15 ilə
250 milyard dollar sərmayə, 44,3 milyard
valyuta ehtiyatı
İlham
Əliyevin yeni inkişaf konsepsiyası əsasında Azərbaycan
MDB-də ən rəqabətədavamlı iqtisadiyyat qurub
Ötən
həftə ABŞ-ın Beynəlxalq Anlaşma
üçün İşgüzar Şurasının (BCIU) və
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
(İİTKM) birgə təşkilatçılığı
ilə Bakıda təşkil olunan "Azərbaycan Rəqabətlilik
Forumu 2018”də ölkəmizin son illərdə
qazandığı nailiyyətlər və iqtisadi yüksəliş
müzakirə mövzusu olub.
Forumda
qeyd edilib ki, Prezident İlham Əliyevin uzaqgörən iqtisadi
siyasəti sayəsində Azərbaycanda əlverişli biznes
mühiti yaradılıb, investisiyaların cəlb olunması
üçün çox mühüm qərarlar qəbul edilib,
ciddi addımlar atılıb, həmçinin aqrar sektorda
yüksəliş bəzi ölkələr üçün
nümunə olub.
Möhkəm təməl üzərində
qurulan inkişaf strategiyası
Son illərdə
Prezident İlham Əliyevin dünya ölkələrinin
qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi,
müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal,
emal, infrastruktur sahələrinin yaradılması istiqamətində
verdiyi göstərişlər, tapşırıqlar Azərbaycan
iqtisadiyyatının daha da şaxələnməsini təmin
edib, eləcə də xarici investisiyaların ölkəmizə
cəlb edilməsi üçün möhkəm təməl
yaradıb. Dövlət
başçısının yeni iqtisadi konsepsiyasına
uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi,
qeyri-neft ixracının artırılması üzrə
kompleks tədbirlər görülüb.
Yeni "Əsrin müqaviləsi”nin imzalanması,
Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə
başlaması, "Cənub qaz dəhlizi”nin
açılışı ilə ölkəmizə
milyardlarla dollar həcmində yeni sərmayələr
yatırılacaq.
Cənab
İlham Əliyev bu uğurları dəyərləndirərkən
vurğulayıb ki, Azərbaycan dövlətinin hər bir sahə
üzrə konkret proqramları, planları, eyni zamanda
güclü siyasi iradəsi, böyük maliyyə
resursları var: "Biz bu maliyyə resurslarını öz əlimizlə
yaratmışıq və biz indi öz hesabımıza
yaşayırıq”.
Bir
zamanlar kredit alan, enerji idxal edən Azərbaycanın
15 il ərzində kredit verən və enerji ixrac edən
dövlətə çevrilməsi həqiqətən tarixi
nailiyyətdir. İlham Əliyevin söylədiyi kimi, son 15 il ərzində iqtisadi inkişaf
baxımından Azərbaycan qədər sürətlə
inkişaf edən ikinci ölkə olmayıb.
Əlverişli investisiya mühiti
xarici sərmayələrin həcmini hər il
artırır
Forumda
çıxış edən Baş nazirin birinci müavini
Yaqub Eyyubov son illərdə Azərbaycanda yaradılan
investisiya mühiti, ölkəmizin iqtisadiyyatına
yatırılan daxili və xarici sərmayələrin həcmi,
eləcə də respublikamızın xarici investisiyaları
barədə ətraflı məlumat verib. Bəlli
olub ki, 2003-2017-ci illərdə ölkə iqtisadiyyatına
bütün mənbələrdən 236 milyard dollar dəyərində
investisiya yatırılıb. Bunun 118
milyard dolları, yəni 50 faizi xarici investisiyaların
payına düşür. Ölkənin valyuta
ehtiyatları isə 24 dəfə artaraq 44,3
milyard dollara yüksəlib.
Bu il də Azərbaycan iqtisadiyyatına həm
yerli, həm də xarici investisiyalar yatırılıb. Avqust
ayında Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri
zamanı Prezident İlham Əliyev iki ölkənin iş
adamlarının iştirak etdiyi biznes forumunda son 15 il ərzində Azərbaycana 250 milyard dollar həcmində
sərmayə qoyulduğunu açıqlamışdı. Azərbaycan hər nəfərə düşən
xarici investisiya həcminə görə regionda lider dövlətdir.
Respublikamız həmçinin bu dövr ərzində
investisiya ixrac edən ölkəyə çevrilib. Xaricə yönəldilmiş birbaşa
investisiyaların həcmi 19 milyard dollardan çox olub.
İqtisadiyyatda yüksək
inkişaf templəri
Həyata keçirilən kompleks tədbirlər nəticəsində
son 15 ildə Azərbaycan iqtisadiyyatında yüksək
inkişaf templəri müşahidə edilib. Bu dövrdə ümumi
daxili məhsul real ifadədə 3,6 dəfə
artıb. Qeyri-neft sektorunun son 15 ildə orta illik artım tempi
8,1 faiz olub.
Dövlət başçısının daim diqqət
mərkəzində saxladığı qeyri-neft sektorunun
inkişafı ilə bağlı mühüm işlər
görülüb və 2015-ci ildən etibarən ölkə
iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm
qoyub. Yeni iqtisadi şəraitə uyğun həyata
keçirilən rasional makroiqtisadi siyasət, aparılan dərin
islahatlar nəticəsində ölkə
iqtisadiyyatındakı durğunluq qısa müddətə
aradan qalxıb. 2017-ci ildə qeyri-neft sektorunda 2,7 faizlik iqtisadi artım müşahidə
edilib.
Baş nazirin birinci müavini qeyd edib ki, məşğulluqda
qeyri-neft sektorunun payı 2003-cü ildə 68 faiz idisə,
2018-ci ildə 73 faizə çatıb. Bu müddətdə Azərbaycanda
fəaliyyət göstərən sahibkarlıq subyektlərinin
sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı
1,9 dəfə, kiçik müəssisələrin sayı 2
dəfə, fərdi sahibkarların sayı isə 5 dəfə
artıb.
Yerli və xarici investorlara göstərilən
dövlət dəstəyi
Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən
biri də investisiyaların təşviqi ilə bağlı həyata
keçirilən tədbirlərdir. İnvestisiya təşviqi
sənədi almış hüquqi şəxslərin və
sahibkarların gəlirinin 50 faizi vergidən azad edilib. Yəni
onlar əmlak və torpaq vergisindən, idxal etdikləri texnika,
texnoloji avadanlıq, qurğular üzrə ƏDV-dən və
idxal rüsumlarından 7 il müddətinə
azad olunub. Yeni salınan sənaye parkları və
məhəllələrində aqroparklar və texnoparklarda nəinki
yerli biznes, eləcə də xarici sərmayələr
üçün əlverişli biznes mühiti
yaradılıb. Bundan həm də xarici
investorlar yararlanıblar. Qanunvericilik beynəlxalq
tələblərə uyğunlaşdırılıb,
ölkədə biznes fəaliyyəti
asanlaşdırılıb, miqrasiya ilə bağlı
köklü islahatlar aparılıb. Bu da
dövlətin sahibkarlara göstərdiyi diqqət və
qayğının bariz nümunəsidir.
Dövlət
başçısının 2016-cı il 13 iyul tarixli sərəncamı
ilə sahibkarlıq sahəsində son illər ərzində
nail olunmuş sürətli inkişafın
davamlılığının təmin edilməsi və rəqabət
qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq
reytinqlərdə Azərbaycanın mövqeyinin daha da
yaxşılaşdırılması məqsədilə
komissiya yaradılmasının və müvafiq tədbirlər
planının təsdiqlənməsinin böyük əhəmiyyətə
malik olduğunu deyən Yaqub Eyyubov vurğulayıb ki,
hazırda komissiya Azərbaycanda biznes mühitinin əlverişliliyinin
artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin
mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində
sistemli işlər görür.
Bənzərsiz logistik zəncir
yaradan ölkə
Son 15 ildə Azərbaycan həmçinin beynəlxalq
logistika mərkəzinə çevrilib. Bakı-Tbilisi-Qars
dəmir yolunun işə düşməsi, Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının fəaliyyətə
başlaması, Ələt Azad İqtisadi Zonasının
yaradılması istiqamətində işlərin sürətləndirilməsi
ilə ölkəmiz bənzərsiz logistik zəncir
yaradır. Bu gün uzaq Çindən
konteynerlərə vurulan mallar Xəzər dənizindən
keçməklə Azərbaycan vasitəsilə Avropaya
çatdırılır. Bu da
respublikamızın regionda həm də logistik mərkəzə
çevrildiyini bir daha təsdiqləyir.
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin
yaradılması istiqamətində aparılan işlər də
göz önündədir. Azərbaycan xarici sərmayə
cəlb etməklə, həm də Avrasiyanın enerji və nəqliyyat
xəritəsinin yenidən formalaşmasında yaxından
iştirak edir. Ölkəmizin bu
uğurlarını dəyərləndirərkən cənab
İlham Əliyev deyib ki, Azərbaycan Avrasiyanın enerji xəritəsini
yenidən tərtib edir. Beynəlxalq
bazarlara və okeana çıxışı olmayan Azərbaycan
Avrasiyanın nəqliyyat qovşağına çevrilib.
Əlbəttə ki, belə şaxələndirilmiş
infrastruktur ölkədə ixracyönümlü və rəqabətqabiliyyətli
iqtisadiyyatın inkişaf etməsinə real zəmin
yaradır.
Davamlı enerji təminatı təhlükəsizliyin
mühüm amilidir
Bu gün müasir dünyada və beynəlxalq
münasibətlər sistemində enerji amilinin rolu
böyükdür. Yəni davamlı enerji təminatı
enerji təhlükəsizliyinin mühüm amilinə
çevrilib.
Son 15 ildə Azərbaycanın neft-qaz sektoruna müasir
texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi
üçün təqribən 95 milyard dollar həcmində
investisiya cəlb edilib. Ötən il 2 milyardıncı ton
neftin hasilatı da bir daha Azərbaycanın neft-qaz ölkəsi
olduğunu dünyaya nümayiş etdirdi.
"Cənub qaz dəhlizi”nin və onun bir seqmenti olan
TANAP-ın açılışı istiqamətində
görülmüş işlər xüsusi əhəmiyyət
daşıyır. Bu layihə Xəzər regionunun qaz təchizatı
infrastrukturunu Avropa ilə birləşdirməklə
bütün regionun enerji xəritəsini dəyişəcək,
enerji mənbə və marşrutlarının şaxələndirilməsində
Azərbaycanın rolunu daha da artıracaq.
Azad İqtisadi Zona 130 milyon insanın
yaşadığı bir bazara xidmət göstərəcək
Baş
nazirin birinci müavini forumda xarici tərəfdaşları Azərbaycan
iqtisadiyyatına investisiya qoymağa dəvət edib və qeyd
edib ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi
mötəbər beynəlxalq maliyyə təşkilatları
qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatında
artım proqnozlaşdırırlar.
"Azərbaycanda ortamüddətli dövrdə iqtisadi
artım üzrə pozitiv dinamikanın qorunacağı
şübhəsizdir. Xarici investorlar da ölkəmizə
investisiya yatırmaqla qazanclı çıxacaqlar”, - deyə
Yaqub Eyyubov vurğulayıb.
Ələt qəsəbəsində yaradılacaq Azad
İqtisadi Zona ölkəmizin tranzit imkanlarının daha da
genişlənməsi istiqamətində mühüm rol
oynayacaq. Ələt AİZ-in beynəlxalq yük
daşınma və Avropa-Asiya logistika zəncirlərində
aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqində,
"Made in Azerbaijan” brendinin dünya üzrə
tanınmasında da müstəsna əhəmiyyəti var.
Yeni limanın da daxil olduğu AİZ ilkin mərhələdə
400 ha, daha sonra isə 1000 ha ərazini əhatə edəcək.
Burada qeyri-neft sektoru üzrə əlavə dəyər
yaradan istehsal və xidmətlərin, o cümlədən
istehsal sahələri qurmaq, malların regional
distribütorluğunu həyata keçirmək və məhsulu
yaxın bazarlara ixrac etmək üçün əlverişli
şəraitin yaradılması planlaşdırılıb.
Ümumilikdə AİZ-in regional miqyasda Cənubi Qafqaz, Mərkəzi
Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil
olduğu və 130 milyon insanın yaşadığı bir
bazara xidmət göstərməsi nəzərdə tutulub.
Əlavə edək ki, bu zonanın digər azad iqtisadi
zonalardan əsas fərqi bu mərkəzlə bağlı
ayrıca bir qanunun qəbul edilməsidir. AİZ-in fəaliyyəti
ayrıca bir qanunla tənzimlənəcək ki, bu da zonadaxili
bütün məsələlərin qanunvericilik çərçivəsində
həll edilməsinə imkan verəcək. Nəticə etibarilə bu, investorların
hüquqlarının qorunmasına təminat verməklə bu
sahəyə daha çox investisiyanın cəlb edilməsinə
şərait yaradacaq.
Azərbaycan MDB-də ən rəqabətədavamlı
iqtisadiyyat qurub
Prezident İlham Əliyevin iqtisadi islahatlar kursu ölkə
iqtisadiyyatının şaxələndirilməsi
üçün geniş imkanlar açır. Əlverişli
biznes mühiti və infrastruktur, makroiqtisadi sabitlik, dövlət
dəstəyi, yeni iqtisadi artım ünvanlarının müəyyənləşməsi,
iqtisadiyyatın proqnozlaşdırılma səviyyəsinin
artması, həmçinin bazarlara yaxınlıq xarici sərmayənin
cəlbi üçün münbit zəmindir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin rəhbəri Vüsal Qasımlı isə
qeyd edib ki, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri
üzərində şaxələnmiş nəqliyyat-logistika
infrastrukturu ölkəmizin inteqrasiyasına yeni imkanlar
açır.
Azərbaycan MDB-də ən rəqabətədavamlı
iqtisadiyyat qurub.
Onun fikrincə, "Azərbaycan Rəqabətlilik Forumu
2018” hökumət və ABŞ biznes dairələri
arasında davamlı iqtisadi inkişafı təmin edəcək
sərmayə qoyuluşunun artırılması
üçün yeni imkanlar açır. Ağ evin təşəbbüsü
kimi qurulan Beynəlxalq Anlaşma üçün
İşgüzar Şura bir çoxu "Fortune 500”ə daxil
olan 200 üzv şirkətə malikdir. Belə
bir qurumun "Azərbaycan Rəqabətlilik Forumu”nu dəstəkləməsi
ölkəmizin biznes mühitinə və iqtisadi siyasətə
olan böyük etimadının göstəricisidir.
Bütün bunlar Azərbaycanın son 15 ildə iqtisadi
baxımdan çox uğurla inkişaf etdiyini təsdiqləyən
faktorlardır.
15 il ərzində iqtisadiyyat, yəni ümumi daxili məhsulun
3,2 dəfə artması isə dünya
miqyasında rekord hesab olunur.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2018.-
12 sentyabr.- S.1;2.