Milli publisistikamızın öndəri, fəxri və iftixarı

 

"Azərbaycan” qəzetində ana dili məsələləri yaradıcı fəaliyyətin əsas istiqamətlərindəndir

 

 

Bu yaxınlarda xalqımızın tarixində ən əlamətdar hadisələrdən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması haqqında 16 may 2017-ci ildə sərəncam imzaladı.

Bundan əlavə, ölkə Prezidentinin 10 yanvar 2018-ci il tarixli digər bir sərəncamı ilə bu əlamətdar hadisə ilə əlaqədar olaraq 2018-ci il Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sərəncamlarının işığında xalqımızın tarixinin şanlı səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə istər respublikamızda, istərsə də ölkə xaricində bir sıra silsilə tədbirlər keçirilmiş və keçirilməkdə davam edir.

Bu misilsiz hadisə ilə bilavasitə əlaqədar olan Silahlı Qüvvələrimizin, polisin, parlamentin... yaradılmasının da 100 illik yubileyidir. Belə şanlı yubileylərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı olmuş "Azərbaycan” qəzetinin payına düşür. Xalqımızın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış "Azərbaycan” qəzetinin də bu günlərdə 100 yaşı tamam olur.

"Azərbaycan” qəzeti iftixarımız, qürur mənbəyimiz olan Azərbaycan Xalq Cümhuriyyəti kimi qısa zaman kəsiyində fəaliyyət göstərməsinə baxmayaraq, adını mətbuat tariximizin ən parlaq və şanlı səhifələrindən birinə əbədi olaraq həkk etmiş və milli dövlətçiliyimizin inkişafı, azadlıq və istiqlal məfkurəsinin geniş yayılması, siyasi publisistikanın güclənməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir.

"Azərbaycan” qəzeti yarandığı gündən (15 sentyabr 1918-ci il) başlayaraq ölkədə demokratik fikrin, sərbəst və azad düşüncənin tərəfdarı kimi çıxış etmiş və milli mətbuatın inkişafına öz töhfələrini vermişdir. "Azərbaycan” qəzetinə bir müddət redaktorluq etmiş, dövrün istedadlı jurnalisti, mahir bədii söz ustası kimi tanınmış Üzeyir bəy Hacıbəyli qəzetdəki məqalələrindən birində ("Təəssürat”, 10 yanvar 1919-cu il, ¹84) bu məsələ ilə bağlı yazır: "Qəzetəmizin ("Azərbaycan”ın - M.N.) firqə və partiya xaricində rəsmi bir orqan olduğu hər kəsə məlumdur. Hərgünkü möhtəviyyatından (məzmunundan - M.N.) məlum olduğu üzrə vətən abadlığı, millət səlamətligi, camaat tərəqqisi, dövlət intizamı ilə bərabər, istiqlal və gənə də istiqlal şüarlarını virdi-zəban (dil əzbəri - M.N.) edüb də bunun hüsulində (qazanılmasında - M.N.) əlindən gələn qədər çalışmaqda olan qəzetəmiz bu dairədə yazılmaqda olan məqalələrə sütunlarını bir ananın balasına qarşı açdığı qucağı kibi kəmali-meyl və məhəbbətlə açubdur”.

Xalqımızın milli oyanışında müstəsna xidmətləri olan "Azərbaycan” qəzetinin fəaliyyətinə ən yüksək qiyməti ulu öndər Heydər Əliyev vermişdir: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan” qəzeti yarandığı gündən milli azadlıq mübarizəsinin ön sıralarında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran "Azərbaycan” qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir” ("Azərbaycan” qəzeti, 15 sentyabr 1998-ci il).

Fərəhləndirici haldır ki, Xalq Cümhuriyyətinin tarixi salnaməsi, dövrün əvəzsiz yadigarı və özünəməxsus atributu olan "Azərbaycan” qəzetinin müstəqillik, milli dövlət quruculuğu, vətənpərvərlik və azərbaycançılıq kimi ideyalarını hazırda rəsmi dövlət qəzeti və Azərbaycan Respublikasının Milli Məclisinin orqanı statusunu daşıyan "Azərbaycan” qəzeti də uğurla davam etdirir və bu istiqamətdə səmərəli fəaliyyət göstərir. Cümhuriyyət dövrünün "Azərbaycan” qəzetinin layiqli varisi olan bugünkü "Azərbaycan”ın da ölkəmizin çoxsaylı mətbuat orqanları sırasında özünəməxsus yeri və sanballı çəkisi vardır.

Xalq Cümhuriyyəti dövrünün "Azərbaycan” qəzetinin mövzu dairəsi geniş idi. Onun səhifələrində ölkənin ictimai-siyasi, mədəni-mənəvi, sosial-məişət problemlərindən tutmuş beynəlxalq məsələlərə qədər çeşidli mövzular ətrafında peşəkar jurnalist qələmindən çıxmış maraqlı və sanballı yazılar dərc olunurdu. Tariximizin işıqlı səhifələrindən biri kimi bizə miras qalan "Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə ən çox dəyər verdiyi, geniş şəkildə işıqlandırdığı məsələlərdən biri də ana dili ilə bağlı idi. Bu da təsadüfi deyildi, çünki qəzetin ətrafında toplaşmış mütərəqqi ziyalılar, milli mətbuatın qaymaqları yaxşı bilirdilər ki, dil xalqın varlığıdır, milli dövlətçiliyin tərkib hissəsi və əsas atributlarından biridir. Dil, eyni zamanda, xalqın sərvəti kimi onun taleyi ilə bilavasitə bağlı olan ən böyük milli-mənəvi bir dəyərdir. Xalq Cümhuriyyəti dövründə cəmi 443 nömrəsi işıq üzü görmüş "Azərbaycan” qəzetində dillə bağlı məsələlərin işıqlandırılmasında, milli dilin təbliğində Üzeyir bəy Hacıbəyli, Məmməd Əmin Rəsulzadə, Xəlil İbrahim, Fərhad Ağazadə, Xalid Səid Xocayev, Məhəmməd ağa Şahtaxtlı, Sultan Məcid Qənizadə, Əhməd Cavad, Seyid Hüseyn kimi ziyalıların müstəsna xidmətləri olmuşdur. Bu sırada Ü.Hacıbəylinin fəaliyyəti xüsusilə diqqətçəkicidir və bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Məlum olduğu kimi, bu böyük sənətkar hələ 1907-ci ildə 22 yaşında olarkən "Mətbuatda müstəməl siyasi, hüquqi, iqtisadi və əskəri sözlərin türk-rusi və rusi-türk lüğəti”ni tərtib edərək bununla da diqqəti bu sahədə olan boşluğa yönəltmiş, həm də Azərbaycan dilçilik elminə öz töhfəsini vermişdir. Maraqlıdır ki, Bakıda Orucov qardaşları mətbəəsində işıq üzü görmüş bu dəyərli kitabın naşiri Məmməd Əmin Rəsulzadədir. Ü.Hacıbəylinin yenə həmin ildə işıq üzü görmüş "Hesab məsələləri” kitabı Azərbaycan türkcəsində elmi üslubun böyük nailiyyəti idi. Bir qədər ondan əvvəl isə Ü.Hacıbəylinin "İrşad” qəzetinin 15, 16 və 20 fevral 1906-cı il tarixli nömrələrində dilimizlə bağlı "Hansı vasitələr ilə dilimizi ögrənib kəsbi-məarif etməliyiz” adlı irihəcmli və sanballı bir məqaləsi dərc olunmuşdur. Məqalədən aydın olur ki, çar hökuməti Azərbaycan məktəblərində tədris işlərinin ana dilində aparılmasına icazə vermişdir. Buna ürəkdən sevinən müəllif məsələ ilə bağlı ana dilinin öyrənilməsinin zəruriliyini vurğulayır, lakin bu sahədə müəyyən problemlərin də olduğunu ürək yanğısı ilə qeyd edir. Peşəkarlığı və vətəndaş qeyrəti ilə seçilən məqalədə Ü.Hacıbəyli təəssüf hissi ilə yazır ki, ölkədə ana dilini mükəmməl bilən və onu tədris etməyə qadir olan milli kadrlar çatışmır, daha doğrusu, yox dərəcəsindədir. Buna görə də müəllif hesab edir ki, ibtidai məktəblərin birinci sinfində dərs deyən və ana dilini bilməyən müəllimlərin köməyilə dil öyrənmək mümkün deyil. Müəllif elə məqalənin əvvəlində böyük qürur və iftixar hissi ilə yazır ki, Azərbaycan türkcəsi ən mükəmməl və zəngin bir dildir: "...Bizim türk lisanımız (dilimiz - M.N.) Avropa üləma (alimləri - M.N.) və filosoflarının rəyinə nəzərən ən vəsi (zəngin - M.N.) və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hislərini bəyana qadirdir. Belə bir zəngin lisanın sahibi olub da onunla istifadə etməməməyin özü böyük bir bədbəxtlikdir”. Göründüyü kimi, müəllif problemi dildə yox, onun daşıyıcılarında, daha doğrusu, bu dili mükəmməl bilməyən şəxslərdə görür. Yeri gəlmişkən qeyd edim ki, yaşadığımız günlərdə də çox zaman bəzi jurnalistlər dilimizlə bağlı hansı problemlərin olduğunu soruşurlar. Cavab isə belə olur: zəngin və gözəl, ahəngdar və musiqili dilimizdə heç bir problem yoxdur. Problem istər yazılı, istərsə də şifahi nitqlərində ədəbi dilimizin normalarını pozan, xüsusilə də yerli-yersiz əcnəbi kəlmələr işlədən bəzi şəxslərdədir.

Üzeyir Hacıbəyli də həmin məqaləsinin əvvəlində məhz bu vacib və mühüm məsələyə toxunaraq Rusiyada təhsil almış bəzi şəxslərin rusca sözlər işlətməsinə kəskin etirazını bildirir. Məqalənin əsas hissəsi isə məzmununa görə daha çox felyeton təsiri bağışlayır. Belə ki, Ü.Hacıbəyli burada kinayə ilə yazır ki, dil öyrənməyin iki vasitəsi var: birincisi, qəzetlər; ikincisi isə ana dilində danışmaq və yazmaq. Birinci vasitəni - qəzetləri satirik gülüş hədəfinə çevirən müəllif onları dil baxımından bir neçə qrupa bölür və bəzi qəzetlərin dilini anlamaq üçün qalın-qalın lüğətlərə müraciət etməyin lazım olduğunu bildirir. Müəllif bununla diqqəti dövrün bəzi qəzetlərinin ana dili məsələsinə fərqli münasibət bəsləmələrinə yönəldir və bunun mənfi cəhətlərini göstərir. Məqalədə, eyni zamanda, Azərbaycan dilində işlənən ərəb və fars sözlərinə də toxunulur. Bu məsələyə peşəkar dilçi kimi yanaşan müəllifin fikrincə, onların bir çoxunu dəyişdirməyə heç bir lüzum yoxdur, çünki dünyanın bütün dillərində alınma sözlər vardır. Əsas məsələ ondadır ki, öz mədəniyyət və mərifətimiz üçün zəngin dilimizi yaxşı öyrənməliyik. Bu isə daha çox məktəblərdən və savadlı müəllimlərdən asılıdır. Beləliklə, vətənpərvər gənc ziyalı Ü.Hacıbəyli bu məqaləsində ana dilini yaxşı öyrənməyin yolunu maariflənməkdə, məktəbdə görür və üzünü xeyriyyə cəmiyyətlərinə tutaraq onları bu yolda əməli işlər görməyə səsləyir. Onu da qeyd edək ki, Ü.Hacıbəyli bu dəyərli məqaləsində, ümumiyyətlə, dil haqqında özünün yüksək fikirlərini ifadə edir: "Dil həyati-bəşəriyyənin ən ümdə müəssirlərindən (təsirli vasitələrindən - M.N.) biridir desəm, xəta etmərəm zənnindəyəm”.

Ü.Hacıbəylinin "Azərbaycan” qəzetinin bir çox nömrələrində "Təəssürat” başlıqlı yazı-reportajları Üzeyir imzası ilə nəşr olunmuşdur və burada müəllifin Məclisi-Məbusanda (məbus - qədim ərəb sözüdür, seçilmiş deməkdir, -an isə fars mənşəli cəm şəkilçisidir: Məclisi-Məbusan - seçilmişlərin (vəkillərin) məclisi deməkdir) gedən proseslərə, xüsusilə də dillə bağlı məqamlarda müəllifin şəxsi münasibəti və vətəndaşlıq mövqeyi öz əksini tapmışdır. Məsələn, qəzetin 10 yanvar 1919-cu il tarixli, 84-cü nömrəsində dərc olunmuş "Təəssürat”da müəllif parlaman üzvlərinin iclasda rusca danışmalarından məyus olduğunu bildirərək yazır: "Raboçi klubda rus fələləri müsəlman natiqlərindən rusca danışmağı tələb edirmişlər. Parlamanda dəxi hər dəm bunu tələb edənlər olmuyor degil: fəqət tələb edənlər ruslar degildir”.

Müəllifin milli duyğularına toxunan da məhz odur ki, parlamentdə məbuslar ilə rəis əfəndi (iclasın sədri - Həsən bəy Ağayev - M.N.) arasında və ya məbuslarımızın öz aralarında gedən söhbətlər bəzən rusca olur. Müəllif buna nümunə olaraq iki nəfərin danışığına aid rusca üç cümləni də nümunə kimi verərək yazır: "Bunun kimi mükalimeyi-parlamanda rusca keçirtməgə nə hacət? Bir halda ki danışan da türkdür (azərbaycanlıdır - M.N.), danışdırlan da”. Ü.Hacıbəyli məqalədə daha sonra ana dili ilə bağlı daha bir incə məqama toxunaraq yazır: "İrəvan hadisatı xüsusundə hökumətə "zapros” verildi (mən də rusca danışmağa başladım, lakin qərəzsiz degildir: bu "zapros” sözi parlamanımızda ümumiyyət etibarilə "istizah” (izahat - M.N.) və "izahat” kimi başqa mənaları ifadə edən ərəbcə kəlmələrlə tərcümə edilir”. Göründüyü kimi, müəllif burada əsl dilçi mütəxəssis olaraq həm rus mənşəli "zapros” sözünə, həm də onun ərəbcə qarşılığına o vaxtlar işlənən yuxarıdakı ərəb kəlmələrinə qarşı çıxır. Müəllifin əsl məqsədi bir qədər sonra anlaşılır. Məlum olur ki, parlaman üzvü və poçta-teleqraf naziri Aslan bəy Səfikürdski cənabları bu "zapros” sözü əvəzinə "sorğu” ifadəsini işlədirmiş. Müəllif sorğu sözünü çox bəyəndiyini və onun parlamanda da qəbul edilməsi arzusunda olduğunu bildirərək fikrini belə əsaslandırır ki, dilimizin mənbə sərvəti olan və rus dilinin qələbəsindən (təsirindən - M.N.) bir dərəcəyə qədər kənarda qalan kəndlərimizdə, yazıçılarımızdan bir çoxunun, zənn edirəm, səhv və xəta olaraq "soq-sual” surətində yazdığı "sorğu-sual” sözü vardır. Bu söz kəndlilərimiz ağzında çoq işlənir: "Məhəmməd Həsəni tutub sorğu-sualsız dama saldılar”.

Beləliklə, aydın olur ki, Ü.Hacıbəyli bir mütəxəssis kimi zəngin mənbə saydığı canlı xalq dilindən istifadə yolu ilə dilimizin zənginləşdirilməsi tərəfdarıdır.

Üzeyir Hacıbəyli adıçəkilən "Təəssürat” başlıqlı məqaləsində daha sonra İrəvanda müsəlmanlara qarşı törədilən qırğınlardan söz açır və burada da olduqca vacib və mühüm məsələyə öz münasibətini bildirərək haqlı olaraq məclis üzvlərini mövqesizlikdə, qeyri-fəallıqda və məsələ ilə bağlı təcili tədbirlər görməməkdə günahlandırır. Çünki onlar bu məsələ haqqında heç bir qərar qəbul etmir və yalnız ondan təəssüfləndiklərini bildirirlər.

Üzeyir Hacıbəyli həcmcə böyük olan və yazı-reportaj səciyyəli bu "Təəssürat”ının daha bir yerində dil məsələsinə toxunur. Məqalədən aydın olur ki, parlamentin gündəliyindəki məsələlərdən biri də Lənkəranda rus demokratlarının müsəlmanlara qarşı törətdikləri zülm və qırğınlar haqqındadır. Müəllif bu barədə Lənkəran məbusu Hacı Mirzə Səlim Axundzadə cənablarının çıxış etdiyini diqqətə çatdıraraq yazır ki, adıçəkilən şəxs "Lənkəran müsəlmanlarının biganələr əlindən çəkdikləri zülm və sitəmi parlaman əzalarının (üzvlərinin - M.N.) hüzurunda açıb deməyə, axır ki, fürsət tapdı”. Müəllif buradaca xüsusi olaraq vurğulayır ki, Lənkəran məbusu nitqinin "müqəddiməsinin müqəddiməsini” əvvəlcə farsca bir beytlə başladı, sonra isə ərəbcə iki beytlə tamamladı (nümunələr qəzetdə həmin dillərdə də verilir). Ü.Hacıbəyli bununla ölkəsində hələ də fars və ərəb dillərində danışmağa meyilli olan şəxslərin, xüsusilə də ruhani təbəqəsinin nümayəndələrinin olduğunu diqqətə çatdırmaq istəyir. Müəllif Lənkərandan olan natiqin öz bölgəsində baş verən faciəyə hər kəsi, o cümlədən qəzetləri köməyə çağırdığını və qəzetə yalnız bir firqənin naşiri olmayub da bitərəfanə surətdə hər kəsə danışmaq imkanı verməlidir” dediyini də diqqətə çatdırır. Ü.Hacıbəyli burada da bu sözün onların qəzetinə, yəni "Azərbaycan”a heç bir aidiyyəti olmadığını xüsusi olaraq vurğulayır.

"Azərbaycan” qəzetində digər müəlliflərin də ana dili ilə bağlı yazıları dərc olunmuşdur. Onlardan biri Taşkəndli Xalid Səid imzası ilə nəşr olunmuş "Dilimizə hörmət edilsin” adlı məqalədir (30.01.1919, ¹101, səh. 3). Qeyd edək ki, Xalid Səid Xocayev özbəkdir və əslən Daşkənddəndir. Bu, həmin X.S.Xocayevdir ki, 1926-cı ildə keçirilən I Bakı Türkoloji Qurultayının əsas iştirakçılarından biri olmuş, məhz buna görə də 1937-ci ildə repressiyaya məruz qalaraq güllələnmişdir. Məşhur türkoloq alim X.S.Xocayevin ən böyük xidmətlərindən biri Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk” əsərini ərəbcədən dilimizə tərcümə etməsidir. Mütərcim 1937-ci ildə güllələndiyi üçün bu tərcümə itib-batmış və nəşr olunmamışdır.

Xalid Səid yuxarıdakı yazısında qeyd edir ki, bəzi Avropa alimləri haqsız olaraq türk millətini qabiliyyətsiz və istedadsız adlandırırlar. Bu fikrin böhtan və iftira olduğunu vurğulayan müəllif yazır ki, möhtəşəm islam mədəniyyətini yaradanlar sırasında türklər də olub. Ərəb və fars dillərində yazılan bir sıra məşhur əsərlərin müəllifləri də türklərdir. Avropa alimlərinin yuxarıdakı fikrinə kəskin etirazını bildirən müəllif yazır ki, bununla belə, türklər tarix boyu "kəndi millətinə biganə” olmuş və başqaları üçün çalışmışlar. İslamın ilk dövründə onlar müəyyən dərəcədə "ərəbləşmiş” və mili kimliyini unutmuşlar. Xalid Səid buna sübut olaraq türklərin özləri üçün ərəb adlarını qəbul etmələrini (Abdullah, Əbdürrəhman və s.), ərəb libasları geymələrini və ana dilini unudaraq ərəbcə yazmalarını nümunə kimi göstərir. Müəllifin fikrincə, türklər bir müddətdən sonra, xüsusilə Səlcuqilər dövründən başlayaraq farslaşdılar, özlərinə fars adları qoydular (Cəmşid, Keykavus və s.). XIX əsrdən isə türklərdə ruslaşma prosesi getməyə başladı, milli təlim-tərbiyə, milli mədəniyyət unuduldu.

Xalid Səid məqaləsinin sonunda yazır ki, indi çar Nikolay yıxılmışdır, millətlər müstəqil olub, özlərinə sahib çıxıblar. Başqa millətlər rəsmi sənədlərini milli dillərində yazırlar. "Bizim rəsmi dairələrdə isə sənədlər hala (hələ də - M.N.) rus dililə göriliyor. Əcəba nədən?”

Müəllif ürək yanğısı ilə qeyd edir ki, bu zərərli ənənənin 2 əsas səbəbi var:

1. Bizdə hələ də rus təsiri güclüdür, içimizdə ruslara meyilli insanlar vardır.

2. Bir qrup ziyalı yanlış olaraq elə düşünür ki, guya türk dili rəsmi işlərə yaramır.

Xalid Səid məqaləsini belə bir nikbin sonluqla bitirir: "Əgər biz özümüzü müstəqil sayırıqsa, milli varlığımız olan dilimizə sahib çıxmalıyıq”.

"Azərbaycan” qəzetinin 18 nisan (aprel) 1919-cu il tarixli nömrəsində (¹156) dərc olunmuş "Milli dilimiz” adlı məqalədə də eyni fikir vurğulanır. "Müəllim Davud” (Davud Ağamirzəyev) imzası ilə dərc olunmuş bu məqalədə müəllif qeyd edir ki, hər millətin milli dili var və millətlər bir-birlərindən dilləri ilə seçilirlər. Hər millət öz dilinə sahib çıxır və dili ilə qürur duyur. Buna nümunə olaraq müəllif yazır ki, iki alman görüşdükdə əsla başqa dildə danışmaz. Bizdə isə, təəssüf ki, bunun əksinə rast gəlirik. Belə ki, bizdə ana dilinə xor baxan, başqa dildə danışmağa üstünlük verən ziyalılar vardır. Yazıda göstərilir ki, Azərbaycanda əvvəllər rusca danışmaq məcburi idi. İndi isə inqilab olmuşdur. "Azərbaycan müstəqilliyinə qovuşdu və üçrəngli sancağını (bayrağını - M.N.) yüksəltdi”. Müəllif daha sonra əlavə edir ki, indi Azərbaycanda məktəblər milliləşmişdir. Milli dövlət dilimiz var. Buna baxmayaraq, hökumət dairələrində rus dilində danışmaq adəti hələ də davam edir. Buna etiraz edən müəllim Davud yazır ki, axı bizim rəsmi dilimiz türkcədir. Müəllif sonda üzünü həmvətənlərinə tutaraq yazır ki, türkcə başqa dillərdən geri qalmır. Ona görə də xalq öz dilində danışmalıdır.

"Azərbaycan” qəzetinin tanınmış müəlliflərindən biri də görkəmli dilçi alim Fərhad Ağazadə olmuşdur. Qeyd edək ki, F.Ağazadə həm də Azərbaycanda yeni əlifba uğrunda mübarizənin qızğın tərəfdarlarından və öncüllərindən biri kimi tanınır. Onun bu mövzuda yazdığı "Ərəb hərfləri nə üçün türk dilinə yaramır?” adlı kitabı keçən əsrin 20-ci illərində Kazanda rus dilində nəşr olunmuşdur. Azərbaycan qəzetinin 13, 15 və 17 oktyabr 1919-cu il tarixli nömrələrində Fərhad Ağazadənin "Dilimizin türkləşməsinə çarələr” adlı sanballı və dəyərli bir məqaləsi dərc olunmuşdur. Qəzetin bu nömrələrinin hər birinin iki səhifəsində dərc olunmuş bu məqalədə müəllif əvvəlcə türk dilinin tarixindən söz açır və onun qədim dövründə işlənmiş bir sıra türk sözlərinin əvəzində hazırda ərəbcə kəlmələrin yer almasını qeyd edir. Həmin sözlər sırasında aşağıdakılar xüsusilə diqqəti cəlb edir: Çələb - Allah, yalavac - peyğəmbər, uçmaq - cənnət, tamu - cəhənnəm, soraq - xəbər, soruq - sual, tanıq-şahid, abaqa - əmü, talğıç - qəvvas və s. Maraqlıdır ki, müəllif Allah kəlməsinin türkcədə Çələb sözündən başqa daha iki qarşılığını təqdim edir: Uğan-Tanrı. Müəllif hətta "La ilahə illəllah” formulunun türkcədə bu şəkildə işlənildiyini də göstərir: "Yoxdur Tapacaq, Çələbdir ancaq”. F.Ağazadə arxaik səciyyə daşıyan bir sıra qədim türk sözlərindən bəhs etdikdən sonra dolayısı ilə dilimizin türkləşməsi üçün onlardan bəzilərinin dilə qayıtmasının zəruriliyinə işarə edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini qazandıqdan sonra da dilimizdə qismən də olsa belə bir türkləşmə prosesi getmişdir. Buna sübut olaraq suç (günah), altun, çavuş, taqım, gizir, tabor kimi unudulmuş türk mənşəli qədim sözlərin artıq dilimizdə vətəndaşlıq hüququ qazandığını qeyd etmək olar. F.Ağazadə türkcəyə ərəb və fars dilindən gələn alınmaların daxil olmasından da söz açır və bu məsələdə Səlcuq hökmdarlarını günahlandırır. Məlum olduğu kimi, Səlcuqlar dövründə rəsmi saray dili farsca olmuş və saray şairləri əsərlərini, əsasən, farsca qələmə almışlar. Səlcuq hökmdarlarının özlərinin də farsca şeir yazmaları məlumdur. Bu ənənənin Türkiyədə Osmanlılar dönəmində də davam etməsi məlumdur. Məşhur Osmanlı sultanlarından Səlim Yavuz və Süleyman Qanuni buna nümunə ola bilər. Hər iki hökmdarın farsca divanları vardır.

Fərhad Ağazadə bütün dünya dillərində alınmaların olduğunu göstərərək bu məsələdə türklərin ifrata yol verdiyini qeyd edir. Türk dilindəki ərəb və farscadan alınmalar üzərində dayanan müəllif onların türkləşməsinin, yəni türkcəyə uyğunlaşmasının zəruriliyini də qeyd edir. Müəllif buradaca ərəblərdə də tarixən belə bir prosesin baş verdiyini diqqətə çatdırır. Buna nümunə olaraq o, ərəblərin türkcə qadın kəlməsini xatun, Azərbayqan sözünü Adərbaycan şəklinə salmasını qeyd edir. F.Ağazadə bu dəyərli məqaləsinin sonunda dilimizin türkləşməsinin çarəsini xalq dilinə üz tutmaqda görür. Məlum olduğu kimi, bu mühüm məsələ hazırda da gündəmdədir və ədəbi dilimizin zənginləşməsi yollarından biri canlı xalq dilindən və dialektlərdən söz alınmasıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan” qəzetindəki ana dili ilə bağlı məqalələr üzərindəki müşahidələr göstərir ki, yazı müəllifləri əsasən iki məsələ ətrafında düşüncə və narahatlıqlarını ifadə etmişlər.

1. İki azərbaycanlı vəzifəli şəxsin öz aralarında rus dilində danışması. Müəlliflər bu məsələyə mənfi münasibət bildirmiş, dövlət dili haqqında qanunun pozulmasına görə narahatlıqlarını ifadə etmişlər. Təəssüf ki, bu ağrılı məsələyə indi də təsadüf edilir. Azərbaycan dilinin zənginliyini və gözəlliyini duymayan bəzi azərbaycanlılar hələ də müstəqillik dövründə öz aralarında rusca danışır və bunu özlərinə fəxr sayırlar.

2. Ana dilinin saflığı, ədəbi dilin zənginləşməsi məsələsi. Maraqlıdır ki, bu məsələ də hazırda öz aktuallığını qoruyub saxlayır. Belə ki, ədəbi dil normalarının pozulması hallarına hələ də rast gəlirik. Bundan əlavə, ədəbi dilin öz imkanları hesabına zənginləşməsi məsələsi indi də geniş müzakirə mövzusudur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının bir çoxu ölkənin milli düşüncəli, vətənpərvər ziyalıları, ədəbiyyat və mədəniyyət xadimləri idi. Məhz buna görə də onlar milli dövlət quruculuğu siyasətində ana dilinə də böyük əhəmiyyət verirdilər. Cümhuriyyət hökumətinin ilk qərarlarından birinin, daha doğrusu, ikincisinin dil haqqında olması bunu əyani şəkildə sübut edir. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 27 iyun 1918-ci il tarixli qərarı ilə türk (Azərbaycan) dilini dövlət dili elan etdi. Qeyd edək ki, bu qərar Azərbaycan tarixində dilimizə rəsmi dövlət dili statusu verilməsi haqqında ilk sərəncam idi. Hökumətin 28 avqust 1918-ci il tarixli qərarı da birbaşa ana dili ilə bağlı idi. Belə ki, birinci və ikinci dərəcəli ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında olan bu qərara əsasən adıçəkilən tədris müəssisələrində təhsilin ana dilində aparılması göstərilirdi. Bundan əlavə, ölkə parlamentinin iclaslarında Məhəmməd Əmin Rəsulzadə dövlət dilinə əməl edilməsi haqqında dəfələrlə çıxış etmiş və öz istəyinə nail olmuşdu. Bununla belə, onu da qeyd etmək lazımdır ki, cümhuriyyət hökumətinin 27 iyun 1918-ci il tarixində vəzifəli şəxslərin bir müddət rus dilindən istifadə etmələrinə də icazə verilirdi. Buna nümunə olaraq ölkə parlamentinin iclaslarında digər millətlərdən olan nümayəndələr, eləcə də ana dilini yaxşı bilməyən Azərbaycan türklərinin rus dilində çıxış etmələrini göstərmək olar. Məsələn, həmin dövrdə hərbi işlər üzrə nazir olmuş Səmədağa Mehmandarov parlamentdə rus dilində çıxış üçün icazə istəmiş və onun bu xahişinə əməl edilmişdi...

Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Respublikası müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu sahəsində aparılan məqsədyönlü siyasət günümüzdə də müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirilir. Belə ki, cümhuriyyət dövründə olduğu kimi, Azərbaycan Respublikasında da dövlət quruculuğu siyasətinin aparıcı sahələrindən birini ana dili məsələsi təşkil edir. Bu məsələdə ana dilinin böyük hamisi və qayğıkeşi, yorulmaz təbliğatçısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri vardır. Ulu öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Heydər Əliyevin böyük önəm verdiyi dil siyasətini uğurla davam etdirir.

Müstəqillik illərində ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü və gələcəyə yönələn dövlət quruculuğu siyasətində ana dili məsələsi həmişə diqqət mərkəzində olmuşdur. Ulu öndərin ana dilimizlə bağlı 18 iyun 2001-ci il tarixli və 30 sentyabr 2002-ci il tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Birinci fərman "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”dır. Heydər Əliyevin əsəri olan bu tarixi fərmanda müstəqil Azərbaycan dövlətinin dil siyasətinin mərkəzində iki başlıca ideya və məqsəd, məram dayanırdı. Birincisi, Azərbaycan dilinin dövlət dili kimi qorunması, ikincisi isə bu dilin dövlət dili səviyyəsində inkişafı üçün imkan və şəraitin yaradılması. 30 sentyabr 2002-ci il tarixli fərman isə "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu” adlanır. Bu qanunla, ilk növbədə, ölkə Konstitusiyasına uyğun olaraq, dilimizin dövlət dili kimi hüquqi statusunu nizamlamaq məqsədilə onun işlənməsi, qorunması və inkişafı istiqamətləri müəyyənləşdirildi. Ümumiyyətlə, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması ulu öndərin adı ilə bağlıdır. Müstəqillik dövründə Heydər Əliyevin məqsədyönlü dil siyasəti "Azərbaycan” qəzetinin səhifələrində geniş və ətraflı şəkildə işıqlandırılmış və məsələ ilə bağlı istər ictimaiyyətin nümayəndələrinin, istərsə də mütəxəssislərin fikirlərinə müəyyən yer verilmişdir. "Azərbaycan” qəzeti rəsmi dövlət orqanı olaraq dil siyasətinin həyata keçirilməsi istiqamətində səmərəli fəaliyyət göstərmiş və dövlət əhəmiyyətli bu məsələnin reallaşdırılmasına öz töhfələrini vermişdir. Qəzetdə bu mövzuda dəfələrlə yazılar getmiş, "dəyirmi masa”lar keçirilmiş, geniş fikir mübadiləsi aparılmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən və dövrün tələbinə görə onu yeni çalarlarla daha da zənginləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Azərbaycan dilinə böyük əhəmiyyət verərək demişdir: "Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”.

Ölkə Prezidenti məhz bu amili nəzərə alaraq Azərbaycan dilinin geniş miqyasda tətbiqi və inkişafı ilə bağlı bir sıra sərəncamlar imzalamışdır. Onların sırasında cənab

İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” xüsusi yer tutur. Adından göründüyü kimi, bu mühüm dövlət sənədi Azərbaycan dilinin hərtərəfli inkişafı və tətbiqi dairəsinin genişlənməsi üçün böyük imkanlar yaradır. Lap bu yaxınlarda 17 iyul 2018-ci ildə isə cənab İlham Əliyev dilimizlə bağlı daha bir mühüm dövlət sənədinə imza atmışdır. Bu, "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamdır. Sərəncamın müddəalarına uyğun olaraq yaxın gələcəkdə əcnəbilər üçün Azərbaycan dilinin elektron platforma layihəsi tətbiq olunacaq ki, bu da dövlət dilimizin elektron məkanda yayılması və daha geniş istifadəsi üçün əlverişli şərait yaradacaqdır.

Xalqımızın milli-mənəvi sərvəti və dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri olan Azərbaycan dili ilə bağlı bütün dövlət sənədlərinə rəsmi dövlət qəzetimiz olan "Azərbaycan” qəzetində həmişə geniş yer verilmiş və onların təbliği və həyata keçirilməsi ilə bağlı mütəmadi silsilə yazılar dərc olunmuşdur. Həmin yazılar sırasında ölkəmizin tanınmış dilçi mütəxəssisləri, ictimaiyyət nümayəndələri ilə yanaşı, "Azərbaycan” qəzetinin əməkdaşlarının, xüsusilə onun baş redaktoru, əməkdar jurnalist, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun məqalələri öz sanballığı və peşəkarlığı ilə seçilir və oxucular tərəfindən rəğbətlə qarşılanır. Qeyd edim ki, müasir "Azərbaycan” qəzetində dil haqqındakı yazılar ana dilimizin təbliği, xüsusilə də onun saflığının qorunması işinə, bütövlükdə azərbaycançılıq məfkurəsinə xidmət edir və öz müsbət nəticələrini verir.

Məqalənin əvvəlində qeyd etdiyim kimi, bu yaxınlarda milli publisistikamızın öndəri, qaymağı olan "Azərbaycan” qəzetinin 100 yaşı tamam olur. Bu münasibətlə "Azərbaycan” qəzetinin bütün əməkdaşlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları diləyirəm.

Qələminiz iti və kəsərli olsun, əziz jurnalistlər!

Milli publisistikamızın fəxri və iftixarı, qürur mənbəyi olan "Azərbaycan” qəzetində ana dili məsələsinin işıqlandırılmasına həsr etdiyim bu məqaləni dilimizin böyük qayğıkeşi və təəssübkeşi ulu öndərin 100 illik yubileyini qeyd etməyə hazırlaşan rəsmi dövlət qəzetimiz haqqındakı sözləri ilə bitirmək istəyirəm: "Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan” qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam ənənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır”.

 

Möhsün NAĞISOYLU,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

Azərbaycan.-2018.- 12 sentyabr.- S.1;4.