HAMIMIZIN QƏZETİ
...Milli Məclisin yaz sessiyasının son günləri
idi.
İclaslararası fasilədə deputatlardan bir neçəsi
ilə parlament binasının foyesində
yığışıb atüstü söhbətləşirdik.
Deputat həmkarım, "Azərbaycan” qəzetinin
baş redaktoru, yaxın dostum Bəxtiyar Sadıqov da orada idi.
Söhbət
gəldi çıxdı "Azərbaycan” qəzetinin 100
illik yubileyinin yaxınlaşmasına... Bu əlamətdar
məqamla bağlı erkən təbriklərini, ürək
sözlərini Bəxtiyar müəllimə və onun rəhbərlik
etdiyi yaradıcı kollektivə hərə bir cür
çatdırdı.
Fürsət düşmüşkən bir əsrlik
tarixə diqqət etdik. "Azərbaycan” qəzetinin 100 il əvvəl
nəşrə başladığı günə, o
dövrün tarixi şəraitinə hamılıqla qiyabi səyahətə
çıxdıq. Qəzetin ilk rəhbərlərindən,
müəlliflərindən bir neçəsinin
adlarını xatırladıq...
Kimsə
dedi, görün o vaxt bu nəşrin necə güclü
yazarları olub, qəzet nə qədər düşüncə
adamlarını öz səhifələrində bir araya gətirib.
Bəxtiyar müəllim özünəməxsus
təmkinlə gülümsünüb qayıtdı ki,
"bir dəqiqə gözləyin”.
O,
qovluğunu açıb sənədlərin arasından
ağ-qara bir şəkil çıxararaq mənə tərəf
uzatdı:
-
Hüseynbala müəllim, görün bu şəkildə
kimlər var?!
Pencəyimin döş cibindən eynəyimi
çıxardım. Şəkli alıb gözlərim
önünə tutdum. Nəzərlərimi
şəkildəki çöhrələrə zillədim və
onların kimliyini ilk baxışdan ayırd etməyə
çalışdım.
Bəxtiyar
müəllim qiymətli tapıntıya sahib jurnalist həvəsi
ilə dedi:
- Bu,
"Azərbaycan” qəzetinin ilk redaksiyasında
çalışmış insanların kollektiv fotosudur. Hələ görün şəkildəkilərin
hamısını tanıyacaqsınızmı?! Yox, yaxşısı budur, özüm onları
tanıdım.
O, qələmini
bir-bir fotodakı surətlər üzərində gəzdirib
onların kimliyini nişan verməyə
başladı:
-
Baxın. bu, Üzeyir Hacıbəylidir,
bu, Məhəmməd Əmin Rəsulzadə, bu, Seyid
Hüseyn... Hənəfi Zeynallı, Şəfi bəy
Rüstəmbəyli, Xəlil İbrahim...
Maraq hamıya güc gəldi, ətrafdakılar da fotonun
ətrafına toplaşdılar. Bəxtiyar müəllim
şəkildəkiləri göstərə-göstərə,
onların hər birinin qəzetdəki rolundan, "Azərbaycan”ın
səhifələrində dərc edilmiş yazılarından
da danışıb, müxtəsər məlumat verirdi.
Onun bələdçiliyi
ilə bir şəklin işığında yüz il əvvələ səyahətimiz davam etdikcə
hər kəs heyrətini, o fotodakı şəxsiyyətlərin
böyüklüyünə məftunluğunu bir cür ifadə
edirdi.
Şəkil
əldən-ələ keçdi...
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri, əziz dostum Eldar
İbrahimov şəkli alıb bir daha diqqətlə baxandan
sonra söylədi:
- Bəxtiyar
müəllim, belə çıxır, yüz il əvvəl o dövrün bütün
böyük şəxsiyyətləri elə bu qəzetdə
cəmləşibmiş ki... Bu, bütün fikir adamlarının
qəzeti imiş, deməli...
O an balaca bir hazırcavablıq etdim:
- Eldar
müəllim, "Azərbaycan” qəzeti tək yüz il əvvəl
yox, elə indi də hamımızındır, bizim qəzetimizdir.
Deməyə sözü olan hər kəsin qəzetidir...
Və
söhbət iştirakçılarının reaksiyasından
anladım ki, bu replika ilə, əslində, hər kəsin
100 yaşlı "Azərbaycan” qəzeti haqqında qəlbindən
keçənləri dilə gətirmişəm...
***
Əlifbanı
öyrənəndən bəri qəzet oxuyuram...
İlk oxuduğum qəzetlər heç bütöv qəzetlər
də olmayıb. Görərdin ki, haradansa bir qəzet parçası
keçərdi əlimə, orada nə yazılmasından
asılı olmayaraq höccələyə-höccələyə
başlayardım oxumağa...
Sovetin bir yaxşı cəhəti vardı ki, onda
hamı - ziyalı da, fəhlə də, kəndli də,
kolxozçu da mətbuata məcburi də olsa, abunə
yazılardı. Ən ucqar kəndlərə, ən uzaq
evlərə qəzet-jurnal gedib çıxardı. Hər qapıda mütləq poçt qutusu
olardı. Doğma poçtalyonların
doqqazımıza hər gəlişini intizarla gözləyərdim.
Bəzən gözləməyə hövsələm
çatmaz, özüm onun iş yerinə yüyürərdim...
Yeni qəzet
və jurnalların səhifələrindən saçan mətbəə
iyi burnumuza dolub bizi az qala təndirdən
yenicə çıxmış isti çörəyin ətri
qədər ovsunlayardı...
Ata-anamız
ağır iş gününün yorğunluğundan sonra qəzetləri
gözdən keçirər, bəzən hansısa maraqlı
materialı hamı eşitsin deyə ucadan oxuyardılar.
Kommunist-sovet mətbuatı qəlibləri çərçivəsində
fəaliyyət göstərən sovet qəzetlərində
maraqlı materialların sayı o qədər çox
olmazdı, düzdü... Amma yenə də
oxumaq üçün nələrsə tapılırdı.
Bir də görürdün, qəzetlərdən
biri hansısa xarici ölkədəki qeyri-adi hadisə
haqqında yazıb. Yaxud bəzən səs-küylü
cinayət hadisələrinin təfərrüatları
işıqlandırılardı. Qəzet
çıxandan sonra, görərdin, hamı bu barədə
danışır.
Uşaq vaxtlarımdan bədii mövzular diqqətimi daha
çox çəkirdi. Bu mövzuda materialları, qəzetlərdə-jurnallarda
dərc edilmiş kiçikhəcmli bədii əsərləri
acgözlüklə oxuyardım. Oxuyandan sonra isə
özüm də belə cızmaqaralar etməyə can
atardım. Əgər müəlliflərdən
hansısa biri həmyaşıdım olardısa, onda heç
özümə yer tapmazdım. Elə bilərdim ki,
dünyada qəzetdə yazının dərc edilməsindən
böyük xoşbəxtlik ola bilməz.
Təsadüfi
deyil ki, ilk yazım cəmi 9 yaşım olanda dərc olunub, özü
də ümummilli qəzet statusunda olan "Azərbaycan
pioneri”ndə...
Beləliklə, özüm də hiss etmədən
çox erkən yaşlardan qəzet oxuma və qəzetə
məqalə yazma vərdişim formalaşdı. Bu xoş
alışqanlıq sinnimin indiki vədəsinə qədər
gündəlik həyatımı tərk etməyib. İndi də hər gün masamın üzərində
qalaq-qalaq qəzetlər olur. Nə qədər
darmacallıq olsa da, onları ən azı bir-bir vərəqləyirəm.
Vaxtdan asılı olaraq qəzetlərin bəzən
bir neçə səhifəsini gözdən keçirirəm.
Bəzən diqqətimi çəkən yazıları, bəzənsə
maraqlı gələn imzaları oxuyuram...
Əgər
kimsə soruşsa ki, dünyanın ən gözəl
zövqü nədir, cavab verərəm ki, vaxtının
rahat, asudə vədəsində maraqlı materiallarla bol bir qəzeti
masanın üzərinə sərib mürəbbə ilə
pürrəngi çay içə-içə, heç yana,
heç yerə tələsmədən onu əvvəldən
sona qədər oxuyub bitirməkdir bu...
Qəzetlərin hamısı qəlbimə
doğmadır. Nə yazmasından, necə yazmasından, kimin
üçün yazmasından, nələrə
toxunmasından, yazılanlarla
razılaşıb-razılaşmamağımdan asılı
olmayaraq hər qəzet mənim üçün xoş dəyərdir...
Hər dəfə masamın üstündəki qəzet
qalaqlarını görəndə sanki öz əzizimi
görürəm. Onlardan gələn xüsusi ətir, qəzet vərəqlərinin
rəngi, xışıltısı ruhumu əsrarəngiz bir
aləmə aparır...
***
Bu qəzetinsə
ürəyimdəki yeri bir ayrıdır...
"Azərbaycan” qəzeti mənə digər mətbuat
orqanlarından azı on köynək yaxındır. Yəqin, başqa cür də
ola bilməz...
Axı özüm də bu qəzetin fəal müəlliflərindənəm. Ayda azı bir
dəfə bu qəzetdə yazılarım çıxır.
Hər dəfə yeni əlyazmamı redaksiyaya
göndərəndən sonra "Azərbaycan”ın növbəti
günlərdəki sayını səhərlər həyəcanla
vərəqləyirəm. Öz imzamı
axtarıram. Məktəbli ikən "Azərbaycan
pioneri” qəzetində ilk məqaləmin, sonralar hekayələrimin
dərc olunduğu anların həyəcanını yenidən
yaşayıram...
Çox qəribədir, o vaxtdan bəri qəzetlərdə,
jurnallarda qalaq-qalaq yazılarım, irihəcmli bədii əsərlərim,
ölkəmizdə və xaricdə onlarla yeni kitabım nəşr
olunub. Amma qəzetin hər yeni nömrəsində öz
yazını görmək yenə də bambaşqa hisdir.
Bu, elə bir duyğudur ki, ömründə heç olmasa
bircə dəfə qəzetdə yazısı dərc edilməyən
adam onu yaşaya bilməz...
"Azərbaycan” qəzetindəki müntəzəm
yazılarım bu həyəcanın əsrarəngiz
dünyasından uzaq qalmamaq istəyimdir. Özümün
özümə yaradıcı hesabatımdır. Qələmin
hələ ovxardan düşmədiyini, yazıb-yaratmaq
şövqümün zərrə qədər də olsun öləzimədiyini
özümə sübutumdur...
Ona
görə də illərdir "Azərbaycan” qəzetinin fəal
müəllifi olaraq qalıram...
Hərçənd, hər dəfə bu statusumu
vurğulayanda əziz dostum Bəxtiyar müəllim zarafatla
mütləq zəruri redaktor düzəlişini edərək
deyir ki, Hüseynbala müəllim, siz daha bu qəzetin fəal
müəllifi deyilsiniz. Siz də artıq redaksiyamızın bir
üzvüsünüz. Siz də bizim
birimizsiniz. Fərqiniz bircə budur ki, redaksiyadakı səhər
"letuçka”larına, aylıq planlaşdırmalara gəlmirsiniz
və bir də yazılarınıza görə redaksiyadan
qonorar istəmirsiniz...
Ölkənin
ən nüfuzlu qəzetinin məni özünə belə
yaxın bilməsi ürəyimdə böyük qürur
hissi doğurur...
***
Bu qəzet
mənim üçün bir tribunadır...
Oxucularıma
ürək sözlərimi, müstəqil dövlətimizin
nailiyyətləri, müasir inkişaf meyilləri ilə
bağlı düşüncələrimi
bölüşürəm bu qəzetdə...
Hansısa məsələlərlə bağlı
öz vətəndaş mövqeyimi ortaya qoymağa
çalışıram. Müxtəlif
mövzularda ictimai müzakirələrə qoşuluram.
Orasını da deyim ki, bu qəzetdə işıq
üzü görən yazılarım təkcə
günümüzün nailiyyətlərinin tərənnümündən,
inkişaf meyillərinin təbliğindən ibarət olmur. Bəzən cəmiyyətimizdəki
hansısa xoşagəlməz cəhətləri,
düşüncələrimi narahat edən məqamları tənqid
də edirəm. Çalışıram
ki, bu tənqidlərimdə qərəz, qeyri-obyektivlik
olmasın. Tənqid xırda
mövzuları deyil, cəmiyyətimizin bugünü və gələcəyi
baxımından fundamental məsələləri əhatə
etsin. Ən əsası isə, mövcud problemlərdən
çıxış yolu üçün müəyyən
bir yol da göstərə bilsin, ağlabatan təkliflər
versin...
Və "Azərbaycan” qəzeti tərənnüm məzmunlu
yazılarıma yer ayırdığı kimi, tənqidi fikirlərimə
də böyük məmnuniyyətlə yer verir. Ayrı-ayrı
mövzularda düşüncələrimin, qələmə
aldığım mövqeyin daha geniş auditoriyaya
çatmasına kömək göstərir.
Bu qəzetdə çıxan, demək olar ki, hər
yazıma çoxsaylı reaksiyalar alıram. Müxtəlif
insanlar telefon zəngləri ilə, rastlaşanda üzbəsurət
söhbətlərlə yazılarıma fikir bildirirlər.
İndiyə qədər "Azərbaycan” qəzetində
dərc olunmuş yazılarıma görə ölkənin
dövlət strukturlarının ən yüksək səviyyələrində
təmsil olunan şəxslərdən tutmuş ucqar kəndlərdə
yaşayan sıravi insanlarımıza qədər ən fərqli
ünvanlardan zənglər qəbul etmişəm. Yazılarımla bağlı fikir və rəylərini
çatdırıblar. Bəzən təbrik
ediblər, bəzən hansısa məqamlarla bağlı təkliflərini
veriblər, arzu və istəklərini dilə gətiriblər.
Bu da qəlbimi fərəh hissi ilə doldurub
ki, insanlarımız bu qəzeti oxuyurlar, bu sətirlərin
müəllifini oxuyurlar.
Və belə
bir imkanı müəllifə 100 yaşlı "Azərbaycan”
qəzeti yaradıb...
***
100
yaş bir mətbuat orqanı üçün çox
böyük tarixdir...
"Azərbaycan” qəzetinin bir əsrlik fəaliyyət
dövrü isə təkcə bir qəzetin ömrü deyil. Bu, milli
dövlətçilik salnaməmizin şərəf səhifəsini
təşkil edən Azərbaycan Xalq Cümhuriyyəti
tarixinin çox böyük bir parçasıdır.
Daha
doğrusu, "Azərbaycan” qəzeti elə bu tarixin
özüdür...
Əgər cümhuriyyət dövründə nəşr
olunan mətbuat orqanlarının, ən əsası da
dövlətin gördüyü bütün işləri,
cümhuriyyət qurucularının fikir və rəylərini
işıqlandıran "Azərbaycan” qəzetinin
saralmış səhifələri olmasaydı, o günlərdən
bugünümüzə nələr gəlib
çıxardı ki?!
Azərbaycan Xalq Cümhuriyyəti xalqımıza
çox dəyərli yadigarlar bəxş edib. Onlardan biri də
məhz "Azərbaycan” qəzetidir.
Tarixə səyahətimizi azacıq davam etdirək. Qəzetin nəşri barədə
yeni hökumətin müzakirə və qərarlarından
sonra "Azərbaycan”ın ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə şəhərindəki
Yelizavetpol qubernatorunun mətbəəsində işıq
üzü gördü.
Ona qədər də "Azərbaycan” adlı mətbuat
orqanlarının nəşri təşəbbüsündə
bulunanlar olmuşdu. Hələ 1891-ci ildə "Kəşkül”
bağlandıqdan iki ay sonra Ünsizadə qardaşları - əvvəlcə
Cəlal, sonra Kamal bu adda qəzetin nəşrinə icazə
almaq məqsədilə Baş mətbuat idarəsinə
müraciət edərək rədd cavabı
almışdılar.
1906-cı ildə "Molla Nəsrəddin”
jurnalının təsiri ilə Təbrizdə "Azərbaycan”
adlı satirik jurnal fəaliyyətə
başlamışdı. 1918-ci ildə isə Bakıda İran
demokratlarının "Azərbaycan” adlı qəzeti nəşr
edilirdi. Amma 100 illik tarixə çevrilmək
məhz bugünkü "Azərbaycan”ın, müstəqil
dövlətimizin rəsmi dövlət qəzetinin qismətinə
yazıldı.
Qəzetin ilk nömrəsi A-3 formatda, dörd səhifə
həcmində, iki dildə çıxmış, iki səhifəsində
Azərbaycan, digər iki səhifəsində isə rus dillərində
materiallara yer ayrılmışdı. Bu qəzet mətbuat
dünyasına xalqın intizarında olduğu böyük qələbənin
müjdəçisi kimi gəldi. Qəzetin
ilk nömrəsi Nuru paşanın komandanlığı ilə
Qafqaz İslam Ordusu və milli hərbi hissələrimizin
Bakını bolşevik-daşnak işğalından azad edərək
qalibiyyətlə şəhərə daxil olması barədə
xəbərlərlə, təbrik teleqramları ilə
açıldı.
***
Xəyalım
müxtəlif ünvanlarda dolaşır:
Gəncə
şəhəri, Bulatov küçəsindəki 26 nömrəli
ev...
Kolyubakinski
(indiki Nigar Rəfibəyli) küçəsindəki Adamovlara
məxsus yaşayış binası...
Vorontsovski
və Qubernski küçələrinin küncündə 4
nömrəli ev (indiki İslam Səfərli
ilə Nizami küçələrinin kəsişməsində
yerləşən, 1867-1895-ci illərdə milyonçu
Montaşevin sifarişi ilə tikilmiş, İtaliya
memarlıq üslubunu özündə yaşadan üçmərtəbəli
yaşayış binası)...
İndi bu ünvanlarda kimlər yaşayır, hansı
qurumlar fəaliyyət göstərir, fərqində deyiləm. Amma bu
ünvanların hər biri "Azərbaycan” qəzetinin səhifələrində
tarixiləşib. 1918-ci ildən 1920-ci ilə
qədər qəzet bu ünvanlarda fəaliyyət göstərib.
İndi isə Bakı şəhəri, Mətbuat
prospekti, 529-cu məhəllə ünvanında yerləşən
"Azərbaycan” nəşriyyatının əzəmətli
binasının 2-ci və 4-cü mərtəbələrində
öz şərəfli fəaliyyətini, öz şərəfli
tarixini davam etdirir.
Bunlar qəzetin yerləşdiyi, əməkdaşların
bütün çətinliklərə, maddi-texniki problemlərə,
əziyyətlərə rəğmən vaxtında
oxucuların görüşünə gəlmək
üçün gecə-gündüz
çalışdıqları fiziki ünvanlardır.
Yarandığı gündən bəri "Azərbaycan”
qəzetinin bir mənəvi ünvanı da olub. Bu, milli düşüncədir,
Azərbaycan məfkurəsidir...
Və
fiziki ünvanların bir-birini əvəz etməsinə rəğmən,
qəzet öz məsləkini heç zaman heç nəyə
dəyişməyib...
***
"Azərbaycan”
qəzeti 1875-ci ildə böyük Həsən bəy Zərdabinin
"Əkinçi” qəzeti ilə əsasını
qoyduğu milli mətbuat tariximizin yetişdiyi çox
böyük hədəfdir...
Çünki Azərbaycan Xalq Cümhuriyyətinin
özü XIX əsrin ikinci yarısından, xüsusən
"Əkinçi”dən geniş vüsət almış
maarifçilik hərəkatının, mətbu sözün
vücuda gətirdiyi təsisat idi. "Azərbaycan” qəzetini
də çox gənc yaşlarından publisist kimi fəaliyyət
göstərən, cəmiyyətdəki yüksək
nüfuza mətbu sözün qüdrəti hesabına
yetişən cümhuriyyət qurucularımız
yaratmışdılar.
Onlar mətbuatın mütərəqqi fikirləri ifadə
etmək, milləti tərəqqiyə çatdıracaq yola səsləmək,
düşmənlərinə iradələrini göstərmək
üçün ən gərəkli vasitə, mötəbər
tribuna olduğunu yaxşı bilirdilər. Odur ki,
hökumətin siyasi kursunu xalqa izah edən mətbuat
orqanı yaratmağı ilk gündən ən mühüm məsələlərdən
biri kimi müəyyənləşdirmişdilər.
"Azərbaycan”
qəzeti belə yarandı və bu qəzet ilk milli qəzetimizdən
- "Əkinçi”dən başlayan, "Ziya” və
"Ziyayi-Qafqaziyyə”dən, "Kəşkül”dən,
"Şərqi-Rus”dan, "Molla Nəsrəddin”dən,
"Həyat”dan, "İrşad”dan, "Füyuzat”dan,
"Tərəqqi”dən, "Kaspi”dən, "İqbal”dan,
"Açıq söz”dən, "Dirilik”dən, "Təkamül”dən...
və daha neçə-neçə mətbuat orqanından
keçib gələn yolun zirvəsi oldu...
Dövrün tanınmış ziyalılarını,
ictimai-siyasi xadimlərini, millət fədailərini ətrafına
topladı.
Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli
qardaşları, Məhəmməd Əmin Rəsulzadə,
Mirzəbala Məmmədzadə, Şəfi bəy Rüstəmbəyli,
Xəlil İbrahim, Əhməd Cavad, Firidun bəy
Köçərli, Ömər Faiq Nemanzadə, Cəfər
Cabbarlı, Məhəmməd Hadi, Seyid Hüseyn,
Ummugülsüm Sadıqzadə, Şəfiqə Əfəndizadə,
Əliabbas Müznib, Məmməd Sadıx Axundzadə, Əli
Yusif, Əli Şövqi, Yusif Vəzir Çəmənzəminli,
Fərhad Ağazadə, Abdulla Şaiq, Abbas Səhhət, Adil
xan Ziyadxanov, Məhəmməd ağa Şahtaxtlı, Hacı
İbrahim Qasımov, Nağı bəy Şeyxzamanlı, Nəsib
bəy Yusifbəyli, Hüseyn Bayqara, Əmin Abid, Behbud ağa
Şahtaxtinski, Həmid bəy Şahtaxtinski və
başqalarının məqalələri, şeirləri,
elmi-publisistik yazıları bu qəzetin səhifələrində
işıq üzü görürdü.
Milli mətbuat
tariximizin heç bir dövründə elə bir qəzet,
jurnal təsəvvür etmək mümkün deyil ki, eyni
vaxtda bu qədər düşüncə adamının ortaq
tribunası olsun...
Milləti
aydın gələcəyə yönəldən bu qədər
fikir sahibinin tribunasına çevrilsin...
"Azərbaycan” qəzeti həm də buna görə
dəyərlidir.
***
"AZƏRBAYCAN”
AZƏRBAYCANIN BAŞ QƏZETİDİR.
İlk növbədə ona görə ki, status etibarilə
rəsmi dövlət qəzetidir. Azərbaycanda belə
bir statusu daşıyan ikinci qəzet yoxdur.
Digər
tərəfdən, "Azərbaycan” qəzeti toxunduğu
taleyüklü məsələlər, təqdim edilən
mövzuların işlənmə tərzi, mətnlərin
peşəkarlığı, dil-üslub mükəmməlliyi
və s. cəhətlərdən də baş qəzetdir...
Bilirik ki, jurnalistikanın da ədəbiyyat kimi, elm kimi
öz qəlibləri, ülgüləri, normaları var. Bədii
publisistika müxtəlif janrlara bölünür. Hərəsinin
də öz peşəkarlıq sirləri. Belə incəliklərdən ancaq bu sahənin
biliciləri baş çıxara bilər. Jurnalistika, publisistika bütün bunlarla gözəldir,
rəngarəngdir, təsiredici və yaddaqalandır.
Əfsuslar olsun ki, indi əliqələmli qeyri-peşəkarların
çoxluq təşkil etdiyi jurnalistika mühitimizdə belə
məqamlara fikir verən azdır. Ona görə mətbuatımızın
dadı-duzu qaçıb. Əksər mətbu mətnlər
eyni qəlibdən çıxmış çiy kərpic
kimi bir-birini təkrarlayır: bozdur, maraqsızdır, insan
hislərini dilə gətirə bilmir. Bir xəbər
saytını, qəzeti nəzərdən keçirdinsə,
elə bil hamısını oxuyub başa vurmusan.
"Azərbaycan”
qəzeti isə bunların heç birinə bənzəmir...
Universitetlərimizin
jurnalistika fakültələrində təhsil alan
tələbələr bu qəzeti rahatlıqla
qarşılarına qoyub informativ janrlar, analitik janrlar, bədii-publisistik
janrlar bir-birindən necə fərqlənir, - öyrənə
bilərlər. Oçerk necə yazılmalıdır,
zarisovka, esse necə işlənməlidir, yol qeydləri, məktub,
felyeton, pamflet və s. necə qələmə
alınmalıdır, - bu sənət sirlərinin
hamısını "Azərbaycan” qəzetindəki rəngarəng
mətnlərdən mənimsəmək olar.
Bütün bunlar Azərbaycan və ümumilikdə
dünya jurnalistikasının yüzillərlə
formalaşmış peşəkarlıq ənənələridir. "Azərbaycan” qəzeti
bu ənənələri çox uğurla davam və
inkişaf etdirən məktəbdir...
İndiyə qədər bu məktəbdə nə qədər
peşəkar yetişib. Qələmini,
yaradıcılığını burada püxtələşdirib.
Necə deyərlər, sənətin içində
bişib.
100 il əvvəl yaşayıb-yaratmış,
xalqın istiqbalı yolunda ömrünü şam kimi əritmiş
yazarları kimi, "Azərbaycan” qəzeti bu gün də
öz yazılarında tarixlə müasirliyi tutuşdurur,
xalqımızın milli dövlətçilik
duyğularına xitab edir, ənənə və müasirlik
işığında vətənimizin aydın gələcəyinə
yol göstərir.
Bir əsr əvvəlin "Azərbaycan”ı kimi, o yenə
bizə öz şanlı keçmişimizi, milli-mənəvi
dəyərlərimizi xatırladır. Amma öyərək,
"qəhrəmansan”, "səndən yoxdur” deyərək
bizi arxayın da salmır. Milləti öz
tarixindən öyrənməyə, qürurverici səhifələrindən
dərs almağa, yanlışlarından və başına gətirilən
müsibətlərdən nəticə çıxarmağa,
sükunəti, ətaləti, xurafatı özünə
yaxın buraxmayaraq sabahına doğru əmin addımlarla irəliləməyə
səsləyir.
Həm də bütün bunları yazan, göstərən,
diqqətə çatdıran təkcə qəzetin öz
yaradıcı kollektivi deyil. Əlbəttə,
onlar da öz yaradıcı vəzifələrini yüksək
peşəkarlıqla, vicdanla, vətənpərvərliklə
yerinə yetirirlər. Kollektivin
yaradıcı əməyi ilə yanaşı, "Azərbaycan”
qəzeti cəmiyyətdə yüksək nüfuza malik, deməyə
sözü olan və dediyi söz geniş auditoriya tərəfindən
qəbul edilən ziyalılarımızı da müəllif
kimi əməkdaşlığa cəlb edir. Onların yazılarına geniş yer verir. Ziyalılarımız arasında hər hansı
milli ideyalar, strateji hədəflər, mövcud problemlər və
onların həlli yolları üzrə polemikaların
alınmasına, ictimai müzakirələrin
aparılmasına kömək göstərir. Beləliklə, cəmiyyətdə sağlam, keyfiyyətli
düşüncə mühiti yaradır.
Bu mənada qəzet bir əsrlik missiyasına hər
zaman sadiqdir.
***
"Azərbaycan” qəzeti ötən 100 ildə
çox böyük inkişaf yolu keçib. Mühüm
yaradıcılıq nailiyyətləri qazanıb. Bu inkişafın, nailiyyətlərin əhəmiyyətli
bir hissəsi son 15 ilə, Bəxtiyar Sadıqovun bu qəzetə
rəhbərliyi dövrünə aiddir. Bəxtiyar
Sadıqov dəyərli deputat həmkarımdır, yaxın
dostumdur, uzun illərdən bəri Azərbaycan oxucusunun qəlbini,
düşüncələrini, diqqətini fəth etmiş
imzadır. Həm sovet jurnalistikasının müsbət
ənənələrini, həm müstəqil jurnalistika təcrübəsini
öz peşəkarlığında bir araya gətirmiş
gözəl publisistdir, çox mükəmməl, usta qələm
sahibidir...
Və
bütün bunlarla bahəm o həm də çox ciddi
redaktordur...
Yazıdan
anlayan, mətnin ruhunu duyan, səhifə-səhifə
yazılar içindəki hər hansı haram sözü, qəlp
kəlməni dərhal gözü alan qəzetçidir...
"Azərbaycan”
qəzeti ilə müntəzəm əməkdaşlıq təcrübəmdə
özüm buna dəfələrlə şahid olmuşam: hər
hansı yazımla bağlı onun gün ərzində mənə
bəlkə dörd-beş dəfə zəng etdiyi olub. Əlyazmalarımı oxuyaraq hansısa məqamlarla
razılaşmayıb. Yaxud təkliflər
verib ki, bəlkə bu hissəni belə yox, başqa cür
verək, bəlkə bu hissəni çıxaraq, yaxud bəlkə
yazıya belə bir əlavə edək?!
Razılaşmışam, yazını bir də qəzetdə
oxuyanda görmüşəm ki, Bəxtiyar müəllimin
redaktəsindən sonra gözəl bir binanın hörgü
daşları kimi, mətndəki sözlər, cümlələr,
abzaslar, ən əsası isə fikirlər necə də səliqəli
şəkildə öz yerinə bənd olub...
O, eyni
ciddiyyəti qəzetdə gedən bütün yazılara
münasibətdə qoruyur...
Zatən,
"Azərbaycan” qəzetinin uğurlarının bir sirri də
elə bu ciddiyyətindədir, ona peşəkar insanın rəhbərlik
etməsindədir...
***
Oxucuların bu qəzetə inam və güvəni,
ictimai rəydə qazandığı yüksək nüfuzla
"Azərbaycan” qəzetinin fəaliyyəti, dövlətimizə
xidmətləri hər zaman öz layiqli qiymətini alıb.
Xalqımızın ümummilli lideri Heydər
Əliyevin dövlətçilik irsini ölkə mediasının
inkişafı sahəsində də davam etdirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
yürütdüyü siyasətə uyğun olaraq digər
kütləvi informasiya vasitələrimiz kimi, "Azərbaycan”
qəzeti də dövlətimizin diqqət və
qayğısı ilə əhatə olunub.
Ulu öndər Heydər Əliyevin "Azərbaycan” qəzetinin
kollektivinə 1994-cü ilin 6 dekabr tarixində qəzetin
1000-ci nömrəsinin nəşri, həmçinin 1998-ci ilin
15 sentyabrında qəzetin 80 illik yubileyi münasibətilə
ünvanladığı təbrik məktubları bu mətbu
orqanın 100 illik tarixinin parlaq səhifələridir.
Heydər
Əliyevin redaksiyaya ilk məktubunda yazılır:
"Əsası 1918-ci ildə qoyulmuş "Azərbaycan” qəzeti
müstəqil dövlətçilik tariximizdə öz yeri
olan nəşrlərdəndir. Vaxtilə Azərbaycan Demokratik
Respublikasının rəsmi qəzeti kimi nəşr
olunmuş "Azərbaycan” xalqımızın istiqlal
mübarizəsində mühüm xidmətlər göstərmişdir.
Məlum tarixi səbəblər üzündən ADR
kimi, "Azərbaycan” qəzetinin də ömrü uzun
olmamışdır. Xalqımız əsrin əvvəllərində
itirdiyi müstəqilliyini əsrin axırlarında bərpa
etdiyi zaman "Azərbaycan” qəzeti də yenidən fəaliyyətə
başladı və müstəqil Azərbaycan
Respublikasının rəsmi dövlət qəzeti kimi ictimai
həyatda layiqli yerini tutdu”.
Ulu
öndərin məktubunda 1994-cü ilin məlum ictimai-siyasi
reallıqlarına istinadən yazılır ki, müstəqilliyimizə
düşmən kəsilmiş daxili və xarici qüvvələr
öz çirkin məqsədlərinə nail olmaq
üçün bu gün də azğın niyyətlərindən
əl çəkmirlər: "Məlum oktyabr hadisələri
onların mürtəce təbiətini bir daha
aşkarladı. Amma Azərbaycan xalqı
yekdilliklə ayağa qalxaraq öz qanuni Prezidentini, müstəqil
dövlətçiliyini müdafiə etdi. Fərəhli
haldır ki, həmin həlledici məqamda "Azərbaycan” qəzeti
öz sayıqlığını bir an
belə itirmədi”.
***
Heydər
Əliyevin "Azərbaycan” qəzetinin 80 illiyi münasibətilə
ifadə etdiyi aşağıdakı fikirlər də bu qəzetin
milli mətbuat tariximizdəki yeri və roluna dəyərli
qiymətdir: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
rəsmi orqanı kimi fəaliyyətə başlamış
"Azərbaycan” qəzeti yarandığı gündən
milli-azadlıq mübarizəsinin ön sırasında addımlamış,
xalqımızın çoxillik arzu və istəklərinin
ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin,
ictimai-siyasi ideallarının formalaşması işinə
önəmli töhfə vermişdir. 1991-ci ildə
yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini
bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata
keçirilməsində fəal surətdə iştirak
etmişdir. Ölkəmizin mütərəqqi
mətbuat ənənələrini ləyaqətlə davam
etdirən "Azərbaycan” qəzeti bu gün
demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin
edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri,
ölkəmizdə hüquqi dövlət və vətəndaş
cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata
keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş
həmrəyliyi və milli birliyin yaradılması sahəsində
aparılan məqsədyönlü işlər və
ictimai-siyasi proseslər qərəzsiz
işıqlandırılır.
Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi
və azad, demokratik cəmiyyət qurulması işində
ölkəmizin digər mətbuat orqanları kimi, "Azərbaycan”
qəzetinin də üzərinə böyük vəzifələr
düşür. İnanıram ki, fəaliyyət göstərdiyi
bütün dövrlərdə öz yüksək
amallarına dönməz sədaqət göstərmiş
"Azərbaycan” qəzetinin kollektivi bundan sonra da
respublikamızda baş verən həqiqətlərin geniş
ictimaiyyətə çatdırılmasında, dünyaya
yayılmasında yüksək professionallıq, obyektivlik,
prinsipiallıq, əsl dövlətçilik və vətəndaş
mövqeyi nümayiş etdirərək xalqımızın
mütərəqqi mətbuat ənənələrini layiqincə
davam etdirə biləcəkdir”.
Ulu öndərin məktubunda ölkəmizin
adını daşıyan bu qəzet demokratik, milli dövlətçiliyimizin
yaşıdı kimi təqdim olunur.
Böyük
öndərin "Azərbaycan” qəzetini yaşayan ənənələri
və müasir inkişaf səviyyəsi ilə birlikdə dəyərləndirməsi
bütövlükdə ölkəmizdə baş verən
ictimai-siyasi proseslərdə, tarixin çətin sınaq məqamlarında,
irəliyə doğru inkişafda dövlət mətbuatının
vəzifələrini, rolunu və əhəmiyyətini müəyyən
edən mühüm tarixi əhəmiyyətə malik olan
konsepsiyadır...
Və
bunların hər biri böyük bir tarixdir, 100 illik
ömrün hekayətləridir...
***
Zaman bu qəzetin
səhifələrində əbədiləşir...
Anlar
burada tarixə çevrilir...
Dəyərlər
burada gələcək nəsillər üçün
qorunur...
İndi onlayn medianın inkişafı dövründə qəzetlərin gələcəyi ilə bağlı tez-tez müəyyən tərəddüdlər eşidirik. Əlbəttə, onlayn medianın da, qəzetin də öz yeri var. Mənə görə müasir insan onlayn medianın aramsız sürətindən usanandan sonra bütün dünyada qəzet bir retro effekti ilə geri dönəcək. Üstəlik, onlayn media belədir ki, nə qədər etibarlı şəkildə qoruyursan qoru, yenə də hansısa texniki səbəblərdən onillərin arxivi bir an içində qeybə çəkilə bilər. Qəzetin saralmış səhifələrində isə dövrün ruhu, vaxtın özü haqqında monoloqu əbədi yaşayır.
Onun yaddaşını heç nə, heç kim məhv edə bilməyib...
Təsəvvür edin, bolşevik rejimi cümhuriyyət qurucularına qarşı ən amansız addımlar atıb. Cümhuriyyət tarixini unutdurmaqdan ötrü aramsız repressiyalar həyata keçirib. Amma o dövrdə çıxmış "Azərbaycan” qəzetinin əksər nüsxələri arxivlərdə qalır. Şərqin ilk demokratik respublikasının işığını, ruhunu, hərarətini günümüzə yetirir...
Bir dəfə, milli mətbuatımızın canlı əfsanələrindən biri, cümhuriyyət dövrünün fədakar tədqiqatçılarından olan professor Şirməmməd Hüseynovun belə bir söhbətinə şahid oldum. O dedi ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixini araşdırmaq üçün ən ciddi, mükəmməl, etibarlı qaynaq məhz o dövrdə çıxmış "Azərbaycan” qəzetidir...
Düşünürəm ki, əsrlər sonra Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisinin - müstəqil Azərbaycan dövlətinin bugünkü günlərini, çətin sınaqlar qarşısında qazanılan misilsiz nailiyyətlərini, arzu və amallarını öyrənmək üçün ən ciddi, mükəmməl, etibarlı qaynaq yenə də "Azərbaycan” qəzeti olacaq...
Belə bir dəyərdə imzanın, imzamın görünməsindən də böyük qürur olarmı?!
Təbriklər, hamımızın sevgi dolu evi, hamımızın mənəvi ocağı, hamımızın qəzeti...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Azərbaycan.-2018.- 12 sentyabr.- S.1;3.