Cümhuriyyət tarixinin aynası

 

"Azərbaycan” qəzeti mətbuat tariximizdə, xalqımızın milli şüurunun, istiqlal ruhunun formalaşmasında böyük rol oynamışdır. Tədqiqatçılar üçün 1918-ci ildə yaradılan bu qəzetin əhəmiyyətini dəyərləndirmək olduqca çətindir. Çünki "Azərbaycan” qəzeti Xalq Cümhuriyyətinin ictimai-siyasi həyatının, sözün əsl mənasında, aynası idi.

Qəzetin səhifələrində ölkədə baş verən bütün sahələrə toxunulurdu. Dövlət quruculuğu, hökumətin siyasəti, Azərbaycan qəzalarındakı vəziyyət, iqtisadisosial problemlər, mədəniyyət, ədəbiyyat, incəsənətin inkişafı, siyasi qüvvələr arasında mübarizə, mühüm beynəlxalq hadisələr və bu hadisələrə Azərbaycanın münasibəti - bütün bu məsələləri "Azərbaycan”ın səhifələrində izləmək mümkündür. Yəni tarix elmi baxımından qəzet cümhuriyyət tarixi üzrə mühüm, dəyərli bir mənbədir, cümhuriyyət tarixinin salnaməsidir.

1918-1920-ci illərdə "Azərbaycan”da çap olunmuş materialları təhlil edərkən qəzetin başlıca xüsusiyyətləri qabarıq görünür.

 

 

Dövlətçiliyin ardıcıl, qəti şəkildə müdafiəsi

 

 

"Azərbaycan” qəzeti Azərbaycan dövlətçiliyi mövqeyində durmuş, Xalq Cümhuriyyətinin milli maraq və siyasətini əks etdirmişdir. Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Ceyhun Hacıbəyli, Səfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Mirzə Bala Məmmədzadə, Əlabbas Müznib, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Ummugülsüm, Şəfiqə xanım Əfəndizadə və başqaları onun səhifələrindəki məqalələri, şeirləri, publisistik yazıları ilə Azərbaycanın milli ideyasını, azərbaycançılıq məfkurəsini ifadə etmişlər. M.Ə.Rəsulzadə söyləyirdi ki, cümhuriyyət Azərbaycan xalqına bir damla azadlıq damızdırmışdı. Və şübhəsiz ki, bu bir damla azadlığın damızdırılmasında "Azərbaycan” qəzetinin rolu misilsiz idi.

 

 

Cümhuriyyətin keçdiyi yolun əks olunması

 

 

Cümhuriyyətin İstiqlal Bəyannaməsi, Milli Şuranın və sonradan parlamentin fəaliyyəti, Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunması, dövlət müstəqilliyinin ildönümünün qeyd edilməsi və digər tarixi hadisələr təfərrüatı ilə işıqlandırılmışdır.

"Azərbaycan” qəzetinin ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində - Bakının azad edilməsi günü Gəncədə işıq üzü görmüşbu mühüm hadisəyə həsr edilmişdi. "Tarixi gün” adlı məqaləsində qəzetin ilk redaktoru Ceyhun bəy Hacıbəyli yazırdı: "15 sentyabr bütün türkislam aləminin ən səadətli və şövkətli günlərində nədd olunacağı (sayılacağı) şübhəsizdir. Haman gün türkislam tarixinə zərin (qızılı, zərli) bir səhifə işğal edəcəkdir” ("Azərbaycan” qəzeti, ą5, 3 oktyabr 1918).

Üzeyir Hacıbəylinin "Azərbaycan” qəzetinin 1918-ci il 7 dekabr tarixli 58-ci sayında çap edilmiş "Tarixi günümüz” məqaləsi Azərbaycan Parlamentinin açılmasına həsr olunmuşdu: "Bu o gündür ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şurası açılıb. Azərbaycan təkmil bir hökumət şəklinə girir... bu gün haman bu Azərbaycan Cümhuriyyətinin milli parlamanı, Milli Məclisi açılmaqla təşkilat və tərtibati-siyasiyyəsi artıq itmama yetir... Və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var qüvvəsilə çalışacaq və vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır”.

Parlamentin açılışını təsvir edən Üzeyir bəy 9 dekabr tarixli "Azərbaycan” qəzetində belə yazırdı: "Məmməd Əmin nitqinin başlanğıcında bayraqdakı üç rəngin: türkləşmə, islamlaşma və müasirləşmək amali-əlamətindən olduğuna işarə ilə "bir kərə yüksələn bayraq bir daha enməz” sözlərini dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala onu alqışladı...”

1919-cu ildə bolşeviklərin fəallaşması, ölkədə fəhlə çxışlarının kəskinləşdiyi bir şəraitdə "Azərbaycan” qəzeti (7 may 1919) ənənəvi erməni-bolşevik cütlüyünün siyasətinə münasibət bildirərək Üzeyir bəyin qələmi ilə yazırdı: "Mart hadisatında bizi, yəni müsəlman burjuyundan tutmuş müsəlman fəqirləri, kasibəsini və baxüsus müsəlman əlsiz-ayaqsızlarını erməni-daşnak soldatlarının süngü, güllə və xəncərlərlə arvad və uşağına kimi qırdıran bolşeviklərə biztövr etibar edə bilərik? Bolşeviklik naminə erməni-müsəlman qırğını salanların hansı "gözəl” sözünə və "insaniyyəti-pərvəranə” sözlərinə inana bilərik? Bolşevikləri dursun, menşeviklərinə nasıl bel bağlaya bilərik? İstiqlalımızı qəbul etmədiklərinə görəmi? Və bu gün hər bir vəsilə ilə olur-olsun "istiqlalımızı əlimizdən almaq yolunda çalışdıqlarına görəmi?”

 

 

Cümhuriyyətin gördüyü işlərin təbliği

 

 

Azərbaycan dilinin dövlət dili elan edilməsinə dair Ömər Faiq Nemanzadə 1919-cu ildə "Azərbaycan” qəzetində çıxan "Milliləşmək” məqaləsində azərbaycançılığın əsas atributları olan milli dil və ədəbiyyata yüksək dəyər verirdi: "...Bir millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün məhrum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxınlaşmış deməkdir... Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz”.

Bakı Dövlət Universitetinin açılmasına dair görkəmli publisist Məhəmmədağa Şahtaxtlının "Azərbaycanda darülfünun” məqaləsində ölkədə universitetin fəaliyyətə başlaması hadisəsi müstəqil dövləti qurmağın, inkişaf etdirməyin və qorumağın mühüm vasitələrindən biri olaraq dəyərləndirilmişdir. Məhəmmədağa Şahtaxtlıya görə, "Darülfünun olmazsa... ümumi maarifə aid orta məktəblərimizdə dərs verəcək müəllimlərimiz olmaz. Naxoşlarımızı müalicə edəcək təbiblər yetişməz. Hüquqşünas alimlər bulamayız ki, malmülk üçün münaqişə edən vətəndaşlarımızı... mühakimə etsin... Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdan olmaqdır”.

 

 

Çoxfikirlilik prinsipinə riayət olunması

 

 

"Azərbaycan” qəzeti Gəncədə çap olunmuş ilk 4 nömrəsindən başlayaraq 28 aprel 1920-ci il tarixli sonuncu 443-cü (rus dilində 438-ci) nömrəsinə qədər özünü "gündəlik ictimai, siyasi, ədəbi, iqtisadi türk qəzetə” adlandırmış, nə Azərbaycan hökumətinin, nə də hər hansı siyasi partiyanın rəsmi orqanı olmuşdur. Baxmayaraq ki, dövlət qəzetə himayəçilik edirdi və 1920-ci il yanvarın 30-da "Azərbaycan” qəzeti redaksiyası və onun mətbəəsi hökumətin işlər idarəsinin sərəncamına verildi.

Üzeyir bəy Hacıbəyli "Azərbaycan” qəzeti haqqında yazmışdı: "Danışırlar ki, "Azərbaycan” qəzeti guya "Müsavat” partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. "Azərbaycan” qəzetinin məsləki vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir”.

1918-1920-ci illərdə "Azərbaycan” qəzetinin demokratikliyi, qəzetin səhifələrində azad fikrin təsdiq edilməsi, siyasi qüvvələr arasında ideya mübarizəsi, ölkənin gələcəyi haqqında, mövcud problemlərin həll edilməsi ilə bağlı müxtəlif fikirli məqalələrin, ciddi analitik yazıların çap olunması, maraqlı diskussiyaların aparılması onun populyarlığını təmin etdi. Və heç də təsadüfi deyil ki, "Azərbaycan” cümhuriyyətdə ən çox oxunan qəzet idi.

Nailiyyətlərdən danışanda baş redaktorların rolu qeyd edilməlidir.

"Azərbaycan” qəzetinə əvvəlcə Ceyhun bəy, daha sonra Üzeyir Hacıbəyli qardaşları, qısa müddətdə Xəlil İbrahim, qəzetin rus variantına isə Şəfi bəy Rüstəmbəyli baş redaktorluq etmişlər.

Nümayəndə heyətinin məsul katibi təyin olunan Ceyhun bəy Hacıbəyli redaktoru olduğu qəzetin 1919-cu il 9 yanvar tarixli 83-cü nömrəsində "Möhtərəm oxucularımıza” adlı müraciətində yazırdı: "Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifaya məşğul ikən vətən övladlarının xahiş və əmrinə müti olaraq Cahan sülh konfransına göndərilməklə üzərimə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm yoldaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə qəzet idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim”.

Qəzetin 1919-cu il yanvarın 16-da çıxan 89-cu sayından başlayaraq Üzeyir bəy Azərbaycan Parlamentinin qərarı ilə Paris sülh konfransına göndərilən kiçik qardaşı Ceyhun bəyin əvəzinə qəzetə redaktor təyin olunurbu, 1920-ci il aprelin 27-nə kimi, yəni cümhuriyyət süqut edənədək davam edir.

"Azərbaycan” qəzetinin kollektivi, onun redaktorları cümhuriyyətin süqutunumüvafiq olaraq qəzetin fəaliyyətinin dayandırılmasını böyük ağrı ilə yaşadılar. Bu, onların şəxsi faciəsi idi.

...Şahidlər söyləyirlər ki, parlamentin son iclasında M.Ə.Rəsulzadə dərin bir hüznlə Azərbaycanın sovet ordusu tərəfindən işğalının baş verdiyini söyləyərkən iclas zalında hönkürtü ilə ağlamaq səsi eşidilir. Hamı kədərlə arxaya dönür. Ağlayan "Azərbaycan” qəzetinin rusdilli versiyasının baş redaktoru Şəfi bəy Rüstəmbəyli idi!

 

Natiq MƏMMƏDZADƏ,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri,

tarix elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan.-2018.- 12 sentyabr.- S.6.