Bakının ümumtəhsil
müəssisələri 2018-2019-cu tədris ilinə tam hazırdır
Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
AZƏRTAC
xəbər verir ki, konfransda təhsil naziri Ceyhun Bayramov, təhsil
nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən
Məhəbbət Vəliyeva, nazirliyin və idarənin
struktur bölmə rəhbərləri, məktəb
direktorları, müəllimlər, məzunlar və media
nümayəndələri iştirak ediblər.
Əvvəlcə
tədbir iştirakçıları Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər
Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə
əklil qoyub və tər çiçəklər
düzüblər.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi anılıb, məzarı üzərinə
gül dəstələri düzülüb.
Tədbirdə M.Vəliyeva ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib. O, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2018-2019-cu tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini bildirib.
Nazir müavini deyib ki, son illər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda müsbət dinamika müşahidə edilməkdədir.
Sonra 2017-2018-ci tədris ili ərzində BŞTİ-nin
fəaliyyətindən bəhs edən videoçarx
nümayiş olunub.
Azərbaycan.-2018.- 13 sentyabr.- S.3.