Tariximizə qayğı və
məsuliyyətlə yanaşaq
"Azərbaycan”ın
elektron arxivi oxuculara təqdim olunur
Bəzən
insan həyatında elə məqamlar olur ki,
yaşadığı həqiqəti həmin insandan başqa
heç kim bilmir və hətta onu
özü ilə həyatdan aparır. İctimai
xarakter daşıyan hadisələrdəki həqiqətlər
isə tarixin səhifələrində gizlənir. Onu aşkar etmək hərdən uzun illər tələb
edir.
Elə məqamlar da var ki, dövlətçilik
baxımından son dərəcə əhəmiyyətlidir, həmişə
aktualdır, onları xalqın və dövlətin gələcəyi
naminə unutmaq, saxtalaşdırmaq olmaz. Çünki
tarixin qisası ağır olur, tarix unutqanlığı
sevmir. Məşhur rus tarixçisi Kluçevskinin
dediyi kimi, tarix müəllim deyil, ancaq bilməyəndə
ağır cəzalandırır.
Qürur
və iftixarla yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti
- Müsəlman Şərqinin ilk demokratik
respublikasının yaranmasından 100 il
ötdü. Dünyanın ən sülhpərvər,
ən demokratik dövlətini XX əsrdə məhz Azərbaycan
xalqı yaratdı və yaşatdı desək,
yanılmarıq. Xalqımızın həm
"ağ”, həm də "qara” tarixini özündə
qoruyub saxlayan bu zaman kəsiyinin yalnız 29 ili müstəqillik
tariximizdir. Azərbaycan Xalq Cümhuriyyəti
demokratik dəyərləri təmin edərək
xalqımızın əsrlərdən bəri
formalaşmış dövlətçilik ənənələrini
bərpa etmiş oldu. Bu dəyərlər
sırasında mətbuat da yer almışdı. Cümhuriyyətin rəsmi mətbu orqanı olan
"Azərbaycan” qəzeti bir neçə ay sonra işıq
üzü gördü. İlk vaxtlar həftədə
iki dəfə nəşr olunan "siyasi, elmi və iqtisadi
türk qəzetəsi” kimi "Azərbaycan”ın birinci
nömrəsi Gəncə şəhərində 15 sentyabr
1918-ci ildə buraxıldı. Qəzetin bu nömrəsi
iki dildə: Azərbaycan və rus dillərində, 4 səhifə
həcmində (2 səhifəsi Azərbaycan dilində əski
əlifbada, 2 səhifəsi rus dilində) idi. Bu,
o dövr üçün çox mühüm hadisə kimi
dövlətçilik tariximizə qızıl hərflərlə
yazıldı. Ardıcıl 4 nömrəsi
Gəncədə çıxdı. Qəzetin
5-ci nömrəsi 3 oktyabr 1918-ci ildə Bakıda - cümhuriyyətin
paytaxtında buraxıldı. "Azərbaycan”ın
1918-1919-cu illərdə 358, 1920-ci ildə isə 85 nömrəsi
işıq üzü görüb.
23 aylıq müstəqillik dövründən sonra Azərbaycanda
işğalçı sovet hakimiyyəti quruldu. Bununla da
müstəqilliyin bütün simvolları kimi, "Azərbaycan”
qəzeti də sözün əsl mənasında
işğal edildi. Qəzet
redaksiyasının maddi-texniki bazasında "Kommunist” qəzeti
fəaliyyətə başladı. Bu qəzet
işğalçı hakimiyyətin mətbu orqanı
olduğundan istər siyasi, istərsə də ideolojı
varislik hüququ qazana bilməzdi və bilmədi də...
Axı işğalçı ilə əks əqidə və
məslək sahibləri necə bir-birinin varisi ola
bilər?!
1991-ci il yanvarın 1-dən etibarən Azərbaycan
SSR Ali Sovetinin rəsmi orqanı və dövlət qəzeti
kimi "Həyat” fəaliyyətə başladı. Qəzetin ilk nömrəsinin birinci səhifəsində
Azərbaycan SSR-in prezidentinin, Ali Sovetin və Nazirlər Soveti
sədrlərinin qəzetə təbrik məktubları dərc
olunub. Məktublarda deyilirdi: "Azərbaycanın ilk
dövlət mətbu orqanının nəşrə
başlaması münasibətilə "Həyat” qəzetinin
yaradıcı kollektivini və oxucularını səmimi qəlbdən
təbrik edirəm. Qəzetin nəşrə başlaması
respublikamızın dövlət suverenliyinə və iqtisadi
müstəqilliyinə nail olmaq yolunda atılan ilk
mühüm addımlardan biridir”.
"Həyat” qəzetinin Ali Sovetin orqanı və
dövlət qəzeti kimi 440 nömrəsi işıq
üzü görüb. 22 sentyabr 1992-ci il tarixdə qəzetin
bu statusda son nömrəsi buraxılıb. Bir məqamı
qeyd edək ki, hələ sovet hakimiyyətinin
laxladığı bir dövrdə Azərbaycanda Qarabağa
Xalq Yardımı Komitəsi yaradılmışdı. Komitənin mətbu nəşri kimi "Azərbaycan”
adı altında 1989-cu ildən yeni qəzet
çıxmağa başladı. Onun 156
nömrəsi işıq üzü gördü. Bu qəzetin son, yəni 156-cı nömrəsi 10
sentyabr 1992-ci ildə dərc olunub.
23 sentyabr 1992-ci ildən isə Azərbaycan
Respublikası Ali Sovetinin orqanı kimi "Azərbaycan” qəzeti
"Həyat” qəzetinin redaksiyasının bazasında fəaliyyətə
başlayıb. Qəzetin ilk nömrəsi 444-cü
nömrə ilə qeydə alınıb. Məlumat
üçün qeyd edək ki, cümhuriyyət
dövründə "Azərbaycan” qəzetinin cəmi 443
nömrəsi çıxmışdı.
"Azərbaycan”ın
444-cü nömrəsinin birinci səhifəsində
"Baş redaktordan” rubrikası altında "72 illik
ayrılıqdan sonra” başlıqlı məqalə dərc
edilmişdi. Məqalədə yazılırdı:
"Düz 72 illik fasilədən sonra "Azərbaycan” qəzeti
yenidən nəşrə başlayır”.
Yalnız
72 ildən sonra - 1992-ci il sentyabrın 23-də Azərbaycan
Respublikası Ali Sovetinin mətbu orqanı - rəsmi dövlət
qəzeti kimi fəaliyyətini bərpa edən "Azərbaycan”
qəzetinin bugünədək 7930 nömrəsi
buraxılıb. Bu rəqəmin içində
cümhuriyyət dövrünün 443 nömrəsi də
var. Beləliklə, 443 nömrə 1918-1920-ci illərə, 7487
nömrə isə 1992-2018-ci illərə aiddir. Tarixi fakt kimi qeyd edək ki, 1992-ci ildə "Azərbaycan”
qəzetinin ilk nömrəsinin loqosu Qarabağa Xalq
Yardımı Komitəsinin buraxdığı qəzetin loqosu
ilə eyni olub. 2 oktyabr 1992-ci il tarixdən
həmin loqo da dəyişdirilərək yenisi ilə əvəz
edilib.
"Azərbaycan”
qəzetinin 1918-1919-cu illərdə 358, 1920-ci ildə 85,
1992-ci ildə 70, 1993-cü ildə 254, 1994-cü ildə 253,
1995-ci ildə 252, 1996-cı ildə 252, 1997-ci ildə 288,
1998-ci ildə 304, 1999-cu ildə 300, 2000-ci ildə 301, 2001-ci
ildə 299, 2002-ci ildə 301, 2003-cü ildə 302, 2004-cü
ildə 304, 2005-ci ildə 304, 2006-cı ildə 295, 2007-ci ildə
295, 2008-ci ildə 292, 2009-cu ildə 292, 2010-cu ildə 289,
2011-ci ildə 291, 2012-ci ildə 294, 2013-cü ildə 291,
2014-cü ildə 288, 2015-ci ildə 290, 2016-cı ildə 292,
2017-ci ildə isə 291 nömrəsi işıq üzü
görüb.
"Azərbaycan” qəzetinin elektron arxivinin
yaradılması prosesinə 2002-ci ildə
başlanılmış, bu istiqamətdə müəyyən
tədbirlər görülmüşdür. Belə ki, qəzet
nömrələri QuarkXPress proqramında
elektronlaşdırılmış və PDF formatında arxivləşdirilmişdir.
1992-2002-ci illəri əhatə edən 2804 nömrənin
arxivləşməsində isə müəyyən çətinliklər
olsa da, bu proses 2018-ci ilin birinci yarısında tam
yekunlaşdırıldı. Həmin dövr ərzində
dərc olunan nömrələrin
elektronlaşdırılması prosesi foto və skan vasitəsilə
həyata keçirilib. Bu, ilk növbədə
orijinallığı qorumaq məqsədi daşıyır.
Azərbaycanda mövcud arxiv və kitabxanalarla
qarşılıqlı əməkdaşlıq çərçivəsində
artıq bu iş uğurla başa çatdırılıb. Beləliklə, müasir dövrün "Azərbaycan”
qəzeti bu gün (1992-2018-ci illəri əhatə edən
7930 nömrə) tam elektronlaşdırılıb. Məlumat üçün qeyd olunmalıdır ki,
2003-cü ildən bugünədək mövcud arxivdən
istifadə edərkən oxucularımız PDF formatında olan
qəzet materialını Word faylına çevirməklə
ondan asanlıqla istifadə edə bilərlər. 2003-cü ilədək olan arxivdən isə
oxucularımızın yalnız foto kimi istifadə etmək
imkanları var.
Qəzetin hələ 90 illik yubileyi ərəfəsində
cümhuriyyət dövrü nömrələrinin də
arxivləşməsi prosesinə başlanmış, hətta
müəyyən nömrələr tədqiqatçılar tərəfindən
transliterasiya olunaraq qəzet səhifələrində dərc
edilmişdi. Lakin elektron arxivin tam təmini mümkün
olmamışdı.
Redaksiyamızın
təşəbbüsü ilə bu proses 100 illik ərəfəsində
yenidən gündəmə gətirilmiş, arxivlərlə,
kitabxanalarla əməkdaşlıq çərçivəsində
"Azərbaycan” qəzetinin arxivinin bütöv şəkildə
tapılıb qaydaya salınması qarşıya məqsəd
qoyulmuşdu.
Bu niyyətlə Azərbaycanın mərkəzi arxiv və
kitabxanalarında apardığımız araşdırmalar nəticəsində
məlum oldu ki, cümhuriyyət dövründə dərc
edilmiş 443 nömrə tam halda heç bir yerdə yoxdur. "Azərbaycan” qəzeti
redaksiyasının təşəbbüsü ilə müxtəlif
mənbələrdən əldə etdiyimiz cümhuriyyət
dövrünə aid bəzi nömrələrin elektron
variantı Milli Kitabxanaya və Siyasi Sənədlər Arxivinə
təqdim edildi. Qeyd etmək vacibdir ki,
cümhuriyyət dövrünün mövcud nömrələrinin
elektronlaşdırılması yalnız Milli Kitabxanada mütəşəkkil
aparılıb. Bu istiqamətdə biz Milli Kitabxana ilə
qarşılıqlı informasiya mübadiləsi
aparmışıq və bu proses uğurla davam etməkdədir.
Etiraf edək ki, "Azərbaycan” qəzeti
redaksiyasının öz təşəbbüsü ilə əldə
etdiyi bəzi nüsxələrin elektron variantlarının
arxivlərdə və kitabxanalarda olmaması bir qədər təəccüblü
görünür. Həmin nüsxələrin tədqiqatçıların
şəxsi arxivində olduğu halda ümumi arxivlərdə
yoxluğu belə bir qənaətə gəlməyə əsas
verir ki, bu nömrələrin müəyyən qismi ya gizli
şəkildə arxivlərdən çıxarılıb,
ya da tədqiqatçılara hədiyyə edilib (?!). Məqsədimiz
kimlərisə ittiham etmək və ya günahlandırmaq deyil!
Sadəcə düşünürük ki, bu məsələ
dövlətimiz və yaxın tariximizlə bağlı
olduğu üçün ona daha həssas və məsuliyyətlə
yanaşılmalı idi.
"Azərbaycan” qəzeti olaraq biz bu prosesə töhfə
verə biləcək hər bir təşkilatı - istər
arxiv, istər kitabxana, istər qeyri-hökumət təşkilatı,
istərsə də ayrı-ayrı tədqiqatçıları,
adi vətəndaşları - bir sözlə, hamını əməkdaşlığa
dəvət edirik. Düşünürük ki,
şanlı cümhuriyyət tariximizin ayrılmaz hissəsi
olan "Azərbaycan” qəzetinin bütün nömrələrinin
tam şəkildə arxivləşməsi zəruridir və
bu arxiv ayrı-ayrı şəxslərdə deyil, məhz
dövlətin müəyyən etdiyi etibarlı əllərdə,
bütün oxucuların, tədqiqatçıların istifadə
edə biləcəyi məkanlarda - arxivlərdə və
kitabxanalarda saxlanılmalıdır!
Bir vacib məqam da diqqətdən
yayınmamalıdır. Məlum olduğu kimi, Azərbaycan SSR Ali Sovetinin rəsmi
orqanı kimi 1 yanvar 1991-ci il tarixdə
"Həyat” qəzeti fəaliyyətə
başlamışdır. Həmin qəzetin son
nömrəsi 22 sentyabr 1992-ci ildə
çıxmışdır. "Azərbaycan”
qəzeti də müstəqillik dövründə məhz 23
sentyabr 1992-ci ildə - 72 ildən sonra ilk dəfə
işıq üzü görmüşdür. "Həyat” qəzetinin redaksiyasında və həmin
qəzetin redaksiya heyəti tərəfindən "Azərbaycan”
qəzetinin ilk nömrəsi buraxılmışdır. Tarix sanki təkrar olunmuşdur.
Belə ki, 1918 -ci ildə cümhuriyyət elan edildikdən
bir neçə ay sonra "Azərbaycan” qəzeti fəaliyyətə
başlamışdır. 1991-ci il
oktyabrın 18-də isə - Müstəqillik haqqında
Konstitusiya Aktının qəbul edilməsindən təxminən
bir il sonra - "Azərbaycan” qəzeti fəaliyyətini yenidən
bərpa etmişdir. Bu uğursuz tarixi təkrarı
aradan qaldırmaq üçün, düşünürük
ki, "Həyat” qəzetinə də varislik hüququ verilməlidir.
Çünki məhz rəsmi dövlət qəzeti
kimi həmin qəzetin səhifələrində 1991-ci ildə
müstəqilliyin elan edilməsi prosesi
işıqlandırılmışdır. Belə ki, "Həyat” qəzeti artıq Azərbaycan
Respublikası Ali Sovetinin mətbu orqanı kimi fəaliyyətə
başlamışdı. Dünən həmin
qəzet Azərbaycan SSR Ali Sovetinin rəsmi orqanı idisə,
bu gün artıq müstəqil Azərbaycan
Respublikasının Ali Sovetinə məxsus idi. Qeyd edək ki, "Həyat” qəzetinin 1991-ci ildə
254, 1992-ci ildə isə 186 nömrəsi işıq
üzü görmüşdür (cəmi 440).
Hazırda "Azərbaycan” qəzeti redaksiyasında il ərzində
gündəlik nömrələr toplanaraq 5 nüsxədə
cildlənir. Elektron arxiv isə PDF formatında katiblikdə
yığılaraq əldə olunmuş razılığa əsasən
respublikamızın aparıcı arxiv və kitabxanalarına
təqdim olunur. M.F.Axundzadə adına Milli Kitabxana, Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsinin
Siyasi Sənədlər Arxivi, Prezident Kitabxanası, Azərbaycan
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi
Kitabxanası ilə "Tariximizi birlikdə qoruyaq” layihəsi
çərçivəsində qarşılıqlı əməkdaşlıq
şəraitində informasiya mübadiləsi aparılır.
2017-ci ildə ilk dəfə olaraq "Azərbaycan” qəzeti
redaksiyası 1993-2017-ci illəri əhatə edən (24 illik) həm
elektron, həm də qəzet cildliklərini, eləcə də
Gəncə şəhərində dərc olunmuş "Azərbaycan”
qəzetinin ilk dörd nömrəsinin elektron variantını
AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutunun arxivinə təqdim etmişdir. Redaksiya
rəhbərliyinin təşəbbüsü ilə gerçəkləşən
bu layihənin əsas məqsədi müstəqilliyimizin
simvollarından biri olan "Azərbaycan” qəzetinin arxivinin
mühüm mənbə kimi tədqiqatçıların
istifadəsinə verməkdir. 2003-2017-ci
illəri əhatə edən 4410 nömrənin həm elektron
arxivi, həm də qəzet nüsxələri Mərkəzi
Elmi Kitabxanaya və Siyasi Sənədlər Arxivinə təqdim
edilmişdir.
İctimai həyatda baş verən mühüm hadisələr haqqında informasiyaları hər birimiz internet mediadan hər saat, hər dəqiqə əldə edə bilirik. Bu, demək olar ki, əksəriyyətimizin gündəlik tələbatına çevrilib. Bu cür xəbərlərin böyük çoxluğunun birgünlük ömrü olur, elə gündəlik hava proqnozu kimi. İnformasiya bolluğu şəraitində xəbər, yaxud yazıların arxivlənərək saxlanılması əlavə xərc və avadanlıq tələb edir. Həmin materialların hər bir oxucunun istifadə edə biləcəyi formada saxlanılması isə texniki cəhətdən, ümumiyyətlə, mümkün deyil. Ən sanballı internet resurslarının arxivləri ən yaxşı halda 7-8 ili əhatə edir. Elələri də var ki, onlarda heç ötən ilin arxivi yoxdur. Çap mediası bu baxımdan daha çox üstünlüyə malikdir. İctimai-siyasi qəzet dövrünün tarixini yazır və tədqiqatçılar üçün ən mühüm mənbədir. Dövlətçilik tarixi də məhz rəsmi qəzetlərin səhifələrində əks olunur. Bu baxımdan həqiqəti yazmaq üçün dövri nəşrlərdən etibarlı mənbə ola bilməz. Müstəqillik tariximizi də "Azərbaycan”sız təsəvvür etmək mümkün deyil! Məhz buna görə də çap mediası həmişə olduğu kimi, bu gün də aktual və əvəzedilməzdir.
"Azərbaycan” qəzeti mətbuatımızın flaqmanı - rəsmi dövlət qəzeti kimi daim dövlətçiliyə sadiqdir. Milli-mənəvi dəyərlərin qorunmasında, vətənpərvərlik və hərbi-vətənpərvərlik hislərinin təbliğində müstəsna rol oynayır, cəmiyyətimizi narahat edən müxtəlif məsələlərdə obyektiv mövqe tutaraq oxucuya düzgün və dəqiq informasiya çatdırır. Bu mövqe 100 il öncə qoyulmuş möhkəm əsasdan, müqəddəs niyyətdən qaynaqlanır! Müstəqilliyimizin həmyaşıdı, tərənnümçüsü olan "Azərbaycan” böyük Azərbaycanla çiyin-çiyinə addımlayır, bu gün də onun müstəqillik tarixini yazır, üzərinə qoyulan vəzifənin məsuliyyətini dərk edərək xalqımıza, dövlətimizə layiqincə və peşəkarlıqla xidmət edir.
Elçin
VƏLİYEV,
"Azərbaycan”
qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə
doktoru
Azərbaycan.-2018.- 12 sentyabr.- S.1;5.