İki "AZƏRBAYCAN"
arasındakı körpü
Taleyə və qəzavü-qədərə inananam.
Bu inam insanın daxilində olsa da, təkcə hisslərə söykənmir. Həm də həyatda gördükləri, sınadıqları, tutuşdurduqları faktları və onlardan çıxan nəticələri, habelə həmin fakt və nəticələrin ilk baxışdan nəzərə çarpmayan gizli əlaqələrini araşdırıb öyrənəndən sonra yaranan əminlikdir.
İnsan var uğurlu olur (belələrinə ulduz altında doğulmuşlar da deyirlər), hər işi asan başa gəlir.
İnsan var hər şeyə çətinliklə, zülmlə nail olur, necə deyərlər, "işi daşdan çıxır”.
Bu, hal təkcə
insanlara xas deyil!
Azərbaycan Xalq Cümhuriyyəti çox böyük
çətinliklər, əziyyətlər, mübarizələr,
uğur və uğursuzluqlar sayəsində yarandı.
Taleyi isə
uğursuz oldu! Dövlət quruculuğu sahəsində
başladıqları işlərin bir çoxunu başa
çatdıra bilmədilər!
Zəhmətləri
əllərində qaldı!
Vətən yolunda, millət yolunda gördükləri
işlər, çəkdikləri əziyyət
başlarının bəlasına çevrildi.
Repressiya
və təqib olunarkən heç zaman onlara belə ittihamlar
verilməyib:
Nə üçün müstəqil yaşamaq istəmisən?
Niyə azad və suveren dövlət yaratmaq niyyətinə
düşmüsən?
Nə səbəbə dövlət qurumlarında, təşkilat
və partiyalarda çalışaraq xalqına xidmət etmisən?
Nə üçün lap əvvəldən bizdən
olmamısan, bizimlə olmamısan və bizlərlə
razılaşmamısan?
Bu fikirlər
açıq səslənməsə də, əslində Azərbaycan
Xalq Cümhuriyyəti liderlərinin, parlament üzvlərinin,
o dövrün iqtidarına kömək edənlərin əsas
"təqsiri” və "günahı”, repressiya edilmələrinin
səbəbi sayılıb.
Qəribə məntiqdir, deyilmi?!
Əslində
sovet repressiya sisteminin bircə prinsipi vardi: bizdən deyilsənsə,
bizim kimi düşünmürsənsə, deməli, bizə
qarşısan!
Belədə
ən yaxşı halda yerin sürgündür, həbsxanadır,
mühacirətdir!
Həm də
təkcə özünün yox, ailənin və
doğmalarının da!
Bu çətin və ağır tale, əslində
talesizlik təkcə Azərbaycan Xalq Cümhuriyyətinin yox,
onun rəsmi orqanı "Azərbaycan” qəzetinin də nəsibi
olub!
Müqayisəli şəkildə diqqət yetirək.
***
Yaranmış tarixi şərait yubanmanın xoşagəlməz
vəziyyətə səbəb olacağını vəd
edirdi. Odur ki,
Milli Şura 28 may 1918-ci ildə Tiflis şəhərində
Azərbaycanın Dövlət Müstəqilliyi haqqında
İstiqlal Bəyannaməsini qəbul etdi. Hətta
bundan sonra da yeni yaradılan dövlət özünə
paytaxt seçdiyi Bakıya köçə bilmədi. Çünki Şaumyanın rəhbərlik etdiyi
bolşevik-daşnak hökuməti şəhəri
işğal etmişdi. Milli Şura və
hökumət məcburiyyət qarşısında qalaraq iyunun
16-da 18 günlük qəriblikdən sonra Gəncəyə
köçdü və burada fəaliyyətə
başladı.
Müstəqil dövlətin özünün xüsusi
mətbu orqanının olması çox vacib
sayılırdı. Radio və televiziyanın yoxluğu
dövründə, şübhəsiz, bu, qəzet
formasında olacaqdı. İyunun 3-də
"Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri”
adlı nəşrin buraxılması barədə qərar qəbul
edildi. Amma ilk nömrə xeyli yubandı
(Yalnız 25 yanvar 1919-cu ildə Bakıda çıxdı).
Beləliklə, mövcud boşluğu doldurmaq
üçün "Azərbaycan” qəzetinin birinci nömrəsini
15 sentyabr 1918-ci ildə Gəncədə buraxdılar!
Sanki qəriblik
elə əvvəlcədən hər ikisinin alnına
yazılmışdı: Azərbaycan Xalq Cümhuriyyəti
Tiflisdə, "Azərbaycan” qəzeti isə Gəncədə
dünyaya göz açdı!
İkinci məqam. Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin,
bu hökumətə qulluq edən insanların və ilk
parlamentin üzvlərinin sonrakı taleyi fəlakətli oldu.
XI ordunun işğalından, Azərbaycan sovetləşəndən
sonra hamısı təqiblərə məruz qaldı,
güllələndi, həbsxanalara atıldı, sürgünə
göndərildi və ya ömrünün sonunadək
mühacir həyatı yaşadı.
Eyni aqibət musiqi dühasının xilas etdiyi
Üzeyir bəy Hacıbəylidən başqa "Azərbaycan”ın
bütün redaktorlarına - Ceyhun bəy Hacıbəyliyə,
Şəfi bəy Rüstəmbəyliyə, Xəlil
İbrahimə, habelə qəzetin daimi yazarlarının əksəriyyətinə
də qismət oldu!
Üçüncüsü, müsavat bərabərlik
deməkdir. Kommunistlər də özlərini bərabərlik tərəfdarı
sayırdılar. Amma nədənsə cəmiyyətdə
"bərabərlik” tərəfdarı olan sovetlər həmin
bərabərliyə insanları yoxsullaşdırmaq yolu ilə
- "yoxsulluq bərabərliyi” ilə nail olmaq istəyirdilər.
Digər bərabərlik partiyasını -
"Müsavatı” özlərinə düşmən
sayırdılar. Azərbaycan Xalq Cümhuriyyətinə
də "müsavatçı”, "pantürkist” və
"panislamist” damğası vurmaqla düşmən elan
etmişdilər.
"Azərbaycan” qəzeti "müsavatyönlü”
sayılaraq zərərli mətbu orqan hesab edilirdi. Tədqiqatçılar
tərəfindən öyrənilmir, jurnalistika fakültələrində
tədris edilmir, hətta adı belə çəkilmirdi.
Arxivlərin künclərində elə gizlədilmişdi ki,
hələ də işıq üzünə tam
çıxarmaq mümkün olmayıb!
Dördüncüsü, XX əsrin sonlarında Azərbaycan
ikinci dəfə dövlət müstəqilliyini elan edəndə
yenə "köhnə” problemlərlə üzləşdik:
ordu yox, iqtisadiyyat pozulmuş, "Qarabağ problemi” meydana
atılaraq torpaqlarımızın işğalına rəvac
verilmişdi.
Əgər xalqın arzu və tələbi ilə
ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə
qayıtmasaydı, əsrin əvvəlindəki müstəqilliyin
aqibəti yenidən yaşanacaqdı.
"Azərbaycan” qəzetinin də təkrar
"doğuşu” çox çətin və
ağrılı oldu!
Bu həm də dövrün ziddiyyət, təlatüm,
siyasi və mənəvi böhranlarından irəli gəlirdi.
***
Dünyanın ikinci qütbünü, güc mərkəzini
təşkil edən SSRİ adlı super dövlət,
"qırmızı imperiya” adlanan nəhəng ölkə
laxlayaraq çökməyə başlamışdı. Onun
çöküşünə həm də kommunist
ideologiyasına xəyanət etmiş, kommunizmin düşmənləri
tərəfindən ələ alınmış, ermənilərin
məkrli toruna düşmüş M.Qorbaçov kömək
edirdi. Həmin dövrdə M.Qorbaçov
Sov. İKP MK-nın baş katibi - faktiki
ölkənin rəhbəri idi. İslahatlar
keçirərək (onun adını "yenidənqurma” qoymuşdular)
guya SSRİ-ni xilas etmək, saxlamaq istəyirdi. Amma tam əksi
baş verdi...
"Alkoqolizmə qarşı mübarizə” adı
altında görülən işlər iqtisadiyyatı pozdu,
müttəfiq respublikalar arasında qabardılan
ayrı-seçkilik, milli məsələ sahəsində yol
verilən kobud nöqsanlar qısa müddətdə mərkəzdənqaçma
qüvvəsini gücləndirdi. Dağılmanın
qarşısını almaq üçün əl atılan
zorakılıq və "qorxutma metodları” isə əks
effekt doğurdu.
Belə
zorakılıq tədbirlərindən biri Ermənistan ərazisində
yaşayan azərbaycanlıların dədə-baba torpaqlarından
qovulması, Dağlıq Qarabağda separatçılıq
meyillərinə rəvac verilməsi və Azərbaycan
xalqının buna kəskin etirazı zamanı Moskvanın 20
Yanvar faciəsini törətməsi oldu. "Xalqlar
dostluğu” və "böyük qardaş” prinsipi pozularaq
Bakı sakinlərinin gülləbaran edilməsi, mərkəzin
ermənipərəst mövqe tutması xalqın səbir
kasasını daşdırdı. İnsanlar
bu haqsızlıqlara və vəhşiliyə etiraz əlaməti
olaraq Sov. İKP sıralarını tərk
etməyə, partiya biletlərini yandırmağa və
cırıb atmağa, kütləvi şəkildə
partiyadan üz çevirməyə başladılar.
Belə məqamda
heç kim ölkədə "Kommunist”
adında qəzetin buraxılmasını istəmirdi. Üstəlik, o zaman ölkənin yeganə
partiyası olan Sov.İKP-nın ölkə rəhbərliyindən
kənarlaşdırılması və idarəetmənin qəbul
edilmiş beynəlxalq qaydalara uyğun olaraq müvafiq
seçkili orqanlara verilməsi barədə də
söz-söhbət gedirdi. Moskvada gedən proseslərə
uyğun olaraq yerlərdə də oxşar addımlara start
verilmişdi. Belə dəyişikliklər mətbuatdan
da yan keçmədi.
***
SSRİ-nin bir nömrəli qəzeti Sov. İKP-nin orqanı
olan "Pravda” idi. Bu qəzet partiyanın
adından dövlətin sözünü deyər, siyasi,
ideoloji, iqtisadi, mənəvi, hərbi - əslində
bütün sahələr üzrə vəzifələr irəli
sürər, mövqe müəyyənləşdirər,
nöqsanları tənqid edərdi. "Pravda”da
tərif olunanın bəxti açılardı, tənqid edilənlərin
isə çərxi çönərdi. Hakim
partiya (istər Sov.İKP, istərsə də müttəfiq
respublikaların mərkəzi komitələri) orqanı olan qəzetlərə
xüsusi qayğı göstərər, onların bir
çıxışını belə diqqətdən kənarda
saxlamazdı.
Hər bir müttəfiq respublikanın da baş qəzeti
"Kommunist” adını daşıyırdı. "Birinci” statusunu
daşıyan həmin qəzetlərin "güc göstəricisi”
o dövrdə fəaliyyət göstərən üç
mühüm qurumun - Azərbaycan KP MK-nın, Azərbaycan
SSRİ Ali Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin
orqanı olmaları sayılırdı. Əslində
həmin qəzetlər yalnız Mərkəzi Komitədən
- dövrün şəriksiz baş qurumundan idarə olunurdu.
Sov.İKP nüfuzdan düşdükdən, onun ölkəyə
rəhbərlikdən getməsi məsələsi gündəmə
gəldikdən sonra baş qəzetlərin də taleyi müəyyənləşməli
idi. Hakimiyyətin yenidən sovetlərə - seçkili
orqana qaytarılması məsələsi qərara
alınmışdı. İldə iki dəfə
sessiya keçirərək Sov. İKP-nin
göndərdiyi bütün qanun və qərarlara, digər
hüquqi aktlara "yekdilliklə” səs verən Ali Sovetin
işlək quruma çevrilməsi gözlənilirdi. Artıq Moskvada SSRİ Xalq Deputatlarının
qurultayı keçirilirdi.
Müttəfiq
respublikaların ali sovetlərinin öz
orqanlarının da yaradılması qərara alındı. Beləliklə, "Kommunist” qəzeti Azərbaycan
KP MK-nın orqanı olaraq qaldı. Sonradan
onun adı "Xalq qəzeti” ilə əvəzləndi.
Azərbaycan SSR Nazirlər Soveti üçün
"Respublika” adlı qəzet buraxılışına
başlandı.
Qeyd etdiyimiz kimi, hakimiyyətin sovetlərə
qaytarılması ilə əlaqədar Azərbaycan SSR Ali
Sovetinin ayrıca orqanının yaradılması qərara
alınmışdı. Bu iş yazıçı-dramaturq, "Kommunist” qəzetinin
şöbə müdiri Əfqan Əsgərova həvalə
olundu. Əfqan Əsgərov fürsətdən
istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi
qəzeti olan "Azərbaycan”ı yenidən həyata
qaytarmaq üçün çox çabalar etdi. Lakin həmin dövrdə Qarabağa Xalq
Yardımı Komitəsi tərəfindən "Azərbaycan”
adında qəzet buraxılırdı. Mövcud
qanunvericiliyə görə, eyni adda iki qəzet çıxa
bilməzdi. "Azərbaycan” adının
Ali Sovetin (hazırkı Milli Məclisin) orqanına verilməsi
ilə bağlı aparılan qeyri-rəsmi
danışıqlar səmərəli nəticələr vermədi
(Bu, yalnız 1993-cü ilin sentyabr ayında baş tutdu).
O halda qəzetin başqa adla buraxılması labüd oldu. Çox müzakirələrdən sonra "Həyat”
adı seçildi. "Həyat” Üzeyir
bəy Hacıbəylinin əməkdaşlıq etdiyi qəzetlərdən
biri idi. Üzeyir bəy "Azərbaycan”ın
da redaktoru olmuşdu. Bu məqam ad
seçimində müəyyən rol oynadı.
"Həyat”ın Nizamnaməsi hazırlanıb təsdiq
edilərkən ona "rəsmi dövlət qəzeti” statusu
da verildi. Əslində bu, faktiki cəhətdən
cümhuriyyət dövrünün "Azərbaycan” qəzetinin
"Həyat” adı ilə bərpası sayılırdı.
"Həyat”ın ilk nömrəsi 1 yanvar 1991-ci ildə
çıxdı.
***
Hələ ölkədə qəzet bolluğu
yaranmamışdı.
Qəzetçilikdə köhnə stereotiplər davam
edirdi.
Doğrudur, bəzi qəzetlər "sərbəst fikir
söyləməyə”, "cəsarətli
danışmağa” can atırdılar. Ancaq
dövlətə və rəsmi qurumlara məxsus qəzetlər
ehtiyatlı davranırdı.
"Həyat” isə daha sərbəst və qəzəbli
görünürdü. 20 Yanvar faciəsinin nəticələrinin
unudulmaması, Ermənistanın Dağlıq Qarabağda
baş qaldıran separatçı meyilləri körükləməsi
və mərkəzin buna loyal, birtərəfli mövqe
tutması ilə Azərbaycan xalqının
barışmaması ilk nömrədəki yazılarda da
açıq-aşkar duyulurdu.
Qəzetin ilk nömrəsinin (bu nömrədə təbriklər
üstünlük təşkil edir) birinci səhifəsinə
baxanda qəzetdəki yeniliklər, cəsarət və kəskinlik
dərhal duyulur. Loqotipdə - "Həyat”
sözünün üstündə "dövlət qəzeti”
sözü yazılıb. "Həyat”ın
sağında "Azərbaycan SSR Ali Sovetinin orqanı”, solunda
isə "Torpağını, elini, dilini qoru” sözləri
həkk olunub. Qeyd edək ki, sovet
dövründə "dövlət qəzeti” statusu ilə
heç bir qəzet buraxılmayıb. Qəzetin
adının yanında isə "Torpağını, elini,
dilini qoru” çağırışı rast gəlinməyən
məqamdır. Bu, dövrün tələbindən
irəli gələn, "vahid dövlət” və "vahid
xalq” prinsipi ilə bir araya sığmayan şüar idi.
İki material üzərində bir qədər geniş
dayanmaq istəyirik. Onun biri "SSRİ prezidentinin sovet
xalqına yeni il müraciəti” adlanır və birinci, həm
də sonuncu prezident M.Qorbaçovun təbrikinin mətni idi.
"Oxuculara” adlanan ikinci materialda isə nəşrə
başlayan yeni qəzetin məram və məqsədindən
danışılırdı. Ənənəyə
görə, bu yazı ad və soyad (Əfqan Əsgərov)
göstərilmədən "Baş redaktor” imzası ilə
verilmişdi.
"Həyat”ın ilk nömrəsi çıxan zaman
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul
olunmamışdı. Bu, on ay sonra - 18 oktyabr 1991-ci ildə
baş verəcəkdi.
İkincisi,
hələ mətbuata senzura nəzarəti vardı, Azərbaycan
SSRİ-nin tərkibində idi: həm hüquqi, həm də
faktiki cəhətdən. Amma qırmızı
imperiyanın çöküşü
başlamışdı. Dövrün
ziddiyyətləri və qəribəlikləri bu iki
yazını oxuyarkən bir daha aydın görünür.
SSRİ-nin
ilk prezidenti narahatlığını gizlətmirdi:
"1991-ci il xüsusi ildir. Çoxmillətli
dövlətimizin müqəddəratı məsələsini
həll etmək onun üzərinə düşür.
Hamımız, sovet adamları üçün bütün
xalqların azad və yaxşı yaşayacağı
ittifaqı qoruyub saxlamaqdan və yeniləşdirməkdən
müqəddəs bir iş yoxdur”.
Maraqlıdır ki, M.Qorbaçov bu müraciətində
nəhəng bir ölkənin dağılma səbəblərinə
də toxunurdu.
Amma özünəməxsus bir üslubda: "Ölkənin
keçirdiyi böhran nə qədər dərin olsa da, biz elə
1991-ci ildə yaxşılığa doğru dönüşə
nail ola bilərik və nail
olmalıyıq. Lakin bunun üçün vətəndaş
həmrəyliyi və millətlərarası həmrəylik,
məsuliyyət və intizam, vicdanlı əmək və
bir-birinə qarşı insani münasibət lazımdır”.
Bu deyilənlərə əməl olunmadığına
görə SSRİ dağıldı.
Baş redaktorun müraciəti isə daha sərt və
kəskindir.
İnanmaq olmur ki, o dövrdə dövlətin ali
qurumlarından birinə məxsus orqanda, rəsmi qəzetdə
belə ittihamlar yazıla bilərmiş.
Baş
redaktor əvvəlcə "Həyat”ın nəşrə
başladığı dövrün xarakteristikasını
verir: "Həyat” son dərəcə mürəkkəb bir
şəraitdə dünyaya gəlmişdir. Sosializmin
ən böyük eksperimentlərindən olan konsepsiyasız
yenidənqurma uğursuzluqla nəticələnmiş, ölkə
siyasi, iqtisadi və mənəvi böhrana
düşmüşdür. Yetmiş
üç oktyabr ilində sovet xalqı çox gərgin
böhranlar və məhrumiyyətlər görsə də,
ümidini itirməmişdi. İndi isə
ölkənin hər yerində ümidsizlik xaosu hökm
sürməkdədir. Böyük-kiçiklik
itmiş, nizam-intizam büsbütün pozulmuş, xarici
diversiya və daxili sabotaj üç yüz milyonluq bir
xalqı müflis olmaq və aclıq təhlükəsi
qarşısında qoymuşdur”.
İkincisi, birbaşa bu vəziyyətin
yaranmasının başlıca günahkarı M.Qorbaçov
aşkar şəkildə ittiham edilir. Bəli, müttəfiq
respublikanın Ali Sovetinin orqanı hələ mövcud olan
SSRİ-nin prezidentini nəinki tənqid, bəlkə də
ifşa edir: "Son bir ildə daha gur səslənir ki,
ölkəyə sahib lazımdır! Xarici və
daxili təxribat əl-ələ verərək dünyanın
ən qüdrətli dövlətlərindən birini
kökündən laxlatmış, siyasi və iqtisadi
müvazinətimizi pozmuş, vətəndaş müharibəsinə
çevrilməkdə olan millətlər
qırğını düzəltmiş, müqəddəslik
itmiş, əxlaq eybəcərləşmişdir.
İnsanın insana dost olduğu ilə fəxr edən bir
ölkə düşmənçilik burulğanında
vurnuxur. Yenidənqurma illərində qara
bayraqların sayı qırmızı bayraqlardan çox
olmuşdur. Sovet xalqı həm siyasi, həm
də mənəvi uçuruma doğru gedir. Ölkə prezidenti altdan-üstdən bütün
hökmdar səlahiyyətləri ilə yaraqlansa da, onun
hökmlərini eşidən, fərmanlarını yerinə
yetirən yoxdur. Prezident Qorbaçov hətta
ona etimadsızlıq göstərilən məqamlarda belə
vəziyyətdən çıxmağı bacarır,
ustalıqla bacarır. Ancaq ölkəyə
elə sahib lazımdır ki, o, təkcə özünü
yox, üç yüz milyonluq xalqı çıxılmaz vəziyyətdən
çıxarsın”.
Ən nəhayət,
"Həyat”ın öz qarşısına hansı vəzifələri
qoyduğu qısa şəkildə də olsa,
vurğulanır: "Azərbaycanda ilk dəfə demokratik
qaydada seçkilər keçirilmişdir. Heç
şübhəsiz, əyintilər də, demokratiya pərdəsi
altında sui-istifadələr də olmuş, nəticədə
xalq deputatları sırasına bu yüksək etimada layiq
olmayanlar da düşmüşlər. Nə
etmək olar, biz əsl demokratiyanı indi-indi öyrənirik.
"Həyat” qəzeti öz oxucuları üçün
demokratiyanı və qanunları öyrənmək məktəbinə,
etibarlı bələdçiyə çevriləcəkdir”.
"Həyat” oxucularına ilk nömrəsində verdiyi
vədlərə daim sadiq qaldı. Bunun bir qismi peşə
fəaliyyəti ilə bağlı idi. Ən əsası,
milli mətbuatın, ilk demokratik dövlətin rəsmi
orqanının ənənələrini yenidən dirçəldərək
yaşatdı:
"Həyat” nə bitərəf qalacaq, nə də tərəfgirlik
edəcəkdir, səhifələrində bütün
partiyalara, qruplara və başqa ictimai təşkilatlara yer verəcəkdir,
fikir müxtəlifliyi yolu ilə həqiqətin təntənəsinə
nail olacaqdır.
Qarşıda
yeni parlamentimizin iclasları, ali məclisləri
gözlənilir. İnanırıq ki, həmin
məclislər öz fəallığı, fikir və
platforma müxtəlifliyi, mübarizliyi və
prinsipiallığı ilə keçmiş sessiya
iclaslarından fərqlənəcəkdir. "Həyat” qəzeti bütün parlament
iclaslarını, o cümlədən prezident şurası
iclaslarını, başqa qəzetlərdən fərqli
olaraq, daha ətraflı işıqlandıracaqdır”.
Doğrudan da "Həyat” müstəqil Azərbaycanın
ilk parlament iclaslarını, parlamentdə gedən müzakirə,
fikir savaşını geniş, obyektiv işıqlandırdı. Siyasi
partiyalara fərq qoymadı. Diqqətçəkən
məsələlərdən biri "Həyat” qəzetinin
çıxdığı dövrdə Naxçıvanda gedən
proseslərə kifayət qədər yer ayırması idi.
Məlum qadağa və çətinliklərə baxmayaraq,
Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti,
Naxçıvanın düşmən işğalından
qorunması, aclıq və blokadadan çıxarılması
yolunda görülən işlər, habelə Yeni Azərbaycan
Partiyasının yaranması ilə bağlı informasiyalar qəzetin
səhifələrində öz əksini tapmışdır.
Bu məsələdə "Həyat”ın
Naxçıvan üzrə xüsusi müxbiri Möhsüm
Möhsümovun böyük zəhməti olmuşdu.
***
"Həyat” təqribən 21 ay nəşr olundu. Onun tam fəaliyyəti
barədə geniş danışmaq imkan xaricindədir. Əvvəla, bir məqalədə bunu etmək
çətindir və qarşıya elə məqsəd
qoymamışıq.
İkincisi, "Həyat” "Azərbaycan”ın
davamçısı olduğuna görə onun talesizliyini də
yaşamaqdadır.
"Azərbaycan” yüz il bundan qabaq nəşrə
başlayıb. Sovet dövrü qadağaları və
AXC-yə mənfi münasibət nəticəsində nömrələri
it-bata düşmüş, bu gün də 443 nömrəni cəm
halda əldə etmək mümkün olmamışdır.
27 il bundan qabaq nəşr olunmuş "Həyat”
qəzetinin də nömrələri qalmayıb: nə
kitabxanalarda, nə də redaksiyanın özündə! 1991-1992-ci illər anarxiya və xaos dövrü
olduğu üçün kitabxanalar qəzet nömrələrini
toplayıb saxlamayıblar. Redaksiyada isə...
Hər bir redaksiyada illik qəzet toplusu cildlənərək
saxlanılır. Həm arxiv yaradılması
baxımından, həm də müəyyən dəqiqləşmələrə
ehtiyac yarananda köhnə nömrələrə baxıb
tutuşdurmanın tez başa gəlməsi sarıdan. Adətən son qəzet toplusunun redaksiyadan
çıxarılmasına yol verilmir. Lakin
necə olubsa, "Həyat”ın yeganə cildlənmiş
variantı Milli Məclisdən istəniləndə bu qayda
pozulub. Sonra onun geri qaytarılması barədə
düşünən də olmayıb...
...Kitabxananı
təmir etdikdən sonra "təmizləmə” işləri
də aparılıb. "Həyat”ın saralmış toplusu
"köhnəldiyi” üçün təzə otağa
qoyulması məqsədəmüvafiq sayılmayıb...
Atılıb!
Hələ
ki onun nömrələrinin yenidən tapılıb toplanaraq bərpası
istiqamətindəki çalışmalarımız uğurlu
nəticə verməyib...
***
Nəhayət,
1992-ci ilin 23 sentyabrında rəsmi dövlət qəzeti və
Milli Məclisin orqanına əsl adını qaytarmaq, tarixi ədaləti
bərpa etmək mümkün oldu! Həmin dövrdə
Qarabağa Xalq Yardımı Komitəsinin orqanı (Ali Sovetin,
yaxud hökumətin orqanı yox) kimi çıxan "Azərbaycan”
qəzeti "Həyat” qəzetinin "titulları” saxlanılmaqla
və maddi-texniki bazası əsasında onunla birləşdirildi.
Yəni "Azərbaycan”ın əməkdaşları
köçüb gəldilər "Həyat”ın
redaksiyasına.
Özləri
ilə təkcə adlarını gətirdilər...
Təəssüf ki, bu birləşmə zamanı daha
bir ədalətsizliyə yol verildi. "Həyat”ın 440
nömrəsi unuduldu. Başqa sözlə, "Azərbaycan”
adı geriyə qaytarılarkən Xalq Cümhuriyyəti
dövrünün "Azərbaycan”ının say nömrəsi
ilə hesablanma başladı: müasir "Azərbaycan”ın
ilk nömrəsi 444 göstərildi. Beləliklə,
rəsmi dövlət qəzeti və parlamentin orqanı kimi nəşr
olunan "Həyat”ın 440 nömrəsi nəzərə
alınmadı. Sanki heç olmayıbmış! Halbuki "Həyat”la "Azərbaycan”ı birləşdirən
ümumi cəhətlər də çoxdur.
Əvvəla, hər ikisi dövlət qəzeti və
parlamentin orqanı kimi nəşr olunub.
İkincisi, daim dövlətçilik mövqeyində olmuş,
müxalifət qəzeti funksiyasını yerinə yetirməmişlər.
Üçüncüsü, dövlətə, dövlətçiliyə,
demokratiyaya xidmət göstərmişlər (hansısa
partiyaya yox), milli maraqları daim uca tutmuşlar.
Dördüncüsü, hər ikisində qəribə tale oxşarlığı müşahidə olunur. Belə ki, həm "Azərbaycan”, həm də "Həyat”:
* hər ikisi eyni müddətdə, eyni sayda (443 və 440) çıxmışdır;
* hər ikisinin bütün nömrələri qorunub saxlanmayıb;
* "Azərbaycan” sovet dövründə unutduruldu, yox edildi, "Həyat” isə indi yoxdur və yaddan çıxıb!
***
Əlbəttə, biz bu məsələlərə diqqət çəkməklə sadəcə danışıb durmuruq. Hər iki qəzetin itən nömrələrinin tapılması, elektron variantlarının hazırlanaraq kitabxanalara verilməsi sahəsində səyimizi davam etdiririk. Ən əsası, bu işdə bizə kitabxanaçılar, arxivşünaslar, alimlər, mətbuat tədqiqatçıları, vətənpərvər ziyalılar yaxından kömək edirlər.
İnanırıq ki, gec-tez ədalət öz yerini tapacaq, hər bir qəzetə xidmətinə layiq münasibət göstəriləcəkdir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2018.- 11 sentyabr. -
S.1;4.