Naxçıvanın zəngin tarixi-mədəni
irsi İslam Mədəniyyətinin
Paytaxtı kimi onun əhəmiyyətini
daha da artırır
Sentyabrın 7-də "Naxçıvan” Universitetində "Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxış olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov beynəlxalq konfransda çıxış edərək qeyd edib ki, beş minillik şəhər mədəniyyətinə malik olan Naxçıvanın zəngin tarixi-mədəni irsi İslam Mədəniyyətinin Paytaxtı kimi onun əhəmiyyətini daha da artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbovun dediyi kimi, "Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın - elmi baxışın əsası qoyulmuş, türk-islam mədəniyyəti abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapmışdır”.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında din elmi şəkildə öyrənilir və təbliğ olunur. Dini dəyərlərin olduğu kimi təbliğinə xidmət edən və onun mahiyyətini açan kitablar nəşr edilir. "Naxçıvan” Universitetinin dinşünaslıq ixtisasında İslam dininin əsasları tədris olunur. Görülən tədbirlərin nəticəsidir ki, müxtəlif məzhəb və təriqətlərin nümayəndələri məscidlərdə birgə ibadət edirlər. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamına əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin Tədbirlər Planına uyğun olaraq "İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018” loqotipi, üzərində loqotip əks olunmuş zərf və poçt markası, buklet və döş nişanları hazırlanıb.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsini sədri, akademik İsmayıl Hacıyev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, İstanbul Universitetinin müəllimi, professor Oktay Belli, Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaş, Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı mövzularla bağlı çıxış ediblər. Məruzəçilər qeyd ediblər ki, Naxçıvan müqəddəs torpaqdır və onun mədəniyyəti, tarixi Azərbaycan xalqının qədim sivilizasiyanın beşiklərindən biri olduğunu nümayiş etdirir. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Məhz bu baxımdan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir.
Sonra konfrans
öz işini
bölmələrdə davam etdirib.
Azərbaycan.- 2018.- 8 sentyabr.- S.5.