbət diyarda gözlərini əbədi yumdular. Qardaşı oğlu Musa, həyat yoldaşı Seyid Hüseyn, bacısı oğlu Rəsul, baldızı oğlu Tağı həbs edilərək güllələndilər. Bacısı qızı Xalidə, Lətifənin üçyaşlı qızı itkin düşdülər.
Oqtay Sadıqzadə 1946-cı ildə sürgündən qayıtdı. Anasının geri döndüyünü, üç ay sonra vəfat etdiyini öyrəndi. Vərəm xəstəliyi 1948-ci ildə 24 yaşlı Cığatayın da həyatına son qoydu.
Həyatları repressiya burulğanlarına düşmüş, doğmalarını itirmiş övladları Umgülsüm xanımla Seyid Hüseynin adına layiq övladlar oldular. Qumral yazıçı, Oqtayla Toğrul rəssam kimi tanındılar. Ancaq o illərin ağrıları həyatlarının son anlarınadək səngimədi. Ömürlərinə qasırğa kimi gələn repressiya onların da yalnız doğmalarını deyil, uşaqlıqlarını, gəncliklərini alıb aparmışdı, sevinclərinin, səadətlərinin üzərinə əbədi kölgə salmışdı...
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-2018.- 9 sentyabr. - S.1;6.