“HƏYAT”
BELƏ BAŞLADI...
1990-cı ilin payızı, gərək ki, noyabr ayı idi. "Sovet kəndi” qəzetinin redaktoru (indiki hesabla: baş redaktoru) olan Ə.Əfqanın təklifi mənimçün gözlənilməz olmadı: "Dövlət qəzeti təsis olunur, səni baş redaktorun müavini vəzifəsinə təklif eləmişəm...”
O vaxtadək təxminən dörd il "Kommunist”də iş yoldaşı olmuşduq - mən məsul katib, o, mədəniyyət şöbəsinin müdiri. O, əməkdar incəsənət xadimi, tanınmış yazıçı idi, mən isə bir il əvvəl "Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş jurnalist. Bunlar texniki məsələlərdir, belə məqamlarda insani keyfiyyətlər, peşə yararlılığı daha böyük önəm kəsb edir - görünür, bunlar da məndən düz 22 yaş böyük olan təcrübəli həmkarımı qane edirdi. Ona görə də irəlicədən rəyimi soruşmamış məsələni özünün bildiyi şəkildə həll eləmişdi...
...Bazar ertəsi günü, dekabrın 17-də "Azərbaycan” nəşriyyatına gəldim, ikinci mərtəbədə, liftin önündə "Sovet kəndi” qəzetində işləyən Rüstəm Rüstəmovla üzləşdim. Rüstəmi 1970-ci illərin ortalarından, uzaqdan-uzağa olsa da, savadlı jurnalist, zəhmətkeş, məsuliyyətli qəzetçi kimi tanıyırdım. Demə, məni gözləyirmiş: əlindəki açarları uzadaraq Azərbaycan KP MK-nın mərtəbənin başındakı ideoloji iş mərkəzini göstərib "Redaksiyanız orada yerləşəcək. Get, qapını aç, Əfqan müəllim də indi gələr” - dedi.
...Baş redaktorla ilk söhbətimiz qəzetin adı ilə bağlı oldu: niyə "Həyat”? Əgər bu, həqiqətən, respublikanın əsas qəzeti kimi nəzərdə tutulurdusa, niyə də "Azərbaycan” olmasın? Cavab hazır idi: həmin vaxt artıq bir ildən çox idi ki, Qarabağa Xalq Yardımı Komitəsinin (o vaxt sədri xalq yazıçısı Bayram Bayramov olan belə bir ictimai qurum mövcud idi) orqanı həftəlik "Azərbaycan” qəzeti çıxırdı və yenicə qəbul edilən kütləvi informasiya vasitələri haqqında SSRİ Qanununa görə eyni adda iki qəzet nəşr etmək olmazdı. Çox düşünüb-daşındıqdan sonra "Həyat”a üstünlük verilmişdi və elə bu da keçmişə ehtiramın əlaməti sayılırdı - 1905-1906-cı illərin fikir, düşüncə və mübarizə salnaməsi adlandırılan "Həyat” qəzetinin "beşiyi başında” Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi tariximizin işıqlı insanları dayanmışdılar. Bu adı, bu ənənəni yaşatmaq, doğrultmaq öhdəmizə düşürdü.
Ayın sonuna qədər əsasən kadr toplamaqla məşğul olduq: hər gün əmri verilən beş nəfərin arasında əsl qəzetçi, ümidverici, yaxud artıq respublikada tanınan bir jurnalist olanda sevincimizdən papağımızı göyə tullayırdıq. Belələri isə az olmurdu: Naxçıvandan yazıçı-publisist kimi tanınan M.Möhsün, o vaxt elmlər namizədi, indi isə elmlər doktoru olan Qafar Cəbiyev, Göyçaydan Rafiq İslamov, Quba-Xaçmaz bölgəsindən Ərşad Əzimzadə, S.Rasim, Bakıdakı redaksiyalardan Sədaqət Kərimova, Rüstəm Rüstəmov, Elman Cəfərli, Raqif Məmmədov, Yaqub Babayev, Cavid Xaspoladov, Tofiq Əbdülhəsənov, habelə konkret olaraq "Kommunist” qəzeti redaksiyasından bəzilərini bizim dəvət etdiyimiz, bəziləri isə özləri bizimlə işləməyi arzulayan ağsaqqal Əli İldırımoğlu, Əhməd İsayev, Bəxtiyar Sadıqov, Famil Abbasov, Araz Qurbanov, Rusvat Bayramov, Fərman Bağırov və başqaları. Bu sonuncular barədə o vaxt "Kommunist”də həqiqətə əsla uyğun gəlməyən "pula satılmışlar” ifadəsi işlədilmişdi, halbuki onlar şüurlu seçim edərək hələ Azərbaycanda Kommunist Partiyası ləğv edilməmişdən qabaq kommunist mətbuatı sıralarını tərk etmiş, həqiqi mənada DÖVLƏT mətbuatının sıralarına keçmişdilər. İş elə gətirdi ki, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyası dövlət mətbuatında çalışanların birmənalı olaraq heç bir partiyanın üzvü olmaması barədə qərar qəbul etdi, biz isə avqustda "QeKaÇePe”nin ("Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi”nin) ölkədə hakimiyyəti ələ almasına etiraz əlaməti olaraq redaksiyada ilk partiya təşkilatını buraxdıq və bu barədə, habelə hamımızın Sov.İKP sıralarını tərk etdiyimiz barədə qəzetdə (gərək ki, avqustun 25-də) məlumat dərc etdik.
Yeni "Həyat” həyata bu cür qədəm qoyurdu. Təbii ki, təkcə bu cür yox!
...Mən bilmirəm ki, baş redaktor Azərbaycan KP MK-dan və ya Ali Sovetdən hansı təlimatı almışdı, yaxud belə bir təlimat ümumiyyətlə olmuşdumu? Ona görə ilk gündən, ilk nömrənin planlaşdırılmasında tam sərbəst idik, hər halda, kənardan bir kimsənin diktəsini duymurduq.
Azərbaycan mətbuatının babası Həsən bəy Zərdabi təxminən 140 il bundan əvvəl yazırdı: "Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun”. Düşünürdük ki, bizə deyiləsi yeganə tələb bu ola bilər və ya olmalıdır. Əgər bu qəzet Ali Sovetin qəzetidirsə (və həqiqətən də belə idi), onda ilk növbədə, burada bütün səviyyələrdən olan sovetlərin və xalq deputatlarının fəaliyyətindən bəhs olunmalıydı - o vaxt hələ sovetlər "mövcud idi, indi "millət vəkili” adlandırdığımız şəxslər də vaxtilə "xalq deputatı” adlandırılırdılar.
Deyə bilmərəm ki, biz Zərdabinin bəyan etdiyi prinsipə nə dərəcədə sadiq qala bilirdik, hər halda, kənardan eşitdiyimiz rəylər göstərirdi ki, biz düz yoldayıq, jurnalist əqidəsinə sədaqətliyik.
...1991-ci il yanvarın 1-də çıxan ilk nömrəmiz elə "ilk”liyinə görə təbii maraqla qarşılansa da, sonrakı nömrələrdə bu marağı möhkəmlətməli, həqiqətən "vilayətin ayinəsi” olmalıydıq.
Birinci "qulaqburma”sını təxminən ikinci həftənin sonunda aldıq: o vaxt sovet qoşunlarının Vilnüsə müdaxiləsini 1986-cı ilin dekabrında Alma-Atada (o vaxt şəhərin rəsmi adı beləydi), 1989-cu ilin aprelində Tbilisidə və 1990-cı ilin yanvarında Bakıda baş vermiş qanlı hadisələrlə eyni tutduğumuza görə. "Söz verdik” ki, bu, bir daha təkrarlanmayacaq. Ancaq...
Ali Sovetin sessiyası iclasların stenoqramının mətbuatda, o cümlədən "Həyat” qəzetində dərc olunmaması barədə qərar qəbul etmişdi. Gərək ki, fevralın 7-də baş redaktor sessiyanın stenoqramının bir parçasını gətirdi və onu mənə verib "Nömrəyə hazırla” - dedi. Bu, sessiyada deputat Heydər Əliyevin çıxışı və ona reaksiyalardan ibarət bir mətin idi. Ali Sovetin qərarının əksinə olaraq bu mətni qəribə girişlə dərc elədik: guya Heydər Əliyevin sessiyadakı çıxışı xalq arasında bir-birinə zidd fikirlərə səbəb olub və bu, son nəticədə haradasa vətəndaş münaqişəsinə gətirib çıxara bilər. Buna yol verməmək üçün sessiyanın stenoqramının həmin hissəsini dərc edirik...
Bu, ulu öndərin o dövrki repressiv vəziyyətində rəsmi mətbuatda ilk çıxışı idi və sonrakı çıxışları üçün sanki yol açan cığıra döndü.
"Azərbaycan” adına qovuşanadək "Həyat”ın nəşr olunduğu təxminən 20 ay ərzində SSRİ-nin və Azərbaycanın həyatında bir sıra hadisələr oldu ki, onlardan bir neçəsini və qəzetin həmin hadisələrə reaksiyasını qeyd eləməyi özümə borc bilirəm.
...Azərbaycanın dövlət müstəqilliyi məsələsi xeyli vaxtdan bəri gündəlikdə dursa da, əməli həllini heç cür tapa bilmirdi: Baltikyanı respublikalar 1990-cı ilin martından, qonşu Gürcüstan isə həmin ilin mayından - birtərəfli qaydada olsa da, bu məsələ barədə qəti mövqelərini bəyan etmiş, SSRİ-nin tərkibindən istənilən vaxt çıxmaq barədə Konstitusiya hüquqlarından bəhrələnməyə başlamışdılar. Bizdə isə nə rəhbərlik, nə də deputatlar son və qəti addım atmağa nədənsə risk etmirdilər. O vaxt belə düşünürdük: "Müstəqilliyin elan edilməsi elə bir tarixi məsuliyyətdir ki, burada hökmən kimsə risk etməlidir - ya respublika rəhbərliyi özünün sükutlu razılığı ilə buna rəvac verməli, ya da deputatlar mühafizəkar rəhbərliyə qarşı qətiyyət göstərməlidirlər”. Sonralar, məsələn, 1992-ci ilin 5-6 martında məhz belə olmuşdu...
Reallıqda nə baş verirdi? Deyək ki, 1991-ci il martın 7-də Ali Sovetin sessiyası "Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” məsələ müzakirə edərkən demokratik düşüncəli deputatlarla respublika rəhbərliyinin iradəsini kor-koranə yeridən çoxluq arasında ciddi fikir ayrılığı yaranmışdı. Ən böyük qalmaqal Azərbaycan Respublikasının xalq deputatı Heydər Əliyevin çıxışından sonra qopmuşdu. Həmin çıxışdan sonra onlarca deputat Heydər Əliyevin bəyanatını dəbbələməyə, İttifaq dövlətinin tərkibindən çıxmağın Azərbaycan üçün düzəlməz bəd nəticələr verəcəyini iddia eləməyə çalışmış və hətta Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzindəki fəaliyyətini araşdırmaq üçün (təxminən 8 ildən sonra?!) Ali Sovetin xüsusi komissiyasını yaratmağı təklif etmişdilər.
Heydər Əliyev həmin çıxışı zamanı demişdi: "1922-ci ildən Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız tarixi yol keçib, nailiyyətlər əldə edib. Eyni zamanda, çox itkilərə, çətinliklərə də məruz qalıb. Bunları inkar etmək olmaz. Biz hamımız bu İttifaqın mövcud olduğu dövrdə dünyaya gəlmişik, təhsil-tərbiyə almışıq, formalaşmışıq.
Biz hamımız, hər halda, tam əksəriyyətimiz bu İttifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu İttifaq daxilində görmüşük. Mən və mənimlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım İttifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu İttifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik. Fəqət, son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların İttifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri İttifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır”.
Daha sonra o, konkret təklif vermişdi: "... Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm... Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam... Fikrimcə, əgər Azərbaycan tam müstəqil dövlət olarsa (o, indi İttifaqda olan respublikaların hər biri ilə, hətta İttifaq qalarsa, onunla da qarşılıqlı, bərabər hüquqlu, iki tərəfə də faydalı iqtisadi əlaqələr yarada bilər), bu, müstəqil Azərbaycanın gələcək inkişafı üçün daha səmərəli olar...
...Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq... Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır” .
Son nəticədə Ali Sovetin sessiyası "Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələləri üzrə SSRİ referendumunun təşkili və keçirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər haqqında” SSRİ Ali Sovetinin 1991-ci il 16 yanvar tarixli qərarına uyğun olaraq” cəmi dörd bəndlik 88-XII nömrəli bir qərar qəbul etmişdi.
Adbaad səsvermə zamanı 340 (!!!) deputatdan 43-ü bu qərarın əleyhinə səs vermişdi. Bir daha diqqəti ona yönəldirəm ki, bu qərar martın 17-də referendumun keçirilməsinin təşkili məsələlərini təsbit edirdi və bunun dövlət müstəqilliyinə birbaşa aidiyyəti yox idi. Zənnimcə, hüquqi baxımdan, ən düzü bu olardı ki, referendumda iştirak edərək, qoyulan suala mənfi cavab verəydin: o halda, SSRİ-nin saxlanıb-saxlanmamağına münasibətini ortaya qoymuş olurdun, bu isə respublikanın dövlət müstəqilliyinə dolayısı ilə tərəfdar çıxmaq demək olardı.
Dəqiq yadımdadır: adətən, sessiya iclaslarının keçirildiyi günlərdə redaksiyanı telefonla idarə etməyə məcbur olan baş redaktor Ə.Əfqan 8 Martla əlaqədar dalbadal alınan üç günlük fasilədən sonra işə gələndə bloknotundan bir vərəq qoparıb mənə uzatdı:
- Bax, məqsədəuyğun bilsən, nömrəyə verərsən - dedi.
Bu, yuxarıda adını çəkdiyim qərarın əleyhinə səs vermiş xalq deputatlarının əl ilə yazılmış siyahısı idi: görünür, ya haradansa tələsik köçürüldüyünə, ya da kiminsə tərəfindən diktə edildiyinə görə bir sıra tanınmış şəxslərin, sadəcə, adını qeyd eləməklə kifayətlənmişdilər. Siyahıda Heydər Əliyevin, İsmayıl Şıxlının, o vaxt, səhv eləmirəmsə, Ali Sovet sədrinin müşaviri olan Tofiq Məsim oğlu Bağırovun, Sabir Rüstəmxanlının, İsa Qənbərovun, Etibar Məmmədovun və bir çox digər tanınmış şəxslərin adı-soyadı vardı.
Düzü, heç bir mətnaltı məqsəd güdmədən, sadəcə, tarix üçün həmin siyahını "Həyat” qəzetinin 12 mart nömrəsində, 3-cü səhifənin birinci sütununda dərc elədik. Yaxşı yadımdadır ki, daha üç gün sonra rəhmətlik Babək Hüseynoğlunun baş redaktoru olduğu "Aydınlıq” qəzeti də - hətta bugünkü Azərbaycan jurnalistikası üçün nadir fakt: ilkin mənbəni qeyd etməklə! - həmin siyahını təkrarən dərc elədi. İnsafən, orada da siyahıya hansısa şərh-filan əlavə olunmamışdı...
Onu da qeyd eləməyi lazım bilirəm ki, üstündən illər keçəndən sonra bəzi müxalifətçilər və müxalifət qəzetləri israrla həmin 43 nəfəri "istiqlalçı deputatlar” deyə adlandıraraq, onlara hansısa imtiyazlar vermək lazım gəldiyini iddia eləyirlər. Təbii bir sual yaranır: əgər hansısa bir qərarın qəbul edilməsinə "yox” formasında reaksiya vermək istiqlalçılıq adlandırılırsa, onda həqiqi MÜSTƏQİLLİK AKTINI qəbul etmiş 258 deputata hansı ad verilə bilər?!.
7 martdan sonra - avqustun 29-30-u Ali Sovetin növbəti
sessiyası olmuşdu. O vaxt artıq Moskvada "QeKaÇePe” məzhəkəsi
də baş vermiş və əsas rolların
ifaçıları "Matrosskaya tişina” həbsxanasına
atılmış, yaxud öz əlləri ilə özlərini
o dünyalıq eləmiş, Boris Yeltsin Sovet İttifaqı
Kommunist Partiyasının fəaliyyətinin qadağan edilməsi
barədə fərman imzalamış, bir sıra müttəfiq
respublikalar, o cümlədən Ukrayna (24 avqust), Belarus (25
avqust), Moldova (27 avqust), Özbəkistan (31 avqust),
Qırğızıstan (31 avqust) rəsmən müstəqilliklərini
elan etmiş, digərləri (məsələn, Tacikistan, bədnam
qonşularımız və s.) isə bu yolda əsas mərhələni,
uzağı, sentyabr ayında keçmişdilər. Həmin sessiyada yenə bir sıra deputatların, ilk
növbədə də Naxçıvan MR-dən xalq
deputatı Heydər Əliyevin təkidi ilə avqustun 30-da
"Azərbaycan Respublikasının dövlət müstəqilliyini
bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali
Sovetinin Bəyannaməsi qəbul olunmuşdu. Bu, həqiqətən də adi bəyannamə idi və
bununla, Azərbaycan Respublikası MÜSTƏQİL
DÖVLƏT olmurdu. Hərçənd bəyannamədə
deyilirdi ki:
"Azərbaycan
Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər
tutaraq və onun iradəsini ifadə edərək,
1918-ci ildən
1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq
birlik tərəfindən tanınmış müstəqil
dövlət kimi mövcud olduğunu qeyd edərək [...]
Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsində,
digər beynəlxalq hüquq paktlarında və
konvensiyalarında təsbit edilmiş prinsiplərə
müvafiq surətdə beynəlxalq birliyin üzvü olan
dövlətlər və Birləşmiş Millətlər Təşkilatı
tərəfindən tanınmasına ümid bəsləyərək
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpa olunduğunu elan edir”.
Bəyannamənin ardınca Ali Sovet "Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa
etmək haqqında” aktın layihəsini hazırlamaq barəsində”
qərar qəbul etmişdi. Ali Sovetin Rəyasət Heyətinə
tapşırılmışdı ki, "Azərbaycan
Respublikası Ali Sovetinin daimi komissiyaları ilə birlikdə
Azərbaycan Respublikası xalq deputatlarının təklif və
qeydlərini nəzərə alaraq "Azərbaycan
Respublikasının müstəqilliyini bərpa etmək
haqqında” aktın və onun həyata keçirilməsi
haqqında qərarın layihələrini iki həftə
müddətində hazırlasın və Azərbaycan
Respublikası Ali Sovetinin müzakirəsinə versin”.
...İki həftə ay yarım çəkmişdi. Oktyabrın 18-də
axşam Ali Sovet sədrinin köməkçisi vətənpərvər
alim və yazıçı Balaş Abbaszadə zəng vurdu:
-
Deputatlar "Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında” Konstitusiya aktının qəbuluna
başlayırlar. İş otağımdakı daxili
radio-selektoru telefona qoşuram, dinlə, bu da bir tarixdir - dedi.
Sənədi hazırlayan komissiyanın sədri
Konstitusiya aktını maddə-maddə oxuyur, deputatlar isə
cüzi əlavə və düzəlişlərlə
münasibətlərini bildirirdilər.
Sonuncu maddə oxunub qurtaranda iclas salonunu alqış sədaları
bürüdü. Ali Sovetin sədri mərhum Elmira Qafarova həmişə
çətinliklə danışdığı Azərbaycan
dilində deputatlara təşəkkür edərək
onların alqışlarını bu tarixi sənədin qəbulunun
ifadəsi olduğunu bildirdi. "Əleyhinə
varmi?” - "Yox!”, "Bitərəf qalan?”
- yenə "Yox”. (Dövlət
televiziyasının ekranından məlum olurdu ki, iclasda
iştirak edən 258 xalq deputatının HAMISI Konstitusiya
aktının qəbul edilməsinə yekdilliklə "Hə”
- demişdir.)
Müstəqilliyin yolu həqiqətən də uzun və
əzablı imiş.
"Azərbaycan
Respublikasının dövlət müstəqilliyi üzrə
Azərbaycan Respublikası referendumunun keçirilməsi
haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 266
deputatın (!) yekdil rəyi ilə qəbul olunmuş 1991-ci il
15 noyabr tarixli qərarına əsasən, həmin il dekabrın
29-da Azərbaycan Respublikasında "Siz Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya
aktına tərəfdarsınızmı?” sualı ilə
referendum keçirildi. Başqa sözlə, beynəlxalq
hüquqa görə, Azərbaycan yalnız 1991-ci il dekabrın 29-da rəsmən müstəqilliyinə
qovuşdu, daha doğrusu, 1918-ci ildə elan etdiyi dövlət
müstəqilliyini bərpa etdi.
Xatırladıram ki, bu vaxt "SSRİ” deyilən siyasi
məfhum da artıq mövcud deyildi: bu dövlətin prezidenti
dekabrın 25-də televiziya ilə çıxış edərək
səlahiyyətlərini yerə qoyduğunu bəyan etmiş,
SSRİ-nin Dövlət bayrağı Kremlin üzərindən
endirilmişdi.
Onu da qeyd
etməliyəm ki, biz təxminən üç il
"dövlət müstəqilliyi”mizi bayram elədik və
yenidən Heydər Əliyev hamıya "xatırlatdı”
ki, 1991-ci il avqustun 30-31-də keçirilən sessiyada qəbul
edilmiş sənəd ...dövlət müstəqilliyini
BƏRPA ETMƏK haqqında idi; deməli, biz oktyabrın 18-də
dövlət müstəqilliyinə
qovuşmamışıq, müstəqilliyimizi BƏRPA
ETMİŞİK...
Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə qayıtdığı ilk
gündən öyrədirdi ki, dövlət müstəqilliyinə
nail olmaq nə qədər çətindirsə, onu qoruyub
saxlamaq, dönməz və əbədi etmək ondan da çətindir. Qarabağ uğrunda
döyüşlər bunu bir daha təsdiq etdi...
1992-ci il
fevralın 26-sı idi, gündüz hansı qayğılarla
yaşamağımız yadımda qalmayıb, amma
axşamı yenə mətbəədə idim və "Həyat”
qəzetinin növbəti nömrəsini
"bağlayırdıq”, köhnə qəzetçilərin
diliylə desək, "vyorstka” edirdik. Təxminən
saat 20 radələrində Azərinformun (indiki AzərTAc-ın)
nömrəyə qoyulmaq üçün göndərdiyi
materialların növbəti topasını "Azərbaycan”
nəşriyyatının inzibati korpusunun beşinci mərtəbəsində
yerləşən teletayp otağından gətirdilər.
Buraxılış tarixi saat 19.29 olan bir yazı diqqətimi cəlb
elədi: "Xocalı od içində”. Material belə
başlanırdı:
"Respublika Müdafiə Nazirliyinin mətbuat mərkəzindən
Azərinformun müxbirinə xəbər vermişlər ki,
fevralın 26-na keçən gecə ərzində erməni
silahlı birləşmələri Xankəndidə yerləşdirilmiş
366-cı motoatıcı polkun zirehli texnikasının köməyi
ilə Xocalı şəhərinə basqın etmişlər. Azərbaycan
Xalq Cəbhəsinin informasiya mərkəzindən
alınmış məlumata görə, hücumdan əvvəl
- hələ fevralın 25-də axşam şəhər
toplardan, zirehli transportyorlardan və zirehli maşınlardan
şiddətli atəşə tutulmuşdur. Nəticədə, şəhərin bir neçə
yerində yanğınlar başlanmışdır. Fevralın 26-da səhər saat 5 radələrində
şəhər əslində, tamamilə alova
bürünmüşdür. İlkin məlumata
görə, səhər saat 8-ə yaxın Xocalı erməni
quldur birləşmələri tərəfindən
tutulmuşdur”.
Mətnin bu yerində materialın əvvəlinci hissəsi
tamamlanır və "ulduz” işarəsindən sonra yekun
hissəsi gəlirdi, bu hissədə isə məlumat mənbəyi
istisnasız olaraq, Azərinformun özü idi:
"Xocalı ilə əlaqə hələ gecə ikən
kəsilmişdi, ona görə də orada cərəyan
etmiş hadisələrin tam təfərrüatını və
baş vermiş faciənin miqyasını çatdırmaq hələlik
çətindir. Azərinformun Ağdam şəhərindəki
xüsusi müxbiri E.Rüstəmov yanan şəhərdən
çətinliklə çıxaraq Ağdama gəlib
çatmış bəzi sakinlərlə söhbət edə
bilmişdir. Onların dediyinə görə,
yerli əhali arasında ölənlər və yaralananlar, o
cümlədən qadınlar, qocalar və uşaqlar
vardır. Sakinlər var-yoxlarını
ataraq şəhərdən tələsik
qaçmışlar”.
Material yığıldı və birinci səhifəyə
qoyuldu.
Buradaca uzun illərdən bəri - hər halda, sovet
dövrü və müstəqilliyin ilk illəri
üçün mövcud olan yazılmamış bir qaydadan
söz açmaq çox vacibdir. Həmin qaydaya görə,
rəsmi informasiya mənbələri, o cümlədən rəsmi
dövlət qəzeti dövlət əhəmiyyətli hadisələrlə
bağlı informasiyanı, adətən, rəsmi kanallar vasitəsilə
alır və icbari qaydada, olduğu kimi yayırdılar.
Demək olar, bütün hallarda belə informasiyanın səhihliyini
şübhə altına almağa, yaxud yanlış
görünən faktlara düzəliş etməyə, sadəcə,
səlahiyyətimiz çatmırdı, üstəlik,
başqa qəzetlərdən fərqli olaraq, gündəlik qəzetin
hazırlanması prosesi axşamdan xeyli keçmiş, bir
növ, konveyer üsulu ilə getdiyinə görə - bu
gün istisnasız olaraq bütün gündəlik qəzetlər
bu qrafiklə işləyir - əlavə hansısa mötəbər
mənbə ilə əlaqə saxlamaq və ona isnad etmək
mümkün olmurdu. Oxucular isə təbii ki, bu
prosesdən xəbərsiz olduqlarına görə,
ayrı-ayrı rəsmi xəbərlərdə təsadüf
edilən qeyri-dəqiq faktlar üçün redaksiyanı təqsirləndirirdilər.
Xocalı ilə bağlı informasiyada da məhz
belə olmuşdu.
...Saat
21.06-da Azərinformdan "Qəzetlərin 27 fevral nömrələrinə”
qrifli yeni material aldıq. Bu materialın faktologiyası
"Xocalı od içində” yazısından ciddi şəkildə
fərqlənirdi, üstəlik də onu hansısa bir qurum
deyil, Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti
hazırlamışdı və belə hallar üçün
qəbul edilmiş qaydaya görə, daha rəsmi xarakter
daşıdığından onu dərc eləməli idik; ona
görə "Xocalı od içində” yazısını
nömrədən çıxardıq.
"Xocalıda
vəziyyət haqqında” adlanan və əvvəlki yazı
kimi, iki hissədən ibarət olan bu materialın birinci hissəsi
- o vaxt üçün də, bu gün üçün də
vacib olan hissə aşağıdakı mətndən ibarət
idi:
"Respublika Daxili İşlər Nazirliyinin verdiyi məlumata
əsasən, keçən gecə Xocalı bir neçə
istiqamətdən şiddətli atəşə
tutulmuşdur.
Düşmənin zirehli texnikasının
böyük qüvvələri şəhər üzərinə
hücuma keçmişlər. Atəş
və hücumlar bu gün bütün gün ərzində
davam etmişdir. Nəticədə aeroport
dağıdılmış, evlər
yandırılmışdır. Yaralananlar
vardır. İlkin məlumata görə,
iki sakin həlak olmuşdur.
Şəhərin müdafiəçiləri və Milli Ordunun bölmələri düşmən basqınının qarşısını alır, onun saysız-hesabsız hücumlarını dəf edə bilirlər. Hazırda vəziyyət yenə də gərgindir. Lüzumsuz itkilərin qarşısını almaq məqsədi ilə əhalinin qismən köçürülməsi təşkil edilmişdir.
Xocalının erməni birləşmələri tərəfindən tutulması haqqında vahiməli şayiələr həqiqətə uyğun deyildir. Şuşanın hərbi komendantı Rəhim Qazıyev xəbər vermişdir ki, Xocalı müqavimət göstərir. O, erməni quldur birləşmələrindən tamamilə təmizlənmişdir. Mühasirəyə alınmış şəhərin müdafiəsini möhkəmləndirmək üçün tədbirlər görülmüşdür”.
Mətnin bu yerində "ulduz” işarəsindən sonra yekun hissəsi - həmin vaxt üçün heç bir əhəmiyyəti olmayan, tarixi baxımdan isə çox gərəkli ikinci hissə gəlirdi. Bu hissədə isə deyilirdi:
"Bir-birinə qarşı duran tərəflər Qarabağda, hərbi əməliyyatlar zonasında atəşi dayandırmaq haqqında razılığa gəlmişlər. Moratorium fevralın 27-də səhər saat 9-dan qüvvəyə minir və martın 1-də səhər saat 9-dək davam edəcəkdir. Bu moratorium Qarabağ münaqişəsinin aradan qaldırılması sahəsində vasitəçilik vəzifəsini həyata keçirən İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin bölgəyə gəlməsi ilə əlaqədar elan edilmişdir”.
Təkrar edirəm, baş vermiş faciənin - azərbaycanlılara qarşı soyqırımının miqyasları barədə məlumatsızdıq, ona görə də ikinci materiala görə dirəniş göstərməyimiz tam yersiz olardı...
Sonrası məlumdur: məhz Xocalı sayəsində respublikada hakimiyyət dəyişikliyi baş verdi və növbəti faciələrin - ərazilərimizin 20 faizdən çoxunun ermənilər tərəfindən işğalının əsası qoyuldu. Biz, yəni, respublika ictimaiyyəti uzun müddət - ən azı, mayın 14-15-dək Xocalı hadisələrini araşdırmaqla, günahkar axtarışı ilə məşğul olduq və bu araşdırmalarda... öncül yerlərdən birini də "Azad Şərifovun ictimaiyyətə yanlış informasiya verməsi” versiyası tutdu. Ali Sovetin sessiyasında və Milli Şuranın iclaslarında məhz bu məqam müzakirə mövzusuna çevriləndə bu "yanlış informasiya” məsələsində Azad Şərifovun müdafiəsinə deyil, ALİ HƏQİQƏT naminə "Həyat” qəzetinin 1992-ci il 1 aprel tarixli nömrəsində "Kim haqlıdır?” ümumi başlığı altında bir podborka material dərc etdik - izahlayıcı ön sözlə bərabər, "Xocalı od içində” və "Xocalıda vəziyyət haqqında” adlı rəsmi məlumatları da...
"Həyat”ın 27 fevraldan sonrakı növbəti nömrəsi martın 2-də çıxdı. 3 mart tarixli nömrədə isə Qarabağ üzrə xüsusi müxbirimiz Bəxtiyar Sadıqovun "Bu matəm sonuncudurmu?!” adlı irihəcmli yazısını dərc etdik. İndi həmin yazının təfərrüatı yadımda deyil, ancaq fotomüxbir S.Rasimin imzasını bilmədiyim bir foto həvəskarının artıq müntəxabata dönmüş fotolarını gətirib göstərməyini və onları dərc edib-etməməyin mümkünlüyünü soruşduğunu yaxşı xatırlayıram. Ondan çox kadrı da Bəxtiyarın yazısı ilə birlikdə dərc elədik və həmin yazı şəkillərlə birlikdə sənədli ittihamnaməyə döndü. Ancaq Azad müəllimə qarşı hətta parlament səviyyəsində basqıların qarşısını ala bilmədik. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Y.Məmmədov "A. A.Şərifovun Azərbaycan Respublikası Dövlət İnformasiya Agentliyinin baş direktoru vəzifəsindən azad edilməsi haqqında” 635 nömrəli fərman imzaladı. Fərmanda deyilirdi: "Azad Ağakərim oğlu Şərifov başqa işə keçməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət İnformasiya Agentliyinin (Azərinformun) baş direktoru vəzifəsindən azad edilsin”.
Azad müəllimin "başqa iş”i o dövrün abırlı və savadlı neftçisi Kərim Kərimovun rəhbərlik etdiyi Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsində... neftçıxarma üzrə operatorluq - neft mədənində qara fəhləlik olmuşdu. 37-ci ilin repressiyalarına məruz qalmış bir nəslin davamçısı üçün bu da bir qazanc idi. Həm də çox utancverici fakt bu idi ki, ömrünün 63-cü ilində fəhləliyə başlamaq məcburiyyətində qalan bu insan jurnalistikada Azərbaycanın XX əsrdə yetirdiyi nadir simalardan biri idi...
... Ayaz Mütəllibovun hakimiyyətdən uzaqlaşdırılmasıyla nəticələnən sessiyadan iki-üç gün sonra maraqlı bir hadisə oldu: baş redaktor xaricdə ezamiyyətdə idi, nömrə üzrə məsul növbətçilik Rüstəm Rüstəmova tapşırılmışdı. Axşam təxminən 10-da zəng vurdu: "Nömrəni bitirmişik, Azərinformdan da bir şey gözlənilmir. İşi qurtaraqmı”? Razılıq verdim. Səhər işə gələndə məlum oldu ki, axşam Azərinformdan iki cümləlik xəbər gəlib - Prezidentin səlahiyyətini həyata keçirənin hansısa sanatoriyada məskunlaşmış xocalılı köçkünlərlə görüşməsi barədə. Həmin günlər üçün adi xəbərdir, amma Prezident Aparatından zəng vuran məsul şəxs məsələni şişirtdi və qəzetin məsul növbətçisinin işdən azad edilməsi barədə əmrin surətini ona göndərməyimi istədi. "Baş üstə! - dedim, - ancaq bir şərtlə: özümün də işdən azad olunmağım barədə əmrlə birlikdə”. Bu isə o demək idi ki, "Həyat”ın növbəti nömrəsi çıxmayacaqdı, daha doğrusu, redaksiyada həmin nömrəni çapa imzalayası məsul şəxs olmayacaqdı...
...”Həyat”ın 1-ci nömrəsində dərc edilmiş oxunaqlı materiallardan biri də hələlik yalnız Prezident fərmanı üzərində mövcud olan Sədərək rayonu barədə "M.Möhsün” imzalı yazı idi. Möhsünlə 1992-ci ilin sentyabrınadək bir yerdə işlədik, "Rəsmi dövlət qəzeti” statuslu "Həyat”ın respublikada 1 nömrəli qəzetə çevrilməsinə nail ola bilməsək də, təxminən yüz nəfərlik heyətlə bir otaqda yerləşsək də, azı altı ay gecə növbəsindən çıxan əməkdaşları evlərinə aparmaq üçün avtomaşınımız olmasa da, hakimiyyəti ələ keçirmək üçün bir-birinin qanına susayan insanların əhatəsində çalışsaq da, vicdanlı, qərəzsiz, həqiqi mənada, bütün Azərbaycan cəmiyyətinin qayğılarına, düşüncə və əməllərinə ayna tutan, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da cərəyan edən proses və hadisələrə operativ reaksiya verən qəzet nəşr etdik. Hər halda, biz ulu Zərdabinin "Qəzet camaat üçündür, camaat qəzet üçün deyildir” tövsiyəsinə sadiq qalmağa çalışdıq. Bilavasitə qəzetdə yaradıcılıq məsələlərinə cavabdeh olan bir şəxs kimi, mənim üçün xoş olan məqam idi ki, o dövr xalq hərəkatının şəriksiz lideri Əbülfəz Elçibəy müsahibələrinin birində müntəzəm oxuduğu iki qəzetdən biri kimi "Həyat”ın adını çəkmişdi... Təbii ki, buna həm Bakıda, redaksiyanın özündə, həm də bölgələrdə çalışan əməkdaşlarımızın işgüzarlığı və istedadı sayəsində nail olmuşduq. Onların da arasında seçilən 2-3 jurnalistdən biri Möhsün Möhsünov idi. (Sonradan - 1995-ci ildə mən Azərbaycan müstəqilliyinin bərpası uğrunda Heydər Əliyevin titanik fəaliyyəti barədə "Qətiyyətin təntənəsi” adlı 848 səhifəlik kitab çap etdirəndə "Həyat” qəzeti və M.Möhsünün orada dərc edilmiş Naxçıvan ünvanlı yazıları müraciət elədiyim səhih mənbələrdən biri olmuşdu...)
Tarixdən məlumdur ki, 1990-cı ilin iyulunda Heydər Əliyevin Naxçıvana qayıdışı, yerli camaatın onu xilaskar kimi qarşılaması, bu böyük dövlət adamının Azərbaycan parlamentinə alternativsiz deputat, daha sonra isə muxtar respublika Ali Məclisinə sədr seçilməsi Azərbaycanın əzəli parçası olan Naxçıvan torpağına mərkəzi hökumətin münasibətini kəskin şəkildə dəyişmiş, Heydər Əliyevin timsalında bütün Naxçıvan diyarı "persona non-qrata”ya çevrilmişdi.
Elə həmin vaxtlarda M.Möhsün "Həyat”ın müxbiri olmaqla bərabər, Naxçıvan Ali Məclisi sədrinin qeyri-rəsmi mətbuat katibi funksiyasını yerinə yetirərək, həm Ali Məclisdə keçirilən tədbirlərdə, həm də cəbhə bölgələrinə, Türkiyə və İrana səfərlərində daim Heydər Əliyevin yanında olur, çıxışlarını diktofona yazır, operativ qəzet yazıları hazırlamaqla yanaşı, gələcək kitabı üçün materiallar toplayırdı. Mən təəssüf edirəm ki, M.Möhsün həmin kitabı yazıb nəşr etməyə macal tapmadı: əcəl aman vermədi...
Bir dəfə - gərək ki, 92-ci ilin sentyabr ayının ilk günləri idi - mənə zəng vurub (həmin vaxt mən artıq "Həyat” qəzetindən getmişdim və "Sirdaş” qəzetinin baş redaktoru idim) İran prezidentinin dəvətiylə və onun şəxsi təyyarəsində Heydər Əliyevin qonşu ölkəyə işgüzar səfəri barədə, blokada şəraitində yaşayan və döyüşən Naxçıvan üçün taleyüklü əhəmiyyətə malik bu səfər barədə irihəcmli yol qeydləri yazdığını, "rəsmi dövlət qəzeti”nin isə ona yiyə durmadığını söylədi və xahiş elədi ki, həmin yazını "Həyat” qəzetinin redaksiyasından götürüb "bir əncam qılım”. "Sirdaş” sırf maarifçi, ədəbi-publisistik qəzetdi, siyasi mövzuda, siyasət və siyasətçilər barədə bircə sətir də dərc eləmirdik. Amma Möhsünün xahişini yerə salmadım, həcminin çox iri olmasına baxmayaraq, yazını nömrəyə qoydum. Bu hərəkətimə Möhsünün cavab reaksiyası belə oldu:
- Bu yazı nə Heydər Əliyevə lazımdı, nə də mənə. Onun özü milyon belə yazılar görüb, mən də hesab eləyərəm ki, heç bu yazını yazmamışam, elə həmin səfərdə iştirakçı olmağım bəsimdir... Amma tarix üçün lazımdır bu!
Mən bu fikri onun Heydər Əliyevlə bağlı bütün yazılarına, o cümlədən 1992-ci il oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd, onun səbəbləri, iştirakçıları, gedişi, nəticələri barədə və bütün bu proseslərdə Heydər Əliyevin vətəndaş mövqeyi, rəhbər qətiyyəti barədə "Səs” qəzetində dərc etdirdiyi irihəcmli yazıya, yaxud köklü bakılı, taleyin hökmü ilə çox gənc vaxtlarından Arazın o tayına köçməyə məcbur olan və XX əsrdə Azərbaycanın Üzeyir bəydən sonra ən qüdrətli bəstəkarı, məşhur "Ayrılıq” və "Salam gətirmişəm” mahnılarının müəllifi Əli Səlimi ilə Şimali Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibəyə də (həmin müsahibəni də ilk dəfə "Sirdaş”da, çox-çox sonralar isə təkrarən "Panorama” qəzetində dərc etdirmişdim) yüzdə-yüz aid edirəm. Bu yazıların, ələlxüsus, siyasi yazıların tarixi əhəmiyyəti, dəyəri onların məhz vaxtında yazılıb çap etdirilməsində, sözün əsl mənasında, obyektiv şahid ifadələri mahiyyəti kəsb etməsindədir. Yeri gəlmişkən, Naxçıvanın həmin təlatümlü çağlarında, Azərbaycanın bir qrup ziyalısının Heydər Əliyevə məşhur müraciəti və həmin müraciətə cavab olaraq, Heydər Əliyevin Yeni Azərbaycan quruculuğu ilə bağlı düşüncələrindən ibarət məktubu "Səs” qəzetində işıq üzü görən vaxtlarda "91-lər”dən olan Möhsün artıq yeni adla - "Azərbaycan” adı ilə nəşrini davam etdirən "rəsmi dövlət qəzeti”nin əməkdaşı deyildi: 1992-ci il sentyabrın 28-də iradi qərarla qəzetin Naxçıvan MR üzrə bölgə müxbiri ştatını... ixtisara salmışdılar - "yuxarıların sözü”nü yazmayan jurnalistin timsalında qədim diyarı və onun rəhbərini bu yolla "yerində oturtmaq” istəmişdilər.
... İyulun 21-də Milli Məclisin sədri (artıq Ali Sovet belə adlanırdı) redaksiyaya gəldi - yanında da yeni baş redaktor. Çox bəlağətli bir nitq söylədi və gətirdiyi namizədi redaksiyaya təqdim elədi.
Təzə baş redaktorla cəmi ay yarım birgə işlədik. Bu müddətdə o, qəzetin, necə deyərlər, özündən deyən bütün müxbirlərini heç bir səbəb göstərmədən işdən azad elədi, əvəzində hətta tələbə olan yeni işçilər işə götürdü . Sentyabrın 14-dən etibarən rəsmi dövlət qəzeti "Azərbaycan” adı ilə çıxmağa başlasa da, bu qəzet daha nə 1918-1920-ci illərin "Azərbaycan”ı idi, nə də 1991-1992-ci illərin "Həyat”ı.
1993-cü ilin 15 iyunundan etibarən Azərbaycanın həyatında yeni dövr başlandı. Bu, bütün sahələrdə olduğu kimi, həm də mətbuatın, o cümlədən "Azərbaycan” qəzetinin həyatında yeni dövrün başlanması demək idi...
Şakir YAQUBOV,
1990-1992-ci illərdə "Həyat” qəzetinin baş redaktor müavini, iki dəfə
"Əməkdar mədəniyyət
işçisi”
Azərbaycan.-
2018.- 8 sentyabr.- S.6-7.