Prezident İlham Əliyev: “Azərbaycan Avropa ilə müsəlman dünyası
arasında mədəni və siyasi körpü rolunu
oynayır”
"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 68-ci kitabı çapdan
çıxıb
Əsrlərboyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olub. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaradıb. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində yaşayıblar. Müstəqil olandan sonra Azərbaycan bu səbəbdən dünya multilkulturalizm mərkəzlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 68-ci kitabında yer alan bu fikirləri dövlət başçısı 2015-ci il aprelin 28-də III Qlobal Bakı Forumunun rəsmi açılış mərasimindəki nitqində söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 68-ci kitabındakı materiallar 2015-ci ilin martından may ayınadək olan dövrü əhatə edir.
Nəşrdə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərinə, Ər-Riyadda və Ciddə şəhərlərində keçirdiyi görüşlərə, Məkkədə Ümrə ziyarətində olmasına və Mədinədə Peyğəmbər məscidini ziyarət etməsinə, Türkiyə Respublikasına və Rusiya Federasiyasına işgüzar səfərlərinə dair materiallar toplanıb. Həmçinin dövlət başçısının Azərbaycana rəsmi səfərə gəlmiş Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Vyetnam Sosialist Respublikasının Prezidenti ilə görüşləri, Azərbaycan-Vyetnam biznes-forumunda çıxışı, mətbuata bəyanatı, Fransa Prezidentinin ölkəmizə işgüzar səfəri zamanı apardığı danışıqlar barədə informasiyalar yer alıb.
Azərbaycan Prezidentinin Serbiya, Rusiya, İtaliya, Malta, Fransa, Latviya, Yaponiya, Türkiyə, Almaniya və digər dövlətlərin, Avropa İttifaqı, BMT, İslam Həmrəyliyi İdman Federasiyası, Asiya İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsini, Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçıları ilə görüşləri əks etdirən materiallarla bu kitabda tanış olmaq mümkündür. Nəşrə dövlət başçısının XVIII Avrasiya İqtisadi Zirvə toplantısının, "Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı” mövzusunda II Beynəlxalq Elmi Konfransın, "İslam maarifçiliyi və müasir dövr” mövzusunda Beynəlxalq Konfransın, "Bakı Ürək günləri” IV Beynəlxalq Konqresin iştirakçılarına məktublarının, Pasxa bayramı münasibətilə Azərbaycanın Pravoslav Xristian İcmasına təbrikinin, digər məktub və təbriklərinin mətnləri də daxil edilib.
Bu kitabda "Bakı-2015” I Avropa Oyunlarına hazırlıqla bağlı dövlət başçısının Avropa Oyunları parkının, Veloparkın, Bakı Su İdmanı Sarayının açılış mərasimlərində iştirakına, Bakı İdman Sarayında, Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlığına dair informasiyalar, I Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində çıxışı da əksini tapıb.
Çoxcildliyin 68-ci kitabına Prezident İlham Əliyevin Bakı "Ağ şəhər” bulvarında tikinti işlərinin gedişi ilə tanışlığına, "AITF-2015” XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi, XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi və IX Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanışlığına dair materiallar, III Qlobal Bakı Forumunun, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimlərində, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının sessiyasında nitqləri daxil edilib. Həmçinin kitabda dövlət başçısının Bakıda "Rossiya-24” telekanalına, Vyetnam İnformasiya Agentliyinə müsahibələrinin mətnləri yer alıb.
Nəşrə Prezident İlham Əliyevin Astara rayonuna, Lənkəran şəhərinə səfərlərinə, bölgələrdə infrastruktur obyektlərinin açılış mərasimində iştirakına, sənaye və mədəniyyət müəssisələrində yenidənqurma işləri ilə tanışlığına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar, Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş və yekun nitqləri daxil edilib. Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri də verilib.
"Azərnəşr”
tərəfindən buraxılan 68-ci kitabın
hazırlanmasında Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.-2018.- 9 sentyabr.- S.2.