“Yeni əsrin
müqaviləsi” əlavə bonus və gəlirlər
gətirir
AÇG-nin birgə işlənməsi və
hasilatın pay bölgüsü
haqqında dəyişdirilmiş və yenidən işlənmiş
sazişin imzalanmasından bir
il keçir
24 il əvvəl Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanmışdır və o, sonralar "Əsrin müqaviləsi” adını almışdır.
O zaman ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə "Əsrin müqaviləsi”nin qarşıdakı inkişaf yolunun, nəhəng işlərin başlanğıcı olduğunu demişdi. Zaman göstərdi ki, bu, həqiqətən də gələcək əsrlərə hesablanmış bir sazişdir. Bir il əvvəl - 2017-ci il sentyabrın 14-də AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması deyilənləri bir daha təsdiq etmişdir.
1994-cü ildə AÇG-nin tammiqyaslı işlənməsi üçün saziş 30 il müddətinə imzalanmışdı. Dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması vaxtilə başlanan möhtəşəm işlərə mane olmaq istəyənlərə - xaricdəki əleyhdarlarımıza və daxildə aranı qarışdıran, "sapı özümüzdən olan baltalara” tutarlı cavabdır.
Onlar "Azərbaycanda
neft yoxdur, olmayacaq” deyirdilər. Gələcəkdə
nefti nəql edəcək infrastrukturun qurulmasına hər vəchlə mane olmağa
can atırdılar. Azərbaycanda
neft olub və var. Yeni müqavilə isə göstərdi ki, hələ bundan sonra da olacaq!
Xəzərin ölkəmizə məxsus
sektorunda, sahildən təxminən 120 kilometr şərqdə yerləşən
AÇG yataqları dünyanın
ən zəngin neft mənbələrindəndir. "Çıraq”dan artıq
21 ildir neft hasil olunur. 2005-ci ildən "Azəri” yatağı da neft verməyə başlayıb ("Azəri”nin
özü üç
hissədən - "Mərkəzi
Azəri”, "Qərbi
Azəri” və "Şərqi Azəri” yataqlarından ibarətdir
ki, bu da
təbiətin Azərbaycana
bir töhfəsidir). "Günəşli”nin dayaz hissəsi sovet dönəmindən Azərbaycan neftçiləri
tərəfindən istismar
olunur. Dərinsulu hissəsinin işlənməsi
isə "Əsrin müqaviləsi”nin tərkibinə
daxildir.
Azərbaycan Respublikası Dövlət
Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il sentyabrın 1-dək AÇG layihəsinin
reallaşması çərçivəsində
135 milyard 142 milyon dollardan çox gəlir əldə edib. AÇG üzrə
HPBS-dən əldə
olunan bilavasitə gəlirlərə Azərbaycan
Respublikasına bonus ödənişləri,
mənfəət neftindən
pay, vergilər, təmənnasız
səmt qazı, SOCAR-ın mövcud infrastrukturunun (gəmilər,
qazma qurğuları, tikinti-quraşdırma sahələri
və s.) modernləşdirilməsi,
icarə haqları, məşğulluq fonduna,
sosial və digər fondlara ödənişlər daxildir.
"Əsrin müqaviləsi”nin
imzalanmasından keçən
24 il tarix üçün böyük
zaman kəsiyi deyil. Bununla belə, həmin
qısa dövr ərzində Azərbaycan
bir sıra qlobal layihələr həyata keçirmiş,
böyük uğurlara
imza atmışdır.
Bakıdan 55 kilometr cənubda
Səngəçal terminalı
- dünyanın ən
böyük neft-qaz terminalı tikilmişdir.
Bakıdan Supsaya uzanan
Qərb İxrac Boru Kəməri, üç ölkənin ərazisindən keçən
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkilmişdir.
İndi Azərbaycan Bakıdan Avropayadək uzun məsafə qət edən, Xəzərdən
başlayıb Adriatik
dənizindən keçən
"Cənub qaz dəhlizi” yaradır ki, onun da
dörd seqmentindən
üçü artıq
istifadəyə verilib.
Azərbaycanın götürdüyü xətt
düzgün, inkişafı
davamlıdır. Özü də hər sahədə! Prezident İlham Əliyevin yeni müqavilənin imzalanmasında dediyi kimi: "Bizim çox böyük maliyyə resurslarımız
var. Artıq 1999-cu ildən
fəaliyyətə başlamış
Azərbaycan Dövlət
Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz
valyuta ehtiyatlarımızı
artırırıq, hətta
neftin qiymətinin aşağı düşməsi
ilə əlaqədar
yaranmış bəzi
çətinliklər də
bizi bu yoldan
döndərə bilmədi.
Biz hətta bu
illərdə öz valyuta ehtiyatlarımızı
artırmışıq, artıracağıq.
Əlbəttə ki, "Əsrin
kontraktı”nın uzadılması
və "Şahdəniz”
layihəsinin, "Cənub
qaz dəhlizi”nin icrası nəticəsində
bizim maddi imkanlarımız daha da genişlənəcək”.
Beləliklə, AÇG-dən növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişləndirilməsinə daha bir təkan verəcək. Çünki AÇG potensialı böyük olan yataqlar blokudur. Onun əsrin ortasınadək ölkəmizə gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. 2050-ci ilədək bu yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar ARDNF-ə 3,6 milyard dollar bonus ödəyəcəklər. Yeni müqavilənin şərtləri Azərbaycanın və SOCAR-ın son illərdə artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir. Yəni, ölkəmizin yaratdığı tərəfdaşlıq formatını yeni müstəviyə qaldırır.
Tərəfdaşlıqdan söz düşmüşkən, yeni sazişdə AÇG-nin tərəfdaşları dəyişməyib. BP ( Böyük Britaniya) layihənin operatoru olaraq qalır. SOCAR (Azərbaycan) layihədə AzAÇG şirkəti ilə təmsil olunur. Digərləri "Şevron” (ABŞ), "İnpeks” (Yaponiya), "Statoyl” (Norveç), "EksonMobil” (ABŞ), TP (Türkiyə), "İtoçu” (Yaponiya) və OVL (Hindistan) şirkətləridir. Sazişin bir hissəsi olaraq SOCAR-ın layihədəki iştirak payı əvvəlki 11,65 faizdən 25 faizə çatdırılıb.
Ölkəmizdə neft gəlirlərindən düzgün və məqsədyönlü şəkildə istifadə olunur. Azərbaycan Dövlət Neft Fondu dünyadakı ən şəffaf neft fondlarındandır. Ulu öndər Heydər Əliyev düzgün və uzaqgörən siyasət həyata keçirərək neftdən əldə olunan gəlirləri xalqın ən ümdə problemlərinin qısa müddətdə həllinə yönəltmişdir. Bu uğurlu xətt indi Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir və günün tələbləri baxımından daha da inkişaf etdirilir. Azərbaycan nefti, əsasən AÇG nefti hesabına ölkədə yeni müasir yollar və möhtəşəm körpülər salınıb. Qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr tikilib. Bütün sahələrdə yeni infrastruktur qurulub. Yeni müqavilənin imzalanması mərasimindəki nitqində dövlət başçısı bu barədə də geniş danışmışdır: "Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır”.
Azərbaycan neft kapitalını insan kapitalına çevirə bilmişdir. Həyata keçirilən qlobal layihələrin, konkret olaraq AÇG üzrə imzalanan yeni sazişin də bu möhtəşəm işlərə böyük töhfəsi olacaq. 2018-ci il yanvarın 29-da ARDNF-ə yeni sazişə uyğun olaraq 450 milyon dollar həcmində ilk bonus ödənişi bunun əyani təsdiqidir.
Flora SADIQLI
Azərbaycan.-2018.- 12 sentyabr.- S.1;7.