Bir
ömürlük intizar...
"Azərbaycan”dan
başlayıb, mühacirətdə bitən
istiqlalçı taleyi
Dənizin üzü dönəndə,
dalğalarını şahə qaldırıb tufan qoparanda
evlərində intizarın soyuq nəfəsi
dolaşırdı. Hələ yaxşı dərk etməsə də,
anası Fatma xanımın, özündən altı yaş
böyük qardaşı Həsənbalanın
baxışlarında görüb tanıdığı o
qüssə, təşviş, həyəcanqarışıq
intizarı balaca Mirzə Bala da duya bilirdi...
Gözlərini dənizin bərəkətinə
dikmişdilər. O da bəzən öz səxavətini, bütün
balıqçılar kimi Əlibala kişidən əsirgəyirdi.
Hər dəfə köhnə
balıqçı qayığından evə əliboş
dönəndə, gözlərini uşaqlarının nəzərlərindən
yayındırır, günahkarmış kimi onlara baxmağa
üzü gəlmirdi. Onda Əlibala kişiyə elə
gəlirdi ki, bütün dünyanın ən ağır
yükünü onun çiyinlərinə yükləyiblər...
XX əsrin əvvəlləri idi. Günü-gündən
çətin gəlirdi. Əlibala kişi
dolanışıq dərdindən ailəsini götürüb
Zirədən Bakıya köçməli oldu. Çəmbərəkəndin
yuxarı məhəlləsində qurduğu evə heç
isinişməmiş əcəl qapısını
döydü. Əlibala kişi bu
dünyadan özü ilə ailəsinin onsuz necə
yaşayacağının, övladlarının necə
böyüyəcəklərinin intizarını apardı. Üç övladı - iki oğlu və bir
qızı Fatmanın ümidinə qaldı.
Atası ilə birlikdə uşaqlığını da
itirən Mirzə Bala Məmmədzadə balalarını
heç kimə möhtac etməmək üçün
çırpınan anasının köməyinə
çatdı.
O, Fatmanın bişirdiyi çörəkləri küçələrdə,
bazarda satır, evə qazanc gətirirdi.
Zamanın qovğalarında...
Təhsil almağa çox qarışıq, ziddiyyətli
bir zamanda başladı. Əvvəlcə "7-ci müsəlmani və rusi” məktəbində,
sonra Alekseyev adına 3-cü Ali-ibtidai məktəbdə
oxudu. Böyük maddi sıxıntılar
içərisində təhsil alırdı. Ailənin problemlərini çörək bişirib
satmaqla həll etmək çətin idi. Mirzə
Bala 1912-ci ildə İsa bəy Aşurbəylinin "Kaspi” mətbəəsində
fəhlə kimi işə başladı. Ancaq
oxumaq arzusunu yenə qəlbində susdurmadı. Çətinliklərdən qurtulmaq, təhsilini
davam etdirmək üçün mübarizə apardı.
1915-ci ildə xeyriyyəçi İsa bəy
Aşurbəylinin yardımı ilə Bakı Politexnik Məktəbinin
elektromexanika şöbəsində oxumağa başladı.
O vaxta qədər
də çox dəyərli müəllimləri olmuşdu. Dövrün tanınmış maarif xadimlərindən
- Abdulla Şaiq, Süleyman Sani Axundov, Rəhim bəy
Şıxlinski və Əliməmməd Mustafayevdən dərs
almışdı. Təhsil illəri bir də
ona həyatının ən mükəmməl dostunu - Cəfər
Cabbarlını tanıtmışdı. Sinif
yoldaşı kimi qurduqları ünsiyyət dostluğa
çevrilərək gündən-günə möhkəmlənirdi.
Bir-birlərinə bənzərlikləri çox idi. Uşaqlıq
çağında ata itkisi yaşamaq, maddi
sıxıntılar, kasıblıq çəkə-çəkə
böyümək, məktəbin yoxsul şagirdləri kimi ianə
ilə oxumaq hər ikisinin qismətinə
düşmüşdü. Amma onları
bir-birinə bağlayan təkcə tale
oxşarlığı deyildi. İkisi də
oxumağa, öyrənməyə istəkli idi. Vaxt keçdikcə başqa ortaq maraqlarını da
kəşf edirdilər. Mirzə Bala da, Cəfər
Cabbarlı da məktəbdə açılmış dram,
şeir, rus dili dərnəklərinə həvəs göstərirdilər.
Dostlar təkcə məktəbdə bir yerdə
olmurdular. Yaxın məhəllələrdə
yaşadıqları üçün evə getdikdən sonra
da tez-tez görüşürdülər. Əvvəllər oxuduqları nağılları
bir-birlərinə danışırdılar. Yaşları ilə birlikdə ədəbiyyata
maraqları da artır, böyüyürdü. Yenə mütaliə etdikləri kitablar barədə
fikirlərini bölüşür, bir də yazdıqları
bədii əsərləri bir-birlərinə oxuyurdular.
İstedadı, zəhmətsevərliyi o vaxtadək
oxuduğu məktəblərdə də Mirzə Balaya sinif
yoldaşlarının, müəllimlərinin
ehtiramını qazandırmışdı. Ancaq Bakı
Politexnik Məktəbi həyatına böyük coşqu gətirdi.
Bu ab-havaya təkcə Mirzə Bala Məmmədzadənin
qəlbi köklənməmişdi. Elə
bir dövr gəlmişdi ki, qayğıları yalnız
oxumaq, peşə sahibi olmaq deyildi. Gərgin
ictimai-siyasi hadisələr gənc tələbələri
öz ağuşuna almışdı. Oxuduqları
Bakı Politexnik Məktəbi o illərdə inqilab əhvali-ruhiyyəsinə
bürünmüşdü. Tələbələr
çarizmin müstəmləkəçilik siyasətinə
qarşı çıxır, Azərbaycanın istiqlalı
uğrunda mübarizələrini birləşdirmək,
gücləndirmək üçün gizli təşkilatlar
qururdular. Məktəbdə qeyri-leqal Məmmədiyyə
təşkilatı bu məqsədlə yaradıldı.
Gənc Mirzə Bala da onun ən fəal üzvlərindən
oldu.
Fikirlərini ifadə və bəyan etmək
üçün ən təsirli vasitə olan mətbuatda Mirzə
Bala Məmmədzadə çox gənc yaşlarından
çıxış etməyə başladı. O, 1915-ci ildən
"Açıq söz” qəzeti ilə əməkdaşlıq
etdi. Bu qəzetdə xalqın tərəqqisində
təhsilin, maarifin rolu, məktəblərdə mövcud olan
problemlər barədə yazırdı.
Doğma vətəninə, millətinə sevgisi Mirzə
Bala Məmmədzadəni Azərbaycanın müstəqilliyi
uğrunda mücadilə edənlərin sırasına
qoşdu. Bu yol onu siyasətə gətirdi.
Sizi vətən yaşadar...
Mirzə
Bala "Açıq söz”lə yanaşı, "Bəsirət”
qəzeti ilə də sıx əməkdaşlıq etdi. Bu qəzetin hətta bir neçə nömrəsinin
baş redaktoru oldu. Bakıda 1917-ci ildə
tələbələrin yayım orqanı olan "Gənclər
sədası” və "İttifaqi-mütəllim” qəzetlərinə
redaktorluq etdi.
1918-ci
ilin yanvarında o, böyük cəsarətlə
soydaşlarına səslənirdi: "Bu gün Kəbeyi-müqəddəsiniz
olan vətəninizi azad ediniz... Sizi bir insan olaraq vətən
yaşadar! Sizin diliniz, sizin irz və namusunuz yenə vətəniniz
içində səlamət qala bilər...”
("Açıq söz!”, 4 yanvar, 1918). Həmin ilin martında azadlıq və müstəqillik
arzularını gözündə qoymaq, yenidən sinəsinə
dağlar çəkmək üçün Azərbaycan
xalqının qətliamına fərman verildi. Dinc əhali daşnak-bolşevik birləşmələrinin
silahlı hücumlarına məruz qaldı. Şahidi
olduğu o ağır faciələri Mirzə Bala Məmmədzadə
belə təsvir edirdi: "31 mart 1918-ci sənə. Bu gün Bakımızda qanlar
axıdılmış, evlər talanmış,
ata-babalarımız şəhid düşmüş,
ana-bacılarımız əsir edilmişdi. Bu gün Bakı xəlqi kəndi yurdunda qətliamə,
əsarətə və məhkumiyyətə məruz
qalmışdı. Bu gün Bakının
ətrafından axan neft çeşmələri qan
çeşmələrinə müqəddəl olmuşdu.
Bu gün Bakı sahilini yuyan Quzğun dənizi
qan dənizinə çevrilmişdi. Bu
gün suxartsevlər, şaumyanlar oyanmış türk mənliyini
öldürmək üçün daşnak qüvvələrinə
müraciətən unudulmayacaq qanlı günlər vücuda
gətirmişdilər”.
Daşnak-bolşevik birləşmələrinin
Bakını qan gölünə çevirdikləri o dəhşətli
günlərdən sonra Mirzə Bala Məmmədzadə siyasi
hərəkatda daha da fəallaşdı. Üzvü
olduğu Müsavat Partiyasının
tapşırığı ilə Zaqafqaziya Seymində
iştirak etmək üçün Tiflisə getdi. Həmin şəhərdə türk gənclərini
ətrafına toplayaraq "İttifadi-mütəəllimin”
(Tələbələr İttifaqı) təşkilatını
qurdu. Təşkilatın ideya və məqsədini
geniş yaymaq üçün Mirzə Bala Məmmədzadənin
Tiflis türk gəncləri ilə birlikdə
hazırladığı və baş redaktoru olduğu "Gənclər
yurdu” adlı jurnalın ilk nömrəsi iyulun 23-də
işıq üzü gördü. "İki
inqilablar arasında” adlı məşhur əsərini də
o, həmin vaxtlar yazdı.
1918-ci ilin 28 mayı bütün vətənsevərlər
kimi, Mirzə Bala Məmmədzadənin də həyatının
ən unudulmaz, ən xoş arzularına, ümidlərinə
yol açan günü oldu. Həmin gün Azərbaycan
Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsini qəbul
etdi və onu dünya dövlətlərinin diqqətinə
çatdırdı.
Azərbaycan hökuməti Gəncədən Bakıya
köçəndən sonra Mirzə Bala Məmmədzadə
cümhuriyyətin paytaxtına qayıtdı. Əvvəlcə
"Açıq söz”, sonra "İstiqlal” qəzetinin
buraxılışlarında iştirak etdi, Azərbaycan
xalqının istiqlalına qovuşmasından yazdı.
Dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin
Parlamenti fəaliyyətə başladı. Mirzə Bala
burada dostu Cəfər Cabbarlı ilə stenoqrafçı vəzifəsinə
işə düzəldi. Parlamentin bütün
iclaslarında iştirak etməsi ona firqələrin fəaliyyəti,
məqsədi, məramı ilə daha yaxından tanış olmaq imkanı yaratdı, partiya
liderləri ilə birbaşa ünsiyyət, ayrı-ayrı
firqələrin əməlləri ona zəngin material verdi.
Siyasi fəaliyyəti Mirzə Balanı bədii
yaradıcılıqdan uzaqlaşdırmadı. Dostu, məsləkdaşı
Cəfərlə tez-tez teatr tamaşalarına gedir, bir-birlərinə
yeni əsərlərini oxuyurdular. Cəfər
Cabbarlı mart hadisələrindən Bakının
qurtuluşunadək olan dövrü əhatə edən
"Bakı müharibəsi” adlı dramı, Mirzə Bala isə
"Bakı uğrunda müharibə” adlı beşpərdəli
pyes yazdı. Əsər 1919-cu ilin
sentyabrında Abbas Mirzə Şərifzadənin
rejissorluğu ilə Dövlət Teatrında səhnələşdirildi.
Bədii yaradıcılıqla məşğul olsa da,
1918-1920-ci illərdə Mirzə Bala Məmmədzadə daha
çox jurnalist kimi tanınırdı. Onun
ictimai-siyasi həyatın bütün sahələrini əhatə
edən yazıları "Azərbaycan” və "Bəsirət”
qəzetlərində dərc olunurdu. Doğma
xalqın istiqlal ideyasını müdafiə edən müəllifin
mübarizliyi, əqidəsinə sadiqliyi, cəsarəti
publisistik əsərlərində əksini tapırdı.
O, yazılarında müstəqil dövlətin
inkişafını ləngidən problemləri, nöqsanları
kəskin şəkildə tənqid edirdi. Mirzə Bala "Azərbaycan”
qəzetində yer verilmiş "Təşkilatlarımız”
adlı məqaləsində yazırdı: "Mart faciəsi
və ondan sonra uzanan istiqlaliyyət və
paytaxtımızı xilas mübarizələri münasibətilə
bütün mədəni təşkilatlarımızda tərki-fəaliyyətə
məcbur olmuşlardır. O təşkilatlardan ən məşhurları
"Cəmiyyəti-Xeyriyyə”, "Nicat”, "Səfa”,
"Nəşri-Maarif”, "Tərəqqi” cəmiyyətləri,
habelə "Qənaət”, "İsmailiyyə” və bir
çox bu kimi iqtisadi və kooperativ ittifaqları idilər ki,
Azərbaycan türk xalqının mədəni və ictimai həyatında
böyük rollar oynuyordular. Paytaxtımızın
fəthindən sonra bu təşkilatlar fəaliyyətə
şüru etmədilər. Ancaq bircə
"Cəmiyyəti-Xeyriyyə” (erkək və
xanımlarınkı) yenidən məhəlli olaraq icra
etmişlərdir. Bunların əvəzində
yeni mədəni təşkilatlar doğulmadı ki, hökumətimizin
və millətimizin işlərini bir qədər
yüngülləşdirsin. Fəqət
böylə mədəni təşkilatlarımızın
varlığını, millət xüsusən cəmaətimizin
ziyalısını hiss ediyordu” ("Azərbaycan” qəzeti,
1919, 3 mart, ¹ 127).
Azərbaycan öz istiqlalına qovuşsa da, təhlükə
bitməmişdi. Cümhuriyyət hökumətinin
düşmənləri onu məhv etmək üçün məkrli
planlar qururdular. Təəssüf ki,
istiqlalımızın düşmənləri yalnız
özgələr deyildi. Rusiya bolşeviklərinin
tərəfdarları olan özümüzünkülər də
doğma ölkəsinin azadlığını
boğmağa, onu yenidən əsarətə məhkum etməyə
çalışırdılar. Mirzə
Bala Məmmədzadə məqalələrində dövlət
müstəqilliyimizin düşmənlərini ifşa edirdi.
1919-cu ilin 28 mayı cümhuriyyət
sevdalılarının ömrünün ən gözəl
günü oldu. O gün Azərbaycan xalqı dövlət müstəqilliyinin
bir illiyini böyük təntənə ilə bayram etdi. İstiqlal bayramına bəzənib gəlmiş gənc
qızların, qadınların üzlərindən sevinc
yağırdı. Onların əhvali-ruhiyyələri,
fəallıqları Mirzə Bala Məmmədzadəyə
"Təhlükə və qadınlarımız” adlı məqaləsini
yazdırdı. O, təəssüratlarını belə
ifadə edirdi: "Azərbaycan Cümhuriyyəti təşkilini
bir çox nəfərin hasili-əməli bilənlərə
və Avropa əfkari-ümumiyyəsini əleyhimizə
qalxızmaq istəyənlərə millətimiz və zəhmətkeş
Azərbaycan türk xalqı lazımi cavab verdi.
Hürriyyət bayramlarında, Qələ
nümayişlərində, 31 mart tətilində
intriqaçıların siyasi tətillərində
xalqımızın göstərdiyi istedad nə qədər
siyasi bir huşyarlığa malik olduğunu və istiqlaliyyət
fikrilə nə qədər sıx surətdə mərbut
bulunduğunu isbat etdi.
28 Mayıs istiqlal bayramı isə keçənlərdən
daha qiymətli və daha tarixi bir nümayiş olunmuşdu. Burada millət
heyəti-ümimiyyəsilə erkəkindən
qadınına, çocuğundan böyükünə qədər
iştirak ediyordu. 28 Mayıs bayramı millətin
yarısı olan qadınlarımızı da həyati-ictimaiyyəyə
dartmış, onların da canlı bir qüvvə
olduqlarını isbat etmişdi.
Bunun daha əhəmiyyətli cəhəti bu idi ki, bu
hiss, bu anlaqlığı türk qadınları xüsusi
hazırlıq sayəsində degil, zamanın təsiri və
kəndilərinin təbii dərrakələri, bərəkətilə
kəsb etmişlərdi. Ona görə iman edirəm ki, bu gün
üzərimizə gələn təhlükəni yalnız
kişilərimiz degil, artıq intibaha başlamış
qadınlarımız da hiss ediyorlar” ("Azərbaycan” qəzeti,
1919, 10 iyun, ¹ 200).
Vətən
üçün, müstəqil milli dövlət
üçün təhlükə yarandığı bir
vaxtda hər kəsin sərvaxt olmasının, məsuliyyətini
dərk etməsinin vacibliyini Mirzə Bala Məmmədzadə
xüsusi diqqətə çatdırırdı: "Bu
gün gənclərimiz əskər surətində cəbhəyə
gedir. Cəmaətimiz qocalarımız ilə
ordusu, ehtiyat könüllü alayı yapıyor. Firqələrimiz, partiyalarımız bütün
xüsusi firqə münaqişələrini unudaraq vətənin
və istiqlaliyyətin müdafiəsi üçün
mücahid və mübarizlər düzəltməgə məşğuldurlar.
Yazıçılarımız, mühərrirlərimiz
bütün mahirlik və istedadlarını milləti
ayıltmağa, vətən müdafiəsi hissi oyatmağa,
dostunu və düşmənini tanımağa səy ediyorlar.
Natiqlərimiz xalqımızı ittihadə, birligə və
hökumət ətrafına toplanıb Azərbaycanı
qorumağa çağırıyorlar.
Bu təhlükə qarşısında qadınlar
bütün qüvvələrini toplamalı, səfərbərlik
halına gəlməlidirlər.
Təhlükənin acısını istibdad zamanı -
martdan sentyabra kimi hiss etmiş, dadmış olan xüsusən
Bakı türk qadınları bilməlidirlər ki, imdiki təhlükə
keçənkindən daha böyük əsarət və vəhşət
gətirir. Əgər kişilərimizin silah başına
qoşduğu bu vaxtda qadınlar da dəzgah başına, əsgərlərimizi
arxadan təmin etmək işinə qoşmasalar, tarix
qarşısında, məsul və mədənilər
qarşısında yenə "vəhşi” görünərlər.
...Əgər 28 May nümayişini Bakı türk
qadınları heç bir təşkilat tərəfindən,
hazırlıq olmadan icra etdisə, ümidvarıq ki, bu
işdə qadınlar cəmiyyəti tərəfindən hərəkət
olunsa, qadınlarımız atil (ətalətli) qalmazlar. Öz gənc
və zərif qüvvələrilə gənc vətənimizə
böyük xidmət edərlər” ("Azərbaycan” qəzeti,
1919, 10 iyun, ¹ 200).
Tarix vətən aşiqlərinə, millət
sevdalılarına müstəqil dövlət yaratmaq fürsəti
vermişdi. Onu qanları, canları bahasına quranlar hər
vasitə ilə qoruyub yaşatmağa, inkişaf etdirməyə
səy göstərirdilər. Belə bir
vaxtda cümhuriyyət hökumətinin təhsil məsələsinə
böyük əhəmiyyət verməsinin səbəbi də
bu idi. Universitet açmaq, milli kadrlar
yetişdirmək həm parlamentdə, həm də mətbuatda
qızğın müzakirə olunurdu. Çünki bu
məsələnin əleyhdarları da az
deyildi. Bəziləri öz fikirlərini belə
əsaslandırırdı ki, ölkədə yüksəksəviyyəli
mütəxəssislər olmadığı üçün
dərslərin rus dilində aparılması azərbaycanlılar
üçün çətinliklər yaradacaq. Universitet açılması məsələsini
qızğın müdafiə edən Mirzə Bala Məmmədzadə
"Darülfünun haqqında” adlı məqaləsində
təkliflərini irəli sürürdü:
"Darülfünun mütləqa... türkcə
olmalıdır. Başqa şöbələri
olmasa da, ədəbiyyat və tarix şöbəsini türkcə
aparmaq çətin deyildir. Bunun
olacağına ümid vardır.
...Gənclərdən,
tələbələrdən fəal millət və xəlq
xadimləri vücudə gətirmək üçün
hökumət tələbələrimizin milli tərbiyəsinə
ciddən əhəmiyyət verməlidir. İstər
Bakıda, istər Avropaya göndəriləcək indiki dilsiz
tələbələrimizdən ana lisanını, milli tarix və
ədəbiyyat bilməsi tələb olunmalıdır. Bu olmazsa, millət onun gətirəcəyi elmdən əsla
fayda görməz” ("Azərbaycan” qəzeti, 9 iyul, 1919).
Yüksəksəviyyəli milli kadrların
yetişdirilməsi üçün cümhuriyyət hökumətinin
bir qrup gənci xarici ölkələrə təhsil almağa
göndərməsi məsələsinə vətəndaş,
ziyalı məsuliyyəti ilə yanaşan Mirzə Bala Məmmədzadə
çox da uzaq olmayan tarixə nəzər salırdı. O, böyük qürurla
bildirirdi ki, üç il qabaq Avropaya əsir
bir ölkənin məhkum bir oğlu gedirdi, indi isə
müstəqil bir hökumət halındayıq. "Tələbələrimiz
haqqında” adlı məqaləsində yazırdı: "Həyatımız
dəyişmiş, cərəyan və tələbatı da
başqa hal almışdır. Bu gün
istiqlalımızı təmin etmək və onun içərisində
yeni bir həyat, mədəni bir dünya yaratmaq projesi
cızılmışdır.
...Avropaya
getmədən, mükəmməl ana dilini bilmək, milli
tarix, milli ədəbiyyat, milli mədəniyyət və həyat
haqqında məlumata malik olmaq lazımdır...
İstiqlaliyyətə kimi qayıdan tələbələrimizdə
çox şeylər - nöqsanlar və bəlkə həyatımız
üçün "zəhərli” gördük.
İlyaslar "Alyoşa” oldular, Məhəmmədlər
"Mişa” qayıtdılar. Vəlilərə
"Vladimir” deyildilər. Tələbələr
evlənib gəldilər.
Milli həyat ilə yaşamadılar. Bununla da xəlqimizi
"avropalılıqdan” ürkütdülər. Cəmaətimiz maarifi yanlış anladı, tərəqqidən
qaldı” ("Azərbaycan” qəzeti, 1919, 29 yanvar, ¹ 100).
O təəssüflənirdi
ki, ölkənin müstəqilliyi elan edilsə də,
dövlət quruculuğu sahəsində ilk addımlar
atılsa da, hətta parlament üzvləri arasında da milli
ruhdan uzaq olanlar var. Mirzə Bala Məmmədzadə öz məqalələrində
xalqının və dövlətinin azadlığını
sevən, qoruyan milli düşüncəni təbliğ
edirdi.
İstiqlal arzularının
çilikləndiyi tarix...
1920-ci
ilin 27 apreli... Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin
sonuncu fövqəladə gecə iclası... Hökumətin
bolşeviklərə təslim edilməsi təklifi müzakirəyə
çıxarılır. Azərbaycanın
müqəddəratı həll olunur. Hamı
həyəcan içərisindədir. Mirzə Bala Məmmədzadə
də, Cəfər Cabbarlı da son iclası kağıza
köçürməkdə çətinlik çəkirlər...
1920-ci ilin 28 aprel işğalından sonra bütün təhlükələri,
təhdidləri göz önünə alaraq Azərbaycanda
qalan vətən övladlarından biri də Mirzə Bala Məmmədzadə
oldu. O, Azərbaycan
Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçi
və orta məktəbdə müəllim işlədi.
Aprel işğalından sonra Cəfər
Cabbarlının Çəmbərəkənddəki evində
keçirilən gizli iclasda yaradılan gizli "Milli
müqavimət komitəsi”nin Mirzə Bala Məmmədzadə
rəhbəri, Əbdül Vahab Yurdsevər müavini, Cəfər
Cabbarlı isə baş katibi seçildi. 1923-cü ilədək
gizli mətbəədə "İstiqlal” qəzeti nəşr
edildi.
1922-ci ildə Bakıda Mirzə Balanın "Azərbaycan
türk mətbuatı” adlı tədqiqat əsəri
çapdan çıxdı. Bu, cümhuriyyət
dövrünün mətbuatı haqqında ilk sanballı əsərdə
1905-1917-ci illər arasında Azərbaycanda mətbuat, maarif, ədəbiyyat,
teatr və digər məsələlər
araşdırılmışdı.
O,
1924-cü il yazın sonunadək gizli fəaliyyət
göstərdi. Həmin ilin mayında
İranın Ənzəli şəhərinə getmək məcburiyyətində
qaldı. Oradan Tehrana, sonra Təbrizə yollandı. Bakı Politexnik Məktəbində təhsil
alması köməyinə çatdı. Bir müddət şose yolu çəkilişində
mühəndis-texnik işlədi. Cənubi
Azərbaycanda mühacirətdə qaldığı
1924-1927-ci illərdə Mirzə Bala mühacirlərin fəaliyyətinə
başçılıq etdi.
1927-ci ildə Türkiyəyə köçdü. İstanbul
Universitetinin Hüquq fakültəsinə daxil oldu.
Mühacirətdə də publisist kimi fəaliyyətini davam
etdirən Mirzə Bala Məmmədzadə "Yeni Qafqasiya”,
"Odlu yurd”, "Azərbaycan yurd bilgisi” jurnalları ilə
yaxından əməkdaşlıq etdi.
Vətənsiz ölmək
varmış...
Mirzə Bala Məmmədzadənin mühacir həyatı
da fırtınalarda keçdi. O, bir sıra ölkələrdə
vətənin azadlığı naminə
çalışdı. Məhrumiyyətlərlə dolu
mühacir həyatı, gərgin iş və qəlbində
heç zaman susmayan vətən harayı ömrünü zərrə-zərrə
əritdi.
Azərbaycandan gedəndə özü ilə bir intizar
aparmışdı. Bir də geri dönəcəkdimi? Ölkəsini yenidən azad, müstəqil görəcəkdimi?
Həsrətinin yaşı artdıqca onun
ömrü tükənirdi. Xəzərin ətrinə
bürünmüş o qumlu sahillərdə bir də gəzmək,
dəlisov küləkli havasını içinə çəkmək
üçün dözmək, tab gətirmək istəyirdi. Amma köksündə sızıldayan ürəyi
daha ağrılara qatlaşa bilmirdi.
1959-cu il martın 1-də Münxendən İstanbula
döndü. Ürək ağrıları
rahatlıq vermirdi. Mirzə Bala Məmmədzadənin
1898-ci ilin 24 mayında Bakının Zirə kəndində
başlanan ömür yolu son dayanacağına yetirdi...
Martın
8-də həyat yoldaşı Bəhirə xanıma və
müsavatçı İldəniz Qurtulana dedi:
"Ölürəm deyəsən, əlimi tut, İldəniz,
Bəhirə, yanımda dur. Vətən
torpağına ayaq basmadan ölmək varmış”. Mirzə
Bala Məmmədzadə can üstəydi. Onun gözlərində bu dünya özü boyda
intizara dönmüşdü. Bu, vətənin
bir gün yenidən müstəqil olacağından
nagümanlıq deyildi. Ömrünü
mühacirətdə başa vuran vətənpərvərlərimizin
əksəriyyəti kimi, o da bilirdi ki, Azərbaycanın azadlıq
günəşi bir gün yenidən parlayacaq. Mirzə
Bala Məmmədzadə görə bilmədiyi o günlərin
intizarı, son dəfə vətənin havasını ciyərlərinə
çəkə bilməməyin xiffəti ilə
vidalaşırdı bu dünya ilə...
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2018.- 11 sentyabr. -
S.1;5.