Hesablama
Palatası haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun Azərbaycan
Respublikası Konstitusiyasının 92-ci maddəsinə və
94-cü maddəsinin
I hissəsinin
15-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası
Hesablama Palatasının (bundan sonra - Hesablama Palatası)
statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə
və təşkilati strukturunu, habelə dövlət vəsaitinin
və digər dövlət əmlakının qanunauyğun,
məqsədyönlü və səmərəli istifadəsinə
dövlət nəzarətinin təmin edilməsi sahəsində
kənar dövlət maliyyə nəzarətinin obyektləri
və digər tərəflərlə münasibətlərini
tənzimləyir.
I fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu
qanunun məqsədləri üçün
aşağıdakı anlayışlardan istifadə olunur:
1.0.1. ali audit orqanı - kənar dövlət maliyyə
nəzarəti funksiyasını həyata keçirən
dövlət qurumudur;
1.0.2. kənar dövlət maliyyə nəzarəti
- bu qanunun 21.12-ci maddəsinin tələbləri nəzərə
alınmaqla, bu qanunun 1.0.5-ci maddəsində nəzərdə
tutulan kənar dövlət maliyyə nəzarətinin obyektləri
tərəfindən dövlət vəsaitinin və digər
dövlət əmlakının istifadə edilməsinə
ali audit orqanı tərəfindən həyata keçirilən
müstəqil dövlət nəzarətidir;
1.0.3. dövlət vəsaiti - dövlət büdcəsinin,
büdcədənkənar dövlət fondlarının, məqsədli
dövlət fondlarının, publik hüquqi şəxslərin
vəsaitləri, dövlət zəmanəti ilə alınan
kreditlər, dövlət qrantları və texniki yardımlar,
büdcədən maliyyələşdirilən təşkilatların
büdcədənkənar fondlarının vəsaitidir;
1.0.4. kənar dövlət maliyyə nəzarəti
tədbirləri - audit, analitik fəaliyyət və monitorinq
formalarında həyata keçirilən kənar dövlət
maliyyə nəzarətidir;
1.0.5. kənar dövlət maliyyə nəzarətinin
obyektləri - dövlət orqanları, büdcədənkənar
dövlət fondları, bələdiyyələr, publik
hüquqi şəxslər, dövlətin və (və ya) bələdiyyələrin
səhmi (payı) olan hüquqi şəxslərdir.
Maddə 2. Hesablama Palatasının fəaliyyətinin hüquqi əsasları
2.1.
Hesablama Palatasının fəaliyyətinin hüquqi əsaslarını
Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, bu qanun və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktları təşkil
edir.
2.2. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti
fəaliyyətini bu qanuna və Ali Audit Orqanlarının Beynəlxalq
Təşkilatının (INTOSAI) standartları əsasında
Hesablama Palatası tərəfindən hazırlanan metodiki sənədlərə
uyğun həyata keçirir.
Maddə 3. Hesablama Palatasının statusu
3.1.
Hesablama Palatası Azərbaycan Respublikasının
Konstitusiyasının 92-ci maddəsinə əsasən Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən
yaradılan, Milli Məclisə hesabat verən, daimi fəaliyyət
göstərən kənar dövlət maliyyə nəzarətini
həyata keçirən ali audit orqanıdır.
3.2.
Hesablama Palatası müstəqil balansa, dövlət
mülkiyyətində olan əmlaka, xəzinə və bank
hesablarına, üzərində Azərbaycan
Respublikasının dövlət gerbinin təsviri və
öz adı həkk olunmuş möhürə, müvafiq
ştamp və xüsusi blanklara malikdir.
Maddə 4. Hesablama Palatasının fəaliyyət prinsipləri
Hesablama Palatasının fəaliyyəti qanunçuluq,
müstəqillik, kollegiallıq, şəffaflıq,
obyektivlik, ədalətlilik və peşəkarlıq prinsiplərinə
əsaslanır.
Maddə 5. Hesablama Palatasının müstəqilliyi
5.1. Hesablama Palatası təşkilati və funksional
müstəqilliyə malikdir və onun fəaliyyətinə
qanunsuz müdaxilə etmək yolverilməzdir.
5.2. Hesablama Palatası dövlət büdcəsindən
ona ayrılmış vəsait həddində strukturunu və
ştat sayını təsdiq edir.
5.3. Hesablama Palatası kənar dövlət maliyyə nəzarətinin
həyata keçirilməsi ilə əlaqədar olaraq kənar
dövlət maliyyə nəzarəti obyektlərinin fəaliyyətini
dayandıracaq müdaxilə etməməlidir.
Maddə 6. Hesablama Palatasının fəaliyyət istiqamətləri
6.0.
Hesablama Palatasının fəaliyyət istiqamətləri
aşağıdakılardır:
6.0.1. qanunla müəyyən edilmiş qaydada kənar
dövlət maliyyə nəzarəti tədbirlərini həyata
keçirir;
6.0.2. icmal büdcənin, o cümlədən
dövlət büdcəsi və büdcədənkənar
dövlət fondlarının (təsisatlarının)
büdcələrinin layihələrinə və icrasına dair
rəy verir;
6.0.3. həyata
keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin
nəticələri əsasında maliyyə intizamının
gücləndirilməsi, maliyyə nəzarəti fəaliyyətinin
planlaşdırılması məqsədilə mütəmadi
təhlillər aparır, dövlət maliyyə idarəetməsinin
və dövlət maliyyə nəzarətinin həyata
keçirilməsinin təkmilləşdirilməsi, həmçinin
dövlət vəsaitindən və digər dövlət əmlakından
səmərəli və məqsədyönlü istifadə
ilə bağlı tövsiyələr verir;
6.0.4. xarici dövlətlərdə uyğun
funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq
təşkilatlarla əməkdaşlıq edir, ali audit
orqanlarının beynəlxalq təşkilatlarına üzv
olur.
Maddə 7. Hesablama Palatasının vəzifələri
7.0.
Hesablama Palatası aşağıdakı vəzifələri
yerinə yetirir:
7.0.1. icmal büdcənin, o cümlədən
dövlət büdcəsinin və büdcədənkənar
dövlət fondlarının (təsisatlarının)
büdcələrinin layihələrinə və müvafiq
qanun layihələrinə rəy verir;
7.0.2. icmal büdcənin, o cümlədən
dövlət büdcəsinin və büdcədənkənar
dövlət fondlarının (təsisatlarının)
icrası barədə illik hesabatlara və müvafiq qanun layihələrinə
rəy verir;
7.0.3. kənar dövlət maliyyə nəzarətinin
obyektlərində aşağıdakı sahələrdə
kənar dövlət maliyyə nəzarəti tədbirlərini
həyata keçirir:
7.0.3.1. icmal büdcənin, o cümlədən
dövlət büdcəsinin və büdcədənkənar
dövlət fondlarının (təsisatlarının) gəlirlərinin
və kənar dövlət maliyyə nəzarəti obyektləri
tərəfindən gəlirlərinin
proqnozlaşdırılması, hesablanması, ödənilməsi
və digər öhdəliklərin yerinə yetirilməsi;
7.0.3.2. icmal büdcənin, o cümlədən
dövlət büdcəsinin və büdcədənkənar
dövlət fondlarının (təsisatlarının) xərclərinin
və kənar dövlət maliyyə nəzarəti obyektləri
tərəfindən xərclərinin
proqnozlaşdırılması, hesablanması, icrası və
digər öhdəliklərin yerinə yetirilməsi;
7.0.3.3. icmal büdcədən, o cümlədən
dövlət büdcəsindən və büdcədənkənar
dövlət fondlarının (təsisatlarının)
büdcələrindən ayrılan vəsaitlərin
qanunauyğun, məqsədyönlü, səmərəli və
təyinatı üzrə istifadəsi;
7.0.3.4. dövlət əmlakının idarə edilməsi;
7.0.3.5. dövlət satınalmaları;
7.0.3.6. dövlət investisiyaları;
7.0.3.7. dövlət proqramlarına və layihələrinə
ayrılmış vəsaitlərin istifadəsi;
7.0.3.8. qrantların və maliyyə (texniki)
yardımlarının təyinatı üzrə və səmərəli
istifadəsi;
7.0.3.9. ətraf mühitin mühafizəsi, təbii fəlakətlərin
qarşısının alınması və nəticələrinin
aradan qaldırılmasına ayrılmış vəsaitlərin
istifadəsi;
7.0.3.10. daxili və xarici dövlət borcunun idarə
olunması, dövlət zəmanəti ilə cəlb
edilmiş borc öhdəliklərinin yerinə yetirilməsi,
bağlanmış müqavilələrin şərtlərinə
əməl olunması, xarici ölkələrə və
şəxslərə verilən vəsaitlər üzrə
öhdəliklərin icrası;
7.0.3.11. dövlət sifarişləri;
7.0.3.12. büdcədənkənar vəsaitlərin
formalaşdırılması, yığılması və
istifadəsi;
7.0.3.13. büdcə ili ərzində vahid xəzinə
hesabında olan vəsaitin qalığının (sərbəst
qalığın) idarə olunması və ya idarəetməyə
verilməsi;
7.0.4. kənar dövlət maliyyə nəzarəti
tədbirlərinin nəticələri barədə Azərbaycan
Respublikasının Milli Məclisinə və bu qanunda nəzərdə
tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) məlumat verir;
7.0.5. kənar dövlət maliyyə nəzarəti
tədbirlərinin nəticələri üzrə Hesablama
Palatasının kollegiyası tərəfindən qəbul
edilmiş qərarlar əsasında qanunla müəyyən
edilmiş müvafiq tədbirləri həyata keçirir;
7.0.6. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqandan (qurumdan) və Azərbaycan
Respublikasının Milli Məclisindən daxil olan dövlət
maliyyəsi sahəsini tənzimləyən normativ hüquqi
aktların, o cümlədən Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin layihələrinə rəy
verir;
7.0.7. dövlət büdcəsinin icrasının təhlili
ilə bağlı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) yarımillik və illik məlumat
verir;
7.0.8. öz fəaliyyətində dövlət,
kommersiya, vergi, bank sirri, habelə məxfilik rejiminə riayət
edir;
7.0.9. korrupsiyaya qarşı mübarizə sahəsində
qanunamüvafiq tədbirlər həyata keçirir;
7.0.10. hüquq pozuntularına qarşı mübarizə
sahəsində dövlət orqanları ilə
qarşılıqlı fəaliyyət göstərir;
7.0.11. fəaliyyəti barədə Azərbaycan
Respublikasının Milli Məclisinə illik hesabat təqdim
edir;
7.0.12. qanunla müəyyən edilmiş digər vəzifələri
yerinə yetirir.
Maddə 8. Hesablama Palatasının hüquqları
8.0.
Hesablama Palatası öz vəzifələrini yerinə yetirmək
üçün aşağıdakı hüquqları həyata
keçirir:
8.0.1. kənar dövlət maliyyə nəzarətini
təmin etmək məqsədilə dövlət xəzinədarlığı
məlumatlarına birbaşa çıxış imkanı əldə
edir;
8.0.2. dövlət vəsaitinin xəzinə
hesabına daxil olmasının və istifadəsinin təsdiq
olunmuş göstəricilərə uyğunluğunu təhlil
edir;
8.0.3. kənar dövlət maliyyə nəzarəti
obyektlərindən dövlət büdcəsinin və
büdcədənkənar dövlət fondlarının
büdcələrinin icrası ilə bağlı hesabat və
məlumatları, habelə maliyyə, mühasibat, vergi və
statistik uçotu hesabatlarını və zəruri sənədləri
kağız və (və ya) elektron formada alır, kənar
dövlət maliyyə nəzarətinin məqsədləri
çərçivəsində onların elektron informasiya
sistemlərinə daxil olur;
8.0.4. kənar dövlət maliyyə nəzarəti
obyektlərində aidiyyəti sahələrə daxil olur,
müvafiq sahələrdə müşahidələr
aparır, aktivlərin və öhdəliklərin
mövcudluğunu yoxlayır, inventarizasiyasını
aparır, məsul şəxslərdən və maliyyə nəzarətinin
predmeti ilə əlaqədar digər tərəflərdən
izahatlar və məlumatlar alır;
8.0.5. kənar dövlət maliyyə nəzarətinin
həyata keçirilməsində informasiya
texnologiyalarını tətbiq edir;
8.0.6. kənar dövlət maliyyə nəzarətinin
həyata keçirilməsi məqsədilə sorğular
göndərməklə dövlət qurumlarından və bələdiyyələrdən,
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq hüquqi şəxslərdən və
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərdən
kağız və (və ya) elektron formada məlumat alır;
8.0.7 dövlət sirri hesab edilən məlumatları,
habelə bu qanunla müəyyən edilmiş vəzifələrin
həyata keçirilməsi məqsədilə kənar
dövlət maliyyə nəzarətinin predmetinə aid olan
kommersiya, vergi və bank sirrini təşkil edən məlumatları
və fərdi məlumatları əldə edir;
8.0.8. kənar dövlət maliyyə nəzarəti
tədbirlərinə qarşılıqlı razılıq əsasında
dövlət orqanlarının nümayəndələrini, sərbəst
auditorları, auditor təşkilatlarını, ekspert və
mütəxəssisləri cəlb edir;
8.0.9. kənar dövlət maliyyə nəzarəti
obyektindən kənar dövlət maliyyə nəzarətinin
məqsədləri çərçivəsində sənədlərin
təsdiq edilmiş surətlərini və bu qanunla müəyyən
edilmiş hallarda əslini götürür;
8.0.10. bu qanunla müəyyən edilmiş qaydada və
müddətdə aşkar edilmiş kənarlaşma
hallarına dair sənədlərə və başqa sübutlara
müdaxilə olunmasının qarşısını almaq məqsədilə
müvafiq qaydada rəsmiləşdirilməklə
kassaları, anbar və arxivləri möhürləyir;
8.0.11. kənar dövlət maliyyə nəzarətinin
obyektində mühasibat uçotunun aparılmaması, yaxud
qanunvericiliyin tələblərinə uyğun təşkil
edilməməsi səbəbindən zəruri məlumatları
əldə etmək mümkün olmadıqda, kənar dövlət
maliyyə nəzarətinin obyektindən mühasibat
uçotunun təmin edilməsini tələb edir;
8.0.12. kənar dövlət maliyyə nəzarətinin
obyektlərində daxili nəzarətin və daxili auditin təşkilinin
vəziyyətini qiymətləndirir;
8.0.13. qanunla nəzərdə tutulmuş müvafiq
inzibati xətalar haqqında işlərə baxır və
inzibati tənbeh tətbiq edir;
8.0.14. kənar dövlət maliyyə nəzarətinin
obyektlərinin vəzifəli şəxslərini Hesablama
Palatasının kollegiya iclaslarına dəvət edir;
8.0.15. öz kadr potensialının gücləndirilməsi
ilə bağlı tədbirləri həyata keçirir;
8.0.16. qanunla müəyyən edilmiş hüquq və
vəzifələrinin həyata keçirilməsi
üçün qrantlar və ianələr alır;
8.0.17. dövlət qurumları ilə
qarşılıqlı fəaliyyət göstərir;
8.0.18. qanunla nəzərdə tutulmuş digər
hüquqları həyata keçirir.
Maddə 9. Hesablama Palatasının metodiki sənədləri
9.1.
Hesablama Palatasının metodiki sənədləri Hesablama
Palatasının fəaliyyətinin təşkili
prosedurları ilə bağlı iş qaydalarını
müəyyən edən və daxili prosedur qaydalarını
tənzimləyən sənədlərdir.
9.2.
Hesablama Palatasının metodiki sənədləri bu qanuna və
ali audit orqanlarının beynəlxalq
prinsiplərinə, standartlarına və təlimatlarına
uyğun olaraq qəbul edilir.
9.3. Hesablama Palatasının metodiki sənədləri
Hesablama Palatasının kollegiyası tərəfindən təsdiq
edildikdən sonra qüvvəyə minir.
II fəsil
HESABLAMA
PALATASININ TƏRKİBİ VƏ İŞİNİN
TƏŞKİLİ
Maddə 10. Hesablama Palatasının tərkibi
Hesablama Palatasının tərkibi Hesablama
Palatasının üzvlərindən ibarətdir.
Maddə 11. Hesablama Palatasının üzvləri
11.1. Hesablama Palatasının üzvləri Hesablama
Palatasının sədri, sədr müavini və 5 auditordan
ibarətdir.
11.2. Hesablama Palatası üzvlərinin səlahiyyət
müddəti 7 ildir.
11.3. Hesablama Palatasının üzvləri Azərbaycan
Respublikası Milli Məclisinin Sədrinin təqdimatı əsasında
Azərbaycan Respublikasının Milli Məclisinin azı 63
deputatının səs çoxluğu ilə təyin edilir.
11.4. Hesablama Palatasının üzvləri Azərbaycan
Respublikasının Milli Məclisinin dəvəti ilə Azərbaycan
Respublikasının Milli Məclisinin və onun komitələrinin
iclaslarında iştirak edirlər.
Maddə 12. Hesablama Palatasının üzvlərinə dair tələblər
12.1.
Hesablama Palatasının üzvləri dövlət idarəçiliyi,
dövlət nəzarəti, hüquq, iqtisadiyyat və maliyyə
sahələrində 5 ildən az olmayaraq
iş təcrübəsinə malik olan ali təhsilli Azərbaycan
Respublikasının vətəndaşları ola bilərlər.
12.2.
Hesablama Palatasının üzvləri başqa dövlətlər
qarşısında öhdəlikləri olan, ağır və
ya xüsusilə ağır cinayətlərə, habelə
korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə
olan cinayətlərə və ya iqtisadi fəaliyyət sahəsində
olan cinayətlərə görə məhkum olunmuş şəxslər
ola bilməzlər.
12.3.
Hesablama Palatasının üzvləri Azərbaycan
Respublikası Milli Məclisinin Sədri, Azərbaycan
Respublikasının Baş naziri, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan
Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan
Respublikasının Baş prokuroru, Azərbaycan
Respublikasının Mərkəzi Bankının İdarə
Heyətinin sədri və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri
ilə, habelə bir-birləri ilə yaxın qohumluq əlaqəsində
ola bilməzlər.
12.4.
Hesablama Palatasının üzvlərinə
aşağıdakılar qadağandır:
12.4.1. dövlət qurumlarında və yerli
özünüidarəetmə orqanlarında əlavə
ödənişli, seçkili və ya təyinatlı digər
vəzifə tutmaq;
12.4.2. elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti
istisna olmaqla, digər ödənişli fəaliyyət
növü ilə məşğul olmaq;
12.4.3. şəxsən və ya digər şəxslər
vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq;
12.4.4. təşkilati-hüquqi
formasından asılı olmayaraq təsərrüfat subyektlərinin
idarəetməsində iştirak etmək;
12.4.5. xidməti istifadə üçün nəzərdə
tutulan məlumat, maddi-texniki və maliyyə təminatı
vasitələrindən özünün və ya digərlərinin
şəxsi məqsədləri üçün istifadə
etmək;
12.4.6.
Hesablama Palatasının üzvü kimi funksional fəaliyyəti
ilə bağlı etdiyi çıxışlar və ya
yazdığı məqalələr üçün əlavə
ödəniş almaq;
12.4.7. tətillərdə və dövlət
qurumlarının işini pozan digər hərəkətlərdə
iştirak etmək.
12.5.
Hesablama Palatasının üzvləri səlahiyyətlərini
icra etdiyi müddət ərzində heç bir siyasi
partiyanın üzvü ola bilməzlər.
Hesablama Palatasının üzvləri vəzifəyə
təyin edildiyi zaman siyasi partiyanın üzvü olduqları hallarda
həmin partiyalarda üzvlüklərinə xitam verməlidirlər.
12.6. Hesablama Palatası üzvlərinin rəsmi tədbirlər
zamanı verilən hədiyyələr istisna olmaqla, vəzifə
səlahiyyətlərinin icrası ilə bağlı fiziki və
hüquqi şəxslərdən hədiyyə qəbul etməsi
qadağandır. Rəsmi tədbirlər zamanı, o
cümlədən Hesablama Palatasının üzvündən
asılı olmayan səbəblərdən hədiyyə
verildikdə, o, həmin hədiyyəni Hesablama Palatasına təhvil
verməlidir.
12.7. Hesablama Palatasının üzvləri xidməti vəzifələrinin
icrası zamanı yaranmış və ya yarana biləcək
maraqların toqquşması hallarının
qarşısının alınması üçün tədbirlər
görməlidirlər.
Maddə 13. Hesablama Palatasının üzvlərinin müstəqilliyi
13.1. Hesablama Palatasının üzvləri funksional
müstəqilliyə malikdirlər.
13.2. Hesablama Palatası üzvlərinin müstəqilliyi
onların səlahiyyət müddətində siyasətsizləşdirilməsi,
dəyişilməzliyi, Hesablama Palatasının üzvlərinin
fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi
ilə təmin olunur və onların statusuna uyğun maddi və
sosial təminatlar verilir.
Maddə 14. Hesablama Palatasının sədri
14.0.
Hesablama Palatasının sədri:
14.0.1.
Hesablama Palatasına rəhbərlik edir və onun işini təşkil
edir;
14.0.2.
Hesablama Palatasının kollegiyasının iclaslarını
çağırır və iclaslarına sədrlik edir;
14.0.3.
Hesablama Palatasının üzvləri arasında iş
bölgüsü aparır;
14.0.4.
Hesablama Palatasının strukturunu, struktur bölmələrinin
əsasnamələrini, ştat sayını, gəlir və xərclər
smetası üzrə bölgü və dəyişiklikləri
təsdiq edir;
14.0.5.
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası
üzrə qurumunu yaradır;
14.0.6.
Hesablama Palatasının fəaliyyəti ilə bağlı əmrlər,
sərəncamlar, göstərişlər və
tapşırıqlar verir;
14.0.7.
Hesablama Palatasının Aparatının, struktur bölmələrinin
və Naxçıvan Muxtar Respublikası üzrə qurumunun
rəhbərlərini və işçilərini vəzifəyə
təyin və vəzifədən azad edir, onların həvəsləndirilməsi,
kadr potensialının gücləndirilməsi, intizam məsuliyyəti
məsələlərini həll edir;
14.0.8.
Hesablama Palatasının rəylərini, hesabatlarını, məlumatlarını
və təkliflərini Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim edir;
14.0.9.
Hesablama Palatasının səlahiyyətlərinin icrası ilə
əlaqədar dövlət qurumlarının nümayəndələrinin,
habelə müqavilə əsasında auditor təşkilatlarının,
müstəqil auditorların, mütəxəssislərin və
ekspertlərin cəlb edilməsi məsələlərini həll
edir;
14.0.10.
Hesablama Palatasının dövlət orqanları ilə,
xarici dövlətlərdə uyğun funksiyaları həyata
keçirən qurumlarla və beynəlxalq təşkilatlarla
qarşılıqlı fəaliyyətini təmin edir;
14.0.11. dövlət qurumları ilə, xarici dövlətlərdə
uyğun funksiyaları həyata keçirən qurumlarla və
beynəlxalq təşkilatlarla, habelə hüquqi və fiziki
şəxslərlə münasibətlərdə Hesablama
Palatasını təmsil edir;
14.0.12. Azərbaycan
Respublikasının Milli Məclisinə Hesablama
Palatasının fəaliyyəti haqqında illik hesabatı təqdim
edir;
14.0.13.
Hesablama Palatasının üzvlərinə dair etik
davranış məsələlərinə baxan etika
komissiyası yaradır;
14.0.14. qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri
həyata keçirir.
Maddə 15. Hesablama Palatası sədrinin müavini
15.1.
Hesablama Palatası sədrinin müavini Hesablama
Palatasının sədri tərəfindən müəyyən
edilmiş iş bölgüsü əsasında fəaliyyət
göstərir.
15.2.
Hesablama Palatası sədrinin müavini:
15.2.1.
Hesablama Palatasının sədri olmadıqda və ya vəzifələrini
yerinə yetirə bilmədikdə onu əvəz edir;
15.2.2. kənar dövlət maliyyə nəzarəti
tədbirlərinin nəticələri üzrə müvafiq sənədlərin
hazırlanmasına, cari sənədləşmələrin
icrasına nəzarəti həyata keçirir;
15.2.3.
Hesablama Palatasının iş planının layihəsi
üzrə ilkin materialların, Hesablama Palatasının rəylərinin,
hesabatlarının, təkliflərinin, məlumatlarının
hazırlanmasına və Hesablama Palatasının sədrinə
təqdim edilməsinə rəhbərlik edir;
15.2.4.
Hesablama Palatasının sədrinin
tapşırığına əsasən Hesablama
Palatasını dövlət qurumları ilə, xarici dövlətlərdə
uyğun funksiyaları həyata keçirən qurumlarla və
beynəlxalq təşkilatlarla, habelə hüquqi və fiziki
şəxslərlə münasibətlərdə təmsil
edir;
15.2.5. Hesablama Palatası sədrinin və
kollegiyasının tapşırıqlarını yerinə
yetirir.
Maddə 16. Hesablama Palatasının auditorları
16.1.
Hesablama Palatasının auditorları Hesablama
Palatasının sədri tərəfindən müəyyən
edilmiş iş bölgüsü əsasında fəaliyyət
göstərirlər.
16.2.
Hesablama Palatasının auditorları:
16.2.1.
iş bölgüsü əsasında onlara həvalə
edilmiş fəaliyyət istiqamətlərinə rəhbərlik
edirlər;
16.2.2. fəaliyyət istiqamətləri üzrə
iş planlarının layihələrini hazırlayırlar;
16.2.3. rəhbərlik etdikləri fəaliyyət
istiqamətləri üzrə metodiki sənədlərin layihələrini
hazırlayırlar;
16.2.4. kənar dövlət maliyyə nəzarəti
tədbirlərinə rəhbərliyi həyata keçirirlər
və rəhbərlik etdikləri fəaliyyət istiqamətləri
üzrə kənar dövlət maliyyə nəzarəti tədbirlərinin
nəticələrinə dair müvafiq sənədləri
Hesablama Palatasının sədrinə təqdim edirlər;
16.2.5.
Hesablama Palatasının sədrinin
tapşırığına əsasən Hesablama
Palatasını dövlət qurumları ilə, xarici dövlətlərdə
uyğun funksiyaları həyata keçirən qurumlarla və
beynəlxalq təşkilatlarla, habelə hüquqi və fiziki
şəxslərlə münasibətlərdə təmsil
edirlər;
16.2.6. Hesablama Palatası sədrinin, sədr müavininin
və kollegiyasının tapşırıqlarını yerinə
yetirirlər.
Maddə 17. Hesablama Palatası üzvlərinin səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi
17.1.
Hesablama Palatasının üzvlərinin səlahiyyətlərinə
aşağıdakı hallarda vaxtından əvvəl xitam
verilə bilər:
17.1.1. vəzifədən azad olunmaq haqqında ərizə
ilə müraciət etdikdə;
17.1.2. başqa vəzifəyə təyin edildikdə
və ya seçkili orqana seçildikdə;
17.1.3. barələrində məhkəmənin qanuni
qüvvəyə minmiş ittiham hökmü və ya tibbi
xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni
qüvvəyə minmiş qərarı olduqda;
17.1.4. bu qanunun 12-ci maddəsində göstərilən
tələblər pozulmaqla vəzifəyə təyin edildikdə;
17.1.5. əmək qabiliyyətinin tam itirilməsi ilə
əlaqədar fasiləsiz olaraq altı aydan çox müddətə
vəzifəsini yerinə yetirə bilmədikdə;
17.1.6. Azərbaycan
Respublikasının vətəndaşlığına xitam
verildikdə, başqa dövlətin vətəndaşlığını
qəbul etdikdə və ya başqa dövlət
qarşısında öhdəlik götürdükdə;
17.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud
fəaliyyət qabiliyyəti məhkəmə qərarı ilə
təsdiq edildikdə;
17.1.8. məhkəmə tərəfindən
ölmüş və ya xəbərsiz itkin
düşmüş elan edildikdə;
17.1.9. bu qanunun 30.2.3-cü maddəsinə uyğun
olaraq intizam məsuliyyətinə cəlb edildikdə;
17.1.10. vəfat etdikdə.
17.2. Bu
qanunun 17.1.1-17.1.3-cü, 17.1.6-17.1.8-ci, 17.1.10-cu maddələrində
nəzərdə tutulmuş hallarda Hesablama Palatasının
üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl
xitam verilməsi haqqında sərəncamı Azərbaycan
Respublikası Milli Məclisinin Sədri verir.
17.3. Bu Qanunun 17.1.4, 17.1.5 və 17.1.9-cu maddələrində
nəzərdə tutulmuş hallarda Hesablama Palatasının
üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl
xitam verilməsi haqqında qərarı Azərbaycan
Respublikası Milli Məclisi sədrinin təqdimatı əsasında
Azərbaycan Respublikasının Milli Məclisi qəbul edir.
Maddə 18. Hesablama Palatasının kollegiyası
18.1. Hesablama Palatasında Hesablama Palatasının
üzvlərindən və Hesablama Palatası Aparatının
rəhbərindən ibarət kollegiya yaradılır.
18.2. Hesablama Palatasının kollegiyasının
iclasları kollegiya üzvlərinin yarıdan çoxu
iştirak etdikdə səlahiyyətlidir.
18.3. Hesablama Palatasının kollegiyasının
iclaslarında baxılan məsələlərin nəticələri
kollegiya qərarları ilə rəsmiləşdirilir.
18.4.
Kollegiya qərarları iclasda iştirak edən kollegiya
üzvlərinin sadə səs çoxluğu ilə qəbul
edilir. Səslər bərabər olduqda, Hesablama
Palatası sədrinin səsi həlledicidir. Hesablama Palatasının üzvü səsvermə
zamanı bitərəf qala bilməz.
18.5. Hesablama Palatasının kollegiyasında qəbul
edilmiş qərarlar Hesablama Palatasının sədri tərəfindən
imzalanır.
18.6. Hesablama Palatası sədrinin dəvəti ilə
Hesablama Palatasının kollegiyasının iclaslarında kənar
dövlət maliyyə nəzarəti obyektlərinin vəzifəli
şəxsləri iştirak edə bilərlər.
18.7.
Hesablama Palatasının kollegiyasının iclaslarında
aşağıdakı məsələlərə baxılır
və qərarlar qəbul edilir:
18.7.1.
Hesablama Palatasının iş planlarının təsdiqi,
onlara əlavə və dəyişikliklərin edilməsi;
18.7.2.
Hesablama Palatasının hesabatlarının, rəylərinin
və tövsiyələrinin təsdiq edilməsi;
18.7.3.
Hesablama Palatasının metodiki sənədlərinin qəbul
edilməsi;
18.7.4. kənar dövlət maliyyə nəzarəti
tədbirlərinin proqramlarının, proqramlarına dəyişikliklərin
və nəticələrinin təsdiq edilməsi;
18.7.5. kənar dövlət maliyyə nəzarətinin
nəticələri üzrə qərarların qəbul edilməsi;
18.7.6.
Hesablama Palatasının üzvlərinin və
Naxçıvan Muxtar Respublikası üzrə qurumunun
hesabatlarına baxılması;
18.7.7.
Hesablama Palatasının fəaliyyət strategiyasının
müəyyən edilməsi;
18.7.8. Hesablama Palatasının üzvlərinə
tapşırıqların verilməsi, onların intizam məsuliyyətinə
cəlb edilməsi.
18.8.
Kollegiya üzvlərinin təklifləri ilə Hesablama
Palatasının kollegiyasında bu qanunun 18.7-ci maddəsində
göstərilən məsələlərdən başqa, digər
məsələlərə baxıla və onlar barədə
qərarlar qəbul edilə bilər.
Maddə 19. Hesablama Palatasının Aparatı
19.1. Hesablama Palatasının bu qanunla müəyyən
edilmiş fəaliyyətinin təşkilati, metodoloji,
informasiya, maddi-texniki və maliyyə təminatının həyata
keçirilməsi məqsədilə Hesablama
Palatasının Aparatı yaradılır.
19.2. Hesablama Palatasının Aparatı bu qanuna və
Hesablama Palatası sədrinin təsdiq etdiyi əsasnaməyə
müvafiq fəaliyyət göstərir.
19.3. Hesablama Palatasının Aparatının və
Naxçıvan Muxtar Respublikası üzrə qurumunun əməkdaşları
dövlət qulluqçusudurlar.
Maddə 20. Hesablama Palatasının iş planı
20.1.
Hesablama Palatası kənar dövlət maliyyə nəzarətinin
vaxtında, keyfiyyətlə və səmərəli
keçirilməsini təmin etmək məqsədilə illik
iş planını hazırlayır və öz fəaliyyətini
illik iş planı əsasında həyata keçirir.
20.2.
Hesablama Palatasının illik iş planı Hesablama
Palatasının cari fəaliyyəti və bu qanunun 20.1-ci maddəsinə
uyğun olaraq, kənar dövlət maliyyə nəzarəti
tədbirləri üzrə görüləcək işləri
özündə əks etdirir.
20.3.
Hesablama Palatasının illik iş planı Hesablama
Palatasının üzvlərinin təklifləri əsasında
tərtib edilir.
20.4.
İş planında nəzərdə tutulan kənar dövlət
maliyyə nəzarəti tədbirləri risk qiymətləndirilməsi
yolu ilə müəyyən edilir.
20.5.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun), Azərbaycan Respublikası Milli Məclisinin
və Hesablama Palatasının üzvlərinin sorğu və
təklifləri əsasında iş planına əlavələr
edilə bilər.
20.6.
Hesablama Palatasının illik iş planının
hazırlanması və icrası qaydaları Hesablama
Palatasının metodiki sənədləri ilə tənzimlənir.
III fəsil
HESABLAMA
PALATASININ KƏNAR DÖVLƏT MALİYYƏ
NƏZARƏTİ FƏALİYYƏTİ
Maddə 21. Kənar dövlət maliyyə nəzarəti tədbirinə
hazırlıq və onun planlaşdırılması
21.1. Kənar
dövlət maliyyə nəzarəti tədbirinin
keçirilməsinə hazırlıq Hesablama
Palatasının növbəti il
üçün iş planının tərtib və
müvafiq qaydada təsdiq olunması ilə başlanır.
21.2. Təsdiq
edilmiş iş planında nəzərdə tutulmuş kənar
dövlət maliyyə nəzarəti tədbirlərinin icra
müddətindən asılı olaraq onların
planlaşdırılması həyata keçirilir.
Planlaşdırılma aşağıdakı fəaliyyət
və prosedurlardan ibarətdir:
21.2.1. kənar dövlət maliyyə nəzarəti
tədbiri keçiriləcək kənar dövlət maliyyə
nəzarətinin obyekti və həmin obyektin fəaliyyəti
barədə zəruri məlumatların əldə
olunması;
21.2.2. kənar dövlət maliyyə nəzarəti
tədbirinin məqsədinin və miqyasının müəyyənləşdirilməsi;
21.2.3. kənar dövlət maliyyə nəzarəti
tədbirinin proqramının hazırlanması;
21.2.4. kənar dövlət maliyyə nəzarəti
tədbirinin işçi planının tərtib olunması.
21.3. Bu
qanunun 21.2.1-ci maddəsinə əsasən Hesablama Palatası
kənar dövlət maliyyə nəzarəti obyektinin fəaliyyəti
haqqında məlumatları, o cümlədən onun fəaliyyətini
tənzimləyən qanunvericilik aktlarını, maliyyə-iqtisadi
göstəricilərini və müvafiq hesabatlarını,
uçot və hesabat işlərinin vəziyyətini,
keçirilmiş maliyyə nəzarəti tədbirlərinin
nəticələri üzrə materialları, mövcud olan
riskləri, fəaliyyətinə təsir edən daxili və
xarici amilləri, dövlət proqramlarının və layihələrinin
icrası barədə məlumatları toplayır və bu məlumatların
təhlili nəticəsində kənar dövlət maliyyə
nəzarəti tədbirinin əhatə edəcəyi məsələləri
müəyyənləşdirir.
21.4. Bu
qanunun 21.2.2-ci maddəsinə əsasən Hesablama Palatası
kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticəsində
nail olunacaq hədəfi, eləcə də kənar dövlət
maliyyə nəzarəti tədbirinin əhatə etdiyi
dövrü, araşdırılacaq məsələləri və
kənar dövlət maliyyə nəzarəti obyektlərini
müəyyənləşdirir.
21.5. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti
tədbirini bu qanunun 21.2.3-cü maddəsinə əsasən
kollegiyanın təsdiq etdiyi proqram əsasında həyata
keçirir.
Kənar dövlət maliyyə nəzarəti tədbirinin
proqramı iş bölgüsü əsasında funksional fəaliyyət
istiqaməti üzrə kənar dövlət maliyyə nəzarəti
tədbirinə rəhbərliyi həyata keçirən
Hesablama Palatasının üzvü tərəfindən tərtib
olunur. İki və daha çox üzvün səlahiyyətinə
aid məsələləri əhatə edən kənar
dövlət maliyyə nəzarəti tədbiri üzrə isə
vahid proqram təsdiq olunur.
21.6. Kənar
dövlət maliyyə nəzarəti tədbirinin
proqramında nəzarət tədbirinin keçirilməsinin əsası,
nəzarət tədbirinin predmeti, keçirilmə
(başlanma və başa çatdırılma) müddətləri,
nəzarət tədbirini aparan qrupun tərkibi, nəzarət
tədbiri ilə əhatə olunan dövr və obyektlərin
siyahısı göstərilir. Kənar dövlət
maliyyə nəzarəti tədbirinin keçirilmə müddəti
müəyyən edilərkən obyektin xüsusiyyətləri,
nəzarət tədbirinin miqyası, proqram ilə əhatə
olunan məsələlərin mürəkkəbliyi, nəzarət
tədbiri ilə əhatə olunan dövr nəzərə alınır.
21.7. Kənar
dövlət maliyyə nəzarəti tədbirinin
proqramının icrası üçün bu qanunun
21.2.4-cü maddəsinə əsasən işçi planı
hazırlanır. İşçi planı kənar
dövlət maliyyə nəzarətini aparacaq qrupun rəhbəri
və üzvlərinin cavabdehlik sahələrini və məsuliyyətlərini
dəqiqləşdirməklə, nəzarət tədbiri ilə
əhatə olunan məsələlərin müfəssəl
siyahısını müəyyənləşdirir.
21.8.
Hesablama Palatasının vəzifəli şəxsləri
maraqlar toqquşmasına səbəb ola
biləcək hallarda kənar dövlət maliyyə nəzarəti
tədbirinə cəlb edilə bilməzlər. Maraqlar
toqquşmasına səbəb ola biləcək
hallar mövcud olduqda, Hesablama Palatasının vəzifəli
şəxsi nəzarət tədbirinə rəhbərliyi həyata
keçirən Hesablama Palatasının üzvünə məlumat
verməli və bu tədbirin keçirilməsindən kənarlaşdırılmalıdır.
Maraqlar toqquşmasına səbəb ola
biləcək hallar barədə öncədən məlumatı
olan Hesablama Palatasının vəzifəli şəxsi bilərəkdən
məlumat verməməsinə görə intizam məsuliyyəti
daşıyır.
21.9. Kənar
dövlət maliyyə nəzarəti tədbirini aparan qrupun
üzvlərinə Hesablama Palatasının sədri, o
olmadıqda isə sədr müavini tərəfindən
imzalanmış vəsiqə verilir. Kənar
dövlət maliyyə nəzarəti obyektinin vəzifəli
şəxslərinə vəsiqə göstərilmədən
nəzarət tədbirinin keçirilməsi qadağandır.
Vəsiqədə nəzarət tədbirinin
adı, keçirilməsinin əsası, başlanması və
başa çatdırılması tarixləri, qrup rəhbərinin
və üzvlərinin vəzifəsi, soyadı, adı,
atasının adı və nəzarət tədbiri ilə əhatə
olunan dövr göstərilməlidir.
21.10. Kənar
dövlət maliyyə nəzarəti tədbirinin
başlanmasından ən azı beş
iş günü əvvəl kənar dövlət maliyyə
nəzarətinin obyektlərinə Hesablama Palatasının sədri,
o olmadıqda isə sədr müavini tərəfindən
imzalanmış bildiriş göndərilir. Bildirişdə
nəzarət tədbirinin proqramının təsdiq edildiyi
kollegiya qərarının tarixi və nömrəsi, nəzarət
tədbirinin əsası, adı, əhatə olunan dövr və
müddəti göstərilir.
21.11.
Hesablama Palatası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) sorğuları əsasında
iş planından kənar qaydada kənar dövlət maliyyə
nəzarəti tədbirini keçirir və nəticələri
üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) məlumat təqdim edir. Hesablama Palatası
sorğu daxil olduqdan 3 iş günü müddətində
sorğuya baxmalı və kollegiya qərarını qəbul
etməlidir.
21.12. Hesablama Palatası dövlətin səhmi (payı)
olan hüquqi şəxslərdə kənar dövlət
maliyyə nəzarətini həyata keçirərkən
dövlət büdcəsindən, büdcədənkənar
dövlət fondlarından və məqsədli dövlət
fondlarından onlara ayrılmış vəsaitlərin istifadə
edilməsini yoxlayır.
21.13. Azərbaycan Respublikasının Mərkəzi
Bankında kənar dövlət maliyyə nəzarəti
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla həyata
keçirilir.
Maddə 22. Hesablama Palatasının audit fəaliyyəti
22.1.
Hesablama Palatasının audit fəaliyyəti kənar dövlət
maliyyə nəzarəti obyektlərinin gəlirlərinin, xərclərinin,
əmlakının, öhdəliklərinin, zəmanətlərinin,
digər aktiv və passivlərinin idarə olunmasının,
maliyyə əməliyyatlarının, maliyyə,
mühasibat, vergi və statistika uçotu hesabatlarının
düzgünlüyünün və tamlığının,
iqtisadi və maliyyə fəaliyyətinin qənaətliliyinin,
səmərəliliyinin və nəticəliliyinin müəyyənləşdirilməsi,
daxili nəzarət sistemlərinin qiymətləndirilməsi məqsədilə
həyata keçirilir.
22.2.
Hesablama Palatası audit fəaliyyətini
aşağıdakı audit növləri əsasında həyata
keçirir:
22.2.1. maliyyə auditi (maliyyə əməliyyatları
və hesabatlarının uyğunluğunun,
düzgünlüyünün, dürüstlüyünün
və tamlığının müəyyənləşdirilməsi,
maliyyə idarəçiliyi, daxili nəzarət və əlaqəli
informasiya sistemlərinin qiymətləndirilməsi);
22.2.2. səmərəlilik (performans) auditi (proqram,
layihə, fəaliyyət, əməliyyat, idarəetmə və
informasiya sistemlərinin qənaətliliyinin, səmərəliliyinin
və nəticəliliyinin müəyyənləşdirilməsi);
22.2.3. uyğunluq auditi (kənar dövlət maliyyə
nəzarətinin obyektləri tərəfindən qüvvədə
olan hüquqi aktların tələblərinə əməl
olunması vəziyyətinin müəyyənləşdirilməsi);
22.2.4. digər audit növləri.
22.3.
Auditlərin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi
Hesablama Palatasının metodiki sənədləri ilə tənzimlənir.
22.4. Audit
başlamazdan əvvəl audit qrupu kənar dövlət maliyyə
nəzarəti tədbirinin keçirilməsi ilə
bağlı bu qanunun 21.9-cu maddəsində nəzərdə
tutulan vəsiqəni, audit qrupunun üzvlərinin xidməti vəsiqələrini
kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbərinə
və ya onun səlahiyyətli nümayəndəsinə təqdim
edir, auditin hüquqi əsasları, predmeti, müddəti,
audit zamanı tərəflərin hüquq və vəzifələri
haqqında məlumat verir.
22.5. Audit
qrupu Hesablama Palatasının kənar dövlət maliyyə
nəzarəti sahəsinə aid olmayan məsələləri
yoxlaya və həmin məsələlərlə bağlı
materiallarla tanış ola bilməz.
22.6. Audit
qrupunun fəaliyyətinə nəzarəti auditə rəhbərlik
edən Hesablama Palatasının üzvü həyata
keçirir.
22.7. Kənar
dövlət maliyyə nəzarətinin obyekti tərəfindən
audit qrupuna zəruri şərait yaradılmalı, məsul
şəxslər ayrılmalı, auditin predmetinə aid tələb
olunan digər tədbirlər həyata keçirilməlidir.
Audit qrupu texniki vasitələrdən (audio, video və foto
avadanlıqlarından, surətçıxaran və skanerlərdən)
istifadə etməzdən əvvəl bu barədə kənar
dövlət maliyyə nəzarəti obyektinin rəhbərinə
və ya onun nümayəndəsinə yazılı formada və
onların imzası alınmaqla məlumat verməlidir. Kənar dövlət maliyyə nəzarəti
obyektinin rəhbəri və ya onun nümayəndəsi məlumatın
alınması faktını imzası ilə təsdiqləməkdən
imtina etdikdə audit qrupu tərəfindən imtina aktı tərtib
edilir və bu barədə hesabatda müvafiq qeydlər
aparılır. Bu hal audit qrupunun texniki vasitələrdən
istifadə etmək hüququnu aradan qaldırmır.
22.8. Audit
zamanı ciddi maliyyə pozuntuları, habelə sənədlərin
saxtalaşdırılması və təhrif olunması
halları aşkar edilərsə, belə halların gizlədilməsinin
və ya davam etməsinin qarşısının
alınması məqsədilə kənar dövlət maliyyə
nəzarəti obyektinin səlahiyyətli nümayəndəsinin
iştirakı ilə audit qrupu tərəfindən sənədlərin
adı və vərəqlərinin sayı göstərilməklə
akt tərtib edilir və onun əsasında sənədlərin
əsli götürülür. Bu zaman aktda
müvafiq qeydlər aparılmaqla, həmin sənədlərin
təsdiq edilmiş surətləri, habelə siyahısı kənar
dövlət maliyyə nəzarətinin obyektində
saxlanılır. Aktın bir nüsxəsi
kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbərinə
və ya səlahiyyətli nümayəndəsinə təqdim
edilir. Kənar dövlət maliyyə nəzarəti
obyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi
aktı qəbul etməkdən imtina etdikdə bu barədə
audit qrupu tərəfindən imtina aktı tərtib edilir və
auditin yekunu üzrə hesabatda müvafiq qeydlər
aparılır.
22.9. Audit
zamanı aşkar edilmiş kənarlaşma hallarına dair sənədlərə
və sübutlara müdaxilə olunmasının
qarşısını almaq məqsədilə audit qrupu tərəfindən
kənar dövlət maliyyə nəzarəti obyektinin səlahiyyətli
nümayəndəsinin iştirakı ilə akt tərtib edilməklə
kassalar, anbar və arxivlər möhürlənir. Möhürlənmiş kassalar, anbar və arxivlərdən
möhürün açılması hüququ audit qrupuna
aiddir və bu barədə həmin aktda müvafiq qeydlər
aparılır. Aktın bir nüsxəsi kənar
dövlət maliyyə nəzarəti obyektinin rəhbərinə
və ya səlahiyyətli nümayəndəsinə təqdim
edilir. Kənar dövlət maliyyə nəzarəti
obyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi
aktı qəbul etməkdən imtina etdikdə, bu qanunun 22.8-ci
maddəsinin dördüncü cümləsində müəyyən
edilmiş tədbirlər görülür. Kassalar, anbar və arxivlərin möhürlənməsi
həmin sahələrdə nəzarət tədbiri bitdikdən
və nəticəsi aktlaşdırıldıqdan sonra
açılmalıdır. Möhürlənmə
auditin başa çatması tarixindən artıq müddətə
davam edə bilməz.
22.10. Bu
qanunun 22.8-ci və 22.9-cu maddələrində göstərilən
hallarda audit qrupu kənar dövlət maliyyə nəzarəti
obyektinin fəaliyyəti ilə bağlı vəzifələrinin
yerinə yetirilməsinə və hüquqlarının həyata
keçirilməsinə şərait yaratmalı və buna
maneə törətməməlidir.
22.11.
Audit qrupu tərəfindən auditə dair hesabat tərtib
edilir. Audit zamanı aşkar edilmiş faktlar
hesabatda aydın və dəqiq göstərilir. Hesabat
audit qrupunun bütün üzvləri tərəfindən
imzalanır və bir nüsxəsi kənar dövlət maliyyə
nəzarətinin obyektinə təqdim edilir.
22.12. Kənar
dövlət maliyyə nəzarətinin obyekti auditə dair tərtib
edilmiş hesabatla tanış olmalı,
bununla əlaqədar qeyd, irad və rəyini hesabatın təqdim
edildiyi tarixdən 20 gün müddətində yazılı
şəkildə bildirməlidir. Kənar
dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və
rəyi hesabata əlavə olunur. Kənar
dövlət maliyyə nəzarəti obyektinin rəhbəri və
ya səlahiyyətli nümayəndəsi hesabatı qəbul
etməkdən və qeyd, irad və rəy bildirməkdən
imtina etdikdə, bu barədə audit qrupu tərəfindən
hesabatda müvafiq qeydlər aparılır və hesabatın
surəti onun alınmasını təsdiq edən istənilən
vasitə ilə kənar dövlət maliyyə nəzarətinin
obyektinə göndərilir. Kənar dövlət maliyyə
nəzarətinin obyekti tərəfindən audit hesabatı ilə
bağlı qeyd, irad və rəyin bildirilməsinin son
günündən 5 iş günü ərzində hesabatla
bağlı qeyd, irad və rəyin Hesablama Palatasına təqdim
edilməməsi kənar dövlət maliyyə nəzarətinin
obyektinin rəhbəri tərəfindən həmin hesabatla
razı olma kimi qiymətləndirilir.
22.13.
Auditin nəticələri üzrə auditə rəhbərliyi
həyata keçirən Hesablama Palatasının üzvü
tərəfindən auditor hesabatı tərtib edilir. Auditor hesabatı auditə rəhbərliyi həyata
keçirən Hesablama Palatası üzvünün auditin nəticələri
əsasında qiymətləndirici qənaətlərini və
mövqeyini əks etdirən, rəyini ifadə edən sənəddir.
Auditor hesabatında kənar dövlət maliyyə nəzarəti
tədbirinin keçirilməsinin əsası, məqsədi,
predmeti və obyekti, öyrənilmiş sənədlərin,
alınması barədə müraciət edilmiş və təqdim
edilməsindən imtina edilmiş sənədlərin
siyahısı, auditin keçirilməsinə maneçilik
törədilməsi halları və onların baş verməsində
təqsirkar olan vəzifəli şəxslər, audit
zamanı aşkar edilmiş pozuntular barədə məlumatlar
əks olunur. Auditə rəhbərliyi həyata keçirən
Hesablama Palatasının üzvü auditor hesabatında nəzarət
tədbirinin predmetinə aid sahədə qanunvericiliyin təkmilləşdirilməsi,
funksional idarəetmədə mövcud olan boşluqların
aradan qaldırılması, hüquq pozuntuları nəticəsində
dövlətə dəyən zərərin ödənilməsi,
qanunsuz xərclər və cinayət tərkibinin olduğu
ehtimal edilən faktlar üzrə materialların hüquq
mühafizə orqanlarına göndərilməsi, dövlət
vəsaitindən və digər dövlət əmlakından
səmərəsiz və təyinatdan kənar məqsədlərlə
istifadəsinin qarşısının alınması
üçün görülməli olan tədbirlərin
xarakteri və məzmunu barədə təkliflərini bildirir
və sonda aşkar edilmiş faktlara və kənar dövlət
maliyyə nəzarətinin obyektinin fəaliyyətinə
auditor qiymətləndirməsini həyata keçirir və
müvafiq təkliflərini verir.
22.14.
Auditə rəhbərliyi həyata keçirən Hesablama
Palatasının üzvü auditor hesabatını Hesablama
Palatasının kollegiyasının müzakirəsinə
çıxarılması üçün Hesablama
Palatasının sədrinə təqdim edir. Hesablama
Palatasının kollegiyası auditor hesabatına münasibət
bildirir, aşkar edilmiş nöqsan,
çatışmazlıq və hüquq pozuntularının
aradan qaldırılması, tələblərin, tövsiyələrin
və təkliflərin yerinə yetirilməsi üzrə
aidiyyəti tərəfləri müəyyənləşdirir
və müvafiq qərarlar qəbul edir.
22.15.
Audit qrupunun üzvləri auditin nəticələri üzrə
Hesablama Palatasının kollegiyası tərəfindən qərar
qəbul edilənədək həmin nəticələri elan
edə bilməzlər.
22.16. Hesablama Palatası tərəfindən auditin nəticələri
barədə Azərbaycan Respublikasının Milli Məclisinə
məlumat verilir. Audit müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
sorğusu əsasında, habelə onun yaratdığı
dövlət orqanlarında (qurumlarında) həyata
keçirildikdə nəticələri barədə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) da məlumat təqdim olunmalıdır.
Maddə 23. Hesablama Palatasının analitik fəaliyyəti
23.1.
Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti
ilə əlaqədar analitik fəaliyyəti
aşağıdakı formada həyata keçirilir:
23.1.1.
icmal büdcənin, o cümlədən dövlət büdcəsinin
və büdcədənkənar dövlət
fondlarının (təsisatlarının) büdcələrinin
layihələrinin, gəlirlərinin, xərclərinin, habelə
bələdiyyə gəlirlərinin və xərclərinin
proqnozlaşdırılması, hesablanması və icrası,
dövlət büdcəsinin və büdcədənkənar
dövlət fondlarının (təsisatlarının)
icrasına dair layihələrin və hesabatların,
müvafiq büdcələrdən ayrılan vəsaitlərin
təyinatı üzrə istifadəsinin təhlili;
23.1.2.
icmal büdcədən, o cümlədən dövlət
büdcəsi və büdcədənkənar dövlət
fondlarından (təsisatlarından) maliyyələşmənin
aparılması, büdcə vəsaitlərinin xəzinə
hesabına vaxtında daxil olması və müvafiq göstəricilərə
uyğunluğu, büdcə vəsaitlərinin müvafiq
hesablarda hərəkəti barədə kredit təşkilatlarından
alınan məlumatların və dövlət
borclanmalarının təhlili, Azərbaycan
Respublikasının Milli Məclisinə təsdiq olunmaq
üçün təqdim olunmuş dövlət maliyyəsi
sahəsini tənzimləyən Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin layihələrinə rəy verilməsi;
23.1.3. kənar dövlət maliyyə nəzarətinin
məqsədləri çərçivəsində müəyyən
məsələ və mövzu üzrə təhlil;
23.1.4. kənar dövlət maliyyə nəzarəti
obyektlərinin fəaliyyətləri üzrə maliyyə
hesabatlarının təhlili.
23.2. Bu
qanunun 23.1.1-23.1.3-cü maddələri ilə müəyyən
edilmiş analitik fəaliyyətin nəticələrinə
Hesablama Palatasının kollegiyasında baxılır. Analitik fəaliyyətin nəticələri qərar,
rəy, arayış, təklif və tövsiyələr
formalarında rəsmiləşdirilir.
Maddə 24. Hesablama Palatasının büdcə prosesində
iştirakı
24.1.
Hesablama Palatası bu qanunla və "Büdcə sistemi
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada dövlət büdcəsinin
və büdcədənkənar dövlət fondlarının
(təsisatlarının) layihələrinə, dövlət
büdcəsinin və büdcədənkənar dövlət
fondlarının (təsisatlarının) büdcələrinin
icrasına, müvafiq qanunların layihələrinə və
hesabatlara dair rəy verir.
24.2.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi
haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə
birlikdə bu qanuna və "Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq rəy verilməsi
üçün Azərbaycan Respublikasının Milli Məclisindən
Hesablama Palatasına daxil olduqdan sonra Hesablama Palatası 15
gün müddətində rəy verir və Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edir.
24.3. Bu
qanunun 24.2-ci maddəsi Hesablama Palatası tərəfindən
Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq
olunmaq üçün təqdim edilmiş büdcədənkənar
dövlət fondlarının (təsisatlarının)
büdcələrinin layihələrinə rəy verilməsi
qaydalarına da şamil olunur.
24.4.
"Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq tərtib olunmuş
dövlət büdcəsinin icrası barədə aylıq,
rüblük və illik hesabatların və dövlət
büdcəsinin gəlirlərini təmin edən orqanlar və
dövlət xəzinədarlığı tərəfindən
dövlət büdcəsinin gəlirləri barədə
hesabatların və digər zəruri sənədlərin bir
nüsxəsi kağız və elektron
daşıyıcılarda Hesablama Palatasına təqdim edilir.
24.5.
Dövlət büdcəsinin icrası barədə illik
hesabat və müvafiq qanun layihəsi rəy verilməsi
üçün Azərbaycan Respublikasının Milli Məclisindən
daxil olduğu gündən 10 gün müddətində
Hesablama Palatası onlara rəy verir və öz rəyini Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edir.
24.6. Bu
qanunun 24.5-ci maddəsi Hesablama Palatası tərəfindən
Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq
olunmaq üçün təqdim edilmiş büdcədənkənar
dövlət fondlarının (təsisatlarının)
büdcələrinin icrası barədə illik hesabat və
qanun layihələrinə də şamil olunur.
24.7. Hesablama Palatası tərəfindən Azərbaycan
Respublikası Dövlət Neft Fondunun büdcəsinin layihəsinə,
eləcə də büdcəsinin icrası barədə
hesabata rəyin verilməsi müddəti müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiq edilmiş qaydalara uyğun həyata keçirilir.
Maddə 25. Hesablama Palatasının monitorinq fəaliyyəti
25.1.
Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti
obyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti
üzrə ayrı-ayrı əməliyyatlarının və
kənar dövlət maliyyə nəzarəti tədbirlərinin
nəticələri üzrə Hesablama Palatasının
kollegiya qərarlarının yerinə yetirilməsi vəziyyətinin
müəyyən edilməsi, mütəmadi və davamlı
müşahidə aparılmaqla dövlət
qurumlarının elektron informasiya sistemləri üzrə məlumatların
toplanması məqsədilə monitorinq fəaliyyətini həyata
keçirir.
25.2. Kənar
dövlət maliyyə nəzarəti obyektindən monitorinqin
predmeti üzrə bu qanunla müəyyən edilmiş qaydada
müvafiq məlumatlar əldə edilə və həyata
keçirilmiş əməliyyatlar üzrə yerində
baxış keçirilə bilər.
25.3.
Monitorinqin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi
Hesablama Palatasının metodiki sənədlərinə
uyğun olaraq həyata keçirilir.
Maddə 26. Kənar dövlət maliyyə nəzarəti tədbirləri
zamanı cinayət tərkibinin əlamətləri olan
hüquqpozmalar aşkar edildikdə həyata keçirilən
tədbirlər
26.1. Kənar
dövlət maliyyə nəzarəti tədbirləri
zamanı cinayət tərkibinin əlamətləri olan
hüquqpozmaların aşkar edildiyi ehtimal edildikdə, kənar
dövlət maliyyə nəzarəti tədbirinə rəhbərliyin
həvalə edildiyi Hesablama Palatasının üzvü
auditor hesabatı tərtib edir və müvafiq materiallarla
birlikdə Hesablama Palatası kollegiyasının müzakirəsinə
çıxarılması üçün Hesablama
Palatasının sədrinə təqdim edir.
26.2. Hesablama Palatasının kollegiyası aşkar
edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərini
ehtimal edərsə, kənar dövlət maliyyə nəzarətinin
nəticələri barədə müvafiq materialları Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərir.
Maddə 27. Kənar dövlət maliyyə nəzarəti tədbirlərinin
nəticələrinə baxılması
27.1. Hesablama Palatası tərəfindən aparılan kənar
dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə
Hesablama Palatasının kollegiyasında baxılır.
27.2. Hesablama Palatasının kollegiyasında kənar
dövlət maliyyə nəzarəti tədbirinin nəticəsi
üzrə auditor hesabatının təsdiq edilməsi və
ya təsdiq edilməməsi barədə qərarlardan biri qəbul
edilir.
27.3.
Auditor hesabatının təsdiq edilməsi barədə
Hesablama Palatasının kollegiya qərarında
aşağıdakılar göstərilir:
27.3.1. qərarın tarixi və nömrəsi;
27.3.2.
Hesablama Palatasının adı, kənar dövlət maliyyə
nəzarəti obyektinin adı;
27.3.3. pozuntuların təfərrüatı, əsaslandırıcı
sübutlar və pozulmuş normativ hüquqi aktların konkret
struktur elementləri;
27.3.4. aşkar olunmuş pozuntuların aradan
qaldırılması üçün görülməli tədbirlər;
27.3.5. kollegiya qərarının icrasına nəzarətin
həvalə edildiyi Hesablama Palatasının üzvü;
27.3.6. qərardan şikayət vermə müddəti
və qaydası.
27.4.
Hesablama Palatasının kollegiyasının iclasında auditor
hesabatının təsdiq edilməməsi üçün
aşağıdakılar əsas ola bilər:
27.4.1. auditor hesabatının kənar dövlət
maliyyə nəzarəti tədbirinin proqramında təsbit
olunmuş tələblərə uyğunsuzluğu;
27.4.2. kənar dövlət maliyyə nəzarəti
tədbirinin tam həcmdə həyata keçirilməməsi;
27.4.3. təqdim edilmiş auditor hesabatında təkliflərin
olmaması və ya hazırlanmış təkliflərin
keçirilmiş kənar dövlət maliyyə nəzarəti
tədbirinin nəticələrinə uyğunsuzluğu.
27.5.
Auditor hesabatı Hesablama Palatasının kollegiyasında təsdiq
edilmədikdə, uyğunsuzluqların aradan
qaldırılması üçün əlavə tədbirlərin
keçirilməsi barədə tapşırıq verilir və
bunun müddətləri müəyyən olunur.
27.6. Hesablama Palatasının kollegiya qərarı
aşkar edilmiş nöqsan və
çatışmazlıqların aradan qaldırılması,
dövlətə dəyən zərərin ödənilməsi
və şəxslərin məsuliyyətə cəlb edilməsi
məqsədilə kənar dövlət maliyyə nəzarətinin
obyektlərinə və nəzarət tədbirinin predmeti ilə
əlaqədar aidiyyəti tərəflərə göndərilir.
27.7. Hesablama Palatasının qərarlarının
icrası kənar dövlət maliyyə nəzarətinin
obyektləri tərəfindən təmin edilməli və qərarda
başqa müddət müəyyən edilməmişdirsə,
görülmüş tədbirlər barədə qərarların
onlara çatdığı gündən bir ay müddətində
Hesablama Palatasına məlumat verilməlidir.
27.8. Hesablama Palatası kollegiyasının qərarının
ləğv edilməsi və ya onlara dəyişikliklərin
edilməsi Hesablama Palatasının kollegiyası tərəfindən
həyata keçirilir.
27.9. Hesablama Palatası kollegiyasının qərarlarından
kənar dövlət maliyyə nəzarətinin obyekti, həmin
nəzarətin predmeti ilə əlaqədar digər aidiyyəti
dövlət orqanı (qurumu) və bələdiyyə tərəfindən
qərarların onlara çatdığı gündən 30
gün müddətində Hesablama Palatasına şikayət
verilə bilər. Hesablama Palatası verilən şikayətə
30 gün müddətində baxıb şikayətin təmin
edilməsi, qismən təmin edilməsi və ya təmin edilməsindən
imtina barədə qərarlardan birini qəbul etməlidir.
Qəbul edilmiş qərar kənar dövlət
maliyyə nəzarətinin obyektinə, həmin nəzarətin
predmeti ilə əlaqədar digər aidiyyəti dövlət
orqanına (qurumuna) və bələdiyyəyə göndərilir.
Kənar dövlət maliyyə nəzarətinin
obyekti, həmin nəzarətin predmeti ilə əlaqədar
digər aidiyyəti dövlət orqanı (qurumu) və bələdiyyə
bu qanunun 27.9-cu maddəsinə uyğun olaraq Hesablama
Palatası kollegiyasının qəbul etdiyi qərardan
razı qalmadıqda məhkəməyə şikayət verə
bilər.
Maddə 28. Hesablama Palatasının təqdimatları
28.1.
Hesablama Palatasının qərarları kənar dövlət
maliyyə nəzarətinin obyekti tərəfindən əsassız
olaraq icra edilmədikdə həmin obyektin xəzinə və
bank hesabları üzrə (müdafiə olunan xərc maddələri
istisna olmaqla) əməliyyatların dayandırılması
barədə müvafiq xəzinə orqanlarına və (və
ya) müvəkkil banklara Hesablama Palatasının
kollegiyasının qərarı əsasında təqdimatlar
verilir və bu barədə Azərbaycan Respublikasının
Milli Məclisinə, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) və kənar
dövlət maliyyə nəzarətinin obyektinə məlumat
verilir.
28.2. Hesablama Palatasının təqdimatlarının əsassız
olaraq icra edilməməsinə görə vəzifəli
şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
28.3. Hesablama Palatasının kollegiyasının qərarı
əsasında verilmiş təqdimat həmin qərarın
icrası təmin edilənədək qüvvədə
qalır.
28.4. Təqdimatın
ləğv edilməsi və ya onlara dəyişikliklərin
edilməsi Hesablama Palatasının kollegiyası tərəfindən
həyata keçirilir.
28.5. Bu
qanunun 28.1-ci maddəsində müəyyən edilmiş
qaydada təqdimatın verilməsi kənar dövlət maliyyə
nəzarətinin obyekti və ya nəzarət tədbirinin
predmeti ilə əlaqədar aidiyyəti tərəfi kənar
dövlət maliyyə nəzarəti tədbirinin nəticəsi
üzrə Hesablama Palatası kollegiyasının qərarının
icrasından azad etmir.
28.6. Təqdimatlardan
kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən
təqdimatların onlara çatdığı gündən
30 gün müddətində Hesablama Palatasına şikayət
verilə bilər. Hesablama Palatası verilən
şikayətə 30 gün müddətində baxıb
şikayətin təmin edilməsi, qismən təmin edilməsi
və ya təmin edilməsindən imtina barədə qərarlardan
birini qəbul edir. Qəbul edilmiş qərar
kənar dövlət maliyyə nəzarətinin obyektinə
göndərilir. Kənar dövlət
maliyyə nəzarətinin obyekti və Hesablama Palatası
kollegiyasının qəbul etdiyi qərardan razı
olmadıqda məhkəməyə şikayət verə bilər.
IV fəsil
QANUNUN
POZULMASINA GÖRƏ MƏSULİYYƏT
Maddə 29. Hesablama Palatasının üzvlərinə və
işçilərinə dair etik davranış qaydaları
29.1.
Hesablama Palatası ali audit
orqanlarının beynəlxalq standartlarına uyğun olaraq
etik davranış qaydalarını qəbul edir. Hesablama Palatasının üzvləri və
işçiləri həmin qaydalara riayət etməlidirlər.
29.2. Hesablama Palatasının üzvləri tərəfindən
etik davranış qaydalarına əməl edilməməsi məsələlərinə
Hesablama Palatasının sədri tərəfindən
yaradılan etika komissiyasında baxılır.
Maddə 30. Hesablama Palatası üzvlərinin məsuliyyəti
30.1.
Hesablama Palatasının üzvləri aşağıda
göstərilən hallarda intizam məsuliyyətinə cəlb
edilə bilərlər:
30.1.1. bu qanunla onlara həvalə olunmuş vəzifələri
yerinə yetirmədikdə və ya lazımi şəkildə
yerinə yetirmədikdə;
30.1.2.
Hesablama Palatası kollegiyasının iclaslarının normal gedişini, iş qaydasını pozduqda və
qərarlarının qəbul edilməsinə mane olduqda;
30.1.3.
Hesablama Palatasının və öz adına
xələl gətirən hərəkətlər etdikdə;
30.1.4. korrupsiya hüquqpozmaları törətdikdə
(inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);
30.1.5. kollegiya iclaslarında üzrsüz səbəbdən
iştirak etmədikdə.
30.2.
Hesablama Palatasının üzvləri bu qanunun 30.1-ci maddəsində
göstərilən əsaslarla intizam məsuliyyətinə cəlb
olunduqda, onların barəsində aşağıdakı
intizam tənbeh tədbirləri tətbiq edilə bilər:
30.2.1. xəbərdarlıq;
30.2.2. töhmət;
30.2.3. Hesablama Palatasının üzvlüyünə
xitam verilməsi.
30.3. Hesablama Palatasının üzvlərinə bu
qanunun 30.2.1-ci və 30.2.2-ci maddələrində göstərilən
intizam tənbeh tədbirlərini etika komissiyasının rəyi
əsasında Hesablama Palatasının sədri, bu qanunun
30.2.3-cü maddədə göstərilən intizam tənbeh
tədbirini isə Azərbaycan Respublikasının Milli Məclisi
tətbiq edir.
30.4.
Hesablama Palatasının üzvü üzrsüz səbəbdən
ardıcıl olaraq üç dəfə və ya il ərzində altı dəfə kollegiya
iclaslarında iştirak etmədikdə, bu qanunun 30.2.3-cü
maddəsində göstərilən intizam tənbeh tədbirinin
tətbiqi məqsədilə Hesablama Palatasının sədri
tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə
müraciət olunur.
Maddə 31. Kənar dövlət maliyyə nəzarəti tədbirləri
ilə əlaqədar Hesablama Palatasının vəzifəli
şəxslərinin məsuliyyəti
Kənar
dövlət maliyyə nəzarəti tədbirini həyata
keçirən Hesablama Palatasının vəzifəli şəxsləri
vəzifələrini layiqincə yerinə yetirməməsinə,
kənar dövlət maliyyə nəzarəti obyektinin fəaliyyətinə
müdaxilə edilməsinə, nəzarət tədbiri
zamanı əldə edilmiş məlumatların
yayılmasına və etik davranış qaydalarına riayət
edilməməsinə görə qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 32. Hesablama Palatasının kənar dövlət maliyyə
nəzarəti fəaliyyəti ilə əlaqədar
qurumların və onların vəzifəli şəxslərinin
məsuliyyəti
32.1.
Qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanları və
bələdiyyələr, dövlət qurumları,
bütün hüquqi şəxslər və hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən
fiziki şəxslər Hesablama Palatasının səlahiyyətlərinin
həyata keçirilməsinə kömək etməyə
borcludurlar və bu qanunun 8.0.7-ci maddəsinin tələbləri
nəzərə alınmaqla, bu məqsədlə zəruri sənəd
və məlumatları, habelə kommersiya, vergi və bank sirri
təşkil edən sənəd və məlumatları, fərdi
məlumatları tələb olunan vaxtda və formada təqdim
etməli, informasiya mənbələrinə
çıxış imkanı yaratmalıdırlar.
32.2. Kənar
dövlət maliyyə nəzarəti fəaliyyəti ilə əlaqədar
kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən
Hesablama Palatasının sorğularının tələb
olunan qaydada cavablandırılmamasına, Hesablama
Palatasının əməkdaşlarının kənar
dövlət maliyyə nəzarəti obyektlərinə daxil
olmasına, kənar dövlət maliyyə nəzarəti tədbirinin
aparılmasına maneçilik törədilməsinə, zəruri
məlumatların və ya sənədlərin, habelə bu
qanunun 8.0.7-ci maddəsinin tələbləri nəzərə
alınmaqla, kommersiya, vergi və bank sirri təşkil edən
sənəd və məlumatların, fərdi məlumatların
vaxtında və tələb olunan səviyyədə təqdim
edilməməsinə və ya gecikdirilməsinə, yalan və
ya dürüst olmayan məlumatların təqdim edilməsinə,
dövlət büdcəsinin və büdcədənkənar
dövlət fondlarının büdcələrinin icrası
ilə bağlı hesabat və məlumatların, habelə
maliyyə, mühasibat, vergi və statistik uçotu
hesabatlarının vaxtında təqdim edilməməsinə,
hesabatlarda informasiya və göstəricilərin tam və ya
düzgün əks etdirilməməsinə, elektron informasiya
sistemlərinə çıxış imkanlarının
yaradılmamasına və ya buna maneçilik törədilməsinə,
Hesablama Palatasının qərarlarının əsassız
icra edilməməsinə görə şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq məsuliyyət daşıyırlar.
32.3. Hesablama Palatasının funksional fəaliyyətinin
icrası ilə bağlı maneələr yaradıldıqda
Hesablama Palatası tərəfindən bu barədə Azərbaycan
Respublikasının Milli Məclisinə və ya müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) məlumat verilir.
V fəsil
HESABLAMA
PALATASININ FƏALİYYƏTİNİN TƏMİNATLARI
Maddə 33. Hesablama Palatasının fəaliyyətinin maliyyələşdirilməsi
33.1. Hesablama Palatasının fəaliyyəti üzrə
xərclər Azərbaycan Respublikasının dövlət
büdcəsindən maliyyələşdirilir.
33.2.
Hesablama Palatasının fəaliyyətinin maliyyələşdirilməsi
üçün ayrılan illik vəsaitin tərkibində
cari xərclərin məbləği əvvəlki maliyyə
ilində bu məqsəd üçün nəzərdə
tutulmuş məbləğdən az ola
bilməz.
33.3. Hesablama Palatasının saxlanılması
üçün ayrılan illik vəsait Hesablama
Palatasının normal fəaliyyət göstərməsinə
yönələn zəruri xərcləri özündə
birləşdirir.
33.4. Hesablama Palatası tərəfindən Hesablama
Palatasının xərclər smetasının layihəsi Azərbaycan
Respublikasının Milli Məclisinə və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) göndərilir.
33.5. Hesablama Palatasının xərclər smetası Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən
dövlət büdcəsinin layihəsinə baxılarkən
ayrıca təsdiq edilir.
Maddə 34. Hesablama Palatasının üzvlərinin təminatları
34.1. Hesablama Palatası sədrinin aylıq vəzifə
maaşı və digər təminatları Azərbaycan Respublikası
Milli Məclisi Sədrinin birinci müavininin aylıq vəzifə
maaşına və təminatlarına bərabərdir.
34.2. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə
maaşı və digər təminatları Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin müavininin aylıq vəzifə
maaşına və təminatlarına bərabərdir.
34.3. Hesablama Palatasının auditorlarının
aylıq vəzifə maaşı və digər təminatları
Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin
aylıq vəzifə maaşlarına və təminatlarına
bərabərdir.
Maddə 35. Hesablama Palatasının üzvlərinin əmək məzuniyyəti
35.1.
Hesablama Palatasının üzvlərinə hər il 40 təqvim günü müddətində əmək
məzuniyyəti verilir.
35.2. Hesablama Palatasının üzvlərinə əmək
məzuniyyətinə çıxarkən bu qanunun 34-cü
maddəsinə uyğun olaraq müavinət verilir.
35.3. Hesablama Palatasının üzvlərinə əmək
məzuniyyəti Hesablama Palatasının sədri tərəfindən
verilir.
35.4.
Hesablama Palatasının üzvü əmək məzuniyyətindən
istifadə etmədikdə, ona həmin il
(illər) üçün istifadə edilməmiş məzuniyyətə
görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə müəyyən olunmuş qaydada və məbləğdə
kompensasiya ödənilir.
Maddə 36. Hesablama Palatasının Təlim Mərkəzi
36.1.
Hesablama Palatasına yeni təyin edilmiş və Hesablama
Palatasında çalışan işçilərin bilik və
bacarıqlarının, peşə
hazırlıqlarının artırılması, kadr
potensialının yüksəldilməsi, ali audit
orqanlarının beynəlxalq standartlarının və
qabaqcıl təcrübələrin öyrənilməsi
işinin təşkil edilməsi məqsədilə Hesablama
Palatasının Təlim Mərkəzi yaradılır.
36.2. Hesablama Palatasının Təlim Mərkəzinin fəaliyyəti
dövlət büdcəsi və qanunla qadağan edilməyən
digər mənbələr hesabına maliyyələşdirilir.
VI fəsil
YEKUN
MÜDDƏALAR
Maddə 37. Hesablama Palatasının hesabatlılığı
37.1. Hesablama Palatasının fəaliyyəti haqqında
hesabatlar "Azərbaycan Respublikasının Milli Məclisinin
Məlumatı”nda dərc edilir.
37.2. Hesablama Palatası fəaliyyəti barədə
kütləvi informasiya vasitələrinə məlumatlar
verir.
37.3.
Hesablama Palatasının fəaliyyəti barədə məlumatlar
verildikdə aşağıdakılar nəzərə alınır:
37.3.1. kənar dövlət maliyyə nəzarəti
tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə
dair materiallar Azərbaycan Respublikası Milli Məclisinə
göndərildikdən sonra verilir;
37.3.2. rəsmi məlumatların məzmunu və
forması Hesablama Palatasının kollegiyası tərəfindən
müəyyən olunur;
37.3.3. məlumatlar Hesablama Palatasının sədri,
onun tapşırığı ilə Hesablama
Palatasının sədrinin müavini, auditorları və ya
Hesablama Palatasının digər vəzifəli şəxsləri
tərəfindən verilir;
37.3.4. Hesablama Palatası fəaliyyəti haqqında məlumatları
verdikdə dövlət sirri, kommersiya sirri və qanunla
mühafizə olunan digər sirlərin qorunması haqqında
tələblərə riayət olunur.
37.4. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti
ilə əlaqədar xüsusi informasiya bülletenləri,
jurnal və digər nəşrlər dərc etdirə bilər.
Maddə 38. Hesablama Palatasının auditi
Hesablama Palatasının maliyyə auditi Hesablama
Palatasının müraciəti əsasında və ya Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə xarici
dövlətlərdə uyğun funksiyaları həyata
keçirən qurumlar və ya "Auditor xidməti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada fəaliyyət göstərən
auditor təşkilatları tərəfindən həyata
keçirilə bilər.
Maddə 39. Beynəlxalq əməkdaşlıq
39.1. Hesablama Palatasının beynəlxalq əməkdaşlığı
xarici dövlətlərdə uyğun funksiyaları həyata
keçirən qurumlarla və beynəlxalq təşkilatlarla,
habelə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
və razılaşmalara əsasən həyata keçirilir.
39.2.
Hesablama Palatası bu qanuna, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə müvafiq olaraq, onun səlahiyyətlərinə
aid edilən məsələlər üzrə xarici dövlətlərdə
uyğun funksiyaları həyata keçirən qurumlarla
qarşılıqlı münasibətlərdə və beynəlxalq
təşkilatlarda Azərbaycan Respublikasını təmsil
edir.
39.3.
Hesablama Palatası beynəlxalq təşkilatlara üzv ola, beynəlxalq təşkilatlarla məsləhətləşmə
və birgə layihələr həyata keçirə, fəaliyyətinin
müxtəlif sahələri üzrə xarici dövlətlərdə
uyğun funksiyaları həyata keçirən qurumlarla əməkdaşlıq
haqqında müqavilələr bağlaya bilər.
39.4.
Hesablama Palatası xarici dövlətlərdə uyğun
funksiyaları həyata keçirən qurumlarla, ali audit qurumlarının beynəlxalq təşkilatları
ilə birgə və paralel auditlər və təhlillər həyata
keçirə bilər.
Maddə 40. Məxfilik
Hesablama Palatasının üzvləri, işçiləri və Hesablama Palatasının fəaliyyəti ilə əlaqədar cəlb edilən ekspert, mütəxəssis və sərbəst auditorlar xidməti məlumatları, o cümlədən qanunla qorunan dövlət, bank, kommersiya və sair sirlərə aid olan məlumatları qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, açıqlaya bilməzlər.
Maddə 41. Yekun müddəa
Bu qanun qüvvəyə mindiyi gündən "Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 2 iyul tarixli 700-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 480; 2001, ¹ 11, maddə 676, ¹ 12, maddə 744; 2004, ¹ 4, maddə 202, ¹ 9, maddə 667; 2005, ¹ 2, maddə 62; 2007, ¹7, maddə 712; 2008, ¹ 5, maddə 339; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 3, maddə 173, ¹4, maddə 276; 2016, ¹ 7, maddə 1229; 2017, ¹ 12 (I kitab), maddə 2213) və "Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli 269-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 117; 2006, ¹ 2, maddə 67; 2007, ¹ 11, maddə 1081; 2008, ¹ 8, maddə 699; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 4, maddə 276; 2011, ¹ 2, maddə 71) ləğv edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun
2018-ci il
Azərbaycan.-2018.- 9 sentyabr .- S.3;5.